Aydın Talıbzadə - “TUBİNOT”

  • 03 Apr - 2020

dram-zarafat

 

İŞTİRAKÇILAR:

KİŞİ. 

SƏS-KUKLA.

Pərdəsiz səhnə. Köhnə geniş birotaqlı mənzil mətbəxlə birgə. Səliqəlidir. Hətta müasir dizayn dəblərindən istifadə edilə bilər. Gecə vaxtıdır. Klassik musiqi çalınır. Arxa planda orta mövqedə personaj bilgisayar masasında əyləşib üzü monitora. Masadan bir qədər arxada, aralı və yuxarıda iri, qara monitor yerləşdirilib. Mənzil süt kimi ağ işıqla işıqlandırılıb. Seyrçilər salona tam dolana və işıqlar sönənə qədər personaj yerində dinməzcə əyləşir. Elə ki, zalın işıqları sönür, personaj bilgisayarı da söndürür. Qalxır ayağa. Həmin andaca musiqi kəsilir. Gərnəşir. Bu, 50-55 yaşlarında bir kişidir. Ev geyimindədir. Kürəyi quruyub: elə hey bir əliylə quluncunu ovxalayır. Hiss olunur ki, dilxordur, heç cür özünə yer tapa bilmir. Əvvəlcə əl-qolunu yüngülcə oynadır, sonra boynunu o yan-bu yana çevirir. Kürəyindəki ağrıdan qurtulmaq istəyir. Keçib yerdə xalçanın üstündə, səhnənin tən ortasında oturur. Yoqa ilə məşğul olmağa çalışır. Əvvəlcə lotos pozası almağa cəhd edir. Heç nə çıxmır. Hər şey adicə bardaşqurma ilə nəticələnir. Sonra kəllə tərəfi seyrçilərə doğru üzüqoylu uzanır. Qarnı yerə toxunmaq, əllərini yerə dayamaq şərtilə yavaş-yavaş, çətinliklə başını yuxarı qaldırır. Buna yoqada ilan və ya kərtənkələ pozası deyilir. Görünür ki, kürəyində ağrı artır. Amma o, dözür. Gərginlik içindədir. Bir dəqiqəyədək beləcə dayanır. Birdən haradansa bir səs eşidilir. Kimsə çox aydın və səlis bir şəkildə soruşur.

SƏS. Təksən?

Kişi əvvəlcə heç nə anlamır, qulaqlarına inanmır. Təəccüb və azacıq ehtiyatla ora-bura baxır, ancaq pozadan çıxmır. Heç kimi görmür. Elə bilir qulağına səs gəlir. Amma önəm vermir. Pozada bir az da arxaya doğru dartınır. Sonra aramla başını aşağı salıb xalçanın üzərində üzüqoylu uzanır. Pauza. Səs yenidən eşidilir.

SƏS (əmincəsinə və azacıq təəssüflə). Təksən.

Kişi əlüstü dizləri üstündə oturur: təəccüblə o yan-bu yana boylanır. Ayağa qalxır, tələsik şkafı açıb baxır, sonra divanın böyürlərinə. Gedib mənzilin qapısını açıb dəhlizi yoxlayır. Bir kimsə gözünə dəymir. Geri qayıdır. Narahatdır. Görünür, qorxur ki, başına hava gələr. Sakitcənə ov pusan adamlar kimi yerindəcə dayanıb durur, sanki qulaqlarını şəkləyib səsin haradan gəldiyini duymaq istəyir. Səs yenidən daha aydın və hamının eşidəcəyi bir tərzdə təkrarlanır.

SƏS (faktı bəyan edən bir hökmlə). Sən təksən.

KİŞİ (bir təşviş içində və müəyyən toxtaqlıq tapmaq niyyətilə, aramla). Əuzu-billəhi-min-əş-şeytanir-racim. 

Narahat, şübhəli və çaşqın şəkildə soyuducuya tərəf gedib oradan alkoqolsuz içki çıxardır. Mətbəx dolabından bir bokal götürüb özünə sərinləşdirici içki süzür. Elə bokalı dodaqlarına aparmaq istəyəndə səs bir də eşidilir.

SƏS. Səndən söz soruşanda niyə cavab vermirsən?

KİŞİ (bokal əlində quruyub qalır; hərçənd bayaqkından daha gümrah və sevincəkdir). Aha (seyrçilərə müraciətlə), Siz də eşitdiz. Kimsə danışır. Deməli, mən dəli olmuram (daha inamla ətrafına göz gəzdirir, sanki səsin haradan gəldiyini təyin etməyə çalışır).Yəqin kimsə mənimlə zarafatlaşır. (qayğılı) Hə, hə, oyun oynayır. Amma kim? (məyus və peşman) Heç elə bir adam varmı ki, mənimlə zarafat eləsin? Ya da mənimlə zarafat eləmək ona xoş olsun? Kimin nəyinə qalıbdı mənimlə zarafat eləmək? Eləyib nə olasıdı ki? (bir neçə qurtum içir, zarafat eləyən adamlara lağla) Ha... ha... ha... Zarafatlaşdıq. Hə, nə olsun? Zarafatın axırı yoxdur. Zarafat axmaq adamların vaxt öldürmək şakəridir. Mən zarafat eləmirəm, eləməmişəm də. Uşaqlıqdan zarafatı xoşlamamışam. Amma mən fikir vermişəm, kim zarafat eləyir, onun dostu çox olur. Mənsə, hələ dost olan şey nədir, bilməmişəm. Hərçənd kimə lazımam mən! Lazımlı adamlar bir-birini tapıb dostlaşır. Lazımlı adamlar isə həmişə yuxarıda oturur, vəzifədə oturur. Mən lazımsızadamam. O adamam ki, ondan salamı almağa da ərinirlər. (pauza götürür, fikirləşir) Bəlkə də keçmişimdən kimsə peyda olub? Bəlkə kimsə məni dolamaq istəyir? Dolamaq istəyir? Məgər zarafatlaşmaq elə dolamaq demək deyil? Bütün zarafatlarda kimsə kimisə dolayır: səhərdən axşamacan dolayır. Ancaq adını zarafat qoyub dalaşmaqdan qaçır. Adam dolamağın yüngül forması zarafatdır. Zarafat üstündə heç kəs heç kəsi öldürmür. Hərçənd... (bir az düşünür) zarafatda potensial ölüm təhlükəsi gizlənir. Bakıda zarafat-zarafat o qədər adam bir-birini bıçaqlayıb ki...

SƏS. Səndən söz soruşanda cavab ver! 

KİŞİ (bu dəfə səsin haradan gəldiyini dəqiqləşdirməyə cəhd edir, ətrafa çaşqın-çaşqın baxır və hədələyici bir təzdə). Qabağında uşaq-zad dayanmayıb ha... Mənim heç kəsə borcum yoxdur. (bokalı masanın üstünə qoyur; səsini ucaldaraq) Mənim borcum deyil ki sənə cavab verim. (bir qədər yavaş) Əcəb işə düşdük də (xofludur). Bəlkə polisə zəng eləyim? (keçir telefonun yanına, divanda əyləşir, nömrəni yığır, ancaq dəstəyi təzədən yerinə qoyur)Zəng eləyib nə deyəcəyəm? Deyəcəyəm ki, səs eşidirəm? Onlar da deyəcək ki, bizlik (xüsusi vurğu ilə)deyil, get özüvi həkimə göstər. Bircə bu əskikdi... (boyun əzələlərini oynadır)Qulunc da məni lap əldən salıb (sol əlini çiyni tərəfdən uzadıb quluncunu barmaqları ilə ovuşdurur) Bəlkəmən, həqiqətən, səs eşidirəm? Olmur bəyəm: o qədər adam bundan dəli olur ki... 

SƏS. Söz soruşanda bütün adamlar cavab verməyə borcludurlar!

KİŞİ (divandan qalxır, mətbəx şkafına yaxınlaşır və siyirmədən bıçağı götürüb səhnə önünə gəlir). Ya rəbb, (iki əlini də yuxarı qaldırır: bir əlində bıçaq parıldayır) sən özün köməyim ol. Məni eşidirsən?

SƏS. Hə, eşidirəm.

KİŞİ (qəfildən çaşır, lap vahimələnir: öz-özünə). Birdən bu Allahın səsi olar ha...

SƏS (sataşır). Burnunun altında nə mızıldanırsan orda.

KİŞİ (bir az yumşaqcasına). Heç... fikirləşirəm ki, bu səs hardan gələ bilər.

SƏS (zarafata başlayır). Göydən.

KİŞİ (bıçağı gizlətməyə çalışır)Necə yəni göydən?

SƏS. Yəni yuxarıdan.

KİŞİ (fağırlaşır). Sən Allahsan?

SƏS. Ağzın əyilər, elə demə. Sən peyğəmbər olsaydın, mən də Allah olardım. Allah adi adamlarla danışmır axı. Vasitəçilər göndərir.

KİŞİ. Deməli, mələksən, hə?..

SƏS. Yo...o...x.... 

KİŞİ. Yox??? Onda tez elə, çıx bayıra (bıçağı daha gizlətmir, əksinə, bilərəkdən nümayiş etdirir və hədə ilə),çıx bayıra, görüm, sən kimsən?

SƏS (lağa qoyurmuş kimi). Bayıra çıxmağım yoxdu axı. (tam ciddi)Sən evdə, mən evdə. Bayırda nə işimiz var?  Gəl, elə burda danışaq.

KİŞİ .(əsəbi halda)Çənə döymə (əlindəki bıçağı silkələyir), zibilin biri zibil, de görüm, sən kimsən? Bəlkə sən oğrusan? 

SƏS. Mən oğru olsaydım, sən indi çoxdan... meyit olmuşdun. Bir də sənin nəyin var ki, oğru durub onunçün bir oğurluğa da gələ? Sən ki lütün birisisən, ay yazıq.

KİŞİ (əlindəki bıçağı möhkəm sıxaraq).Bura bax, çox uzatma, de görüm, sən kimsən?

SƏS. Mən sənəm.

KİŞİ (şaşırır).  Nə? Boş-boş danışma, heç sənəm də kişi səsi verər?

SƏS. Mən demədim ki, sənəməm?

KİŞİ. O nə deməkdi (ağzını əyir)sə-nəm-əm? Heç görmüsən, biz azərbaycanlılarda kişi desin ki, mən (hecanı uzadır) sə-nəm-əm? Necə yəni sə..nəm...əm. Yaxşı danışmırsan. Məhəllədə-zadda belə şeylər deyərsən, bağırsaqlarını tökərlər yerə.

SƏS (şən və qıvraq).Mənim bağırsaqlarım yoxdu.

KİŞİ. Bəs sən necə azərbaycanlısan ki, bağırsaqların yoxdu?

SƏS. Yoxdu da. Əvvəldən heç olmayıb.

KİŞİ (duruxur). Yəni sən adam da deyilsən?

SƏS. Adamam, amma bir başqa cür adamam.

KİŞİ. Bəlkə sən ruhsan, cinsən, Ələddinin çırağından çıxmısan, gəlmisən mənim arzularımı yerinə yetirməyə?

SƏS. Yooox.

KİŞİ (bezir). Əh, onda ox. Bağırsaqları olmayan adam robot olur, robot, qər..de...şim (bu ifadəni vurğu ilə deyib bıçağına baxır) Bağırsaqlarından qorxmursansa, dur, gəl, bura.

SƏS. Mən gələ bilmərəm, düşə bilərəm.

KİŞİ (biraz aqressiv və məzəli).Nə olar düş də, düş, gəl bura.

SƏS. Hələ istəmirəm. Bir də sən acıqlısan. Qorxuram mənə xətər yetirərsən.

KİŞİ. Bəs deyirsən bağırsaqların yoxdu?

SƏS. Düzdür də, yoxdu, amma ürəyim Allahın əlindədir.

KİŞİ. Bu oldu adamla qoz-qoz oynamaq.

SƏS. Adam tək qalanda qoz-qoz da oynayar, lap o yana da keçər.

KİŞİ. Bəlkə səni bir göndərən var?

SƏS. Kim susamışdı ki səninçün?

KİŞİ. Mən niyə səninlə danışmalıyam?

SƏS. Başqası var bəyəm?

KİŞİ (qəti). Ya sən indicə düşürsən bura, ya da mən çıxıb gedirəm.

SƏS. Hara?

KİŞİ. Şəhərə.

SƏS. Bu vaxt?

KİŞİ. Vaxta nə gəlib ki?

SƏS. Heç... gecə saat üçdür.

KİŞİ - Nə olsun: bulvar səhərəcən zül-zül eləyir. Ode düzəldiblər at boyda... iyirmi beş kilometr... Bir-iki dəfə ora-bura var-gəl eləsəm səhər açılacaq.

SƏS. Sən heç hara getməyəcəksən.

KİŞİ. Niyə?

SƏS. Çünki sən qorxağın yekəsisən.

KİŞİ. Dəxlisiz danışırsan, bro. Qorxaqlığın bura nə aidiyyəti var? Mən kimdən qorxacağam bulvarda?

SƏS. Hamıdan.

KİŞİ. Sən xəstəsən.

SƏS. Mən xəstələnmirəm, heç bir virus mənim üçün qorxulu deyil. Amma sən patoloji qorxaqsan.

KİŞİ. Bu nə deməkdir e, mən heç nə anlamıram. Sən (əsəbi) mənim qorxaqlığımı nədə görmüsən?

SƏS. Sənin qorxaq olduğunu sübut eləməyə nə var ki?

KİŞİ. Sən bunu necə sübut eləyəcəksən?

SƏS. Çox asan. De görüm, sən borc alırsan?

KİŞİ. Yox.

SƏS. Borc verirsən?

KİŞİ. Yox.

SƏS. Bilirsən nə üçün yox?

KİŞİ. Hə, nə üçün?

SƏS - Ona görə ki, qorxursan: qorxursan pul almağa ki, qaytara bilməzsən, borc yiyəsi də səni təhqir edər, döydürər, məhkəməyə verər, türməyə salar. Borc verməyə də qorxursan: qorxursan ki, səni aldadarlar, pulu qaytarmazlar, başqa sözlə, sənə atarlar, sənin əfəl olduğunu sənə göstərərlər. Sən öz əfəlliyindən qorxursan. Qorxursan ki, sənin əfəlliyini, yazıqlığını hamı görər. Sən əfəlliyinə görə nə borc verirsən, nə də borc alırsan. Hər iki vəziyyət sənin əfəlliyinin sübutudur.

KİŞİ (rahat və arxayın).Məgər borc götürməmək, borca düşməmək, borc verməmək pis işdir? Mən həyatda həmişə özümü sığortalayıram.

SƏS. Hansı sığorta şirkətində?

KİŞİ. Mən o sığortanı demirəm: mən özüm-özümü sığortalayıram ki, artıq bir iş çıxmasın mənimçün, başımı cəncələ salmayım. Ona görə də nə borc alıram, nə də borc verirəm. Atam deyərdi ki, yavan çörək ye, amma borc götürmə.

SƏS. Sən zarafat eləməyi də yəqin bacarmırsan.

KİŞİ. Bəs bunu hardan bildin ki, mən zarafatı xoşlamıram?

SƏS. Ondan bildim ki, sənin borcla aran yoxdur. Halbuki insan öz həyatını borca götürüb yaşayır: bir gün bu borcu qaytarmalıdır. Borc isə həmişə başdan-ayağa zarafatdır, heç kəs bilmir, axırı nə ilə qurtaracaq. Zarafatı xoşlamayanlar nə borc verirlər, nə borc alırlar. Borc sözünü eşidəndə də əsəbiləşirlər.

KİŞİ. Haqlısan. Ancaq bulvara getməyimə bu, mane ola bilməz. Bulvara nə borc almağa gedirəm, nə zarafatlaşmağa.

SƏS. Sən heç hara getməyəcəksən. Özün bunu məndən yaxşı bilirsən. Bilirsən ki, üzün tüklüdür, yaşın əllini keçib, əynində də bir elə abırlı geyimin yox. Azərbaycanda polis geyimə baxıb adamla danışır, geyimə baxıb adamla davranır. Polis bulvarda səni bu qiyafədə, bu sifətdə, bu saqqalnan görən kimi əlüstü şübhələnəcək: ya səni kriminal element hesab eləyəcəklər; ya səni alkaş biləcəklər; ya da o söz... 

KİŞİ. Nə o söz?

SƏS. O söz də.

KİŞİ (narahatcasına). Nə söz?

SƏS. Yəni mavi, yəni SPİD, yəni koronavirus... Tutub (xısın-xısın gülümsəyir) səni... basacaqlar. Ya ev, ya türmə... Qorxaqlar tənhalığı seçib evdə qalırlar.

KİŞİ (bıçağı əlində oynadır). Əh, gic-gic danışma. Allah da tənhadır, bəyəm biz ona qorxaq deyirik?

SƏS. Deməyə gücünüz çatmır. Çünki qorxursunuz. Onun özü də adamlar arasına düşməkdən qorxur. Milyonlarla suala cavab verə bilməyəcəyindən qorxur. nahaqdan o qədər insanları incidib ki... İndi sən də gözəl bilirsən ki, heç vaxt gecə saat 3-də bulvara getməyəcəksən. Ona görə ki tənha və qorxaqsan. mənasını oxuya bilmədiyin hər baxışdan təşvişə düşürsən, hürkürsən: qorxursan ki, birdən kimsə səni elə anlamaz. İndi nə deyirsən, söylədiklərimə rəğmən, bulvara gedirsən ya yox?

KİŞİ (daha əvvəlki kimi inamlı danışmır). Bulvara getmərəm, qohumlarımgilə gedərəm. 

SƏS. Niyə yalan danışırsan? Sən sonuncu dəfə hansı qohumunu görmüsən, nə vaxt görmüsən?

KİŞİ (lap dilxor vəziyyətdə). Dünən.

SƏS. Yenə yalan dedin. Dünən də, srağagün də, bir həftə bundan öncə də sən bu mənzildən bir addım belə kənara qoymamısan. 

KİŞİ (bir qədər təəccüblə). Sən hardan bildin ki, mən neçə vaxtdır evdən bayıra çıxmıram?

SƏS. Sənə demirəm ki, mən sənəm?

KİŞİ. Yaxşı, əgər sən mənsənsə, onda mənə niyə sən deyirsən? 

SƏS. Axı, hər necə olsa mən səndən kənardayam. Biz bir adam olsaq da, ikiləşmişik. Sən də varsan, mən də: sadəcə, başqa-başqa formalarda. Sən aşağıdasan, mən – yuxarıda.

KİŞİ (bic-bic və bərkdən). Birdən təhlükəsizlik komitəsindən olarsan ha?

SƏS. Təhlükəsizlik komitəsi səninlə nəyə görə maraqlanmalıdır? Sən nə eləyə bilərsən ki? Təxribatçı deyilsən, casus deyilsən, vəzifən yoxdur, rüşvət də almırsan. (yumşaqcasına)Bircə yalan danışırsan.

KİŞİ (səhvini düzəldirmiş kimi). Hərdən... Bayaq sən məni yalan danışmaqda ittiham elədin. Amma mən sənə doğrusunu demişdim. Dünən mən həqiqətən xalamoğlunu görmüşdüm, ancaq yuxuda. (kənara və dodaqaltı) Xeyirliyə gəlməz, əclaf: nə pis üzü varmış. (üzünü yuxarı tutaraq)Bəs nə əcəb sən bunu bilmirsən?

SƏS. Mən yuxulamıram və başqalarının yuxularına girə bilmirəm. Mən yalnız ölürəm və dirilirəm. (Pauza uzanır. Kişi gedib bokaldakı içkini qurtum-qurtum sümürür. Kitab rəfindən qeyri-ixtiyari bir jurnal götürür. Keçib divanda əyləşir, jurnalı vərəqləyir).Alo, sən nə fikirləşirsən? (Yenə pauza)Alo... alo... (bərkdən) alo, səninləyəm e! (yenə pauza) Alo, səninləyəm, nə var, nə yox?

KİŞİ (qəfil). Yox var, var yox. (küskün və acıqlı) Əl çək. Mən səndən xilas olmaq yollarını axtarıram. Ağlıma bir ideya gəlib. Təcili yardıma zəng eləyib deyəcəyəm ki, mənim mənzilimdə damdabaca peyda olub, ya da hansısa bir ruh özünə məskən salıb.

SƏS. Elə bilirsən, gecənin bir aləmi kimsə sənə inanar? Gəlib sənin özünü dəlixanaya aparacaqlar, bir dənə də iynə vuracaqlar ki, sakitləşəsən.

KİŞİ. Düz deyirsən, təcili yardıma zənglə bu məsələ aşmaz... orada onsuz da personalın yarısı yuxusuz qalmaqdan mənim kimi ipləmə olub. Onları qandıranacan mən özüm dəli olaram... sabaha qədər gözləyək, mən bir çarə bularam. (fikirləşir)Bizim bir telekanalda hər həftə ekstrasenslərin yarışını göstərirlər: mən bir neçə dəfə görmüşəm, onlar ruhlarla əlaqə saxlayırlar, oğrunu, əyrini, qatili həməncə tapırlar. Sabah həmin o telekanala zəng vurucağam, xahiş eləcəyəm, onları bizə də göndərsinlər. Qoy, gəlib tapsınlar ki, sən kimsən və bu nə oyundur sən mənim başıma açırsan.

SƏS. Mən səninlə zarafat eləyirəm.

KİŞİ. İstəmirəm sənin zarafatını. Heç-zad istəmirəm, məni rahat burax! Qurtardıq, mən daha səninlə heç nə danışmayacağam. Qal yerində, səhər bir əncam çəkərik, ya da özün çıxıb gedərsən.

SƏS. Bəs sən bu uzun gecəni nə eləyəcəksən?

KİŞİ. Mən indi acımışam, çörək yeyəcəyəm. Aclığın var, gəl, yanıma.

SƏS. Nuş olsun.

Araya sakitlik çökür. Kişi dolabdan çörəyi götürüb əlindəki bıçaqla doğrayır. Soyuducudan xiyar, pomidor, paştet götürüb masanın üzərinə düzür. Özünü çox rahat aparmağa çalışır, guya ki otaqda ondan savayı bir kimsə yoxdur. Xiyarla pomidoru doğrayıb nimçəyə yığır. Mızıltı ilə zümzümə edir. Guya “damdabaca”nı heç vecinə almır. Dolabdan balaca qədəh götürür. Bir də soyuducunu açır, qədəhinə araq süzüb qoyur masanın üstünə. Bu zaman yuxarıdan səhnəyə iri bir ipli kukla endirilir. Kukla öz ölçülərinə görə çox böyükdür və gülməlidir. Səhnəyə düşən kukla yavaşca gedib divanda əyləşir. Kişi stulu çəkib oturur. Onun hələ heç nədən xəbəri yoxdur. Çörəyinə paştet yaxır. Doğradığı pomidordan bir dilim götürüb paştetin üstünə qoyur. Qədəhi başına çəkir. Üz-gözünü turşudur. Çörəkdən dişləyib iştahla yeməyə başlayır.

KİŞİ (birdən çeynəməyi saxlayır, qulaq kəsilir və qəfil sevincək). Aha, deyəsən izhal olub getdi. (başını yuxarı qaldırıb baxır: sonra astadan) Ey, damdabaca, burdasan? (bir rahatlıqla)Hay vermir. Canım qurtardı. (məzələnməyə başlayır) Bu ekstrasenslər igid adamdırlar: ruhlarla danışırlar: tanımırlar, bilmirlər, görmürlər, ancaq danışırlar. Elə danışırlar ki, biz eşitmirik. Adam havalana bilər. Heç mən inanmıram ki, ekstrasenslər normal adamlardır... (bir də məzələnərək)Dam-da-baca...a... Ölüb-eləyərsən ha... Yooox, yoxdu... (hövlnak) Bəlkə mən özüm sayıqlayıram (əlini alnına qoyub hərarətini yoxlayır).Bəlkə (daha həyəcanlı) ağlımı itirmişəm, bəlkə doğrudan dəli olmuşam? Vay, indi bu, necə olacaq? Bəlkə məni qara basır.

SƏS (qəfil).Qorxma, sən sayıqlamırsan. Tənhalığın axırı zatən hər yerdə eyni cür qurtarır: səni ambulansa dürtüb psixiatrik klinikaya aparırlar.

KİŞİ (anındaca çevrilib divana baxır və kuklanı görən kimi dəlicəsinə ayağa durur, yenidən bıçağı əlinə götürür, arxaya çəkilib dolaba yapışır. Kuklaya baxa-baxa, farağat dayanmış bir şəkildə) Allahu əkbər! Allahu əkbər! Allahu əkbər!

KUKLA (ayağını ayağının üstünə aşıraraq). Bax, mən sənə heç nə eləyə bilmərəm. Görürsən ki, mən  kuklayam, amma sən qorxursan. Çünki vərdiş eləmisən.

KİŞİ (dili topuq çala-çala). Mən nə günahın sahibiyəm, ya rəbbim? Bu nə işdir mənim başıma gəlir? Bəlkə mən ölmüşəm (özünü sillələyir. Dik kuklaya tərəf baxaraq, kənara) Yox, oturub. Sən xortdansan, əcinnəsən, inkir-minkirsən?

KUKLA. Bunu bayaq soruşdun da. Korsan məgər? Sən heç kukla görməmisən ömründə?

KİŞİ. Sənin boydasını (başını tərpədir)...yooox...

KUKLA. İndi yaxın gəl mənə, hə, gəl, qorxma, yaxın gəl, gəl əlini mənə toxundur, əyləş yanımda.

KİŞİ. Birdən məni aldadarsan ha: bıçaqdan, tapançadan heç nəyin yoxdu ki? (təşəbbüsə yiyələndiyinə əmin olub  hücuma keçir)Qaldır əllərini!

KUKLA (əllərini qaldırır). Arxayın oldun? Gördün ki, qorxaq adamsan, kukladan da eymənirsən. Yaponiyada tənha kişilər kukla-qadınlarla evlənirlər...

KİŞİ (təəccüblə). Doğrudan, aldatmırsan ki?

KUKLA. İnformasiya yüzdə yüz doğrudur.

KİŞİ. Amma mən səninlə evlənə bilmərəm.

KUKLA. Zəhmət çəkmə, bu mümkün olan iş deyil. Mən kukla-kişiyəm.

KİŞİ. (bir az ruhlanaraq). Deməli, sən kişisən (düşünür), yəni kişi kimi kuklasan. (birdən gözü kuklanın ayaqlarına sataşır) Sənin ayaqların da iplə bağlıdır, hə? (əminlik əldə etmək niyyətilə) İpi dartmasalar, yeriyə bilməzsən, hə? (birdən çıxır özündən, aktivləşir) Bəs bayaqdan onda bu nə oyundu gətirirsən mənim başıma (istəyir yaxınlaşsın kuklaya, amma qərar qəbul eləyə bilmir)

KUKLA. Lap ağciyər adamsan. Dedim sənə axı, yaxınlaş və mənə toxun.

KİŞİ. (həvəslənir, qaça-qaça gəlib kuklaya toxunur). Bu, doğrudan da, taxta imiş ki... ay da... (oturur kuklanın yanında: əlini sürtür kuklanın qollarına, ayaqlarına, kəlləsinə) Hər yeri taxtadandı. (Sevinir ki, dəli olmayıb; yanındakı damdabaca yox, adi kukladır. Öz-özünə)Sən işə bax da: (kuklaya bir qədər də yaxın əyləşir, qolunu kuklanın boynuna salıb onu qucaqlayır)kukla (təəccüblə), amma adam kimi dil bilir, düşünür, cavab verir.

KUKLA. Elə təəccüblənirsən ki, guya uşaqlıqda Pinokkio haqqında sənə heç nə oxumayıblar.

KİŞİ. O nağıldı: nağılda hər şey mümkündür.

KUKLA. Onda fikirləş ki, mən də nağılam, sənin nağılınam.

KİŞİ. Sən necə nağıl olursan ki, mənim yanımda oturmusan, mən səni (zarafatlaşırmış kimi qımışır) qucaqlamışam, biz söhbət eləyirik. Sən nağıl ola bilərsən, amma mən yox.

KUKLA. Bilirsən, həqiqətdə sənin üçün qavrayış çətinliyi ondadır ki, mən nağıldan səninlə danışıram, sənsə gerçəklikdən mənə cavab verirsən. Mən kiber dünyanın nağıl effektiyəm. Anladın?

KİŞİ. (başını bulayır). Çatmadı. (fikirləşir) Heç nə anlamadım, heç anlamaq da istəmirəm. Sən əvvəlcə onu de ki (qısa pauza, şaşırır)sən necə gizlənmisən ki, mən sənin boyda natarazı görməmişəm?

KUKLA. Mən nağılda gizlənmişdim: kiber dünyada ölçünün heç bir önəmi yoxdur; mənim ölçülərim anbaan dəyişmək imkanına malikdir. Odur ki, sən məni görə bilməzdin.

KİŞİ. O səslər də nağıldan gəlirdi?

KUKLA. Təbii. Kiber dünyada sənin öz şəxsi nağılın da, sənin uşaqlığın da saxlanılır.

KİŞİ. (yenidən təəccüblə)Amma heç nağıl adamı kimi danışmırsan. (mehribanlıqla)Sən əgər nağıl adamısansa, xahiş eləyirəm, qayıt nağıla, qayıt öz kiber dünyana, mənim də başım dincəlsin.

KUKLA. Onu bacarmayacağam. Məni göndəriblər ki, səni xilas eləyim.

KİŞİ (şübhə ilə: əlindəki bıçağı şalvarının dizinə onu itiləyirmiş kimi sürtə-sürtə) Boynuna alırsan ki, gön dəriblər. Bəs bayaqdan deyirdin ki, nağıl belə gəldi, nağıl elə getdi. Heç düz-əməlli (tərs-tərs baxır) kuklaya oxşamırsan.

KUKLA. Düz deyirsən, məni kiber dünyanın nağılından göndəriblər. Göndəriblər ki, səni xilas eləyim. Orada hər şey başqa cürdür, maddilik qeyri-maddiliyə çevrilir, insan isə kölgəyə. Orada istəmirlər ki, həyat bitsin, tükənsin, insanlar diri-diri özlərini kölgələrlə əvəzləsinlər. Bax, ona görə mən gəlmişəm, gəlmişəm ki, səni kölgə olmağa qoymayım.

KİŞİ. (aktivləşir) Nə? (sanki indi “xilas eləmək” sözünə əhəmiyyət verirSəni göndəriblər ki, məni xilas eləyəsən? (kənara) Vallah, bu lap kinodur. (kino deyəndə birdən yadına nəsə düşür)Hə, mən belə bir şey görmüşəm. Maykl Duqlas baş rolda oynayırdı... Devid Finçerin filmi. Filmin adı nəydi ay Allah? (fikirləşir) Dayan, dayan, bu dəqiqə deyim sənə! Dilimin ucundadı ey. Hə, “Oyun”... Orda da Maykl Duqlasa, yox e, onun oynadığı adama, bir kukla göndərirdilər, özünə oxşayırdı... ad günündə... Göndərirdilər ki, bu adam əsəbiləşsin, narahat olsun, həyəcanlansın (elə bil özünə qayıdır), özünün insan olduğunu anlasın, qəlibə çevrilmiş həyat tərzindən çıxsın. Bəlkə məni də o cür əsəbiləşdirmək istəyirlər ki, özümdən çıxım? Amma o filmdəki insan yaman dövlətli idi, ona görə onunla oynayırdılar. Belə deyək də, milyonerin buzunu əritmək istəyirdilər: istəyirdilər ki, o həyatın ləzzətini yenidən duysun. 

KUKLA. Sən də həyat ləzzətini itirmiş adamsan.

KİŞİ. Bunu kim dedi? Həyatın ləzzətini qaytarmaq üçün mənə bir dəqiqə vaxt lazımdı: arağı süz, iç. Sonra hər yanda qış dönüb bahar olsun. Amma mən onu anlamadım ki, yaxşı, sən məni niyə xilas eləməlisən və nədən xilas eləməlisən?

KUKLA. Mən yox, sən özün-özünü xilas eləməlisən...

KİŞİ. (əsəbi halda)Axı nədən?

KUKLA. (sakit və arxayın)Doğrudan bilmirsən?

KİŞİ. (məəttəl) Yo...o...x.

KUKLA. De mənə görüm, sən yaşayırsan?

KİŞİ. Yenə gicdədi. (təbəssümlə) Sən ölünü diridən ayıra bilmirsən?

KUKLA. Yaxşı, diri müəllim, onda bəs hanı sənin həyatın?

KİŞİ. Nə axmaq-axmaq suallar verirsən? Heç həyatı da göstərmək olar? Budu (əlini boğazına aparır) bu nəfəsimdi mənim həyatım... (məzələnərək)Hanı bu boğaz oldu ki? Fərqi nədi nəfəs də boğazdan gedib gəlir, yemək də... Yox, yemək ancaq gedir, gəlmir: gedir başqa yerə (düşünə-düşünə) Budu (əlini araq şüşəsinə uzadır)mənim həyatım... budu (əlini bilgisayara uzadır) mənim həyatım, bu evdi mənim həyatım...

KUKLA. Bəs arvadın hanı?

KİŞİ. (bezgin) Yoxdu, arvadım, arvaddarın hamısını həyatımın siyahısından silmişəm.

KUKLA. Bəs sənin seksual istəklərin?

KİŞİ. Əşşi, İnternetin canı sağ olsun. Dünyanın bütün qadınları İnternetdədir: seç hansını istiəyirsən. İnternetdə o qədər erotika, o qədər pornoqrafiya var ki... Ay da... heyif, görməmisən.

KUKLA. Sənə heç ayıb deyil?

KİŞİ. Kimnən? Sənnən? Mən kukladan utanmıram.

KUKLA. Amma bundan sonrasına daha oralara baxa bilməyəcəksən.

KİŞİ. Neyçün?

KUKLA. Çünki sənin vaxt limitin qurtarıb.

KİŞİ. Noolsun, gedib 15 manatını verərəm, təzədən açdırrram İnterneti.

KUKLA. Məni başa düşmədin, dost. Sənin vaxtın qurtarıb.

KİŞİ. Necə yəni vaxtım qurtarıb? (təəccüb içində)Mənim vaxtım qurtarıb? 

KUKLA. Əlbəttə ki, sənin. Mənim olmayacaq ki. Təkrar eləyirəm danqabaşlar üçün: sənin vaxtın qurtarıb, tamam olub, bitib, tükənib... Bugündən sən cədvəldən silinirsən... 

KİŞİ. (duruxur və yarı zarafat) Yəni mən ölməliyəm?

KUKLA. Elə də demək olar. Burada qəribə nə var ki: vaxt qurtaranda, hamı ölür.

KİŞİ. (peşman) Demək, sən Əzrayılsan. Mənimlə siçan-pişik oynayırsan.

KUKLA (bir qədər acıqlı).Yenə başladın?Sən vəziyyəti mürəkkəbləşdirirsən. Fakt budur ki, mən səni xilas eləməyə gəlmişəm. Sənsə deyirsən Əzrayıl. Əzrayıl sonra gələcək, düz vaxtın tamamında.

KİŞİ (yüngül şok vəziyyətində).Doğrudan, Əzrayıl gələcək?

KUKLA. Əlbəttə, xilas eləyə bilməsəm, mütləq gələcək.

KİŞİ (ayağa qalxır). Onda bir dəqiqə gözlə (tələsik gedib soyuducudan araq şüşəsini götürüb qapını örtür. Qədəhinə yenidən araq süzüb şüşəni qoyur masanın üstünə. Qədəhi çəkir başına və bıçaqla paştet götürüb bayaqdan qalmış loxmasına bir az da əlavə edir, loxmanın paştetli hissəsini dişləyib çeynəyir: tikəsini udduqdansonra).Hə, indi de mənə görüm, sən məni nədən xilas eləyəcəksən?

KUKLA. Mən səni həyata qaytaracağam.

KİŞİ. Mən bəyəm həyatda deyiləm?

KUKLA. Yox, sən İnternetdəsən. İnternetsə səndən imtina edir. Mən axırıncı xəbərdarlıq və sonuncu şansam.

KİŞİ (pauzadan sonra: məəttəl bir halətdə). Məgər İnternet məni tanıyır?

KUKLA. İnternet hamını tanıyır. Məgər internet sənə bildirşlər, xəbərdarlıqlar göndərmirdi?

KİŞİ. Göndərirdi.

KUKLA. Sən feysbukda varsan?

KİŞİ. Varam.

KUKLA. İnstaqramda necə?

KİŞİ. Orada da varam.

KUKLA. Onda nədən belə təəccüblənirsən? İnternet bütün hallarda səni görür, tanıyır, təqib edir. Sən də mənim kimi İntenet kuklasısan.

KİŞİ. Mən axı İnternetə neyləmişəm ki, o, məndən imtina etmək istəyir?

KUKLA. Sən “evdəqal” prinsipilə yaşayırsan, virtual dünyada yaşayırsan, canlı ünsiyyətin sıfır olduğu onlayn sistemdə yaşayırsan. Bunu sənin beyninə yeridiblər. Sən aylarla heç kimi görmürsən, heç yerə getmirsən, onlayn işləyirsən, onlayn bazarlıq edirsən. İntenet vasitəsilə sevişirsən və gündən-günə insanlıqdan uzaqlaşırsan. Bu da o anlama gəlir ki, sən canlısan, amma artıq insan deyilsən. Sənin kimilərin sayı çoxdur, milyarda çatır. Bu adamlar gerçəklikdən təcrid olunmuş, gerçək maraqları qalmamış adamlardır. Bax, elə ona görə də İnternetdə yeni xidmət sitəsi yaranıb: “Tubinot”. Bu sitə yaşamaq istəməyənləri aşkarlayıb onlara kömək edir.

KİŞİ. İnternet necə müəyyənləşdirir ki, kim yaşamaq istəyir, kim yox?

KUKLA. Çox adi bir üsulla: istifadəçilərin İnternetdə olma saatlarına görə. Əgər bir adam günlərlə, həftələrlə, aylarla İnternetdədirsə, bu o deməkdir ki, həmin adam heç yaşamır. Bu o deməkdir ki, gerçək həyat onun üçün mənasını itirib. Yeni İnternet xidməti də bu adamlara xəbərdarlıq göndərib onları həyata qaytarmağa çalışır. Alınmayanda biz gəlib həmin adamların ölməsinə yardım edirik.

KİŞİ. (pauza, fikirləşir).Sənə desəm ki, yaşamaq istəyirəm, yalan danışaram.  Sənə desəm ki, ölmək istəyirəm, yenə yalan danışaram. Mənim üçün fərqi yoxdur. İnternetdə yaşamaq, onlayn yaşamaq məgər yaşamaqmıdır? Belə yaşamaqdan nə olacaq ki? Ölüb nə olacaq ki? Mən bilirəm, mən internet virusuna yoluxmuşam. Bu virusa yoluxanlar əsl həyatın nə olduğunu unudurlar. 

KUKLA. Yəni sənin üçün heç nə maraqlı deyil?

KİŞİ. Heç nə... (fikirləşir)... hm... bəlkə araq... onu da içirsən ki, görməyəsən, anlamayasan, kor olasan, ağrımayasan, yalanlardan qurtulasan... guya ki həyatdan ləzzət alasan... özünü aldadasan ki, gerçəklik yaxşıdır, həyat gözəldir, dadlıdır... Mən arağı həmişə “Dadlılar”dan alıram... Sən də yalan danışırsan... Bayaqdan mənə demirsən ki, sən kimsən (bıçağı əlində oynadır).

KUKLA. Mənim kimliyimi bilməsən də, razılaş ki, bu bir neçə dəqiqəni həyat sənin üçün maraqlı olub.

KİŞİ. (bıçağı əlində oynadır). Əsla. Səhvin var. Mən sənsiz (pauza) sakitlikdə araq içməyə üstünlük verərdim, erotik saytlara baxardım. Sən mənim üçün problem çıxartmısan, məni narahat eləmisən. Bayaqdan min dənə fikrə düşürəm. Bu boyda(kuklanı göstərir)problem oturub mənim gözümün qarşısında. Nə adam kimi adamdı, nə diri kimi diridi, nə də ölü kimi ölü. Amma mırt vurur. (ironiya ilə) Durub məni Əzrayıldən xilas eləməyə gəlib. (hirsli) İndi mən görəcəyəm o necə xilaskardır (əlində bıçaq kuklaya sarı gedir).

KUKLA. (qorxaraq) Sən nə eləmək istəyirsən? (ayağa qalxır).

KİŞİ (həvəslənərək).Mən yoxlamaq istəyirəm, sən həqiqətən kuklasan (düz kuklanın üstünə gəlir), yoxsa kukla rolu oynayırsan?

KUKLA. (geri çəkilərək)Sən dəli olmusan?

KİŞİ (addımlarını yeyinləşdirir).Yoox... Məni sən dəli eləmisən. (kukla qaçmağa, kişidən uzaqlaşmağa çalışır ) Hara qaçırsan? Məgər xilaskar da qaçar? (kuklanı tuta bilmir: kukla böyükdür, natarazdır)Bəs bayaqdan deyirdin, həyatını maraqlı elə. 

KUKLA (qaçmaq sanki səndə-məndə oyununa çevrilir).Mən demədim ki, maraqlı olmaq üçün kəs, doğra, öldür.

KİŞİ. Aha, indi sən özün qorxursan, deməli, kukla həyatı yaşamaq istəyirsən. Bax, bu, mənim üçün maraqlı oldu. Görürsən, sən də mənim kimi qorxacaqsan. Hə, qorxsan yaxşıdı, yoxsa bugün sən burdan getməyəcəksən.

KUKLA. Sən nə axmaq adamsan.

KİŞİ (əvvəlcə duruxub dayanır).Mən? (kuklaya tərəf cəld bir addım ataraq onun ayağının ipindən tutur).

KUKLA. Burax, burax, sən məni şikəst eləyəcəksən.

KİŞİ. Heç nə olmaz. Xilaskarlar həmişə yaşayır. Lanselot ölümsüzdür.

KUKLA (vəziyyətin gərginliyini sanki birdən unudaraq).Sən Lanselotu da tanıyırsan?

KİŞİ (kuklanın ayağını buraxmadan).Deməli, belə: mən burdan kəsirəm, sən (kuklanın qafasını göstərir) ordan sağalırsan (ipi kəsməyə hazırlaşır).

KUKLA (çırpınır)Nə olar, eləmə (əllərini Kişinin başına vurur). Mən ki səni incitməmişəm. Günahsız bir məxluqa niyə zülm verirsən? (Kişi bıçağı ipə sürtür) Eləmə (yalvarışla), nə olar, eləmə. (hikkə ilə) Adam ol, eləmə

KİŞİ (əl saxlayır). Onda doğrusunu de görüm, sən kimsən və nə üçün gəlmisən?

KUKLA. Mən adi kuklayam.

KİŞİ. Sən əgər kuklasansa, deməli, səni mütləq bir oynadan var (üzünü yuxarı tutur) Ey, düş aşağı, köpəkoğlu...

KUKLA. Sən Allahı söyürsən?

KİŞİ. Mən Allahı söymürəm, səni oynadan lotunu söyürəm.

KUKLA. Hamımızı Allah oynadır.

KİŞİ. Məni də sən. İndi “oynat bakalım”, görüm, necə oynadırsan (Kişi kuklanın bir ayağının ipini kəsir. Kuklanın ayağı boşalır, hərəkətsiz qalır)

KUKLA. Vay (pafossuz), indi mən necə yeriyəcəyəm?

KİŞİ (ürək-dirək verir). Kədərlənmə, sən ölümsüzsən. Əgər mən səni yandırsaydım, bu olardı başqa məsələ. Sən ölərdin, həmişəlik ölərdin. Mənsə sadəcə ipi kəsdim. Sabah bir başqası gələr, ipləri lazımlı deşiklərdən keçirər, sən yenə də durub gəzərsən.

KUKLA (başını bulayır və bir ayağı üstə tullana-tullana gedib divanda əyləşir). Səndə nə qədər kin, acıq varmış.

KİŞİ (keçib bıçağı masanın üstünə tullayır). Həyatın ikicə qütbü var: birində həzz dayanıb, o birində – ağrı. İnsan da bütün ömrü boyu çalışır ki, həzzin yanında olsun, ağrıdan uzaq qaçsın. Mən də araqdan vururam, ağrını öldürürəm. Sən kuklasan, ağrının nə olduğunu bilməzsən. Əgər insanın qıçı bu kökə düşsəydi, indi o elə bağırırdı ki... Amma sənin heç cınqırın da çıxmadı.

KUKLA. Həqiqətən, mən səndən güclüyəm. Taxta olmaq sənin kimi insan olmaqdan yaxşıdır. İnsanlar ailədə, sevgidə güclü olurlar. O şeylər də ki səndə yoxdur, sən onları bilmirsən. Arvadın yox, uşağın yox. Beş ay bundan qabaq da qovublar səni işdən. Daha burnunun ucunu da qapıdan çölə çıxarmırsan. Nə yatmağın bəllidi, nə durmağın. Düşüb qalmısan İnternetdə. Həmişə onlaynsan. Sən yaşamağı planlaşdırırsan, yoxsa ölmək istəyirsən?

KİŞİ. Psixoloqlar deyirlər ki, özünü öldürən adam xəstədir, dəlidir. Mən həkimlərin bu fikrinə inanmıram: özünü öldürən adam çox güclü adamdır; çünki o könüllü olaraq sonuncu ağrını, ölümlə göz-gözə qalmaq ağrısını qəbul eləyir. Adi normal insanlarsa bu ağrıdan da qaçıb iynələrin, dərmanların verdiyi ağrısızlıq həzzində gizlənirlər. Bilirsən, mən niyə evlənməmişəm? (gülümsünür) İstəməmişəm ki, kimsə mənə axmaq suallar versin (ona lağ eləyir) lap sənin kimi.

KUKLA. Evlənən adam heç vədə uduzmur: arvadın yaxşı çıxır, xoşbəxt olursan; pis çıxır, filosof olursan. Yəni hər iki halda sən xeyirdəsən. Bunu ağıllı adamlar deyib dünyada. Ona görə birmənalı olaraq evlənməyinə dəyər. 

KİŞİ. Bunu uydurublar ki, camaatı evləndirməyə həvəsləndirsinlər. Evlənən gündən problemlərin sayı çoxalır, dərd çoxalır, yeyənlərin sayı çoxalır, təbiətə vurulan zərər artır, yerə dəyən təpiklərin miqdarı həddini aşır. Dostum bir dəfə cavanlıqda mənə dedi ki, əgər fikirləşirsən ki, evlənim, ya evlənməyim, onda evlənmə. Mən də evlənmədim. Düz də elədim.

KUKLA. Səthi düşüncədi. 

KİŞİ. Sən nə bilirsən evlənmək nə olan şeydi. Elə danışırsan ki, guya kukla deyilsən. Kuklalar evlənmir. Onların hamısı xonsadır: cinsləri bilinmir.

KUKLA. Necə fikirləşirsən, fikirləş, evlənməyən adam qorxaq sayılır.

KİŞİ (yenidən bıçağı əlinə götürür).Bayaqdan sən ancaq onu bilirsən ki, məni nə cür sancasan. (əlindəki bıçaqla bankadan paştet götürüb çörəyin üstünə əlavə edir və yeyir) Oturub durub məni qorxaq adlandırırsan. Mənsə heç qorxaq deyiləm: amma mən sabahı planlaşdırıb yaşamışam həmişə. Heç vaxt əhlikef olmamışam (bokaldan sərinləşdirici içki hortuldadır)

KUKLA Gör, bunu kim deyir? Səhərdən-axşamacan araqdan başın ayılmır. Məgər səni işdən elə arağa qurşandığın üçün qovmayıblar? Sən bunu da özünə etiraf eləməyə qorxursan.

KİŞİ (bıçağı oynadır).Sus taxtabaş kukla.

KUKLA. Mən taxtabaşam, sənsə – danqabaş. 

KİŞİ. (sustalır, bıçağa baxa-baxa danışır) Bəli, düz deyirsən, mən qorxağam və qorxaqlığımı etiraf eləyirəm. Mən necə evlənəydim ki, evim yox idi. Mən necə evlənəydim ki, pulum yox idi. Evlənib atamın quşxanasına gətirəydim qızı? Mən özümü bədbəxt eləyə bilərdim, başqasını yox. O vaxt ki, mənim pulum oldu, evim oldu, gəlib 45 yaşın tamamına çıxdım. Onda da mənə ancaq qaşqaldaqlar ərə gələrdilər. Və mən onda anladım ki, əbədi olaraq sevgimi itirmişəm. Nəinki itirmişəm, mən sevginin nə olduğunu bilməmişəm. Hara baxdım, gördüm, ordan tənhalıq və qocalıq mənə baxır. Bu o deməkdir ki, fələk qaçır, mən qaçıram... (sözlərin ritmikasına varır) fələk qaçır, mən qaçıram.... fələk qaçır, mən qaçıram və bu fələk zəhirmarı tutmaq heç cür sənə nəsib olmur. Fələk həmişə səndən öndədir. O adamlar xoşbəxtdirlər ki, fələyi minib çapırlar; fələk də onları istədikləri yerlərə aparır. Mənsə İnterneti mindim, minib dünyanı gəzdim. Hər yerdə oldum, hər yana baxdım. İndi səhər girirəm İnternetə, bir də gecə çıxıram ordan (pauza).Sənin xəbərin var ki, insanın ən böyük günahı nədir?  O, təbiəti özünə tabe etdirmək istəyir, təbiətin ağası olmaq istəyir, Allah olmaq istəyir. İnsan ona görə İnterneti yaradıb ki, Allahın oyunlarını başa düşsün. Amma bu, dahiyanə bir aldanışdır. Çünki insan sonradan bir həsir, bir məmmədnəsir qalır. Görür ki, vaxtı qurtarıb. Mən də bütün adamlar kimi bundan başlamışdım. (söyüş həddinə çatır, amma dilinə gətirmir)Təbiətin də... fələyin də (susur) ...sonra gördüm yox, gərək fələyə qoşulub axasan, hara çıxartdı, çıxartdı, çıxartmadı, boğulacaqsan. Bax, onda araq gəlir meydana. Deyir ki, sən dayan, mən dünyanı sənin üçün ağrısız-filansız yavaş-yavaş söndürüm. Kefli-kefli ölümü gözləmək... kefli ölmək... hayıf deyil... sən ölüm qorxusundan tam azad olursan... Araqda gizlənənlər, sən onları axmaq hesab eləmə, şüurlu şəkildə, ölümə hazırlaşan adamlardır.

KUKLA (dəqiqləşdirir).Zəifliyini dərk eləmiş adamlardır... ya da zəif olmaqdan qorxan adamlardır... İnsan zəif olmaqdan utananda, qorxanda ünsiyyətsizlik zolağına düşür. Çünki heç kim zəifliyini göstərmək istəmir. bu, gülünc bir iddiadır. 

KİŞİ. Səhvin var, taxtabaş. Zəif olub yaşamaq güclü olub yaşamaqdan daha böyük güc tələb edir. Zəifin gücü ona çatır ki, güclünün hökmü ilə yaşasın. Yaşamasa, onu əzəcəklər.

KUKLA. Biz meşədə yaşamırıq.

KİŞİ. Cəmiyyət meşədən də qorxuncdur.

KUKLA. Qanunlar var...

KİŞİ (sözünü kəsir).Qanun güclülərin idarəetmə alətidir. Qanun göydən tökülən bombaları tutub yoxetməkdə acizdir. Gücün qarşısında heç kim tablaya bilmir. Mərhəmətlə, qanunla, gücün qarşısını ala bilmirsən. Cəmiyyət bunu başa düşür, amma yenə də inanır ki, xeyirxahlıq gücdən güclüdür. Mənsə artıq heç nəyə inanmıram. Zəif ölməlidir, güclü yaşamalıdır (kayfa düşüb danışır)Keçən həftə bir verilişə baxırdım heyvanlar haqqında. Cavan bir qız danışırdı ki, bu qızın özü zooloqdur, şirləri öyrənir... (pauza, nəsə fikirləşir)hə, nə deyirdim? ...

KUKLA. Deyirdin ki, qız-zooloq...

KİŞİ. Hə, hə... Qız-zooloq, demokrat, insanpərvər qız... Qız gözəldi... Onda bir figura vardı ki...

KUKLA. Fikrini yayındırma.

KİŞİ. Deməli, Afrika... Keniya... Nayrobi... Qız ana şiri izləyir... Şir doğmalıdır. Çəkiliş qrupu bütün prosesi çəkəcək. Hamı intizardadır. Nəhayət, şir azad olur, iki tupurca bala dünyaya gətirir. Balalar yumrudular, cəlddilər, analarını həvəslə əmirlər.  Safariyə getmiş qrup sevinir... Onlar çoxdan idi ki bu ana şiri güdürdülər, onu öyrənirdilər... Axşama yaxın qız dostları ilə birgə əyləncə düzəldir... yeyirlər, içirlər, sonra çadırlara girib yatırlar... Səhər durub görürlər ki, körpə balalar təkdirlər, köməksizdirlər, acdırlar, çığırırlar... Əvvəl elə bilirlər, şir ova gedib... Gözləyirlər: bir-iki gün keçir, amma şir qayıtmır. Fikirləşirlər ki, yəqin bədbəxt hadisə baş verib. Odur ki, qız gedib şir balalarını götürür, başlayır onları uşaq kimi şüşədən əmizdirməyə. Beləcə, bir həftə ötüşür. Sonradan çəkiliş qrupu həmin şiri ovalıqda erkək şirlə birgə görür. Qrupun üzvləri həmin şiri söyməyə başlayırlar ki, şir necə də pis anadır, bəs balalarını atıb gedib erkəklə oynaşır. Qız ananın bu rəftarından xoşhallanmayıb şirləri özü ilə birgə Avropaya, zooparka aparır və bu iki balanı orada ləzzətlə böyütməyə başlayır. Axırı ki, bu şirlər böyüyüb ət yeməyə başlayanda aşkarlanır ki, şirlər kordurlar, heç nə görmürlər. Aha, (jesti çıtma vurmaqla tamamlayır)deməli, şir bunların kor olduğuinu elə birinci gündən bilirmiş; bilirmiş ki, balalar zəifdi, yaşamayacaq, yaşamağa gücləri çatmayacaq. Ona görə də ana şir balalarını atıb gedib; gedib ki, təzə bala doğmaq üçün bir də taleyini sınasın. Buna deyirlər, təbii seçmə: güclü yaşamalıdır. Təəssüf ki, biz yazıqlıq hissimizdə gizlənib zəifi yaşatmağa cəhd edirik, seçimi təbiətin boynundan götürüb cəmiyyətin boynuna qoyuruq... (bıçağına baxır: kuklaya) Sən mənə qulaq asırsan?

KUKLA (tələsik). Əlbəttə... Hərçənd bu fikirləri səndən öncə Gitler deyib: zəifi yaşatmayın. 

KİŞİ (bıçağına tamaşa edir). Mən orijinallığa iddialı deyiləm. Amma sən artıq zəifsən. İndi mənəm güclü. Nooldu? Səsin çıxmır?

KUKLA. Mən bayaqdan səni xilas eləyirəm. Sən mənə görə yaşayırsan.

KİŞİ (kinayə ilə gülümsünür). Bu, təzə nağıldır artıq. (ayağa durur, kuklaya doğru gedir. Onunla üzbəüz dayanaraq)Mən güclüyəm, sənsə zəif. Zəif güclünü necə xilas eləyəcək? İndi heç kəs səni mənim əlimdən ala bilməz (kuklanın digər ayağına baxır).

KUKLA. Əyləş, başımın üstündə dayanma. Sən artıq 5 dəqiqəyə yaxındır ki, danışırsan. Danışa-danışa yaşayırsan. Mən ona görə gəlmişəm ki, sən danışasan. Sən danışmasan, öləcəksən. Çünki sənin tənhalığında ölüm gizlənib, İnternet gizlənib. İnternet ölüm şəbəkəsidir: tənha adamlar bura milçək kimi düşüb əbədi susqunluq içində ömürlərini başa vururlar. Daha onlardan heç biri həyata qayıda bilmir.

KİŞİ. Yenə beynimi aparırsan (kuklanın yanında əyləşir)? Danışmayan adamların öldüyü mənim üçün təzə xəbərdir. Hələ tarixdə bu vaxtadək heç yerdə yazılmayıb ki, danışmayan adamlar ölürlər.

KUKLA. Heyvanlar iyləşməklə, insanlar dilləşməkləı ünsiyyət qurular. Sən onu bilirsən ki, dünyada nə qədər adam var, bir o qədər də ölüm var? İki eyni ölüm yoxdur. Bəzi ölümlər oxşasalar da, heç vədə eyni olmurlar. İnsanların çoxusunun ölümqabağı nitqləri tutulur. Sənin yəqin yadındadır, atanın da ölməmişdən öncə nitqi tutulmuşdu. İndi mənə inanırsan ki, mən nəsə bilirəm.

KİŞİ. Yox, inanmıram. Sən adi şarlatansan. Mən hələ ki sənin kimliyini, məqsədini müəyyənləşdirə bilməmişəm (kuklanın o biri ayağını da əlinə götürür).

KUKLA (ucadan).Yox, yox (özünü qırağa çəkir), kəsmə, əgər sən bu ipləri kəssən, mən yeriyə bilməyəcəyəm.

KİŞİ (ona yaxınlaşaraq yenidən kuklanın ayağını əlinə götürür). Lap yaxşı. Mən elə eləyəcəyəm ki, sən daha bir də heç kimin evinə soxulub onu narahat eləməyəsən.

KUKLA (yalvarışla). Nə olar, kəsmə, nə olar, kəsmə də. Ipləri kəsiləndə ipli kuklalar çox əlacsız, yazıq görünürlər.

KİŞİ (aşırı canlanaraq).İstəmirsən kəsim, onda çıx get burdan, məni incitmə, qoy, ömrümü yaşayım.

KUKLA (başını aşağı salır. Pauza və kədərli). Sənin yaşamağa ömrün qalmayıb.

KİŞİ (coşaraq bıçağı tələm-tələsik kuklanın ayağını işlədən ipə sürtür). İlahi, bu gecə bitəcək, yoxsa yox (ipi kəsir)...

KUKLA (kuklanın digər ayağı da sustalıb yanına düşür: faktiki olaraq o, artıq yerindən qalxa bilməz; kukla üzünü qapayır) Mən indi necə gəzəcəyəm.

KİŞİ (sadistcəsinə, kinayə ilə). Sən gəzməyəcəksən, ta kimsə sənin deşiklərinə (qımışır) ip bağlamayınca.

KUKLA (ondan öc alırmış kimi).Öl,sənin də yaşamağa ömrün qalmayıb.

KİŞİ. Əh, bugünəcən yaşamışam nə olub ki, bugündən sonra yaşayım nə olsun? Heç istəmirəm yaşamaq... özü də belə axmaq dünyada... Hə, bir on il də artıq yaşa... sonra... nə olacaq... yenə öləcəksən... Ona görə mən getdim vurmağa (kuklanın yanından durur, masanın arxasına keçir)

KUKLA. Heç olmasa öləndə ayıq başla öl.

KİŞİ (araq süzə-süzə). Sənə demək asandır. Kukla olmağa nə var ki... Ömrün boyu ağrı bilmirsən. Ölümünü də duymursan... köhnəlirsən və səni tullayırlar... Kuklalar xoşbəxtdirlər, ölümü gözləmirlər... Bizimsə heç vaxt... heç vaxt ölüm yadımızdan çıxmır. Nə səhər, nə də axşam (bıçağın ucunda paştet götürür),nə toyda, nə yasda, nə xeyirdə, nə şərdə, nə gündüz, nə gecə... dilimizin ucunda, fikrimizin önündə ölüm gəzir... Elə ki bir yerimiz ağrayır ha, bizə elə gəlir ki, bu artıq sondur... Adicə diş ağrısı da bizə ölümə bərabər kimi görünür. O diş həkiminin kreslosuna oturanda elə bil ölüm kreslosuna oturursan; elə bilirsən ki, ağzını açıb dişini çəkən kimi sən öləcəksən. Çünki həyatı itirməkdən qorxursan. Hər gün insan ölüm qorxusu ilə birgə yaşayır... Nə qədər ki, uşaqsan qorxursan ki, anan ölər, atan ölər, kimsəsiz qalarsan. Elə ki, böyüyürsən, barışırsan ki, anan da öləcək, atan da öləcək və üstəlik sən də öləcəksən. Onda başlayırsan yaşamağın üstündə əsməyə ki, ölümü bacardığın qədər özündən uzaqlaşdırasan. (paştetli çörəyi masanın üstünə qoyur)Ölümdə qorxulu olan bilirsən nədi? (zarafatla)Haradan biləsən, sən axı ölümsüz taxtabaşsan. Ölümdə qorxulu olan məqam odur ki, sən yüzfaiz əminsən, sənə lap cənnəti vəd eləsələr belə, yaşadığın həyat kimi həyat bir də sənə nəsib olmayacaq; pis, ya yaxşı, bu, bir daha belə olmayacaq. Sən bilmirsən, orada, yəni o biri aləmlərdə sən görə biləcəksən, yoxsa yox; eşidə bilcəksən, yoxsa yox... Bax, bu “yoxsa yox” adamı axırı girinc eləyir və sən başlayırsan əməlli-başlı ölümdən qorxmağa.

KUKLA. Sən qorxaqsan.

KİŞİ. Bunu demisən. Sən mənə qorxaq olmayan adamları göstər. Güclülər də qorxurlar, pullular da qorxurlar. Güclünün dalınca daha güclü, pullunun dalınca daha pullu meydana çıxır. Kimsə həmişə nəyisə itirməkdən qorxur. Kimsə həmişə kimisə itirməkdən qorxur, canını itirməkdən qorxur. Zəif də həmişə döyülməkdən qorxur, qorxur, qorxur, axırda nə olur.... hm... qorxacaq.

KUKLA. Yaman savadlı danışırsan.

KİŞİ (aşkar fəxrlə).Bir vaxtlar mən aspiranturada oxumuşam.

KUKLA. Müdafiə elədin?

KİŞİ (biganə). Eləmədim, atdım daşını. Düzünə qalsa, pulum çatmırdı. Oy, quluncum (bıçağın dəstəyilə əli çatdığı qədərincə quluncunu ovur) ...Zəhrimar, elə bil oxlov kimidir.

KUKLA. Bayaqdan məni qınayırdın, fikir verirəm, sənin bütün həyatından eyni bir üslub keçir. Sən hər yerdən qaçırsan. Sən indi də qaçırsan: amma mən bilmirəm, sən ölümdən qaçırsan, yoxsa həyatdan?

KİŞİ - Yoxsa yox. Xoşuma gəlir bu ifadə “yoxsa yox”: variant olub invariantlar yarada bilər. Yoxsa əksinə. Əlbəttə ki, əksinə. Bizim aspiranturada bir filosof belə danışırdı. Tutalım, “yoxsa yox” invariantdır, variantları olur “toxsa tox”, “oxsa ox” və qafamızda gəzdirdiyimiz, amma dilimizə gətirmədiyimiz ədəbsiz variantlar... İnvariant təkdir, variantlarsa çox... “çoxsa çox”... (kuklaya müraciətən) Noolub, nitqin elə bil kəsildi.

KUKLA. Sən mənə şans saxlamırsan.

KİŞİ. İcazə ver, içim.

KUKLA. İçmə, icazə vermirəm.

KİŞİ. (araq qədəhi əlində) Sən kimsən ki mənə qiymət qoyasan, sən gərək kuxnada kartof soyasan. Anladın? Bunu azərbaycanlı denbellər oxuyurdular Ukraynada, salaqalar üçün. (araqdan balaca qurtum alıb yerə qoyur. Çörəkdən dişləyir)Bu, lap zəhər kimi getdi (bokalı götürüb sərinləşdirici içkidən içir).Gedib İnternetə girəcəyəm.

KUKLA. Limit qurtarıb. Ondan yaxşı, sən, gəl, mənim yerimi dəyiş, bura məni lap darıxdırdı.

KİŞİ. (divana yaxınlaşıb kuklanın belindən tutur və divanın tən ortasında əyləşdirir). Maşallah, ağırsan e.

KUKLA. İndi mən sənin əsl oyuncağınam.

KİŞİ. Sən mənə heç bir statusda lazım deyilsən, nə xilasedici kimi, nə kukla kimi, nə dost kimi (çevrilib çiyninin üstündən ikrahla), nə də arvad kimi.

KUKLA. Həddini aşma. Sən mənim Allahla əlaqəmi qıra bilərsən, amma məni təhqir edə bilməzsən. Arvad özünsən.

KİŞİ. Məgər arvad olmaq təhqirdi? Bəyəm kiməsə arvad deyəndə mən onu təhqir eləyirəm?

KUKLA. “Arvad” sözü təhqirdir, əmin ola bilərsən, ərəbcədən tərcümədə...

KİŞİ. Sus, murdar kukla. Mən öz anama da “ay arvad” deyib müraciət eləmişəm. Bu sözü işlətməyi sənə qadağan eləyirəm. Sən haradan öyrənmisən bu sözü?  Mən elə fikirləşirdim, kuklalar söyüş bilmir?

KUKLA. Biz hamı kimiyik. Bizi də ağıl yaradıb.

KİŞİ. Sən məni bağışla, mən arvad deyib səni təhqir eləmək istəmədim. Bir də ərəb dili ərəblərçündür, Azərbaycan dili də azərbaycanlılar üçün. 

KUKLA. Hayıf, mən səni xilas eləyə bilmirəm. 

KİŞİ. Boşla getsin, mən heç xilas olmaq istəmirəm. Bu yaşdan sonra xilas olmaq nə demək... Ömrümün çoxusunu yaşamışam. Sən heç bilirsən uşaqlıqda mən nə arzulayırdım? (çörəkdən götürüb dişləyir; zarafatla kuklaya)Birdən meylin çəkər ha.

KUKLA. Sənin kimilər adətən kosmonavt olmaqdan dəm vurur uşaqlığında.

KİŞİ. Mənim kosmonavtlardan zəhləm gedirdi. Nədənsə onları keçiyə oxşadırdım. “Sehrli xalat” filmində onları görüb iyrənmişdim. Əslində, mən istəyirdim ki, cani olum, kinoda gördüyüm kimi, üzü çapıqlı, səsi xırıltılı, hamıdan güclü, hamıdan cəsur, hamıdan ədalətli (çörəyin üstünə paştet yaxır).

KUKLA. Sonra nə oldu, pişik asqırdı və sən tərbiyəli oğlan oldun.

KİŞİ. Düz tapmısan, bəli, mən özümün də zəhləm getdiyi tərbiyəli oğlan oldum. 12 yaşım vardı, atamın siqaretini götürüb çıxdım məhəlləyə. Axşam idi. Gedib tində dayandım. Axı, mən özümü cani kimi təsəvvür edirdim. Siqareti yandırıb qoydum damağıma. Bir qüllab siqaretdən alırdım, sonra dişlərimin arasından tüpürürdüm yerə. Çəkib-çəkib ordlarımı şişirdirdim, siqareti tuturdum əlimdə, üfürürdüm, külü dağılırdı qaranlığa, özü isə közərirdi. Elə bilirdim dünya ayağımın altındadır. Qəfildən bir nəfər qulağımdan yapışıb dartdı, ha, istədim əlindən çıxam, alınmadı. Qonşumuz idi. Dedi ki, aparıb bu saat səni verəcəyəm atana. Başladım yalvarmağa. Nə qədər illah elədim alınmadı. Qulağımı da buraxmırdı ki, qaçaram. Mən ağladım. Qonşumuz daha heç nə demədi. Heç atamın da yanına getmədi. Bircə onu söylədi ki, bir də səni görməyim siqaret çəkən. Mən ağlamağımı özümə bağışlaya bilmirdim. Mən ona o cür yalvarmağımı başa düşə bilmirdim. Amma başa düşürdüm ki, canilər ağlamır, canilər yalvarmır: onlar ölənə qədər kişi olurlar. (təlxəkcəsinə). Əvəzində indi siqaret çəkmirəm, sağlamlığıma ziyan vurmuram, çox yaşamaq barədə düşünürəm, amma canilərə yenə həsəd aparıram.

KUKLA. Sən cani yox, qorxusuz olmaq istəmisən. Amma alınmayıb: ələ keçən kimi boşalmısan. Çünki sən qorxaqsan.

KİŞİ. Mən qorxurdum, səndən gizlətmirəm, qorxurdum, atamdan qorxurdum. Qorxurdum ki, o, məni qovar evdən, mən də özümə heç yerdə sığınacaq tapa bilmərəm, acından, soyuqdan ölərəm. Bunu mənə özü demişdi: demişdi ki, ananı incitsən, mənim sözümə baxmasan, səndən şikayət eləsələr, səni atacağam küçəyə. (təəssüflə). Necə maymaq və qorxaq olmuşam mən.

KUKLA. Həmişə qorxaqlar sadizmə meylli olur.

KİŞİ. Pah, sən diaqnostika ilə də məşğulsan? Sanki sən bura mənim qorxaq olduğumu mənə sübut eləmək üçün gəlmisən. Mənə qarşı bu aqressiya haradandır?

KUKLA. Məni çolaq eləmisən, hələ bir istəyirsən ki, mən səninlə yaxşı davranım?

KİŞİ (gülümsünərək).Bəs sən deyirdin ki, biz iksimiz bir adamıq, amma başqa-başqa koordinatlarda yaşayırıq. Nooldu, fikrindən daşınmısan?

KUKLA. Sən dərman qəbul eləmək istəmirsən?

KİŞİ. Mənim dərmanım araqdı. Nədi, deyirsən, gedim bir yüz də atım. Hələlik istəmirəm. Bax, amma su içərdim. (soyuducunu açıb adi su götürür, stəkana süzür və içir) Oxay, ciyərim lap yanırdı. Səninlə danışmaqdan ağzım palçıq bağlayıb. 

KUKLA. Mənimlə danışmaqdan deyil, araq içməkdəndi. Sən mənə heç demədin ki arağa necə qurşanmısan, nə vaxtdan qurşanmısan?

KİŞİ. Bala-bala, yavaş-yavaş, öz-özünə...

KUKLA. Məndə olan məlumata görə sən adam öldürmüsən.

KİŞİ (zarafatlaşaraq). Mənim öldürdüyüm əvvəlinci canlı da, on gün bundan öncə öldürdüyüm axırıncı canlı da ağcaqanad olub.

KUKLA. Sən bir adamı yox, çoxlarını öldürmüsən?

KİŞİ. Necə yəni öldürmüşəm?

KUKLA. Adamı necə öldürməyin yollarını ki, sən məndən yaxşı bilirsən. 

KİŞİ. Olmayıb elə şey. Sən mənə qara yaxırsan. (bıçağı yenidən masanın üstündən götürür)Budumu sənin məni xilas  eləməyin?

KUKLA. Alınmadı, rəis. Sən məni şikəst elədin. Busa planları dəyişdi. Biz bugün burda tamam ayrı söhbətlər eləməliydik. Çünki bizə qulaq asırlar. Amma o söhbətləri ki biz elədik, yuxarıda xoşlarına gəlmədi. Orda indi finalı başqa cür görürlər.

KİŞİ (özünü sakitləşdirmək istəyir). Deməli, sənin yuxarı ilə əlaqən real olaraq mövcuddur. Biz danışa-danışa sən onlara da xəbər ötürmüsən, hə? (hirslənir) Susma, cavab ver (ona sarı bir addım atır), taxtabaş kukla.

KUKLA. Tələsmə, finalın dəyişdirilmə planı var, ancaq heç nə dəqiq məlum deyil. Odur ki, indi hər şeyi sənin özünü necə aparmağın müəyyənləşdirəcək.

KİŞİ. Sən bu gecəni mənim əlimdən alırsan, hələ bir mənimlə şərt də kəsirsən? Heyvərə. (istəyir kuklanın əlini tutsun: kukla bir əlini yuxarı qaldırır. İstəyir o birini də tutsun: kukla o birini də yuxarı qaldırır. Tələsik divanın üstünə çıxır və kuklanın bir əlinin də iplərini kəsir. Kuklanın əli yanına düşür)Əgər bizdən bir başqa söhbətlər gözləyiblərsə, bu o deməkdir ki, onlar bizi apriori yalan danışmağa məcbur eləyiblər. Mənsə yalan danışmamışam. Bu mənim üstün cəhətimdir. Sənin kimi heç kimi aldatmamışam.

KUKLA (cığalcasına). Əvəzində sən çoxlu-çoxlu adam öldürmüsən?

KİŞİ (əhəmiyyət vermədən keçir masanın arxasına).Bunu sübut eləmək lazımdır (özünə araq süzür).

KUKLA. Məsələ budur ki, sübut ediləsi bir şey yoxdur. Sən fiziki qətl törətməmisən, amma adam öldürmüsən.

KİŞİ (yamsılayır).Ə..., o təhər olur, ə? (tez də dəyişir) Sənin o biri qolunun da ipini kəsəjəm (arağı başına çəkir) Mən adam öldürənə oxşayıram? Bəlkə elə bilirsən, mən adamyeyən-zadam?

KUKLA. Adamyeyən deyilsən, amma çoxlarını öldürmüsən.

KİŞİ. (çörəyin üstünə paştet yaxa-yaxa)Sən nə yapışmısan yaxamdan (hiss olunur ki dəmlənib: bir az ağır danışır)Kor tutduğunu buraxmadığı kimi sən də elə təkrarlayırsan ki,öldürdün, öldürdün. (qışqırmaq həddində) Deyirəm sənə də yox, olmayıb elə şey. (yenə quluncunu ovmağa çalışır) Amma kaş öldürəydim (quluncunu ovxalayır)... pis adamları öldürmək lazımdır (ağrı ifadəsi ilə)... Mənim də rastıma, tərslikdən, o qədər pis adam çıxıb ki...

KUKLA. Bəlkə də sən pis adamları öldürsəydin, qəhrəman olardın. Uşaqlıq arzun da yerinə yetərdi. Amma sən bunu eləməmisən. Əvəzində fərqinə varmadan səni sevənləri biganəliklə öldürmüsən.

KİŞİ (əlini yelləyərək). Bu, kov deyil. Buna iş düşmür. Biganəlik silah deyil.

KUKLA. Ən qorxulu silah elə biganəlikdir, dostum. Sən canlı adamlardan imtina edib kölgələrlə ünsiyyət bağlamısan. Sən adamları əvvəlcə öz içində öldürmüsən, gündə-gündə öldürmüsən, saatbasaat öldürmüsən. Sən səni sevənləri öldürmüsən. Bir gün də ayılıb görmüsən ki, sənin ətrafındakı dünya qəddar dünyadır. Onda arxaya baxmadan qaçıb burda (bilgisayarı göstərir)gizlənmisən, burda rahatlanmısan, elə burda da kölgələrə ilişib qalmısan. Bir də görmüsən ki, sən adamlar əvəzinə şəkilləri, kölgələri sevirsən, onlarsız yaşaya bilmirsən.

KİŞİ (ucadan). Axı sən konkret kimi deyə bilərsən ki, mən öldürmüşəm?

KUKLA (sakit və qəhərli).Sənin biganəliyin atanı öldürdü. Sənin biganəliyin ucbatından anan öldü. Sənin o qədər özünə başın qarışdı k, bacını itirdin. Səni sevən qızdan sən imtina elədin. Dostların səni tərk eləyib getdilər. Sənin için ölü adamlarla doludur.

KİŞİ - Sənin sözündən elə çıxır ki, elə Əzrayıl mən özüməm. Yox, yox, cənab kukla, səndə olan məlumat səhvdi. Hamımızın iiçi ölü adamlarla doludur. Sən təmiz bir adamı nədə ittiham eləyirsən? (soyuducunun qapısını açır)Bu ki aşkar şantajdır, ədalətsizlikdir. Sənin kimi adama, pardon, kuklaya mən necə inanım? Mən belə görürəm, sənin o biri əlin də, (kefli olduğu əməllicə aşkardır), pardon, əl iplərin də kəsilməlidir.

KUKLA (şaşıraraq, konkret nə ilə etiraz edəcəyini bilməyərək). Sən sadistsən. Sən heç kəsin işinə yaramayan yaramaz, biganə, sadist adamsan.

KİŞİ. Onu da demisən. Vallah, demisən. Sözün var, söz danış, (soyuducudan iki şüşə pivə götürür)yoxdu, dur sürüş burdan, mənim vaxtımı alma (istəyir bilgisayara yaxınlaşıb onu işlətsin, amma nədənsə fikrindən daşınır).

KUKLA. Biganəlik xəstəlikdir, ruhun xəstəliyidir, cəmiyyətin xəstəliyidir. Xəstəliyin isə səbəbini axtararlar, çarəsini taparlar. Yoxsa bir gün hamı bu xəstəliyə yoluxub bir-birinin qatilinə çevrilər.

KİŞİ (bıçağı, pivələri, bir də stulunu götürüb gəlir əyləşir kuklanın qənşərində).Tutaq ki, sən düz deyirsən? Bəyəm təkcə mənəm biganə? Milyonlarla adam bir-birinə biganədir. Biz bir-birimizin həyatına da, ölümünə də ömrümüz boyu biganəyik (pivənin birini yerə qoyur, o birisinin qapağını açıb içir) Bir qoyunun boğazını o biri qoyunun gözü qabağında (əliylə bıçağın hərəkətini göstərir) pıx-pıx eləyəndə cınqırını da çıxarmırİnsanlar da qoyunlar kimidir: gündə birini aparırlar, osa yaşamaqda davam edir, şükr etməkdə davam edir, axmaq-axmaq deyir ki, həyat davam eləyir, deyir ki, bugün nə yaxşı ki, növbədə mən deyiləm. Başını aşağı salıb növbəsini gözləyir. Gözləyir ki, həyat davam eləsin, ölümü gəlib çatsın. Biganə olmasan, yaşaya bilmirsən. Biganə olmasan, dəli olarsan. Biganə olmasan, gərək hər ölənlə öləsən. Biganə olmayanda, ürək partlayır. Bizsə ölmürük, yaşayırıq. Anladın kukla? Məgər mən həqiqəti söyləmirəm? Yoxsa sən bütün biganələrin başının üstünü beləcə kəsdirəcəksən? Sən qərar verəcəksən ki, biz yaşayaq, ya ölək?

KUKLA - Dedim axı, qərarı özünüz verəcəksiniz.

KİŞİ (pivə botılını dodaqlarından ayırıb). İndi nə deyirsən, mən gedim bir-bir qohumlarımın, dostlarımın qapısını döyüm ki, mən gəlmişəm? Mən onlara nə deyim? Deyim ki, mən sizlərə biganə deyiləm. Elə bilirsən, onların imkanı olacaq ki, mənimlə oturub danışsınlar? Buna nə onların hövsələsi çatacaq, nə mənim. Heç kəsin də həvəsi gəlməyəcək ki, əyləşib mənimlə söhbət eləsin. Uzağı yalandan gülümsəyəcək. Ya da hay-küyə basıb yalançı sevinc göstərəcək mənə...

KUKLA. Sən qapıları döy, açacaqlar. Bu şüşəni də at qırağa.

KİŞİ (pivə içir). Mən içirəm. İçki sadələşdirir, səni aldanışla barışdırır. Qədim bir filosof olub, Heraklit, deyib ki, doğularkən ölmüş uşaqdan xoşbəxti yoxdur. Ola bilsin nəyisə qarışdırıram (içir). Ola bilsin də nəyisə uydururam. Amma belə bir fikri o, demişdi.

KUKLA. Daha içmə.

KİŞİ. Sənə mane oluram.

KUKLA. Yox, filosofluq eləyirsən.

KİŞİ. Sən mənim dostumsan. Gəl, səni öpüm. (durub kuklanı öpür: hiss olunur ki, keflidir).

KUKLA (bir əli ilə onu itələyərək).Səndən araq iyi gəlir, paştet iyi gəlir.

KİŞİ - (təəccüb içində) Sən məgər iy bilirsən?

KUKLA. Bilməsəm də, təsəvvürümdə canlandırıram ki, qaz paştetinin qoxusu necə olur.

KİŞİ. Sən demək olar ki, yarımadamsam.

KUKLA. Mən sənəm.

KİŞİ (dilxor, şikayətlənirmiş kimi) Yenə başladı? Daha mənə bu barədə heç nə demə, yoxsa bu biri əlindəki ipi də kəsərəm.

KUKLA. (əlini ona sarı uzadaraq)Ala, tut, kəs.

KİŞİ (kuklanın əl-qolundan tutaraq). Hətta belə... Nə olar... Onda... həkim salam-məleykim (kuklanın digər əlindəki ipi və ya ipləri kəsir. Kuklanın bu əli də ləms olub yanına düşür)

KUKLA. Bitdi, qurtardı.

KİŞİ (pivədən içərək).Nə bitmək, nə qurtarmaq. Soyuducu dolu pivəm var, masanın üstündə də arağım. Bu gecə yaşayırıq (əhvalı yaxşıdır. Kuklanın qənşərindən durub masanın yanına gəlir. Araq süzür və qədəhi biruduma başına çəkir və üstündən pivələyir. Gülümsünür).Sabah nə olar, olar.Mən artıq bilirəm, sən kimsən.

KUKLA (artıq nə əlləri, nə ayaqlaı işləyir; yalnız qafası yuxarı ilə əlaqəlidir).Gözün aydın. Elə isə de görüm, mən kiməm?

KİŞİ (pivələyir). Qoy bir az da fikirləşim.

KUKLA. Daha fikirləşməyin bir xeyri yoxdur.

KİŞİ. Yəni deyirsən hazırlaşım? Əzrayıl gəldimi?

KUKLA. Yüz faiz. (Kişinin əhlikefliyinə reaksiya kimi)Sən hələ də şübhələnirsən?

KİŞİ. Artıq... yox (kuklanı dolamaq niyyətilə),şübhələnmirəm. Mən heç kəsə və heç nəyə inanmıram. Ona inanıram ki, biz hamımız təcrübə üçün laboratoriyada saxlanılan dovşanlarıq. (pivəni çəkir başına, bıçağı əlində tutub gəlir bayaq kuklanın qənşərində qoyduğu stula çıxır) Əlvida, əziz kukla, mən səndən imtina edirəm. Sən bugün məni boğaza yığdın... qoymadın ki... arağın dadını çıxarım... Qoymadın ki, İnternetdə qurdalanım.

KUKLA. Limit qurtarıb.

KİŞİ. Sənin özünün limiti qurtardı. Əlvida!

KUKLA. Axmaq, sən məndən imtina etmirsən, səndən imtina ediblər, mənim qərarımı gözləyirlər, bizi, bax, elə indicə görürlər. Unutma, bizim söhbətimizi bayaqdan bütün dünya izləyir. Bəs mən sənə demədimmi ki, bu, son şansdır, mən sənin son şansınam.

KİŞİ (çiyinlərini çəkib duruxur, üzü seyrçilərə). Bu nə danışır, hə? Görmür ki, mən başının üstündəyəm? (onun kəlləsindən tutur)Bəlkə sən mənimlə bir qədər lütfkar olasan.

KUKLA. Vaxt bitdi, sən artıq ölüsən.

KİŞİ. Onda məndən incimə (kuklanın qafa ipini də kəsir. Kuklanın başı çiyinlərinə düşür) İndi sən artıq mənim malımsan (stuldan yerə hoppanır, gəlib kuklanı dalına alır və getmək istəyəndə kuklanı göyə qaldırırlar. Elə bu an bilgisayar stolunun üstündən asılmış monitor işıqlanır, həmin kukla monitorda görünür. Kişi məəttəldir. Kukla monitordan ona hansı mesajları isə işarə ilə göndərir. Kişi heç nə anlamır və qəfildən)Mən bildim sən kimsən? Sən İnternet-adamsan, sən İnternet-hörümçəksən, sən İnternetin göndərdiyi xəyal-kuklasan. O, düz deyirdi: İnternet də elə nağıldı. Bu nağıl isə bizi aldatmaq üçündür. Ay, quluncum... bu ürəyimdəndi, yoxsa quluncumdan (bayaq yoqa ilə məşğul olduğu yerdə diz üstə düşür: ürəyini tutur)? Bu quluncdur, yoxsa ürək... (yıxılır, tərpənmir. Kukla monitorun içində xısın-xısın gülür)Yoxsa... (ingiliscə yavaşdan deyir) to be or not to be (ölür).

KUKLA (xısın-xısın gülərək göz vurdu). Koronavirus...

SON

P.S. “Tubinot” pyesi 2013-cü ildə “Azərbaycan” jurnalının 4-cü sayında ilk dəfə dərc edilib: indisə azacıq redaktə ilə oxuculara təqdim olunur.


Oxunma sayı: 689

Yazar haqqında