Azərbaycanlı teatrşünas beynəlxalq konfransda çıxış edib

  • 17 İyl - 2020

Şota Rustaveli adına Gürcüstan Teatr və Kino Universitetinin təşkilatçılığı ilə "İncəsənət və müasirlik" mövzusunda İncəsənət Tədqiqatçılarının XIII Beynəlxalq Elmi Konfransı keçirilib. A.Kutateladze adına Tbilisi Dövlət İncəsənət Akademiyası və V.Saracişvili adına Tbilisi Dövlət Konservatoriyasının dəstəyi ilə baş tutan konfrans virtual məkanda geniş əks-səda doğurub. Tbilisidə keçirilməsi planlaşdırılan konfrans Covid-19 pandemiyası ilə əlaqədar, onlayn şəkildə - Google Hangout Meet platforması vasitəsilə baş tutub. Gürcüstan, Almaniya, Polşa, Litva, Bolqarıstan, Rumıniya, Qazaxıstan, Ukrayna, Belarusdan teatr mütəxəssislərinin qatıldığı tədbirdə ölkəmizi Teatro.az sənət portalının həmtəsisçisi və şef-redaktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Teatrşünaslıq kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov təmsil edib. Azərbaycanlı teatrşünasın “XX əsrin teatrı. Teatrdan qeyri-teatra doğru” adlı məruzəsi maraqla qarşılanıb və geniş diskussiyaya səbəb olub. 

Məruzədə deyilir: “Klassik teatr düşüncəsi ilə XX əsrin avanqard teatrının müqayisəsi göstərir ki, ötən əsrdə teatr sənətinə əvvəlki dövrlərdən prinsipial fərqlənən tamamilə yeni konseptual yanaşma formalaşıb. Mətnə yeni münasibət, narrativlikdən imtina, “müəllifin ölümü” (R.Bart), dramaturqun müəllif mövqeyinin zəifləməsi, rejissorun tamaşanın müəllifinə çevrilməsi, aktyorun marionet (kukla), ötürücü kimi qavranılması, interaktivlik, açıq sistem tələbi, irrasionallığa meyl, gözlənilməz janr sintezi və s. bu konseptual yanaşmanın əsas səciyyələrindəndir. Bir sözlə, XX əsrin teatrı təpədən-dırnağa yeni teatr idi. Hətta təbiri caizsə, bu teatr, klassik mənada, teatrın özünə qiyam idi, ironiya idi, antiteatr idi. Əsrlər boyu mövcud olmuş, formalaşaraq möhkəmlənmiş, qəlibləşmiş, alternativ tanımayan teatr təfəkkürü təftiş olunur, rədd edilir, yenisi ilə əvəzlənir, tədricən teatrdan qeyri-teatra doğru yol qət olunurdu. Bu yolun sonu haqqında heç nə deyə bilməyəcəyik. Çünki teatrdan qeyri-teatra doğru yolun bir ucu da XXI əsrə, bu günümüzə gəlib çıxır. 

XX əsrin teatr sənətinin ən başlıca xüsusiyyətini belə konstatasiya etmək olar: 

XX  əsrin teatrı müasir qala bilmək üçün teatrallıqdan uzaqlaşdı, teatrallıqla açıq mübarizəyə girişdi. Teatr olmaqdan imtina edərək, qeyri-teatra çevrildi”. 

 

 

 


Oxunma sayı: 61

Yazar haqqında