ADMİU-nun “Otello əfsanəsi” QİTİS-də “Ən orijinal tamaşa” seçilib

  • 27 Mar - 2019

15-20 mart tarixlərində Rusiya Teatr Sənəti İnstitutunda “QİTİS-ustad dərsi” adlı festival keçirilib. Festivalda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Moldova, Belarus və Ermənistanın teatr məktəbləri iştirak edib. Azərbaycanı festivalda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinın SABAH qrupları təmsil edib. Açılış mərasimindən sonra festivala dəvət olunmuş heyət – SABAH Mərkəzinin rəhbəri Bella Məmmədbəyova, müəllimlər Xalq artisti Mehriban Zəki, Gümrah Ömər, Ceyhun Dadaşov, tamaşanın işıq üzrə rəssamı, Səda Tədris Teatrının inzibatçısı Amid Qasımov Rusiya Teatr Sənəti İnstitutunun rektoru G.Zaslavski ilə görüşüb. Görüşdə iki ali məktəb arasında əməkdaşlıq əlaqələrinin perspektivləri, həyata keçirilə biləcək birgə layihələr müzakirə olunub. Rektor gələcəkdə yaradıcılıq mübadiləsinin daha da genişləndiriləcəyini bildirib və iştirakçılara uğurlar arzulayıb.

Mart ayının 16-da ADMİU SABAH qruplarının Aktyor sənəti ixtisası üzrə 3-cü kurs tələbələri (kurs rəhbəri dosent Fikrət Məlikov) Ziya Ağa (Otello), Fidan İsmayılova (Dezdemona, Bianka), Mətləb Abuşov (Kassio), Toğrul Qasımov (Brabansio), Mirsənan Kazımlı (Yaqo), Gövhər Şabanova (Emilya, Bianka), Elçin Əmirov (Rodriqo) və Tural Kərimov (Hersoq) U.Şekspirin faciəsi əsasında hazırlanmış “Otello əfsanəsi” adlı mistik ballada ilə QİTİS-in Tədris teatrında çıxış ediblər.

ADMİU SABAH qruplarının müəllimi, rejissor Gümrah Ömərin quruluşunda hazırlanmış tamaşa böyük maraqla qarşılanıb. Tələbə aktyorların ifasını mütəxəssislər, tələbələr və tamaşaçılarla yanaşı, Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi, Rusiyadakı Azərbaycan səfirliyinin əməkdaşları və azərbaycanlı həmvətənlərimiz də izləyib. İzləyicilərin rəğbətini qazanan tamaşa festivalın jürisinin rəyinə əsasən, “Ən orijinal tamaşa” nominasiyası üzrə mükafata layiq görülüb. Otello rolunun ifaçısı, SABAH tələbəsi Ziya Ağa isə “Ən yaxşı kişi rolunun ifaçısı” nominasiyası üzrə qalib olub.

ADMİU SABAH qruplarının 14 nəfərlik müəllim və tələbə heyəti festival zamanı Səhnə danışığı, Səhnə hərəkəti, Aktyor sənəti fənləri üzrə müxtəlif ustad dərslərində və seminarlarda iştirak edib, Moskva Bədaye Teatrında və K.S.Stanislavskinin ev muzeyində ekskursiyada olub.
Qeyd edək ki, ADMİU SABAH qrupunun tələbələri Belarus Dövlət İncəsənət Akademiyasına və 2020-ci ildə Özbəkistanda keçiriləcək Teatr festivalına dəvət alıb.


Oxunma sayı: 254

Yazar haqqında