Xalq artisti Rafiq Əliyev vəfat edib

  • 16 Apr - 2020

Ölüm xəbərini sənətkarın ailəsi bildirilib. O, uzun sürən xəstəlikdən sonra dünən gecə saatlarında 71 yaşında dünyasını dəyişib.
Aktyorla vida mərasimi evində olacaq.
Qeyd edək ki, Rafiq Əliyev 1949-cu il noyabrın 14-də Füzuli rayonunun Merdinli kəndində anadan olub. 1957-ci ildə Bakıdakı 58 nömrəli orta məktəbin birinci sinfinə gedib, 1968-ci ildə həmin məktəbi bitirdikdən sonra Leninqrad (indiki Sankt-Peterburq) şəhərində Mədəniyyət İnstitutunun Mədəni-Maarif fakültəsinin Rejissorluq bölməsinə daxil olub. 1971-ci ildə hərbi qulluğa çağırılıb və 3 il hərbi xidmət keçib.
1974-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili Komediya Aktyorluğu fakültəsinə qəbul olub. 1976-cı ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına işə dəvət olunub. 1994-cü ildən Gənc Tamaşaçılar Teatrında quruluşçu rejissor kimi fəaliyyət göstərib. O, 2004-cü ilin mayında Azərbaycan Teatr Xadimləri İttifaqının konfransında qurumun yaradıcılıq məsələləri üzrə sədr müavini vəzifəsinə seçilib.
Azərbaycan teatr sənəti qarşısında göstərdiyi xidmətlərə görə 1990-cı ildə Respublikanın Əməkdar artisti, 2007-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Allah rəhmət eləsin!


Oxunma sayı: 214

Yazar haqqında