Ülviyyə Heydərova - Rafiq Əliyevin səsi

  • 17 Apr - 2020

Epizod-epizod vurulduğum kişi 

Kulis.az Ülviyyə Heydərovanın yenicə dünyasını dəyişən Xalq artisti Rafiq Əliyev haqqında yazdığı “Rafiq Əliyevin səsi” yazısını təqdim edir.

Rafiq Əliyevin gur səsində şəfa, sevinc, təbəssüm vardı. O səsdə kədərə yer yox idi. Heç ola da bilməzdi. Səsi oynayırdı, amma o, qəsdən onu oynatmırdı, istədiyi səmtə yönəltmirdi. Özü kimi səsi də rahat idi. Ucadan danışsa da, göy kimi guruldasa da, qulaq batırmırdı.

Hə, bir də onun səsində məsuliyyət, etibar vardı. Hərdən fikirləşirdim ki, Rafiq müəllim aktyor, rejissor yox, həkim olsaydı, pasiyentləri onun ikicə kəlməsindən sonra sağalardı. Çünki o səsin dediklərinə inanmamaq mümkün deyildi. Rafiq müəllim səhnəni seçdi, istedadından boylanan səsiylə teatrımızı, kinomuzu sağaltmağa çalışdı.

İndi fərqinə varıram ki, çəkildiyi filmlərdə həvəslə yaratdığı epizodik rollar kimi mən də Rafiq müəllimi epizod-epizod sevmişəm. Əvvəlcə səsinin vurğunu olmuşam. Bir müddət keçib rollarını bəyənmişəm. Sonra həmin sevgiləri birləşdirib sənətkarın özünü sevmişəm. Üstündən uzun müddət keçəndən sonra «İbRus» teatrında ifasını görüb bir də vurulmuşam. Bütün bu ehtiramın, rəğbətin kökü yenə gedib səsə bağlanır.

Bir gün o səsi filmdə, tamaşada, tədbirdə yox, canlı dinlədim. İllərlə sevdiyim səslə salamlaşdım, hal-əhval tutdum.

2018-ci ilin isti yay günündə Rafiq müəllim özünün Facebook-dakı profilindən Teatr Xadimləri İttifaqının elanını paylaşdı. Teatra bağlı yaradıcı gənclər üçün dramaturgiya, rejissor və aktyor sənəti üzrə laboratoriyalar təşkil olunurdu. Dramaturgiya bölümündə ustad Ramiz Fətəliyevin dərs deyəcəyini görüb, elə həmin dəqiqə sənədlərimi hazırladım. Rafiq müəllimin e-mailinə göndərib səbirsizliklə sentyabr ayının gəlməsini gözlədim.

2018-ci ilin sentyabr ayında dərsimizə xeyir-dua verənlərdən biri də Rafiq Əliyev oldu. Elə həmin gündən etibarən pandemiya müharibəsinə qədər hər cümə günü Teatr Xadimləri İttifaqına ustad Ramiz Fətəliyevin dərsinə gedəndə Rafiq Əliyevi də görürdüm. Bir də görürdün qapını açıb salamlaşırdı. Adi salamı belə ürəyimizi açırdı. Ramiz müəllimlə zarafatlaşırdı. Səsi işıq saçırdı. Çox vaxt qapı bağlı olanda səsini dəhlizdən eşidirdik. Üzünü görməsək də, üzümüzə təbəssüm qonurdu.

Belə idi Rafiq Əliyev. İnsanları görməsə belə onlara sevinc bağışlamağı bacarırdı.

Tanrı da onu sevmək, sevilmək, bu sevgini doğmaları, yaxınları, dostları, tələbələri, saysız tamaşaçıları ilə bölüşmək üçün yaratmışdı. Onun səsi həm də alqış idi. Vida mərasimində bir qadın «Aktyor gedir, onu alqışlayın!» söylədi. Son mənzilinə də o, alqışla yola düşdü.

Yolunuz açıq olsun, əziz Rafiq müəllim!

Ruhuna ehtiramla,

Ülviyyə Heydərova


Oxunma sayı: 111

Yazar haqqında