Göydən asılmış ünvansız məktublar...

  • 25 Apr - 2019

Məktub nədir? Uzaqda yaşayan birinə çatdırılmalı sözümüz olduqda ona göndərilən kağız parçası. Yaxud da insanlar arasında informasiya mübadiləsi. Düzdür, ta qədim zamanlardan yaranmış məktubu hazırda texnologiyanın yeni vasitələri rahatlıqla əvəz edib. Bəs, ünvanı olmayan məkana necə, məktub yazan olubmu? Şəxsən, mən yazmışam, bilmişəm çatmayacaq, amma olsun. Bu, elə bir hissdir ki, içində qalan, kiməsə söyləyə bilmədiyin, dərdləşə bilmədiyin sözləri o sətirlərə muncuq kimi düzürsən. Uşaqlar daha safdırlar, onların ən çox sevdiyi yeni il qabağı Şaxta babaya yazdıqları məktublardır. İllər, əsrlər keçsə də, bu saflığı daxilində qoruyan körpələr həmişə elə ümid edirlər ki, onlara böyük görünən, əslində, çox kiçik hədiyyələri almaq üçün tək yol Şaxta babaya göndəriləcək məktublardır. Bəs, tanrıya kim məktub yazıb? İnanıram ki, mən deyən olmaz. Yaxın günlərdə isə balaca bir oğlan yazdı, adı Oskar idi. Bəli, haqqında söhbət açmaq istədiyim şəxsin adı Oskardır. Özü balaca olsa da, içinə dünyanı sığdıra biləcək ürək sahibi Oskar...

Mart ayının 24-də Dövlət Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Erik Emmanuel Şmidtin “Oskar və çəhrayı xanım” əsəri əsasında hazırlanan “Tanrıya 14 məktub” tamaşasının premyerası baş tutdu. Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov, quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı Əməkdar artist Nailə Məmmədzadədir. Tryukların quruluşu İsa Əsədova, musiqi tərtibatı Şamxal Novruzluya aiddir. Rolları Anar Səfiyev, Zemfira Əbdülsəmədova, Mirsənan Kazımlı, Qəmər Məmmədova, Ramil Məmmədov, Bəhram Həsənov, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Vahid Orucoğlu, Təhminə Məmmədova, Anar Seyfullayev, Nurlan Süleymanlı, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev və Araz Pirimov canlandırırlar.

Hadisələrin qısa məzmunu belədir ki, on yaşlı balaca Oskar xərçəng xəstəliyinə tutulub, valideynləri onu bir xəstəxanaya yatırıblar. Həkimlərin səyinə baxmayaraq, balaca Oskarın əməliyyatı uğursuz keçmişdir. İndi onun cəmi on dörd gün ömrü qalıb. Xəstəxanada Oskara və digər xəstə uşaqlara nəzarət edən Roza nənə var. Ancaq Oskarın vəziyyətini bildikdən sonra təkcə onunla ilgilənən, ona qayğı və nəvazişini əsirgəməyən Roza nənə həyatdan küsmüş Oskara qalan günlərini Tanrıya məktub yazmaqla keçirməyi təklif edir. Bu təklifdən məmnun qalan Oskar, onun dediyi kimi, bir gününü on il hesab edərək Tanrıya məktub yazır və istəklərini bildirir. Nə qədər mübarizə aparsa da, sonda Oskar sağalmaz xəstəliyin qurbanı olur....

Rejissor Nicat Kazımov monopyesə tamaşaya on dörd əlavə personaj daxil edərək, hadisələri daha dinamik şəkildə qurub. Onun personajları mələklər kimi bəyaz geyimdə ara-sıra Oskarın gah çarpayısının önündə diz çökürlər, gah bu çarpayını fırladırlar, gah da onu hər addımda izləyirlər. Xərçəng bütün zamanların ən ağır xəstəliyi olub. Körpə uşağın ölümü anlaması, onunla barışması dəhşətli mənzərədir. Valideynlərinin gözü önündə hər gün bir az da “əriyərək yox olması” təsvirə gəlməyəcək qədər ağırdır. Anar Səfiyevin yaratdığı Oskar ruhən yorulmuş, qocalmış bir uşaqdır, o nə qədər gülməyə, şənlənməyə çalışsa da, içində hər saniyə böyüyən “əjdahaya” qalib gələ bilmir. Oskar da öz yaşıdları kimi qaçmaq, oynamaq, şənlənmək istəyir, lakin bu xəstəlik ucbatından dörd divarın köşələrində məhv olub gedir. Valideynləri biləndə ki, o sağalmayacaq, zəiflik göstərirlər, onu yanına az-az gəlməyə başlayırlar. Ölüm haqda söhbətlərdən yayınırlar. Əslinə baxdıqda, acizlik edirlər. Oskar onkoloji xəstəxanaya da yerləşdirilməyib. Onu elə bir divarların arasına qapadıblar ki, buradakı həmyaşıdları müxtəlif xəstəliklərdən əziyyət çəkirlər. Demək, onların hər birinin valideyni uşaqlarından üz döndəriblər. Bəlkə də bu uşaqların da bir yerdə olması təsadüf deyil, Tanrı onların valideynlərini cəzalandırıb, bu körpələri bir damın altında məskunlaşdırıb. İndi onların yeganə ümidi acımasız həkimlər və qayğıkeş baxıcılardır. Bu gün azdırmı fikizi qüsurlu körpələr? Çox vaxt eşidirsən ki, valideyn uşağının qüsurlu doğulduğuna görə onunla birlikdə küçəyə də çıxmaq istəmir... Ya da aparıb atırlar kimsəsiz uşaq evlərinə. Bəli, məhz atırlar... Özüm oradakı uşaqların halını canlı görmüşəm. Acınacaqlı, baxımsız vəziyyətdədirlər. Dünyanı dərk edə bilməyən körpələr bir də xəstəlikləri ucbatından onlarla insanlara yaraşmayacaq rəftarlara məhkum olublar. Tamaşada rejissor bu nüansları bilsə də, bacardığı qədər obrazlara daha çox yumoristik hərəkətlər, məzəli jestlər elavə edərək, zalda oturanları çox da incitməmək istəmişdir. Fəqət, Oskarda uşaqlıqdan çox ağırlıq var, düzdür sosial şəbəkələrdən belə xəstə uşaqların videolarını, şəkillərini izləmişəm, onların üzündə haradasa ümid var. Anar Səfiyevin qəhrəmanı ümidini itirmir. Aktyor qəhrəmanının ölümünə yaxın məqamları gözəl yaradıb. Səhnədə gördükləri insanı incidir, o, ağrını sanki yaşayır. 

Oskar ailə sevgisi görməyib, bu yaşınadək bir dəfə də Tanrıya dua etməyib, çünki ailəsi Tanrının varlığını ona başa salmayıb. İndi birdən-birə xeyirxah Roza nənə (Zemfira Əbdülsəmədova) ondan Tanrıya məktub yazmasını xahiş edir. Oskara  öz sevgisini bəxş edən Roza nənə, əslində, özü də bu xəstəlikdən əziyyət çəkirmiş, bunu tamaşanın yalnız son səhnəsində,başındakı parikini çıxaranda öyrənirik. Çəhrayı xalatlı Roza nənəsinə inanan Oskar hər gün yaşadıqlarını Tanrıya hesabat kimi məktubunda bildirir, səhəri günkü arzusunu edir və onu özünə yaxın buraxaraq, toxuna biləcəyi bir varlıq kimi öpərək vidalaşır.

Tamaşa boyunca fərqlənən obrazlara Aygün Fətullayevanın Peggi Blusu, Oskarın ruhunu səsləndirən, tamaşa boyunca özünəməxsus emosional, tembrli səsiylə hadisələri nəql edən gənc Mirsənan Kazımlı, xəstə uşaqlardan isə Bəhram Əliheydər və Zülfiyyə Alhüseynovanın oyunları təqdirəlayiqdir. Aygünün Peggisi o qədər incə, səsi o qədər həlimdir ki, onu görən kimi ağlıma ilk gələn Düyməcik oldu. Onun kimi mavi incə geyimi, yüngül hərəkətləri, məsum baxışları və sevgi dolu gözləri aktrisanı mavi işıq fonunun çalarlarında nağıl personajına bənzədirdi. Oskarın həyatından gəlib keçən bu mavi yuxu sevinci də özü ilə apardı. 

Xəstə uşaqları oynayan aktyorların ifasında yumoristik məqamlar daha çox idi, yalnızca adlarını çəkdiyim aktyorlar o uşaqların xəstəliklərini daha dərin göstərə bilmişdilər. 

Dəfələrlə Nicat Kazımovun quruluşunda olan tamaşaları izləmişəm və özlüyümdə belə bir nəticəyə gəlmişəm ki, rejissor tamaşalarında sükutu, sadəliyi sanki sevmir. Hər zaman al-əlvan, bolluca musiqilər, dekorasiya ilə dolu zəngin səhnəyə, rəngli geyimlərə üstünluk verir. Tamaşa zamanı ekran kimi asılmış proyektorlardan göstərilən təbiət lövhələri, tez-tez buraxılan duman, dekorların yerinin dəyişdirilməsi, aktyorların səhnədə bəzən aramsız var-gəl etmələri çox vaxt fikri yayındırırdı. İki hissədən ibarət olan tamaşada birinci hissə nə qədər ağır, yorucu, darıxdırıcı keçdisə, ikinci hissə,o qədər dinamik oldu. İkinci hissədə tamaşada canlanma baş verdi. Səkkizinci məktubdan sonra baş verənlər kimi əvvəlki hissələrdə də, xeyli səhnələri qısaltmaq olardı. Tamaşanın sonunda isə xristian Oskar ölən məqamda məhz Azan səslənməyə başladı. Rejissor burada bəlkə də bir element ilə fransız müəllifin əsərini milliləşdirmək istəmiş, bəlkə də ölümün acı məqamını azanın səsiylə daha təsirli etmək istəmişdir – bunu o, daha dəqiq bilir. Ancaq zənnimcə, Oskara Tanrıdan belə söhbət açılmadığı halda İsa peyğəmbərdən də valideynləri danışmamışdılar. Tanrı isə təkdir, dünyada hansı din, hansı müqəddəs kitab olur-olsun, Allah sevgisi varsa insan qəlbində, o dinə baxmayacaqdır. Dörd divar arasında qalan körpələr tanrının unudulmuş uşaqları olsalar da, əslində, tanrı onları unudan valideynlərindən alıb bir damın altında öz nəzarətində, onlara daha doğma olacaq insanlarla rastlaşdırmışdır. Təsadüfi deyil ki, Oskarın yazdığı məktublar düzbucaqlı formasında yazılırdı. Məktubların formalarının da öz anlamları var və məhz düzbucaqlı formasında olan məktubun anlamı – AYRILIQ idi. Oskar da 14-cü məktubu səhnədə yuxarıda ipdən sallananda bu dünyadan ayrıldı....

Nigar Pirimova 
Teatrşünas

 


Oxunma sayı: 37

Yazar haqqında