Nigar Pirimova - “Onlaynlaşan” tamaşalarımız, yaxud canlı sənətin cansız modeli...

  • 11 İyn - 2020

Əslində, neçə vaxtdır bu fikirlər mənə rahatlıq vermir, sonunda qərara aldım ki, düşündüklərimi yazıya “töküm”. Yaşadığımız XXI əsrdə, demək olar ki, hər şeyin texnologiyaya bağlı olduğu zəmanəyə gəlib çatmışıq. Dünyanın bir ucunda oturub, digər ucundan xəbər ala bilərik. Hətta öz ölkəndə yaşayıb, digər ölkədə distant təhsil də ala bilərsən. Bu azmış kimi, yeni Sofiyalar da peyda olub... Bu qədər yeniliklər içərisində insan bəzən canlı ünsiyyət axtarışında olur. Özündə bir sıra sahələri qapsayan, sintetik sənət növü olan teatr da məhz canlı sənətdir. Bir düşün, biletini aldıqdan sonra iki saat boyunca baş verəcək hadisələri canlı izləməkdən ziyadə nə var? Əlqissə, indi desəniz ki, bunları biz də bilirik, yenidən hali etməyə nə hacət? Mən də cavab olaraq deyəcəm ki, dördüncü ay olacaq ki, ölkəmizi əsarəti altında almış “taclı” virus teatrımıza da “əncam” qılıb, onlayn tamaşalarla başımızı qatıb. Bəzən qorxuram, bir qədər də uzansa, bəzi insanlar bu cür onlayn tamaşalara alışa. Amma və lakin... heç onlayn da tamaşa olarmı? Birmənalı şəkildə olmaz. Əgər teatr da onlayn olacaqsa, o zaman nə canlılıqdan, nə də sintetik sənətdən söhbət gedə bilməz. 

Bu neçə aydır davam edən onlayn tamaşalardan ya imkan olub vaxtında baxmadıqlarımı izləmişəm, ya da mərhum sənətkarların ifasında olan, bir daha canlı izləyə bilməyəcəyim tamaşalara baxmışam. Səbəbi də odur ki, nə yalan deyim, sənətim olduğu üçün özümü məcbur etmişəm çox vaxt. Çünki bir kərə canlı seyr etdikdən sonra çox ağır olur onlayn tamaşa izləmək. Lakin onlayn baxdığım tamaşalar haqqında da heç bir mülahizə yürüdə bilmərəm, niyəsi yenə odur ki, onlayn tamaşa olmur. Vallah da, billah da olmur. Canlı tamaşa izlərkən baş verən hadisələr, aktyorların monoloq və dialoqları, dekorasiyalar, rekvizitlər, geyimlər və s. hər biri göz önündədir və səhnənin istənilən köşəsinə öz baxış nöqtəmdən baxa bilərəm. Lakin gəlin görək, onlayn tamaşa nə edir? O, səni məcbur edir ki, məhz kameranın çəkdiyi, göstərdiyi nöqtəyə köklənəsən, vəssəlam, şüttəmam. Ətrafda nə baş verdiyini anlamağın, hiss etməyin əsla mümkün deyil. Əslində, bir məqamı da qeyd edim, bu onlayn tamaşa söhbəti indi gündəmdədirsə, lentə alınmış tamaşalarımız illərlədir yerli kanallarda vaxtaşırı göstərilir. Təxmini onun kimi bir şeydir, vaxtı və saatı əvvəldən elan edilir və sən internet vasitəsi ilə tamaşanı izləyə bilirsən. Bəzən onlayn tamaşa izləmək mənə film izləməyə bərabər gəlir. Çoxdan baxmadığım bir filmi “google”-da axtarıram, istənilən saytdan tapıb çayımı da süzüb rahatca oturub baxa bilirəm. Bu da bənzəmədimi həmin duruma? Əlbəttə, bənzədi, daha onda nə həyəcan, nə canlılıq qaldı? Belə olduqda, zənnimcə, teatra getməyən bir seyrçiyə heç teatr da maraqlı da gəlməyəcək. Axı teatr əzəldən canlıdır, lap elə zəif və güclü tamaşası da.

Burda bir məqam da yadıma düşür. Əvvəllər həftənin bazar günləri saat 18:00-da radioda tamaşalar səsləndirilərdi. Qəribədir, ki, bu radiotamaşalar dinləyicini özünə cəlb edə bilirdi. Görmürsən, amma eşidirsən, hansı dekorasiyadan, hansı geyimdən, hansı üz cizgilərindən, jestlərdən, mizanlardan istifadə olunur, bilmirsən, lakin hiss edirsən, duya bilirsən, o hadisələrlə yaşayırsan. Gözünü yumsan da, xəyalında hamısını canlandıra bilərsən. Lap dəqiq deyim, radioteatr dinləyici təxəyyülünün məhsuludur. İndi onlayn tamaşalarımıza fikir verək, oyunlarını da, geyim, dekor, mizan, lap elə jest, mimikaları görürsən, amma çifayda. Seyrçidə heç bir hiss, həyəcan oyatmır. Baxmayaraq ki, filmi də seyr edirsən və hər anına qədər (söhbət yaxşı filmdən gedir) hadisənin içinə düşə bilir, həyəcanlanır, sevinir, ağlayırsan. Yenə də məsələ hərlənib gəlir dediyimə, TEATR CANLI SƏNƏTDİR. Teatrın onlaynı olmur, teatr onlayn yaşamır, maraq doğurmur və ən əsası, TEATR ONLAYNDA BAXILMIR.

Bu məsələ ilə bağlı araşdırmaya yön qoyduğumda dediklərimdə haqlı olduğuma bir daha əmin oldum. Belə ki, karantin müddətində müəyyən günlər, demək olar ki, eyni vaxtda bir sıra teatrlarımızın onlayn tamaşaları verilirdi. Maraqdan bir saata qədər bir neçəsini izlədim və gördüyüm bu oldu ki, onlayn tamaşaların izlənmə sayı, demək olar, yox dərəcəsindədir. Bundan belə bir nəticə çıxır ki, nəinki teatrsevərlər, tamaşaçılar, hətta həmin tamaşada rol alan aktyor heyətinə (bəziləri istisna) də maraqlı gəlmir oynadığı rolun kənardan necə göründüyü, necə səsləndiyi. Əslində, onları buna görə qınamaq da olmur. Şablon ifadəyə çevrilsə də, “teatrın tozu”nu dadmış aktyorlar o canlılığı görmədikdən, həyəcanı yaşamadıqdan sonra onlayn tamaşa maraqsızlaşır. Çünki teatrda hər tərəfdən - yuxarıdan, aşağıdan, sağdan, soldan bütün gözlər onlara zillənir. Sanki hər yerinə parlaq gözlər səpələnmiş göy qübbəsi altında dayanırlar. Onlar üçün teatr məhz belə bir yerdir.

Bu yaxınlarda pandemiya ilə əlaqədar, ilk onlayn beynəlxalq teatr konfransı keçirildi. Mən də dinləyici qismində iştirak edirdim. Onu da deyim dəfələrlə canlı teatr konfranslarında iştirak etmişəm. Və hər dəfəsində də o qədər sevinc, həyəcan keçirmişəm. Lakin bu dəfə qəribə hiss oldu, elə bilirdim, yaxın dostlar, müəllimlər canlı yayım açıblar və sadəcə, bu pandemiya dövründə teatrla bağlı öz fikirlərini bildirib, söhbət edirlər. O həyəcanı onlayn konfransdan almadıqdan sonra daha onlayn tamaşadan necə almaq olar?

Əlqərəz, sözümün canı, teatr onlayn ola bilməz, onlayn təhsil olur, əyləncə, söhbət, alış-veriş, nə bilim, nə desəniz olur, amma qəti şəkildə teatr olmur. İnanmıram ki, ömründə bir dəfə də olsun, gözəl tamaşa izləyib, onu varlığı ilə hiss edib, sonda ayaq üstə alqışlarla ifaçıları kulisə yola salan seyrçi desin ki, onlayn tamaşa daha maraqlı idi...

Odur ki, onlayn tamaşalarımızı yenidən canlı görmək diləyi ilə...


Oxunma sayı: 277

Yazar haqqında