“Dünyanın teatr xəritəsinə Azərbaycanın adını yazdıran aktyor” -  Qasım Nağı

  • 27 Fev - 2019

Soldakı şəkildə gördüyünüz məşhur Amerika teatrşünası və rejissoru, Nyu York Universitetinin professoru Riçard Şexnerdir. Dediyim o ki, bu gün dünya səviyyəsində teatr sənətinin ən mahir bilicisi kimi tanınır. 
Sağdakı şəkildə gördüyünüz isə Vaqif İbrahimoğlunun yetirməsi, YUĞ Dövlət Teatrının aktyoru, Humay Milli Mükafatı laureatı Qasım Nağıdır. Bu iki şəxsi nə birləşdirə bilər axı, sualının yaranması təbiidir. 
Ancaq bilənlər bilir, bilməyənlərə bəlli olsun ki, YUĞ Tatrı 2009-cu ildə Eksperimental Teatr Festivalında Məhəmməd Füzulinin poeziya nümunələri əsasında hazırlanmış “Rəhm” (quruluşçu rejissor – Tural Mustafayev) və “Ya Rəbb” (quruluşçu rejissor Mir Sahib Ağayev) tamaşası ilə çıxış edib. Həmin tamaşanı izləyənlər arasında olan Riçard Şexner Qasım Nağının ifasını çox bəyənib. Maraqlıdır ki, az qala, bir əcnəbi teatrşünasla eyni dəhlizdə təsadüfən üz-üzə gəldiyini də, fəxarətlə ağızdolusu danışan, birin üstə beş qoyub özündən deyən sənətçilərimizdən fərqli olaraq Qasım Nağı bir dəfə də olsun bu barədə danışmayıb. Bəs, mən haradan bilirəm? Aydın Talıbzadədən eşitmişəm, daha doğrusu, oxumuşam.

Aydın Talıbzadə “Qahirənin festival dodekafoniyasi və ya Afrika üçün siyasi teatr” adlı məqaləsində yazır: “Tamaşadan sonra biz bir-birimizə təbriklər söyləyirik... Elə bu məqamda bir nəfər Qasım Nağıya yaxınlaşır və məndən xahiş edir ki, onun dediklərini ingiliscədən azərbaycancaya çevirim. Həmin bu adam Qasım Nağıya müraciətən: "Sizin dilinizi bilmirəm. Amma mən Sizin ürəyinizi gördüm. Sizin ifanız çox təsirli və səmimi idi”. Növbəti gün festivalın gündəliyində bu adamın şəklini tanıyıb onun Riçard Şixner olduğunu yəqinləşdirirəm. Bu ki balaca bir uğurdur, uşaqlar! Azından bizi gördülər, qeyd elədilər: festivalın yaddaşına düşdük: "Yuğ” dünyanın eksperimental teatr xəritəsinə Azərbaycanın da adını yazdı”.

Sizi bilmirəm, məndə belə bir sual yarandı: necə olur ki, dünyanın eksperimental teatr xəritəsinə Azərbaycanın da adını yazdıran, Riçard Şexner kimi teatr bütünün diqqətini çəkən bir aktyor necə olub ki, Azərbaycan teatrında o qədər də çox diqqət çəkməyib? Necə olur ki, ömrünün 25 ildən artıq vaxtını teatra həsr edən sənətçinin heç bir fəxri adı yoxdur? Səbəb olduqca sadədir. Bu zatən ləyaqətli adamın təvazökarlığı. Təcrübə göstərir ki, çox təvazökar olmaq da bir şey deyilmiş. Nədən ki, ağlamayana pəpə yoxdur. 
Amma və lakin... Nə yaxşı ki, Azərbaycan teatrında Qasım Nağı kimi “ağlamayan”, ləyaqətli və istedadlı sənətçilər var. Bu gün Qasım bəyin 45 yaşı tamam olur. “Kaspi” qəzetinin “Teatr” əlavəsinin kollektivi adından sənətkarı təbrik edir, möhkəm cansağlığı və yeni yaradıclıq uğurları arzulayırıq.  


Oxunma sayı: 176

Yazar haqqında