Sənubər Həşimova - Kukla

  • 04 İyn - 2020

Evlər tikilir, yuvalar qurulur ki, içində azad insanları yaşasın; evlər tikilir, yuvalar qurulur ki, kor edilmiş, əl-qolu zəncirlənmiş, ruhu həbs edilmiş insanları içinə sığdırsın. İkinci tip evlərdə yaşayanlar, daha doğrusu yaşadılanlar azad düşüncələrindən, duyğularından, fikirlərindən, həyata baxışlarından məhrum edilmiş insanlardır. Onlar sanki, bir marionet kimi ev sahibi tərəfindən oynadılmaqdadırlar.

Klassik dünya ədəbiyyatının sevilən dramaturqlarından olan Henrik İbsenin də belə bir kuklası var. Dramaturqun çoşqun və romantik ruhlu əsərlərdən uzaqlaşaraq, müasir cəmiyyətdəki sosial ziddiyyətləri, onların mənəvi aləmlərinin psixoloji məqamlarını, insanların zahiri və mənəvi dünyaları arasındakı təzadı, artıq cəmiyyət - ətraf mühitlə deyil, özlərinin özləri ilə mübarizəsini  açıb göstərmək istəməsi onun kuklasını yaradır. “Yeni dram”ın qəhrəmanlarından birinə çevrilən bu kukla İbsenin 1879-cu ildə qələmə aldığı “Kuklalar evi” nin “Nora”sıdır. 

Dramaturq bəşəri problemləri bir evin, otağın daxilində analiz etməyi sevir. Sevməklə qalmır, bunu ustalıqla oxucuya çatdırmağı bacarır. İbsen, əslində, qəhrəmanı Noranın timsalında kuklalarına yeni dünyanı göstərmək istəyir. Sanki o, cəmiyyətin yaratmış olduğu kuklalara çığıraraq deyir ki, yetər, bəsdir, daha gözlərinizi açma zamanı gəlib, siz artıq oyanmalısız, siz özünüz özünüzü oyatmalısınız! İbsen, bu oyanışı özünəxas bir üsulla həyata keçirir: keçmiş həyatda edilən səhvlər və bu səhvlərin gözlənilmədən ortaya çıxması. Ümumiyyətlə, İbsenin əsərlərində peripetyalara müraciət tez-tez rast gəlinən priyomdur. Belə ki, qəhrəmanının səhvlərini qəfil ortaya atması yolu ilə dramaturq, əslində, onu cəzalandırmır, əksinə, mükafatlandırır. O bununla da, kuklalarına ruhən azadlığın nə demək olduğunu dadızdırmağa çalışır. Bir sözlə, keçmişdəki yanlış vasitəsilə, gələcəkdəki həqiqi, yalansız dünyaya bir körpü salır. 

Yalan dünyanın fərqinə varmaq, içində olduğu süni ortamı birdəfəlik tərk etmək kimi situasiya bir çox yazarların müraciət etdiyi mövzudur. Elə buradaca nədənsə yadımıza “Körpüsalanlar” düşür. XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan İlyas Əfəndiyevin yaratdığı bir qəhrəman var ki, o bizlərə, azacıq da olsa, Noranı xatırladır. Müəllifin 1960-cı ildə yazdığı “Körpüsalanlar”ın əsas qadın qəhrəmanı Səriyyə də, qapını çırparaq, ruhən azadlığın izinə düşür. Düzdür, Səriyyə obrazı Nora kimi kukla deyil, lakin o da həyatında baş vermiş hansısa bir hadisənin nəticəsində gerçəkdə kim olduğunu və nələrdən məhrum edildiyini anlayır. Adillə bir həyatı paylaşan Səriyyə anlayır ki, sən demə, o heç zaman ərini sevməyib. Onun qurduğu “yuva”nın içində tamamilə fərqli görüşlərə malik iki yad insan yaşayıb.  O da ideal görünən, lakin süni bir dünya daxilində məskunlaşıb. Adilin son səhnədəki durumu Kuklalar evinin Helmerindən heç nə ilə fərqlənmir. Noranın tərk etmək istədiyi ev onu istismar edənin evidir. Səriyyə ilə Noranı birləşdirən də elə budur. Səriyyə də ərinin bu meylini (istismarını) gördüyü zaman, “dur” deyir. Onun da “yuva”sını  tərk etməsinin səbəbi, illərini bölüşdüyü yad bir insanın onun üzərindəki hökmranlığına, kuklaçılığına yox deməsindən doğur. Səriyyə də, Nora kimi azad ruh və istismarsız dünyanın yolunda qapıdan çıxaraq gedir. 

Lakin belə qadınların hər biri qapını çırparaq çıxıb getmək gücündə deyil. Məsələn, XIX əsr rus ədəbiyyatının klassiklərindən olan Aleksandr Nikolayeviç Ostrovskinin yaratdığı qadın qəhrəman – Larisa. Eyni ildə (1879) qələmə alınan iki pyes – “Kuklalar evi” və “Cehizsiz qız”, eyni taleyi yaşayan iki qadın – Nora və Larisa. Dramaturq bu pyesdə eynilə İbsen kimi daha çox qəhrəmanlarının psixoloji durumlarını qabartmağa çalışır. A.Ostrovskinin yaratdığı qadın xarakterləri arasında özünəməxsus yer tutan, öz mürəkkəbliyi ilə seçilən Larisa Nora kimi iki kişinin kuklası deyil, Larisa böyük bir toplumun kuklasıdır və onun həmin dünyada yaşaması Nora ilə müqayisədə qat-qat çətindir. Həmin toplumun, demək olar ki, hər bir fərdi Larisanı oynatmağa həvəslidir. Sahiblənmək istədikləri həmin kuklayla kimisi itirilmiş nüfuzunu, kimisi yarımçıq qalmış əyləncəsini, kimisi də gələcək “həyat”nı qurmaq istəyir. Lakin Larisa Nora kimi kor olub da sonradan gözünü açmır. O, hər şeyi görür, duyur, anlayır, hətta yeri gəldikdə, qərarlarını özü də verə bilir, amma, gözünü bilərəkdən yumur, kor olmaq istəyir. Çünki, onun qapını çırparaq getməyə gücü yoxdur. Yoxdur, çünki qapıdan çıxsa, harada yaşayacaq? Larisanın yeni həyatını toplumdan kənarda qurması mümkünsüzdür. Həmin toplum isə onu istismar etməyə həvəslidir. Elə isə, Larisa haraya gedə bilər?

Hər kəsin əşya münasibəti bəslədiyi Larisa da, Nora kimi istismara yox deyir. O, Noradan fərqli olaraq, özünü yaxşı tanıyır və nə istədiyini əvvəlcədən bilir: pak sevgi. Pak sevgini isə cəmiyyət tanımır və həyat tərzində ona yer vermir. Məhz bu səbəbdən Larisa sona qədər özünü korluğa vura bilmir, sonda üsyan edir. Amma onun “yeni həyat”ı Nora və Səriyyə kimi çırpılan qapının ardında deyil, təəssüf ki, ötəki dünyadadır. 

İbsen qəhrəmanı Noranı bir evin daxilində kukla kimi oynadaraq, əslində, ona səbirli, bir o qədər də cəsur olmağı öyrədir. Başına gələnlərin sayəsində gözləri açılan Nora artıq ətrafında olan-bitəni görə biləcək bir gözə sahiblənir. Bununla da o “həqiqi dünya” yolunu görür. Bu yolu görə bilən göz isə, artıq kukla olmayacaqdır.

Ağıllı kukla övlad kimi təqdim olunan Nora məhz ata evində kukla kimi oynadılmağa başlayır. O, ən birinci atasının kuklası olmaqla, bu evin divarları arasında kor edilir. Ata ona müstəqil şəxsiyyət kimi deyil, balaca bir qız uşağı kimi yanaşıb. Noranın bütün dünyası, sadəcə, bu dörd divar ilə məhdudlaşır. Onun üçün başqa yeni bir şey yoxdur və bu evdə qalmağa davam etdiyi müddətdə bu dəyişməz qalacaqdır. Noranın timsalında, bu tip kukla qadınlar çıxış yolunu axtaran zaman paradoksallıq yaranır. Onlar bilmədən, istəmədən özlərini kukla kimi oynadandan (atadan) xilas etmək üçün başqa bir kuklaçıya (ərə) sığınırlar.  Onlar düşünürlər ki, evləndikləri zaman bu ipləri kəsib, sərbəst hərəkət edə, istədikləri hər şeyi əldə edə biləcəklər. Əslində isə, bu, bir evdən digər evə transfer olunmaqdan başqa bir şey deyil. Əgər o, əvvəllər atasının kuklası idisə, bu dəfə ərinin kuklasına çevrilir. Ər evində belə Noranın tutduğu yer onun övladlarından heç nə ilə fərqlənmir. Bu cür qadınlar yaşca böyüsələr də, ruhən uşaq kimi qalarlar və hər zaman gözləri ətraflarında bir böyük arar, onların sevgi və sığalına ehtiyac duyarlar. Məhz bu səbəbdən həmin qızlar balaca qızcığaz kimi qalmaqda davam edərlər. Noranın içindəki “azad insan”ın ortaya çıxması üçün nəsə fövqəladə bir şey, gözlənilməz güclü zərbə lazımdır. Bəs, bu zərbə nə zaman baş verir ?

Sanki hansısa yüksəklikdən asılı qalmış qəfəsdə yaşayan, yaşadılan Nora buradan qəfil yerə çırpıldığı zaman gözünü açır. Kukla isə zərbənin gücündən parça-parça olur. Nora başa düşür ki, ərinin illər boyu ona danışdığı ideal dünya adlı nağıl, güclü dayaq, əslində, yoxdur. Qadın anlayır ki, güvəndiyi əri onu yerə çırpılmaqdan xilas etmək gücündə deyil, onun bər-bəzəkli dünyası, əslində, oyuncaq evdən başqa bir şey deyil. Qəfil şokla üz-üzə qalan Nora artıq bir seçim etməli olduğunu anlayır. O, ya kukla kimi qalmaqda davam edəcək, ya da cəsarətlə heç tanımadığı, ondan bütün həyatı boyu gizlədilən gerçək dünyaya addım atacaq. Gerçək dünyada isə yalnız gözləri dünya işığını görə bilənlər məskunlaşa bilir. Məsələn, elə əsərin digər qadın qəhrəmanı Kristina kimi. Noradan fərqli olaraq, o çoxdan bu dünyaya atılıb. Nora da çıxış yolunu qapını çırparaq, çıxıb getməkdə görür. Çünki bu evdə qaldığı zaman o yenə də bir kukla olacaq, hətta özü də bilmədən başqalarını kukla kimi oynadacaq. Kimi? – övladlarını. Eynilə oyun içində oyun kimi: Kukla evin içərisində yeni bir kukla dünya qurulacaq - kukla ana və kukla övladları. Bəli o, kukla olmaqdan imtina etməyi bacarır və məhz bu səbəbdən kukla evi tərk edir. Soruşsanız ki, bəs Noranın sonrakı həyatı necə olacaq, o yaşaya biləcəkmi ?

Əlbəttə, yaşayacaq. Yaxşı, ya da pis, bu, onun həyatı olacaq. Yaxşı, ya da pis, bu, onun qərarı olacaq. Asif Ata demişkən, “Kim olursansa, ol, hara gedirsənsə, get, hansı qapını açırsansa, aç – tale səni gözləyir. Deməli, talenin boğazından yapışmaq lazımdır. Deməli, insan özü özünün xilaskarı olmalıdır. Deməli, talenin atdığı əlcəyi yerdən götürmək lazımdır..”

 

Sənubər Həşimova

teatrşünas


Oxunma sayı: 259

Yazar haqqında