Teatrda naturalizm effekti

  • 09 Apr - 2020

     Dramaturgiyanın əsas keyfiyyətləri və bədii strukturu barəsində danışmazdan əvvəl, biz onun əsas prinsipini, yəni "Teatr həyatın güzgüsü olmalıdır!" ifadəsini teatrın özünəməxsus konstitusiyası və yaxud da manifesti kimi qəbul etməliyik. 
       “Dram” hərəkət deməkdir, ancaq bu hərəkət pərakəndəlik və xaos içində deyil, hər hansı ideyanın özülünü təşkil edən bir “hərəkət” olmalıdır. Lakin biz dramın teatrda hansı dərəcədə ideyaya uyğunlaşdırılması və ideyaya bağlı olmalı olan dramın uğurunun sirləri barədə danışmalıyıq. Məsələ burasındadır ki, hər hansı dramaturq bu prinsipləri çox yaxşı qavramış və hətta dram yaradıcılığının zəncirvari quruluşunu ustalıqla mənimsəmiş olsa belə, naturalist yanaşma teatrın əsas potensialını ortaya çıxaran bir məqamdır. Haqqında danışdığımız mövzuda naturalist yanaşmanın teatr, ya da dramaturgiyada nə dərəcədə effektiv rol oynaması barədə konkret misallar göstərməyimiz daha səmərəli olardı. Görkəmli klassikimiz, demokratik realizmin nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" pyesi öz ideyasına və dramaturji strukturunun məharətlə qurulmasına görə Azərbaycan ədəbiyyatı və teatrı üçün mühüm əsərlərdən biridir. 
      Amma biz personajların hərəkət xəttinə, onların təbiətinə və psixoloji cəhətdən qiymətləndirilməsinə Emil Zolyanın nəzəriyyəsi çərçivəsində baxsaq, vəziyyət necə olardı? Bəllidir ki, Qustav Floberin "Madam Bovari" ilə təkan verdiyi naturalizm cərəyanının əsas konsepsiyasını Emil Zolya işləmiş və naturalizmin dramaturgiyada, həmçinin teatrda tətbiqinin elmi-fəlsəfi cəhətdən daha effektiv olmasını göstərmişdir. 
     Məhz naturalist yanaşma ilə Əbdürrəhim bəy Haqverdiyevin "Bəxtsiz cavan" pyesini analiz etdiyimiz zaman, Fərhadın inqilabi çıxışlarının səbəbi, yəni onu bu inqilaba səsləyən psixoloji qatlar bizə naməlum olaraq qalır. Düzdür, pyes haqq-ədalət uğrunda mübarizə və demokratik ideyalar ilə zəngindir. Lakin pyesə naturalist mövqedən baxdığımız zaman bəzi məsələlər bizi müxtəlif və aramsız suallar labirintinə salır. 
     Fərhad uşaqlıqdan əmisinin dəstəyi ilə böyümüş və atasının ölümündən, əmisinin onu övladlığa götürməsindən başqa heç bir mənəvi zərbə görməmiş bir gəncdir. Bəs belə olan halda necə ola bilərdi ki, Fərhad öz qohumlarından çox kasıb kəndlilərin dərdi ilə maraqlanır, hətta onlara görə öz qohumlarını ayaq altına atmağa belə hazırdır? Axı bir insanda inqilabi dəyişikliklərin baş verməsi üçün o, kifayət qədər çətin və mürəkkəb tale yolları keçməlidir. Əgər bu inqilab Şekspirin "Sezarın ölümü" adlı pyesində olduğu kimi, eyni təbəqə arasında olmuş olsa idi, ortaya qoyulmuş hipotez fərqli olardı. Pyesin əsas sual doğuran məqamları da elə buradan başlanır. Brutt və Sezarın əsas qayəsi demokratiya idi. Brutt, Sezarın imperator olmaq istəyəcəyindən qorxduğu üçün Sezarı azadlıq yolunda gedən qurban adlandırmışdı. “Bəxtsiz cavan” pyesində isə Fərhad uşaqlıqdan bəri Hacı Səməd Ağanın verdiyi tərbiyə ilə böyümüş, həmçinin ailədə mövcud olan hər bir sirrə də bələd idi. Necə olur ki, indiyədək bu ailədə yaşayan, əmisinin hörmətini saxlayan Fərhad, qısa müddət ərzində öz ailəsinə qarşı durub, kəndlilərin demokratik haqlarının müdafiəçisinə çevrilmiş bir inqilabçı ola bilir? 
     Məsələyə baxış bucağının məntiqli göstəricisi kimi biz "Bəxtsiz cavan" pyesini ədibin "Köhnə Dudman" pyesi ilə müqayisə etsək, burada Pərviz xan tərəfindən özü 150 qızıl qarşılığında nökər kimi Rəhim xana satılmış, həmçinin atası Allahqulu kişinin ipə çəkildiyi, bacısı isə zorla xana kəniz edilən Bədəli görürük. 
       Əlbəttə ki, bu cür zülmləri görən Bədəl, qisas eşqi ilə yaşayan bir inqilabçı olmalı idi. Burada naturalizmin pyes və ideya ilə nə qədər əlaqəli olduğu aydın görünməkdədir. 
       Naturalizmin teatr və dram yaradıcılığında nə qədər effektli və zəruri olduğunu gözlər önünə sərən digər əsər isə Səməd Vurğunun 1937-ci ildə yazdığı “Vaqif” dramıdır. Poetik keyfiyyətinə və ideyasına görə Azərbaycan dramaturgiyasında yer tutmuş “Vaqif” dramında naturalizm effekti, yəni başqa bir deyimlə teatrda həyatilik prinsipləri çox zəif formada işlənilmişdir. Buna misal olaraq “Vaqif” dramında mövcud olan Molla Pənah Vaqifin, hər kəsin adını eşidərkən belə ehtiyatlı danışdığı Ağa Məhəmməd Şah Qacar qarşısında olarkən sərt ifadələrlə ona cavab verməsi səhnəsini göstərmək kifayətdir. Necə ola bilərdi ki, şahın qarşısında əsir edilmiş biri Ağa Məhəmməd Şah Qacar ilə bu tərzdə danışa bilərdi ? Əgər bu mülayim bir şah olsaydı, bunu şahın mərhəmətli olması ilə əlaqələndirmək də olardı.  Başqa bir tərəfdən isə bunu, qanlı tiranın qarşısında duran və ölümdən qorxmayan Molla Pənah Vaqifin son sözləri kimi də qəbul etmək olardı... Bütün bunlarla yanaşı, Molla Pənah Vaqifin bu sözləri deməsi və bu çıxışın Tiflisi işğal edərkən körpə uşaqlaradək hər kəsi qılıncdan keçirilməsi əmrini verən, taxt uğrunda öz doğma qardaşını qətlə yetirən Ağa Məhəmməd Şah Qacar tərəfindən mülayim qarşılanması dramaturji əsərin reallığını və həyatilik prinsipini təmamilə məhv etmişdir. 
     Emil Zolyanın dramaturgiyada naturalizm konsepsiyasının zərurəti məhz teatrda naturalizmin göstəricisidir ki, dramaturji sujeti biz teatrda gördüyümüz zaman onu, həqiqətən də, həyatın güzgüsü kimi qiymətləndirə bilək. 
      Biz öz teatrımızı nə qədər yüksək qiymətləndirsək də, bir tənqidçi kimi onun qüsurlarını görməyi də bacarmalı, əlimizdəki qələmi isə bir cərrahın xəstəliyə üz tutmuş bir bədəni əməliyyat edərkən əlindəki neştəri hazır tutması kimi hazır tutmalıyıq.

Cavanşir Qasımov 
Tələbə-teatrşünas


Oxunma sayı: 105

Yazar haqqında