Azərpaşa Nemətov yenidən AzTXİ-nin sədri seçildi

  • 01 Noy - 2019

Nəhayət ki, 5 il də gəlib keçdi. Nələr keçmir ki... Oktyabrın 22-də “Park Inn” otelində Azərbaycan Teatr Xadimləri İttifaqının (AzTXİ) XIV konfransı baş tutdu. Konfransda respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, habelə Mədəniyyət naziri Əbülfəs Qarayev də iştirak edirdi.

Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri, Xalq artisti Azərpaşa Nemətov ilk çıxışı edərək bildirdi ki, konfransa seçilmiş 84 nümayəndədən 82 nəfəri qeydiyyatdan keçib, iki nəfər üzrlü səbəbdən iştirak etmir.

Azərpaşa Nemətov səhnəyə çıxaraq, Azərbaycan teatrının keçdiyi inkişaf yolundan, bu sahəyə dövlətin diqqət və qayğısından danışdı. Dedi ki, prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunan “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı bunun bariz nümunəsidir. Dövlətin qayğısı, həmçinin sənət adamlarımızın fədakarlığı sayəsində Azərbaycan teatrı yaşayır, inkişaf edir. Məruzədə hesabat dövründə İttifaqın gördüyü işlər barədə məlumat veridi. 

Teatr Xadimlər İttifaqının son 5 ildə gördüyü işlərə nəzər salındı və qurumun fəaliyyətini əks etdirən videoçarx nümayiş olundu. Təəssüf ki, tədbirə ancaq videoçarxa baxmaq üçün dəvət olunan mətbuat nümayəndələri konfrans salonundan çıxarıldı. Sonradan öyrəndik ki, konfransda AzTXİ İdarə heyətinin sədri, üzvləri, habelə təftiş komissiyasının tərkibinin müəyyənləşdirilməsi üçün səsvermə keçirilib.

Açıq səsvermə yolu ilə Xalq artisti, professor Azər Paşa Nemətov yekdilliklə Azərbaycan Teatr Xadimləri İttifaqı İdarə heyətinin sədri seçilib. Sədr müavinlərini və İdarə heyətinin tərkibini elan etmək üçün tribunaya qalxan sədr Azərpaşa Nemətov əvvəlcə etimada görə konfrans nümayəndələrinə minnətdarlığını bildirib. Bircə kəlmə onu deyib ki, “Sizin etimadınız o deməkdir ki, mənim həyatım boş keçməyib”. Bununla da Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı öz işini başa çatdırıb.

Konfransın nəticələri haqqında kiçik bir sorğu keçirdik. Əməkdar artist, dosent Azad Şükürov bildirdi ki, orada Azərbaycanda fəaliyyət göstərən bütün teatrların nümayəndələri iştirak edib. "Biz orada çalışdığım Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nümayəndəsi kimi iştirak edirdik. Kifayət qədər maraqlı konfrans keçirildi. Azərpaşa Nemətovun məruzəsini dinlədik. Maraqlı çıxışlar oldu  və sonda səsvermə keçirildi. Belə qənaətə gəlindi ki, görülən işlər qənaətbəxş hesab olunsun. Açıq səsvermə yolu ilə yekdilliklə hamı Azərpaşa müəllimi yenidən sədr seçdi". 

Azad Şükürovdan yaxın 5 il ərzində TXİ-dən gözləntilərini də xəbər aldıq: "Açığı, TXİ-dan gözləntilərim böyükdür. Ümid edirəm ki, TXİ teatrlarımızda gedən prosesə daha yaxından nəzər salacaq.  İttifaqın aktyorlarımızın yaşam tərzlərinin, həyat və şəraitlərinin, sosial həyatlarının yaxşılaşması üçün əlindən gələni edəcəyini gözləyirik. Universitetlə TXİ-nin əlaqələrinin daha da möhkəmləndirilməsini istəyirəm. Axı, bizim ayrı ittifaqımız, umacağımız yer yoxdur. Biz istəyirik ki, TXİ yaradıcı insanlara qarşı diqqətli olsun". 

Xalq artisti Ramiz Məlik konfrans iştirakçılarının qərarını məqbul hesab etdiyini bildirdi: "Artıq hər kəs sədrini seçib. Mən nə deyə bilərəm ki. TXİ-nın qarşıya qoyduğu planlar və proqramlar var. Mənim onlardan heç bir gözləntim yoxdur, ittifaqın sədri, idarə heyəti var, onlar gedib fikirləşsinlər. Nəyimə lazımdır?”! 

Şəki Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli konfransın yaxşı keçdiyini bildirdi. Qeyd etdi ki, yaxın beş il ərzində TXİ-dən gözləntiləri çoxdur: "Konfransda cənab nazir dedi ki, teatr haqqında yeni proqram yaradılmalıdır. Buna, həqiqətən, ehtiyac var. Bundan öncəki dövlət proqramı vasitəsi ilə çox maraqlı və teatrlarımız üçün əhəmiyyətli işlər görüldü. Belə ki, proqram çərçivəsində Şəki Teatrının studiyası yaradıldı. Həmin studiyanın tərkibində həm rejissorlar, həm də aktyorlar yetişdirdik. Konfransda qeyd edildi ki, TXİ yeni proqram hazırlamalıdır. Özüm də məmnuniyyətlə bu konsepsiyanın yaranmasında iştirak edərdim. Orada ən çox gənc nəslin təhsili, yeni formalaların axtarışı, teatr festivalların keçirilməsi öz əksini tapmalıdır. Bundan başqa, Şəki Beynəlrəisxakq Teatr festivalının möhkəmlənməsini və iki ildən bir deyil, hər il keçirilməsini istəyərdim".

Xəyalə Rəis


Oxunma sayı: 235

Yazar haqqında