Xəyalə Rəis - Yazdıq ki, izimiz qalsın...

  • 07 May - 2020

Bəzən hər şeyin başlanğıcı kiçik bir cəsarətdən doğur, eynən bizimki kimi. 9 il bundan öncə bir cəsarətdən yola çıxıb "Teatr" əlavəsi yaratmaq istədik. İstəyin qələbənin yarısı olduğunu ilk dəfə o zaman anladıq. Yəni, kiçik bir kollektivlə Azərbaycanın müasir teatr prosesinə güzgü ola bilmək iddiası bizim üçün hər nə qədər böyük görünsə də, bacaracağımıza inandıq. "Kaspi" qəzeti bizə bir qapı açdı. Artıq bizim də bir ünvanımız vardı. "Kaspi" qəzetində hər həftə "Teatr" səhifəmiz olacaqdı. Komandada məndən başqa hamının bu sahədə kifayət qədər təcrübəsi vardı. Bu əlavədə ən çox öyrənən, təcrübə toplayan elə bəndəniz oldu. Teatr əlavəsi məni böyütdü, "Kaspi" ailəsinin qonağına deyil, bir parçasına çevirdi. Bu əlavə məni teatr dünyası ilə tanış etdi. Yeni dostluqlar, əlaqələr, ünsiyyət qurmaq bacarığı, yazı yazmaq vərdişi... aşıladı. Mən onunla bərabər böyüdüm. Həftəlik yazılar, mövzular, müzakirələr.... 
Geriyə boylananda 9 il o qədər böyük rəqəm kimi görünməsə də, bu illərin hər biri xatirələlərlə doludur. İnsanın özü böyük bir kitabdır. Mən bədii ədəbiyyatdan, tamaşalardan daha çox insanı öyrəndim. "Teatr" əlavəmiz mənə öyrətdi ki, istək olduğu halda, dar çərçivə daxilində, məhdud imkanlarla da arzularına toxuna bilərsən. Biz bu gün fəxrlə "bacardıq" deyə bilirik. Çünki bizdən əvvəlkilər bunu ancaq xəyal edirdilər. Arzulayırdılar, ancaq reallaşdırmaq üçün o kiçik cəsarətin qanadından yapışmağa cəhd etməmişdilər. Kiçik bir ümid bizi uzun bir yola çıxardı. Bəzən müşahidəçi olduq, bəzən də prosesin tam mərkəzində dayanıb, yaşanan hadisələri qələmə aldıq.  Beynəlxalq teatr festivallarında iştirak edib, səfər təəssüratlarımızı qeyd etdik. Teatrlarımızın direktorlarından tutmuş, bu sənətə yeni gələn ən gənc sənətçilərinə qədər müsahibələr aldıq, araşdırmalar etdik, portretlər, tərcümələr, resenziyalar, esselər yazdıq. Bu gün fəxrlə deyə bilərəm ki, bu əlavədə yazısı olan hər bir teatrşünasın qələmi kifayət qədər tanınır. Onların da deməyə sözü var. 
"Teatr" əlavəsinin yaradıcısı Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent  Vidadi Qafarov təəssüratlarını belə ifadə edir: 
May ayı xalqımız üçün çox əlamətdar aydır. Bu ayda biz hər il 9 may - faşizm üzərində Qələbə gününü, 28 may – bizi azadlığa çıxaran Respublika gününü bayram edirik. Bu bayramlarla yanaşı, teatr cameəsinin də bu ayda özəl bir bayramı var. Artıq 9 ildir ki, 11 may tarixini “Kaspi” qəzetinin “Teatr” əlavəsinin ad günü kimi qeyd edirik. Üç əsrdən bəri yol gələn milli peşəkar teatrımızın inkişafına və təbliğinə xidmət edən “Teatr” əlavəsinin məhz, üç əsrdən bəri xalqımızın mədəni inkişafına xidmət edən “Kaspi” qəzetində işıq üzü görməsi, görünür, özü də bir rəmzi məna daşıyır. 
Bəli, ilk sayı 11 may 2011-ci il tarixində işıq üzü görən “Teatr” əlavəsi, artıq 9 yaşını qeyd edir. Və artıq 9 ildir ki, çağdaş milli mətbuatımızda teatra həsr olunmuş (təəssüf ki...) yeganə nəşr olaraq, hər həftə qəzet içində qəzet kimi oxucuların, tamaşaçıların görüşünə gəlir.
“Kaspi” qəzetinin “Teatr” əlavəsi haqqında danışmaq mənimüçün qürurvericidir. Çünki biz bu illər ərzində çox çətinlikərdən keçsək də, az iş görülmədi:
- “Teatr” əlavəsi işə yalnız peşəkar teatrşünasları cəlb etməklə, az qala, unudulmuş “teatrşünas” kəlməsini yenidən dövriyyəyə qaytardı;
- uzun illərdən bəri mətbuatda teatra qarşı hökm sürən qeyri-peşəkar münasibətə son qoydu;
- səhifələrində dərc etdiyi obyektiv təhlil yazıları ilə, xəbər, resenziya, müsahibə, portert, reportajlarla milli teatr prosesini əks etdirməyə, onun tarixini yazmağa, canlandırmağa və inkişaf etdirməyə çalışdı;
- heç vaxt yaşlı nəsli unutmadı, həmişə gənclərə dəstək oldu: bir çox gənclər ilk dəfə məhz “Teatr” əlavəsində geniş oxucu kütləsinə təqdim edildi.
- bu gün ölkədə yeganə teatr saytı olan “Teatro.az” portalının yaranmasında birbaşa rol oynadı;
- və bunları heç bir təmənna güdmədən, heç bir intriqaya getmədən, yalnız teatra olan sevgisi naminə etdi.
“Teatr” əlavəsi çağdaş teatr prosesinin canlanmasına xidmət etməklə yanaşı, özü də inkişaf etdi, yeni teatrşünaslar yetişdirdi, mətbuata yeni imzalar gətirdi. 9 il əvvəl yaradıcılığa yeni başlayan gənc teatrşünaslar: Elçin Cəfərov, Könül Əliyeva-Cəfərova, Aygün Süleymanova, Xəyalə Rəis, Nigar Pirimova bu gün kifayət qədər tanınan və hörmət edilən imzalardır. Çox sevindiricidir ki, onların davamçıları -  Dağlar Yusif, Emin Əliyev, Razimə İsmayılova, Əli Hacılı kimi gənc və istedadlı teatrşünaslar yetişməkdədir. Bu gün “Teatr” əlavəsinin redaktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov işinin öhdəsindən yüksək peşəkarlıqla gəlməkdə və uğurla ənənələri davam etdirməkdədir.
Sonda, sözsüz ki, “Kaspi” qəzeti redaksiyasının rəhbərliyindən tutmuş, sıravi əməkdaşına qədər, hamısına hər zaman göstərdikləri dəstəyə görə ayrıca minnətdarlıq düşür. Çox sağ olun dostlar, milli mədəniyyətimizin inkişafına göstərdiyiniz bu xidməti tarix unutmayacaq! 
Ad günün mübarək, “Teatr” əlavəsi, 100 yaşa!


Teatrşünas Könül Əliyeva-Cəfərova “Teatr” əlavəsini ovuc içi qədər xoşbəxtlik adlandırır: “10 milyonluq əhalisi olan məmləkətdə bir ovuc  sənət adamı var ki, həqiqi sənət eşqi, gerçək teatr sevgisiylə yaşayır, yaradır və yaşadır. “Kaspi” qəzetinin “Teatr” əlavəsində bu insanların gördüyü işi işıqlandırmaq, onların yaradıcılığına güzgü tutmaq, düşünürəm ki, ən azı, elə o insanların gördüyü iş qədər dəyərlidir, qiymətlidir, özü də dəyərlərin alt-üst olduğu, doğruyla yanlışın seçilmədiyi bir çağda. 
Gördüyümüz iş – 9 il çiyin-çiyinə apardığımız əqidə mübarizəsi (bunu deməyə tam haqqım çatır) qutludur, əziz məsləkdaşlarım! 
Bu 9 il ərzində sərt tənqid də yazdım, amansız qınaq dolu yazı da, bəzən gözəlim teatrı qamçıladım da, amma nə etdimsə, sevgiylə etdim, Vaqif müəllimin (İbrahimoğlu) öyrətdiyi bir amalı heç zaman unutmadım – TEATR mənimdir: yaxşısı da, pisi də... 
Bizi bir amal ətrafında birləşdirən Vidadi müəllim (Qafarov) də hər şıltaqlığımıza dözdü (ona ən çox əziyyət verən də Xəyalə ilə mən olmuşam – yəqin buna görə ən çox ikimizi sevir), doğru yoldan sapınmağa imkan vermədi, bəzən yazımın bir cümləsi üstündə qopartdığım həngaməni sülhlə yola verdi. 
Biz – “Teatr” əlavəsinin yazarları TEATRımıza sahib çıxdıq, ovuc içi qədər olsaq da, dünya boyda sevgi yaratdıq. Şairsə deyir ki, “ovuc içi qədər xoşbəxtlik yetər”. Yetərmi?”

Teatr əlavəsini yeni başlayanda ilk üzvlərimizdən olan Teatrşünas, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəfa Mühacirova öz təssüratlarını belə bölüşür: "Bu yolu gedən hər insan bilir ki, tələbəlikdən iş həyatına keçid zamanı yaşanan anlar, xatirələr heç vaxt unudulmur, hər şeyin başlanğıcı kimi daima xatırlanır. “Kaspi” qəzetinin "Teatr" əlavəsinin yaradılmasına çalışdığımız zamanlar da mənim üçün belə unudulmaz anlardandır. Toplantılarımızın, söhbətlərimizin, müzakirələrimizin belə peşəkar işlə nəticələnəcəyinin, kövrək tələbə addımlarının necə böyük uğura çeviriləcəyinin, bəlkə də, o zamanlar fərqində deyildik. Bu gün 9 il öncəyə baxarkən bunu daha yaxşı görə bilirik. İnanıram ki, "Teatr" əlavəsinin uğurları gündən günə artacaq, hələ bundan sonra uzun illər teatr ictimaiyyətinə qərəzsiz xidmət edəcək, neçə-neçə tələbənin iş həyatına keçidinin ilk unudulmaz mərhələsi olacaq. Yarandığı vaxtdan bu günə qədər bütün çətinliklərə baxmayaraq, "Teatr" əlavəsinin keşiyində dayanan müəllimlərimizin (başda Vidadi müəllim olmaqla), əməyi keçən məsləkdaşlarımızın hər birinə təşəkkürümü bildirirəm və bu gözəl gün münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Əməyinizə sağlıq, yolunuz açıq, oxucularınız bol olsun!".

AMEA-nın dissertantı Nigar Primova "Teatr" əlavəsinin Azərbaycan teatr tarixində müstəsna xidmətlərindən bəhs edərək, onun bir parçası olduğu üçün sevinc hissi yaşadığını bildirir: "Bu 9 il ərzində ilbəil irəliləyişlər olub, teatr aləmində baş verən maraqlı məlumatlar, tamaşalarla bağlı müxtəlif resenziyalar, önəmli şəxslər barədə portret yazıları, teatrlarımızın uğurları, qastrolları haqqında saysız məqalələr yazılıb. Bununla yanaşı, xarici teatr aləmində baş verən ən maraqlı hadisələrdən tərcümələr dərc olunub. Bu doqquz ildə biz komanda olmağı, ailə olmağı bacarmışıq. Bu gün əminliklə deyə bilərəm ki, bu əlavədə çıxan yazılarımız sayəsində teatra getməyən insanlar teatrlara doğru yol alıblar, maraq göstəriblər. Bir daha 9 yaşımızı təbrik edirəm və arzum budur ki, teatrlarımızda elə tamaşalar olsun ki, ürəkdolusu fəxrlə tərif də yazaq, yeri gəldikdə tənqid də edək. Yəni, qısacası, haqqında yazılmalı iş olsun və yazarlarımızın qələmləri heç zaman korşalmasın, həqiqi teatrı sevən, sənətə bağlı olan teatrşünaslar yetişib sıralarımıza daxil olsunlar.
ADMİU-nun Magistr tələbəsi Əli Hacılı da təbriklərə qoşulur: Bəzən elə anlar olur ki, səni anlayacaqları, sona qədər səbrlə dinləyəcəkləri yerə getmək istəyərsən. Qəlbində olanları demək üçün, xoş hadisələri, yaxud problemlərini bölüşmək üçün. Xəbər tutmaq, zamandan geri qalmamaq üçün. Bu danışdığım ortam, çox insanın nəzərində uzaq kimi görünən, amma hər zaman gözümüzün qabağında olan “Teatr” əlavəsidir. Çox böyük deyil, vur-tut 4 səhifə. Amma bu 9 il ərzində həftəlik teatr xəbərlərini, yazıları, resenziyaları, dünya teatrında baş verənləri, gərəkli bilgiləri özündə ehtiva edən 4 səhifə. Bu illər ərzində düzgün və qərəzsiz şəkildə, hadisələrə obyektiv baxaraq, öz böyüklüyünü göstərən “Teatr” əlavəsi. Azərbaycandakı cari teatr prosesini oradan rahatlıqla izləyə bilərik. Bizim üzərimizə düşən isə bu əlavənin böyüməyi üçün, onu yaşatmaq üçün əlimizdən gələni etməkdir. Təbriklər, teatr! Gör necə böyüksən ki, sənin xəbərini bizə çatdıranın ad gününü qeyd edirik. Təbriklər,  teatr, təbriklər “Teatr” əlavəsinin zəhmətkeşləri!

"Kaspi" qəzeti "Teatr" əlavəsi 


Oxunma sayı: 73

Yazar haqqında