Kuklaçının əbədiyyət səhnəsi

  • 23 Apr - 2020

Azərbaycan milli kukla teatrı sənətinin inkişafında müstəsna xidmətləri olan, kuklaçılığın səhnə sənəti, aktyor  məktəbinə çevrilməsinə özünəməxsus töhfələr verən daha bir qocaman aktyorumuzu itirdik.
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aparıcı aktyoru olmuş Respublikanın əməkdar artisti Mansur Mansurov aprelin 22-də uzun sürən xəstəlikdən sonra 75 yaşında vəfat edib.
Mansur Əbdül oğlu Mansurov 13 avqust 1944-cü ildə Bakı şəhərində doğulub. Orta təhsilini 190 saylı məktəbdə alan gələcəyin aktyoru V sinifdən aktyorluğa olan marağını büruzə verib. 26-lar Mədəniyyət sarayında Xalq artisti Lütfi Məmmədbəyovun rəhbərlik etdiyi xalq teatrına üzv olmaqla bu böyük sənət yolunda ilk addımlarını atıb.
Daha sonra o vaxtkı Bakı Mədəni Maarif Texnikumunun aktyor-rejissorluq fakültəsində təhsil alıb (1963-1966), paralel olaraq Zirə  kənd klubuna rəhbərlik edib. M. Mansurov sənət təhsilini təkmilləşdirməklə yanaşı  Bayıl və Tibb işçiləri mədəniyyət evlərinin xalq teatrlarında da çalışıb, həvəskar aktyorların teatra cəlbi və yetişməsində, o sənət ocaqlarının repertuarının zənginləşməsinə böyük əmək sərf edib.
1970-ci ildən ömrünü Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrın bağlayan aparıcı səhnə ustası teatrın repertuarındakı onlarla tamaşada maraqlı obrazlar yaradıb, balaca tamaşaçıların sevgisini qazana bilib.
Heç vaxt obrazlar arasında fərq qoymayan, istər canlı plan, istərsə də kukla oyunu texnikalarında özünün usta ifaçılıq imkanlarını sərgiləyən peşəkar kuklaçı yeni kuklaçı aktyorları yetişdirməyi, teatra gələn aktyorlara bu sənətin texniki tərəflərini öyrətməyi də bacarıb.
Repertuarın əsasını təşkil edən tamaşalarda özünün aktyor imkanlarını ustalıqla sərgiləyən aktyor tamaşaçıların yaddaşında  Əli Səmədlinin «Cubbulunun çərpələngi» tamaşasında Div, Abdulla Şaiqin «Tıq-tıq xanım» tamaşasında Siçan bəy, «Yaxşı arxa» tamaşasında Tülkü, Rəhman Əlizadənin «Dəcəl çəpişlər, belə-belə işlər» tamaşasında Cangüdən, «Bilqamıs əfsanəsi» tamaşasında İlan, Odlu, E.Quliyev və A.Əbilovun «Dədə Qorqud» tamaşasında Ağsaqqal, N.Zamanov və M.Məmmədovun «Səfərin nağılı» tamaşasında Rəmmal, N.Qarnetin «Ələddinin sehrli çırağı» tamaşasında Cin, S.Marşakın «Bu ev kimin evidir?» tamaşasında Kirpi, Ə.Vəliyevin «Madarın dastanı» tamaşasında Vəzir, F.Məmmədovun «Tələ quran özü düşər» tamaşasında Alabaş, Əli Səmədlinin «Artıq tamah baş yarar» tamaşasında Səməndər, H.Ziyanın «Əkiz qardaşlar» tamaşasında Cin, Kədi, T.Mütəllibovun «Meşə nağılı» tamaşasında Dələ, «Danışan qayalar» tamaşasında Şakir, Y.Oleşanın «Üç gombul» tamaşasında Tibul, Mirvarid Dilbazinin «Göyçək Fatma» tamaşasında Elçin, Xanımana Əlibəylinin «Cunquş» tamaşasında Vəli baba, Mirmehdi Seyidzadənin «Sehrli nar» tamaşasında Vüqar və Mərcan, Əyyub Abbasovun «Keçinin qisası» tamaşasında Qurd, V. Rabadanın «Zəncirlənmiş Pəri» tamaşasında Zalım, Anarın «Qaravəlli» tamaşasında Abbas Abbasov, Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun» tamaşasında Məşədi İbad, Rada Moskovanın «Hara qaçırsan, dayça?» tamaşasında Madyan, Şahmar Hüseynovun «Sehrli güzgü» tamaşasında Zalım, Mərkəz Quliyevin «Dovşanın məhkəməsi» tamaşasında Çaqqal, Mirmehdi Seyidzadənin «Cırtan» tamaşasında Div, Mişşi Yuxmanın «Həsir oğlan» tamaşasında Mısmırıq, Eldar Baxışın «Məlikməmməd» tamaşasında Məlikməmməd, Rəhman Rəhmanovun «Rəhmanın nağılı» tamaşasında Əzazil, Karlo Qostinin «Şahzadə Turandot» tamaşasında Briqela, Pantalone və s. rolları ilə qala bilib.
Mansur Mansurov güclü səhnə plastikasına, açıq səhnədə kuklalarla davranmaq məharətinə və səslə hərəkəti harmonik vəhdətdə təqdim etmək qabiliyyətinə görə Kukla teatrının ən öncül sənətkarlarından idi. O, milli kukla teatrı sənətinin poetik xüsusiyyətlərini, onun qərbin eyni səhnə sənətinin estetik prinsiplərini mənimsəmək və təcəssüm etdirmək mərhələlərinin əsaslarını öyrənib. Bunları cəsarət və müvafiq improvizələrlə öz oyunun ruhuna hopdura bilib.
Eyni rolu müxtəlif quruluşlarda oynayanda da yeni səhnə təfsiri üçün usanmadan yaradıcılıq axtarışları edib və nəticə etibarilə bir-birindən fərqli obrazlar  çələngi yaradıb.
Daha çox həlim xarakterli müsbət obrazlar ustası olan M. Mansurov xarakterindəki saflıq və səmimiyyəti təbii surətdə qəhrəmanlarının da xarakterinə köçürə bilib.

Teatrın istər sovet, istərsə də sonrakı illərdə xarici ölkələrə reallaşan yaddaqalan qastrol səfərlərində, uğurla qayıtdığı beynəlxalq festivallarında M. Mansurovun da əməyi var. O, 2012-ci ildə ölkə başçısının sərəncamı ilə Respublikanın əməkdar artist fəxri adına layiq görülüb. 
Ömrünün sonunadək bu teatrın səhnəsində çıxış edərək yetişən nəsillərin teatr, sənət zövqünün formalaşmasına xidmət edən Mansur Mansurovun xatirəsi sənət yoldaşları və onu sevən tamaşaçılarının qəlbində həmişəlik qalacaq.

Teatrın mətbuat xidməti


Oxunma sayı: 51

Yazar haqqında