Ədəbi cərəyanlar: neoromantizm

  • 14 Noy - 2019

Neoromantizm cərəyanı XIX-XX əsrlərin qovşağında Avropa mədəniyyətinə əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Neoromantizm Qərbi Avropa ölkələrində, xüsusən Fransada, eləcə də ABŞ və Rusiya ədəbiyyatında özünü daha çox göstərmişdir. Bu cərəyan ədəbiyyatda, teatrda, təsviri sənətdə, memarlıqda, heykəltəraşlıqda, musiqidə, dizaynda, eləcə də incəsənətin digər növlərində təzahür etmişdir. Neormantizm elementlərinə siyasətdə, iqtisadiyyatda, fəlsəfədə də rast gəlmək mümkündür. 

Neoromantizmin formalaşdığı XIX-XX əsrlərin qovşağında müşahidə olunan əsas xüsusiyyətlər aşağıdakılardır: 

ədəbi həyat lövhələrinin mozaik xarakteri;

istiqamətlərin, cərəyanların, məktəblərin çoxluğu, aparıcı istiqamətin yoxluğu, 

müxtəlif bədii sistemlərin sərhədlərinin açıq olması;

Neoromantizm XIX əsrin əvvəllərində mövcud olan romantizmin yenidən doğulması kimi də dəyərləndirilir. Yeni romantik qəhrəmana – şəraitə uyğun yox, içində bulunduğu vəziyyətin əksinə yaşayan, sirli, parlaq, dahi qəhrəmana marağın artması parlaq, qeyri-adi süjetə meyil, romantizimin bir sıra janrlarının və prinsiplərinin yenidən aktuallaşması neoromantizm üçün əsas səciyyəvi keyfiyyətlərdir. Neoromantizmi realizmin basqısı ilə gündəmdən çıxarılan, uzun müddət tənəzzül yaşayan romantizmin reanimasiyası kimi anlayırlar. Bu cərəyanın ən cəlbedici cəhətlərindən biri onun optimist pafosu ilə bağlıdır. Geniş yayılmış pessimizmin fonunda neoromantizmin optimist pafosu xüsusilə maraqlı görünür. Neoromantizmin öz ruhuna və formasına görə romantizmə yaxın olması onun öz estetik prinsiplərinin nisbətən gec formalaşmasına səbəb olmuşdur. 

Fransız neoromantiklərinin sosial, eləcə də estetik baxışları XIX əsrin son qərinəsində əhəmiyyətli  sosial proseslərin, siyasi hərəkatların, ictimai həyatdakı böyük hadisələrin təsiri ilə formalaşırdı. Ədəbi mübarizədə mövqelərini möhkəmlədən neoromantizm xüsusi dünya konsepsiyası yaratmışdı. Neoromantiklər ali və adinin (bayağının) vəhdətini müdafi edirdi. Onların cəmiyyəti yenidən qurmağı hədəfləyən utopik proqramı ayrılıqda hər bir insanın dünyagörüşünü dəyişməyi nəzərdə tuturdu. Bu mənada, Fransada neoromantizm ənələrinin yaranmasında V.Hüqonun böyük xidmətləri olmuşdur. Neoromantiklər hesab edirdilər ki, bütün ali dəyərləri adi gerçəklikdə tapmaq mümkündür. Sadəcə, xüsusi baxım bucağından – daha dəqiq desək, illüziya prizmasından baxmaq lazımdır.  Neoromantiklərin xüsusi poetik dünya yaratmaq cəhdləri onların tez-tez poetik dram janrına müraciət etməsinin səbəbini aşkarlayır. Çünki nəzmlə yazılmış dram neoromantiklərə xas olan gerçəkliyin şərti-poetik qavrayışının ifadəsi üçün ən adekvat formadır. “Döyüşən illüziya” dünyaya neoromantik baxışın formalaşmasında istinad nöqtəsi rolunu oynamışdır. Bu xüsusiyyətlər, misal üçün Teodor de Banvilin yaradıcılığında təzahür edir. 

Ancaq neoromantiklər uydurulmuş poetik dünyanı reallıqdan ayırmır, illüziyanı gerçəklik kimi qələmə verirlər. Bu meyl özünü daha çox neoromantik tarixilikdə göstərir. Neoromantiklər tarixi əsərlərdə tarix və əfsanənin sintezini yaradırdılar. Məsələn, neoromantik F.Koppe pyeslərinin çoxunda hadisələrin dəqiq yerini və zamanını göstərir. Ancaq təsvir olunmuş hadisələr adətən, təxəyyül məhsulu, təsvir olunan mərhələnin şərti stilizasiyası olur.  Məsələn M.Zamakoisin “Təlxəklər” pyesində hadisələrin dəqiq tarixi (1557) göstərilsə də, süjet son dərəcə şərtidir və göstərilən tarixlə heç bir əlaqəsi yoxdur. Rostanda tarixlə əfsanənin sintezi müəyyən məzmun daşıyır. Poetik dünyanın yaranması, adətən, Rostanın əsərləri üçün son məqsəd deyil, neoromantik qəhrəmanı müvafiq tarixi şəraitə salmaq vasitəsidir. 

Şübhəsiz ki, qəhrəman və qəhrəmanın şəxsiyyəti problemi fransız neoromantizminin əsas problemidir. Bu cəhət neoromantizmin ilk nümunələrindən (A. De Bornyenin “Rolandın qızı” dramı, V.Sardunun “Vətən” tarixi dramı) etibarən özünü göstərməyə başlayır. Əgrə Bornye bunu yüksək əxlaqi xarakterlərin yaradılması ilə edirsə, V.Sardu P.Kornelin ənənələrindən istifadə edərək, qəhrəmanlıq situasiyası vasitəsi iə gerçəkləşdirir. Neormantiklər hər iki üsulu mənimsəmiş, ancaq daha çox yüksək əxlaqi xarakterlərin yaradılması yolu na üstünlük vermişlər. Qəhrəmanlıq əməlləri edən şəxsiyyətin təsviri neoromantizm və klassisizmin yaxınlaşması üçün zəmin rolunu oynayıb. Anri de Bornye, Teodor de Banvil, Jak Rişpen, Katol Mendes kimi müəlliflərin yaradıcılığında klassisizmin və romantizmin prinsipləri birləşib. Neoromantiklər üçün qəhrəmanlıq daxili xüsusiyyətdir və o, qəhrəman əməllərdə təzahür etməyə də bilər. 

R.Rollanın da yaradıcılığında neoromantizmin bir sıra xüsusiyyətləri özünü göstərir. Rolan neoromanitzmə ən gec gəlib, onun çərçivələrindən ən tez çıxan müəllifir. Artıq 1900-cü illərin əvvəllərində Rollan “İdealizm zəhəri” adlı məqaləsində neoromantizmin başçısı Rostanın yaradıcılığını sərt tənqid etmişdir. Bu, məqalə, əslində, bütünlükdə neoromantizmin tənqidi idi. 


Oxunma sayı: 67

Yazar haqqında