Azərbaycan Dövlət Yuğ Teatrı “Evdə qal, teatrsız qalma” kampaniyasına qoşulub

  • 05 Apr - 2020

Koronavirus (Covid-19) pandemiyasının Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədi ilə ölkə ərazisində sosial izolyasiya tədbirlərinin həyata keçirildiyi, kütləvi tədbirlərin, konsertlərin və tamaşaların ləğv edildiyi zamanda Azərbaycan Dövlət Yuğ Teatrı “Evdə qal” çağırışına qoşularaq, "Evdə qal, teatrsız qalma” adlı sosial kampaniyaya başlayıb. Teatrın sənətçiləri Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən həyata keçirilən tədbirlərə fəal şəkildə qoşulur və Nazirlər Kabinetinin qərarlarına və tövsiyələrinə ciddi riayət edirlər. 

YUĞ Dövlət Teatrının kollektivi pandemiyanın ölkəmizə mənfi təsirinin qarşısının alınması üçün görülən tədbirlərə qoşularaq, insanları özlərinin və doğmalarının təhlükəsizliyi naminə karantin qaydalarına əməl etməyə, vaxtı səmərəli keçirməyə, evdən çıxmadan teatrla maraqlanmağa, tamaşalara baxmağa çağırır. Minimal resurslar çərçivəsində mümkün olduğu qədər teatrın tamaşaları “evdəqalteatrsızqalma” həştağı ilə sosial şəbəkələrdə paylaşılır. Aprel ayı üçün virtual nümayişi nəzərdə tutulan tamaşaların repertuarı müəyyənləşdirilib. Həftədə 2 dəfə YUĞ Dövlət Teatrının facebook, və youtube sosial hesablarında tamaşaların vieoları paylaşılacaq. Həftədə bir dəfə isə arxiv tamaşaları, tamaşalardan parçalar və teatrın fəaliyyətinə həsr olunmuş televiziya verilişləri, süjetlər, reportajlar və videoçarxlar izləyicilərə təqdim olunacaq. 

 

 

 


Oxunma sayı: 169

Yazar haqqında