LEVENT SUNER - SƏS VƏ AKTYOR

  • 07 May - 2020

(ixtisarla)

Nitq insanın duyğu və düşüncələrini ifadə edə bilməsi üçün bədənində başqa funksiyaları olan orqanlardan istifadə edərək yaratdığı, bəlkə də ən böyük möcüzələrindən biridir. Başlanğıcda sadəcə ünsiyyəti qurmağa yönəlmiş olan nitq, sonradan sənətə gətirilmiş, aktyorun bir sənət əsərini ifadə edə bilməsi üçün istifadə etdiyi əsas vasitələrdən birinə çevrilmişdir. Görkəmli yunan dramaturqu Sofokl bunu aşağıdakı sözlərlə ifadə etmişdir:
“Dünyanın gözəllikləri arasında heç biri insan qədər ecazkar deyildir. Çünki insan nitq sənətini öyrənmişdir”.
Ünsiyyətin ən güclü yolu olan nitq vasitəsilə insan sevinc, qəzəb, xoşbəxtlik kimi duyğularını dilə gətirir. Başqa cür desək, nitq insanın daxili dünyasının ifadəsidir. Gündəlik həyatımızda səsin fərqli rənglərindən istifadə edərək, ünsiyyəti daha güclü bir hala gətirmək mümkündür. Eyni vəziyyət aktyor sənəti üçün də keçərlidir. Səs bir aktyorun (aktrisanın) özünü ifadə edə bilməsi üçün ən güclü silahlardandır. Aktyor üçün səs gündəlik həyatdan fərqli olaraq, daha dərin bir məna, hər cür duyğunu daşıya biləcək bir azadlıq tələb edir. Aktyor, teatr tamaşasının əsas tərkib hissəsi sayılan tamaşaçıya səsini fərqli ölçülü qapalı məkanlarda, yaxud da, açıq havada oynanılan tamaşalarda çatdıra bilməlidir ki, bu da səs dərslərinin, səhnə danışığının vacibliyini ortaya qoyur. Gəlin, aktyorun səsinin yaranmasından başlayaraq, səhnə danışığınadək keçdiyi mərhələlərə birgə nəzər salaq :
Səs necə yaranır ?
Beynin mator korteksindəki bir sıra impluslar istehsal olunur və nitq quruluşlarına göndərilir. Bu impluslar bədənin müxtəlif hissələrində yumşaq və harmonik hərəkətlərin meydana gəlməsini təmin etmək üçün zamanlanır. Əvvəlcə dodaqlar və burundan ağciyərlərə qədər olan səs sistemi açılır. Havanın ağciyərlərə dolmasını təmin etmək üçün tənəffüs əzələləri sıxılır və istənilən danışıq üçün lazım olan miqdarda hava ağciyərlərə yığıldığı zaman tənəffüs sistemi əməliyyatı tərsinə çevirir: havanı səs sisteminə göndərərək, onu ağız və burun yolu ilə bayıra doğru itələyir. Bununla bərabər qırtlaq, yuxarıya doğru çıxan hava axınının bir qədər qarşını almaq üçün səs tellərini qismən bağlayır. Çevik səs telləri arasından hava keçən zaman anındaca səs telləri titrəməyə başlayır. Bu titrəyişlər, yuxarı səs sisteminə gedən hava axınını hava yığınlarına bölür. Bu hava yığınları boğazdakı havanı hərəkətə keçirir və səsi yaratmış olur. 
Səsin yaranmasında istifadə edilən orqanlar :
Qırtlaq – qırtlaq səsin yaranmasında və formalaşmasında böyük rol oynayır. Qırtlaq dil kökündən, nəfəs borusunun başlanğıcına qədər uzanır. Bu orqanın uzunluğu kişilərdə təxminən 44 mm., eni isə 43 mm. olduğu halda, qadınlarda  36 mm uzunluğunda və 41 mm. enində olur. Onu da qeyd edək ki, qırtlaq özü də 4 qığırdaqdan ibarətdir : krikoid qığırdaq ( digər qığırdaqlar məhz bunun üzərində yerləşir ), troid qığırdaq ( bu qığırdağın iki qanadı ön tərəfə doğru birləşir və bir çıxıntı əmələ gətirir. “Adəm alması” adlandırılan bu çıxıntı xüsusilə kişilərdə boynun üst qismində görünə bilir və yuxarıya doğru hərəkət edir ), aritenoidlər ( arxada, krikoid qığırdağın üst kənarında yerləşərək, onunla dönmə hərəkətini icra edə bilən bir oynaqla bağlantı halındadır. Bu üçbucaqlı piramida şəklində olan 2 qığırdaqdan yaranır )  və epiqlottis (qırlağın girişinin ön sərhədlərini yaradır ) . 
Səs telləri – səs telləri, səs yastığları, səs şüaları, səs lentləri və s. kimi fərqli şəkildə də adlandırılır. Aritenoidlər hərəkət edib fırlandıqları zaman, səs telləri də hərəkət edir və onlar özləri də buna kömək edirlər. Səs telləri arasında normal tənəffüs zamanı “V” şəklində bir açıqlıq vardır. Havanın giriş və çıxışını təmin edən bu açıqlığa “səs yarığı (glottis)” deyilir. Səsin yaranması üçün səs tellərinin səs yarığını bağlaya biləcək şəkildə yan-yana gəlib gərilməsi və ağciyərlərdən gələn havanın aradan keçə bilməsi üçün etdiyi təsirlə titrəməsi lazımdır. Danışıq zamanı istifadə etdiyimiz bəzi səslər, səs tellərinin titrəməsiylə yaranır. Bu cür səslərə “ötümlü səs”lər deyilir. “Ötümsüz səs”in yaranması zamanı isə səs yarığı sanki tərəfləri bir – birindən ayrılmış üçbucaq şəklində olur. Hava axını səs yarığı arasından, səs telləri titrəmədən, bir maneyəyə rast gəlmədən, səssizcə keçir. Qırtlağın əzələ quruluşu sonsuz deyilə biləcək qədər dəyişkəndir. Bu əzələlərin ən vacib vəzifəsi səs tellərinin dəyişik dərəcədə gərginliyini təmin etməkdir. Gərginlik çox olduğunda titrəyiş çox, gərginlik az olduğunda isə titrəyiş də bir o qədər az olur. Səs tellərinin gərginliyi, bir – birinə yaxınlıq, ya da uzaqlıq dərəcəsi, ağciyərlərdən gələn hava axınının gücünün və sürətinin dəyişməsi, insan səsinin şiddətini və pərdəsini yaratmış olur.
Səsi istiqamətləndirən faktorlar :
Səs, fərdi və kütləvi rabitənin yeganə olmayan lakin ən önəmli vasitəsidir. Duruşumuz, davranışlarımız, geyimlərimiz kimi bir çox faktor bizim şəxsiyyətimiz haqqında ətrafımızdakılara müəyyən bir məlumat ötürür. Lakin biz duyğu, düşüncə və arzularımızı ən qısa, təsirli və doğru biçimdə səsimizlə ifadə edirik. Təbii ki, bu bizim seçəcəyimiz sözlərdən asılıdır. Məhz bu səbəbdən biz səsimizdən nə qədər doğru istifadə etsək, onu daha təsirli və duyarlı bir hala sala bilsək, fikirlərimiz də bir o qədər təsirli, anlaşıqlı qəbul ediləcəkdir. 
Səs şəxsiyyətimizin güclü ifadəsidir. Bir çox şeyi maskalaya bildiyi kimi, səs həm də bir sıra şeyləri aşkara çıxara, ələ verə bilir. Nitqimizin sayəsində bizlər çevrəmiz tərəfindən hansısa mərtəbədə yerləşdirilirik. Çünki, biz başqaları üçün nə danışırıqsa, məhz oyuq : təhsilliyik, təhsilsizik, güclüyük, zəifik, şəhərliyik, kəndliyik, qərarlıyıq ya da tərəddüd içindəyik və s. kimi haqqımızda ani hökümlər verilir. Səs, sanki, bizim barmaq izimiz kimi bir şeydir. O, həyatımıza damğa vurur, bütün yaşamımız boyu bizi başqaları üçün tanınır hala gətirir. 
Səs eşitdiklərimizin, onları necə duyub, qarşıladığımızın və təcrübələrimizin nəticəsində necə istifadə edəcəyimizin qarışıq bərabərliyindən yaranır və aşağıda qeyd olunmuş 4 faktor nəticəsində yönləndirilir :
Çevrə - körpə, danışığı içində böyüdüyü ailədə, ya düşdüyü ortamda öyrənir. Nitq, ya ehtiyaclarımızı çatdıra bilmək, ya da çevrəmizdə duyduğumuz səslərdən necə təsirləndiyimizi göstərə bilməyimiz üçün yaranır. Körpə, danışığı bilinçsiz bir şəkildə, təqlidə söykənərək öyrənir. Uşaq, danışıq səslərini içində olduğu ortamın danışıq dilində öyrənir. Ayrıca, o ehtiyaclarını dilə gətirərkən fərqli, bu ehtiyaclar yerinə yetirilmədiyi zaman isə daha fərqli bir səs pərdəsindən istifadə edir. Bu vəziyyət,  sonradan onun öz səsindən necə istifadə edəcəyinə təsir göstərəcəkdir.
Qulaq (eşitmə forması) – burada “qulaq” ifadəsi ilə səsi duymaq və onu təhlil etmək forması nəzərdə tutulur. Bəzi insanlar, səsləri dəqiq eşidir, gözəl təhlil edə bilirlər. “Yaxşı qulaq”a sahib olmaq, səsdəki fərqli məqamları anındaca duymaq  deməkdir. Bu isə geniş səs spektrımızın fərqində olmaq və səsimizin bizim üçün nələr edə biləciyini göstərmək üçün bir avantajdır. 
Fiziki çeviklik – bu faktoru sadə bir misalla açmağa çalışaq. İnsanlarda əzələ ilə bağlı düşüncə və ondan istifadə tamamilə fərqlidir. Məsələn, içinəqapalı olan bir şəxs, adətən, danışmaqda çətinlik çəkir və çox zaman fikrini fiziki hərəkətdə olmadığı zaman deyə bilir. Müşahidə edilən bu vəziyyət də, öz növbəsində nitqlə bağlantısı olmayan əzələlərə təsir edir və onları yavaşladır. Halbuki, zehni fəaliyyətlə bədən dili bir – birini tamamlamağı bacarmalıdır. 
Şəxsiyyət – yuxarıda sadaladığımız 3 faktor sonda şəxsiyyətdə tamamlanır. Uşaqikən kimlərisə təqlid edərək başladığımız yol, sonradan bizim şəxsi səsimizin və nitqimizin formalaşmasına gətirib çıxarır. 
Səs ətrafında olan – bitənə son dərəcə həssasdır. Məsələn, şəhər və kənddə yaşayaların nitqi tamam fərqlidir. Şəhərdə danışıq daha sürətli və kəskin olduğu halda, kənddə daha yavaş və melodikdir. Yəni, daha lakonik desək, yaşam tərzi bizim danışıq tərzimizi yaradır. 
Bu gün müasir insan duyğu sıxlığı, ruh halının qarışıqlığı içindədir və bu səbəbdən də o, doğumuyla bərabər yaranan, var olan “təbii səs”nin məhsuldarlığından uzaqlaşmış vəziyyətdədir.

 


Görkəmli Şotland aktrisası, teatr rejissoru, pedaqoqu, eləcə də tanınmış vokal məşqçisi olan Kristin Linklaterə görə, “təbii səs şəffafdır – duyğu və düşüncələrin təsirini birbaşa və anındaca aşkara çıxarır. Eşidilən isə şəxsin özüdür, səs yox.”
Zehni və fiziki məhdudiyyətlər təbii səsi məhv edir ki, bu da özünü izah edə bilməyən, həbs edilmiş bir səsi yaratmış olur. Linklaterə görə, səsi sərbəst buraxmaq üçün insanı sərbəst buraxmaq lazımdır. “Təbii səs”i diqqətəçarpan dərəcədə əngəlləyən və pozan şey fiziki gərginlikdir. Bundan bir dəfə xilas oldunmu, artıq bütün duyğu və düşüncələri ötürə bilərsən. Səsin sərhədi isə şəxsin xəyal gücündən, qabiliyyətindən, ya da təcrübəsindən asılıdır. 
Aktyorlarda təbii səsin yaranması üç mərhələdə gerçəkləşir. “Təbii səs”in həyata keçirilməsinin birinci mərhələsi bədən şüurunu yaxşılaşdırmaq, gərginliyini aradan qaldırmaqdır. Bu zaman nəfəs və səsin, düşüncə və duyğunun birgəliyi mütləqdir. Sözügedən mərhələdə, səsin sərhədlərini açmaq üçün çalışmalar aparılır. 
Ardı var


Tərcümə edən: 
Sənubər Həşimova, teatrşünas

"Kaspi" qəzetinin "Teatr" əlavəsi


Oxunma sayı: 338

Yazar haqqında