Evdə qalın, festivalsız qalmayın

  • 14 May - 2020

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı monotamaşalar festivalı ilə karantin günlərindən sonra tamaşaçıların görüşünə gələcək. Ənənəsinə sadiq qalaraq festival keçirən teatrın yaradıcı heyəti, “Bir teatr-bir festival” layihəsi çərçivəsində sayca dördüncü festivalını keçirmiş olacaq. 
“Bizim teatr - Monotamaşalar” adlandırılan festivalın  karantin müddəti bitdikdən sonra  keçirilməsi nəzərdə tutulur. Festivalın devizinin “Evdə qal, amma teatrsız qalma” olduğunu bildirən Əməkdar artist İntiqam Soltan artıq festivala qatılmaq  istəyən teatrların olduğunu da bildirib: “Hazırda festivala qatılmaq istəyən teatrların qeydiyyatı başlayıb. Belə ki, bizim teatrın yaradıcı heyəti ilə birlikdə  Azərbaycan Dövlət Sumqayıt Dram teatrı bir neçə tamaşası ilə çıxış edəcək. Qazax Dövlət Dram Teatrı festivalda iştirak edəcəyi tamaşanı da göndərib. Ümumilikdə festivalda 29 tamaşa nümayiş olunacaq”.
Teatrın direktoru  qeyd edir ki, festivalın keçirilməsində məqsəd hər bir aktyora öz bacarıqlarını nümayiş etdirmək üçün şərait yaratmaq və onlara meydan verməkdir: “Bizim əsas məqsədimiz teatr bayramı keçirməkdir. Bu festivalı keçirməklə Azərbaycanda festival ənənəsinin genişlənməsinə vasitəçi olmuş oluruq. Aktyor evdə boş qalmamalıdır. Aktyorların öz üzərində işləməsi, formadan düşməməsi, teatrların canlanması üçün belə bir festivalın keçirilməsinə ehtiyac var. Aktyor idmançı kimi bir varlıqdır. İdmançı 2 ay məşq etməsə, onu arenaya buraxmaq mümkün deyil. Aktyor da məşq etməsə, səhnəyə çıxa bilməz. Karantin günlərindən sonra keçirəcəyimiz festivalda  mümkün olsa, Teatr Xadimlər İttifaqının da iştirakını gösləyirik. Belə ki, əgər tamaşaçı problemi olmayacaqsa  və dünyada yayılan koronavirusa görə kütlənin toplaşmaq problemi olmayacaqsa, festivalı Aktyor evində keçirməyi düşünürük. Əgər belə bir problem yaransa o zaman festivalı onlayn şəkildə keçirməyi düşünürük. Hesab edirəm ki, bu festivalın keçirilməsi bizim teatr üçün mütləqdir. Məlumat üçün bildirim ki, siz məni də bu festivalda aktyor kimi görə biləcəksiniz. Mən C.Məmmədquluzadənin “İranda hürriyət” əsəri əsasında hazırlanmış tamaşa ilə çıxış edəcəm”.
İntiqam Soltan münsiflər heyətinə gəldikdə isə bildirdi ki, festivalın münsif qismində tanınmış sənətçilər və dövlət rəsmiləri olacaq.  
Söhbət əsnasında aydın oldu ki, hazırda Bakı Uşaq və Gənclər Teatrında çalışan hər aktyor monotamaşalar  festivalı üçün öz tamaşasını hazırlayır. Festivalda iştirak üçün janr məhdudiyyəti qoyulmayıb və aktyorlar dünya klassiklərindən tutmuş müasir Azərbaycan ədəbiyyatına qədər müxtəlif əsərlərə müraciət ediblər. Festivala yalnız birinci mərhələdən (daxili baxışdan) keçən tamaşalar buraxılacaq. 
Qeyd edək ki, bu layihə çərçivəsində Bakı Uşaq və Gənclər Teatrı tərəfindən 2014-cü il mart ayında "Bizim teatr - 1", 2015-ci il mart ayında "Bizim teatr-2", 2019-cu il aprel ayında isə "Nəsimi ili, Nəsimi dili" festivalı keçirilib.

"Kaspi" qəzeti "Teatr" əlavəsi


Oxunma sayı: 39

Yazar haqqında