Xəyalə Rəis - Teatrlarımıza yeni kimi sırınan klassika

  • 01 Noy - 2019

Klassika hər zaman dəbdədir. Bu, geyimdə, ədəbiyyatda, incəsənətdə - hər sahədə belədir. Ancaq gərək əndazəni aşmayasan. Bir şeyi ki, çox təqdim etdin, PR-nı, reklamını bol elədin, onun nə marağı, nə də ki gizliliyi qalır. Teatrlarımızda səhnələşdirilən klassik əsərlər kimi. İstənilən dövrdə teatrlarımızın repertuarında klassik əsərlər mövcud olub. Bu gün də hər bir teatrın repertuarında klassik əsərlər var, özü də kifayət qədər. Hər yeni mövsümdə teatrlarımızın “yeni mövsümdə teatrımızda yeni tamaşaların məşq prosesi başlayıb” tipli xəbərlərinin başlığını oxuyub nə qədər sevinsək, yenə klassik əsərlərə müraciət olunduğunu gördükdə bir o qədər məyus oluruq. Yenə Mirzə Fətəli Axundzadə, yenə Cəlil Məmmədquluzadə və yenə klassika, klassika. Ağalar, axı, bu camaat 200-300 il bundan qabaq baş vermiş hadisəyə tamaşa etmək, 100 il bundan qabaq yaşamış dramaturqun fantaziyası ilə aldanmaq istəmir. Bugünün tamaşaçısı bu gün yaşanan, gündəlik başlarına gələn hadisələrə baxmaq istəyir. Klassikanı müasir yozum adı altında camaata niyə sırıyırsınız, axı? Tamaşaçının adından danışmaq olmasın, amma o tamaşaçılardan biri də mənəm. İstəyirsən ağzını açıb etirazını bildirəsən, o zaman əzbərlənmiş “klassik əsərə yeni baxış”, “müasir yozum tərzi”, “estetik düşüncə” kimi ifadələrlə elə susdurulursan ki, ruhun da incimir. Baxırsan, bir söz də deyə bilmirsən ki, axı, elə deyil. Müasirlik bizə görə Oqtay Eloğluna, Hamletə cırıq cins şalvarı geyindirib, əlinə İphone verib səhnəyə çıxarmaq deyil. Sizcə, tamaşaçını bununla aldatmaq olarmı? Vallah, özüm də o tamaşaçılardan biriyəm və bu, mənə heç də inandırıcı gəlmir.  

Görəsən, rejissorlarımız necə düşünür? Onlardamı teatrlarımızda klassik əsərlərin çoxluğundan narazıdırlar, yoxsa “klassik əsərə yeni baxış” prinsipi ilə razılaşıb, Hamletə o cins şalvar geyindirənləri dəstəkləyirlər?

Xalq artisti Mərahim Fərzəlibəyov deyir ki, bu gün teatrlarımızda nümayiş olunan klassiklər bizim ilk əsərlərimizi yazan dahi insanlardır. O, Mirzə Fətəli Axundzadə, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Cəfər Cabbarlı kimi dramaturqlarımızı Azərbaycan ədəbiyyatının milli sərvəti hesab edir: “Klassik dramaturqlarımızın əsərləri bu gün də oxunur, səhnələşdirilirsə, bu o demək deyil ki, onların yazdığı bütün əsərlər şedevrdir. Onların içərisində tanınmayan, heç əlimizə gəlib çatmayanları da var. Əgər hər hansı bir  rejissor teatrda klassik əsərə müraciət edirsə, 100 il bundan əvvəl olmuş hadisələri dövrümüzlə səsləşdirmək üçün müxtəlif üsullardan istifadə etməlidir. Belə ki, aktyorlara müasir geyimlər geyindirməklə, yeni çıxan telefonlardan istifadə etməklə tamaşanı bugünümüzlə səsləşən, müasir hesab etmək olmaz. Əsərin özündən də çox şey asılıdır. Səhnələşdirilən əsər 100 il bundan qabaq yazılsa da, orada baş verən hadisələr bu gün də aktual ola bilər. Əsas məsələ orada olan aktual nüansı tutmaqdır. Misal üçün, Rusiyada Şekspirin 450 il bundan qabaq yazdığı əsərləri bu gün də olduğu kimi səhnələşdirirlər, onu müasirləşdirmək üçün farmazonluq etmirlər. Klassik əsəri onun öz dövrü ilə əlaqələndirmək lazımdır. Yəni o, öz klassikliyini qorumalıdır”.  

M.Fərzəlibəyov qeyd edir ki,  klassik dramaturqlar dövlətin sərvəti hesab olunduğu üçün onlara toxunmaq, o əsərlərinin ideya xəttini korlamaq yolverilməzdir: “Rejissor klassik əsərlərə müraciət edərək, orada öz ideyasını qabarda, səhnələrin yerini dəyişə bilər. Ancaq  tamaşada özündən radikal nələrisə əlavə edə, ürəyi istədiyi sözü yaza bilməz, bu birbaşa klassik ədəbiyyata olan hörmətsizlikdir. Əgər bir rejissor olaraq klassik əsərə müraciət edirsənsə, müəllifin yazdığını müasir tərzdə yozmalısan. Məhz o dövrün etnik hadisələri ilə birlikdə, yaxud da bugünümüz üçün aktual olan fikirlər qabartmağı bacarmalısan.  Heç bir rejissora ixtiyar verilmir ki, bizim milli sərvətimiz olan klassik dramaturgiyamıza özündən sözlər əlavə edərək, ona xələl gətirsin. Bəzən görürük ki, rejissorlar klassik əsərə ürəkləri istəyən sözləri əlavə edir və deyirlər ki, mən əsərin tamaşa həllini belə görür və belə istəyirəm. Müasir dramaturgiyada bu mümkündür. Belə ki, rejissor dramaturqla danışır və əsərin səhnə həllini fərqli gördüyünü deyir, yazıçı ilə razılığa gəldikdən sonra rejissor oraya öz əlavələrini edir. Klassik əsərlərdə isə belə olmur. Klassik əsərlərlə çox ehtiyatlı davranmaq lazımdır. Rejissorlardan da klassik dramaturqlarımızın əsərlərinə xələl gətirməmələrini, onları olduğu kimi hazırlamalarını xahiş edirəm. Bacara bilirsənsə, klassik əsərdə bugünün aktual  hadisələrini göstər. Əgər göstərə bilirsənsə nə gözəl, yox, o nüansları tapıb göstərə bilmirsənsə, geyimlə, musiqi ilə ona müasirlik adını yamama. Tamaşada müəyyən qabarıq fikirlər varsa, mən orda görüb deyəcəyəm ki, əsər 450 il bundan əvvəl yazılsa da, insan təfəkkürü, baxışları dəyişməyib, rejissor da bu fikri tutmağı bacarıb. Bu tamaşaçıya daha çox təsir edəcək, nəinki aktyorun müasir geyimlə səhnəyə çıxması və bunun kimi elementlərdən istifadə edilməsi”. 

Əməkdar incəsənət xadimi Bəhram Osmanov isə deyir ki,  bu təkcə Azərbaycanda deyil, dünya teatrlarında yayılmış bir prosesdir: “Klassik dramaturgiyanın müasir olması ancaq geyimdə, tamaşanın dekorasiyasında deyil. Təəssüf ki, bəzi rejissorlarımız müasirlik dedikdə ancaq bu cür düşünürlər. Klassik əsərlərin müasir şəkildə təqdim edilməsi üçün, ilk növbədə, orada müasir baxış bucağı və müasir fikir olmalıdır. Səhnələşdirilən klassik əsər bu günümüzlə, yaşadığımız dövrlə səsləşməlidir. Bəzən aktyorlar 400 il bundan qabaqkı etiketləri bilmirlər. Mənim nəzərimdə bunun geyimə, dekorasiyaya, səhnə tərtibatına aidiyyatı yoxdur. Rejissorun ancaq müasir fikri ola bilər. Bu çox iri, qlobal, mükəmməl, kamil rejissuraya söykənən bir şeydir. Bu mükəmməl və kamil rejissuranın ən birinci vəzifəsi müəllifə hörmətdir. Teatr keçmişlə gələcəyin ortasında dayanan, keçmişdən bəhrələnərək indini göstərib gələcəyə xəbər verə bilən bir sənət növüdür. Bunun üçün də səhnələşdirilən əsərlər buna xidmət etməlidir”.

AMEA Memarlıq və İncəsənət İnstututu “Teatr, kino və televiziya” şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarov: Klassika ona görə klassikadır ki, o, hər zaman aktualdır. Jorj Polti deyir ki, bəşəriyyət yaranandan bütün süjetlər cəmi 36 situasiyadan ibarətdir. Onlarca "Leyli və Məcnun" yazılıb, mövzu eynidir, əksərən süjet də eyni olur, amma ona sənətkar yanaşması tamamilə fərqli olur. Sənətkar ideyanı yüksək bədii səviyyədə oxucuya təqdim edir. Müasirliyə gəldikdə isə, bu bir estetik kateqoriyadır. Klassik əsərləri səhnəyə qoyanda o, nə dərəcədə müasirliyə cavab verə bilər? Bu, artıq rejissordan asılıdır, çünki klassiklərin tamaşalara müdaxiləsi mümkün deyil, onlar dünyadan köçüblər, məsuliyyət rejissorun üzərinə düşür. Rejissor hər bir əsərin bu gün üçün aktual olan məqamlarını qabarıq göstərməlidir. Pyes sadəcə, bir mətndir, onu rejissor sözdən hərəkətə çevirir, aktyorlar oradakı obrazları canlandırır. Bir misal çəkim, xalq yazıçısı Elçinin "Qatil" tamaşasına Akademik Milli Dram Teatrının səhnəsində Mehriban Ələkbərzadə 10 il fərqlə iki dəfə quruluş verdi. Rejissor ikinci versiyada tamamilə fərqli bir ideya üzərində qurmuşdu tamaşanı. Birinci versiyada lirik-psixoloji üslub vardı, ikinci versiyada isə aqressiv cəmiyyətin dramatik situasiyası təqdim olunurdu. İkinci versiyanın daha çox səs-küy doğurması tamaşanın müasir cəmiyyətlə daha çox səsləşməsi ilə bağlı idi. Bir adamla ünsiyyətdə olanda onun adını çəkmirsən, bu, qarşı tərəfə pis təsir göstərir, ad çəkəndə onda belə deyək, xoş ovqat, məmnunluq hissi yaranır. Tamaşa da belədir, "Qatil" tamaşası birbaşa tamaşaçıya müraciət edirdi, onun adını çəkirdi, tamaşaçı öz yaşantılarını görürdü səhnədə. Klassik əsərlərdə də həmişə bu nüansları tapmaq mümkündür. Yenə deyirəm, bu artıq rejissorun üzərinə düşən bir məsuliyyətdir.


Oxunma sayı: 42

Yazar haqqında