Elçin Cəfərov - Teatrda PR işinin təşkili

  • 11 Apr - 2018

Bu yaxınlarda APA TV-nin “Səhər zəngi” proqramında qonaq qismində iştirak etdim. Maraqlı bir mövzu seçilmişdi: PR (piar). İki samitin ifadə etdiyi PR – olduqca mürəkkəb və maraqlı bir mövzudur. Nədən ki, bu fəaliyyət sahəsi ilə bağlı Azərbaycanda çox böyük boşluqlar mövcuddur. Ələlxüsus da, söhbət teatrda PR işinin təşkilindən gedirsə, çox sayda suallar və bu suallara fərqli cavab variantları ortaya çıxır. Verilişdə mövzu ilə bəzi fikirlərimi səsləndirdim. Amma Teatrda PR işinin təşkili ilə bağlı daha çox mətləblərə toxunmaq istərdim.

Bu gün İnformasiya Cəmiyyətinin yarandığı və formalaşdığı dönəmdə PR (piar) cəmiyyətin bütün sahələrində olduğu kimi mədəniyyət sferasında da böyük əhəmiyyət kəsb edir.

Əvvəlcə PR anlayışının mahiyyətini aydınlaşdırmağa çalışaq. PR (public relations) ingilis dilindən dilimizə tərcümədə ictimaiyyətlə əlaqələr, ictimai əlaqələr, ictimaiyyətlə münasibətlər anlamına gəlir. PR hər hansı obyektin (məhsulun, ideyanın, xidmətin, şəxsin, təşkilatın, firmanın, brendin) cəmiyyətdə müsbət obrazının yaradılması texnologiyasıdır. Geniş mənada PR ictimai rəyi idarə etmək, yönəltmək, müəssisə ilə cəmiyyət arasında qarşılıqlı əlaqələr qurmaqdır. İctimaiyyətlə əlaqələr üzrə mütəxəssislərin - relayterlərin - əsas funksiyası ictimaiyyətin – real və potensial istehlakçının nəzərində sifarişçinin – təşkilatın, onun nümayəndələlərinin, konkret şəxslərin, məhsulun və ideyanın müsbət obrazının yaradılmasından ibarətdir. PR işi, adətən, kütləvi informasiya vasitələrinə, pressaya, televiziya və radiolara müəssisənin maraqlarına uyğun informasiyaların verilməsi yolu ilə həyata keçirilir.

PR - reklam, təbliğat, jurnalistika, marketinq, korporativ kommunikasiya, menecment, aqitasiya anlayışlarını özündə ehtiva edir. Reklamdan fərqli olaraq PR birbaşa deyil, bilvasitədir. PR-ın xüsusi bir fəaliyyət sahəsi, eləcə də bir elm kimi formalaşması XX əsrin əvvəllərində ABŞ və Fransada baş vermişdir. XX əsrin 30-cu illərində ABŞ demokrat partiyasında PR üzrə məsləhtçi vəzifəsi yaranıb. 1945-65-ci illərdə isə ABŞ-da əsl PR bumu yaşanıb.

Bu gün PR-a müxtəlif yanaşmalar mövcudur. Ümumi, lakonik, riyakar və s. Şəxsən mənə görə, Sem Blekin 1990-cı ildə Moskvada çap olunmuş “Pr nədir?” kitabında verdiyi tərif daha dürüstdür: PR – həqiqətə və tam informasiyalaşdırmaya söykənən qarşılıqlı anlaşma vasitəsilə zahiri aləmlə, ətrafla harmoniyaya nail olmaq elmi və sənətidir. Diqqət etdinizsə, bu tərifdə “sənəti” ifadəsi işləndi. Həqiqətən də, PR işi yaradıcı işdir. Bu iş fərqli yanaşmaya, daima yeni həll üsullarının axtarışına söykənir. PR işində konkret mexanizm, qaydalar mövcud deyil. PR menecer üsul və vasitələri məhz situasiyaya və PR olunanın xarakterinə görə seçir.

PR özü-özlüyündə çox geniş bir mövzudur. Mən yalnız qısaca fikirləri konstatasiya etməyə çalışdım. İndi isə teatrda PR işi ilə bağlı fikirlərimi paylaşmaq istərdim. Teatrda PR işi spesifik sahədir və xüsusi mexanizmləri, tələb və şərtləri var. Düşünürəm ki, teatrda PR işini görmək üçün yalnız PR menecer olmaq kifayət deyil. Teatr sənətinin spesifikasını anlamadan bu işlə məşğul olmaq qeyri-mümkündür.

Məsələ burasındadır ki, Azərbaycanda teatr faəliyyəti ilə bağlı kifayət qədər boşluqlar mövcuddur və bu boşluqlar və ümumiyyətlə teatr sənətinin cəmiyyətdəki mövqeyi, mövcud problemləri teatrda PR işinə də təsirsiz qala bilməz. İş bu ki, 2007-ci ildə qəbul olunan “Teatr və teatr fəaliyyəti haqqında” Qanunda teatrda prodüserlik fəaliyyəti ilə bağlı bölmə olsa da, prodüserlik institutunun konkret işləmə mexanizmləri hələ də bəlli deyil. Maraqlıdır ki, teatrlarımızda İctimaiyyətlə əlaqələr – PR şöbəsi ümumiyyətlə mövcud deyil. Bu işi qismən yerinə yetirən və ya yerinə yetirməli olan ədəbi dram hissəsi bir struktur kimi artıq çoxdan köhnəlib və funksional deyil. Ümumiyyətlə teatrlarda ədəbi hissənin mahiyyəti və funksiyaları ayrıca bir yazının mövzusudur və bu mövzuya mütləq qayıdacağam. İndi isə...

Maraqlıdır ki, Azərbaycan teatrlarında ilk dəfə mətbuat katibi ştatı Akademik Milli Dram Tearında 2011-ci ildə ayrılıb və bu ştat üçün vəzifə maaşı demək olar ki, “səhnə maşinisti” vəzifəsini icra edən şəxslərin aldığı məvaciblə eynidir. Teatrların əksəriyyətində isə “mətbuat katibi” ştatı ya ümumiyyətlə yoxdur, ya da həmin işi teatrların ədəbi hissə müdirləri, yaxud digər ştatlarda “oturan” insanlar - icra edir.

Düşünürəm ki, teatrların hər birində İctimaiyyətlə Əlaqələr şöbəsi (yaxud PR departamenti, Marketinq qrupu və ya adını hər nə qoymaq istəsəniz...) yaradılmalı və bu şöbənin fəaliyyəti maksimum stimullaşdırılmalıdır. Bir şeyi dəqiqləşdirmək lazımdır: mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsi eyni şey deyil. Hərçənd ki, mətbuat xidməti də İctimaiyyətlə Əlaqələrin tərkibinə daxil olan işlərdəndir. Mətbuat katibinin İctimaiyyətlə Əlaqələr şöbəsinin, daha konkret desək bir nəfərin bütöv bir strukturun işini tam şəkildə və effektiv yerinə yetirə bilməsi fiziki olaraq mümkün deyil.

Teatrlarda PR işinin təşkili, bu gün Azərbaycanda PR-ın ən çətin sahələrindən hesab oluna bilər. Bunun da bir sıra obyektiv və subyektiv səbəbləri mövcuddur.Təbii ki, bir qəzet məqaləsinin həcmi çərçivəsində teatrda PR işinin təşkili ilə bağlı bütün məsələlərə toxunmaq qeyri-mümkündür. Heç elə bir iddiam da yoxdur.

Hörmətli oxucum! O səbəbdən rica edirəm ki, bu məqaləni teatrda PR işinin təşkili mövzusu ətrafında gəzişmələr və bu sahədə azdan-çoxdan təcrübəsi və bilgisi olan birinin mülahizələri kimi qəbul edəsən. Teatrda PR işinin təşkilindən danışarkən ilk növbədə, yaşadığımız dövrdə teatr sənətinin durumu və cəmiyyətə təsir gücü nəzərə alınmalıdır. Əlini vicdanına qoyub, bir sualıma cavab ver: bu gün teatr sənəti ilə cəmiyyət arasındakı bağlılıq nə qədər güclüdür, yaxud bu bağ ümumiyyətlə varmı? Elə biri sən özün. Teatr sənin üçün nədir? Nə qədər maraqlıdır? Amma acizanə şəkildə xahiş edirəm, teatr məbəddir, məktəbdir, ən yüksək sənətdir və s. bu kimi standart cavablarla qulağımı qabar eləmə. Teatr məbəd-zad deyil. Ən azı, ona görə ki, məbədə pulla bilet satmazlar. Sırf teatr binalarının erqonomik (memari) xüsusiyyətlərinə görə, məbəd sözünü və funksiyasını teatra pərçim etməyi qətiyyən düzgün qəbul etmirəm. Heç məbədin PR meneceri deyə bir vəzifə eşitmisiniz? Mən də eşitməmişəm.

Nə isə, məbəd söhbətini bir kənara qoyub da teatrda PR işinin ən böyük çətinliklərindən birinə diqqətini yönəltmək istəyirəm. Bir qədər sərt səslənsə də, bir faktı konstatasiya etmək istəyirəm: “Bu gün Azərbaycan teatrı Azərbaycan cəmiyyəti üçün o qədər də maraqlı deyil. Təbii ki, istisnalar var, amma istisnalar qaydaları pozmur...”.

- XX əsrin sonlarına qədər teatr cəmiyyət həyatının içində idi. Amma əsrin sonlarında ölkənin ictimai-siyasi həyatında baş verən hadisələr teatrı cəmiyyətdən uzaqlaşdırdı, küçədəki hadisələrin teatrdakılardan daha dramatik olduğu zamanda teatrın ötürdüyü mesajlar artıq cəmiyyət üçün öz aktuallığını itirdi.

- Sovetlər ittifaqı dağıldıqdan sonra ölkəmizdə bütün sahələrdə olduğu kimi, teatr sənətində də bir qarışıqlıq yarandı. Bu vaxta qədər sovet hakimiyyətinin əsas ideoloji maşınlarından biri kimi var olan teatr ideolojinin təsirindən qurtardıqdan sonra ideoloji yönünü itirdi. Yaranmaqda olan

– türkçülük, millətçilik, islam, müstəqillik, azadlıq, müstəqillik və s. kimi ideyalar vahid ideologiyaya çevrilə bilmədi.

- Daha çox xərcləmək üçün daha çox qazanmaq latent məntiqinə söykənən Kapitalizm düşüncəsinin hakim kəsildiyi zamanımızda hərə (çoxluq) bir buxanka çörək-bir dilim kolbasa dalınca qaçmaq qeydinə qaldığından teatr, kino, musiqi kimi ciddi sənətlər hayında qalan olmadı. Deyəcəksən ki, məgər əhalinin hamısını kasıblar təşkil edir ki? Axı, ölkəmizdə puluna-varına görə dünyanın handa bir iş adamları ilə ayaqlaşa biləcək biznesmenlərimiz var! Təcrübə göstərir ki, teatra müntəzəm şəkildə gələnlərin əksəriyyəti əhalinin maddi imkan baxımından aşağı və orta təbəqəsinin nümayəndələrdir. Əksəriyyəti qəfildən varlanan, fırıldaqçılıqla, alverlə külli-imkan sahibi olan makler təfəkkürlü insanlar üçünsə teatr sənəti, ümumiyyətlə, mənasız-məntiqsiz işdir, oyun çıxarmaqdır, mütrüflükdür.

XXI əsrdə ölkəmizdə hərbi, iqtisadi, siyasi sabitliyin bərqərar olması, Avropaya inteqrasiya prosesi teatrlara da özünüdərk və özünüifadə imkanı verdi. Artıq teatr sənəti cəmiyyətə bədii-estetik, intellektual, mənəvi təsir gücünü geri qaytarmağa çalışır. Amma bu, qanunvericilikdə, nəzəri araşdırmalarda, kapital qoyuluşunda, maliyyə məsələlərində yeni fəaliyyət mexanizmləri tələb edir.

Bu gün təkcə teatrın mətbuat xidməti yox, bütövlükdə cəmiyyətin hər bir üzvü teatr sənətinin təbliği ilə məşğul olmalıdır. Çünki o yerdə ki, teatrla cəmiyyət arasında təmas var, teatr da qazanır, cəmiyyət də, o yerdə ki bu təmas yoxdur, cəmiyyət də, ən azı, teatr qədər uduzmuş durumda olur.

Bu gün teatr sənətinin inkişafı, cəmiyyət həyatına güclü nüfuz edə biləcək səviyyəyə çatması üçün aşağıda sadalayacağım məsələlər mütləq öz həlini tapmalıdır:
1. Qanunvericilik bazası;
2. Teatr sənəti üçün kadr hazırlığı – konkret situasiyada PR üzrə mütəxəssislərin yetişdirilməsi;
3. Teatr sosiologiyasının öyrənilməsi;
4. Teatr sənətinin təbliği.
Növbəti məqalədə bəndlərdə sadalanan və sadalanmayan bir sıra məsələlərə toxunacağam, sağlıq olsun.


Oxunma sayı: 140

Yazar haqqında