Şahid Nadimin Beynəlxalq Teatr Günü ilə bağlı müraciəti

  • 27 Mar - 2020

“Teatr məbəd kimi”

 

“Teatro.az” sənət portalı Pakistan dramaturqu Şahid Nadimin Beynəlxalq Teatr Günü ilə bağlı teatr ictimaiyyətinə ünvanlandığı müraciəti təqdim edir.

Dünya Teatr Günü, hər il martın 27-də dünya səviyyəsində qeyd edilir. Bu əlamətdar gün UNESCO yanında Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilən IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub. 

Hər il Dünya Teatr Günü münasibəti ilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan və ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibəti ilə müraciət məktubu göndərən fransalı yazıçı Jan Kokto olub. Sonrakı illərdə Auqusto Boal, Cudi Denç, Piter Bruk, Anatoli Vasilyev kimi teatr xadimləri yazıb. Bu il isə yazıçı və aktivist Şahid Nadim Beynəlxalq Teatr İnstitutu tərəfindən 2020-ci il Dünya Teatr Günü üçün yazılacaq müraciətin müəllifi seçilib. 

Pakistanın tanınmış dramaturqu və Ayoka Teatrının rəhbəri Şahid Nadim 1947-ci ildə Kəşmirin Sopor şəhərində anadan olub. 1948-ci ildə Hindistan və Pakistan arasında başlayan müharibədən sonra ailəsi yeni yaradılan Pakistana köçmək məcburiyyətində qalıb. İlk pyesini tələbəlik illərində yazsa da,  bir dramaturq kimi formalaşması Londonda siyasi mühacirətdə olduğu zaman baş verib. Sonralar həyat yoldaşı Madeeha Gauhar tərəfindən qurulan Pakistanın dissident teatr qrupu Ayokada çıxış edib. Şahid Nadim Pəncabda və Urduda 50-dən çox orijinal pyes yazmış və Brextin bir neçə pyesini səhnələşdirib.

Pyesləri ingilis dilinə tərcümə edilib və Oxford University Press, Nick Hern Publishers və bir neçə nəşriyyat tərəfindən antologiyada nəşr etdirilib. O, 2009-cu ildə Pakistan Prezidentinin "Pride of Performance" medalı ilə təltif edilib. Şahid Nadim teatr və televiziyada bir çox layihələrə rəhbərlik edib, Hindistanda və Pakistanda Sülh Festivalı təşkil edib.     

Şahid Nadimin pyesləri dini ekstremizm, qadınlara qarşı zorakılıq, azlıqlara qarşı ayrıseçkilik, ifadə azadlığı, iqlim, sülh və təsəvvüf kimi mövzulara toxunduğuna görə yaxşı qarşılanır. Bir sıra pyesləri Cənubi Asiyanın bölüşdürülməsi və bölgənin mədəni irsinə dair məsələlərə toxunur. Əyləncəli və intellektual bir tamaşa təqdim etmək üçün müasir, ictimai və siyasi mövzuları ənənəvi formalar və folklor irsi ilə ustalıqla birləşdirir. Musiqi onun teatr yaradıcılığının ayrılmaz hissəsidir. Ayoka İncəsənət İnstitutu və Lahor İncəsənət və Mədəniyyət İnstitutunda yazı sənətindən dərs deyir.

 

2020-ci il üçün Dünya Teatr Günü ilə bağlı müraciət

 

2020-ci il üçün Dünya Teatr Günü müraciətini yazmaq mənim üçün böyük şərəfdir. Eyni zamanda, Pakistanın özü və Pakistan teatrı indiki dövrün ən nüfuzlu və tanınmış təşkilatı olan Beynəlxalq Teatr İnstitutu (İTİ) tərəfindən qəbul edilməsi həyəcanverici hissdir. Bu şərəf həmçinin iki il öncə vəfat edən həyat yoldaşım, teatr xadimi və Ayoka Teatrının qurucusu Madeeha Gauharın (Mədihə Gövhər) da haqqıdır. Ayoka komandası, sözün əsa mənasında, “Küçə”dən “Teatr”a kimi uzun və çətin bir yol keçib. Amma mən əminəm ki, bir çox teatr kollektivlərinin taleyi məhz belə olub. Teatr fəaliyyəti heç vaxt asan və hamar yolla getmir. Həmişə mübarizə aparmaq lazım gəlir. 

Mən bir neçə hərbi diktaturanı, dini ekstremistlərin dəhşətli hücumlarını və minlərlə illik tarix və irsimizi bölüşdüyümüz qonşu Hindistanla üç müharibəni görən müsəlman ölkəsindənəm. Bu gün biz hələ də qardaş qonşumuzla müharibənin, hətta nüvə müharibəsinin qorxusunu yaşayırıq, çünki hər iki ölkənin nüvə silahı var.

Bəzən zarafatca deyirik ki, “pis zəmanə teatr üçün fürsətdir”. Daha bizim qarşılaşılacaq heç bir çətinliyimiz, açıqlanacaq ziddiyət və pozulacaq vəziyyətimiz qalmayıb. Ayoka Teatr qrupumla mən 36 ildir bir ipin üstündə gəzirik və bu ip çox tarım çəkilib: əyləncə və təhsil, keçmişlə gələcək, azad yaradıcı ruh ilə avtoritar təzyiqlər, sosial mövzularla məşğul olan və kommersiyateatrı, kütləvi maraqlara cavab vermək və avanqard istiqamət arasında olan müvazinəti qorumuşuq. Bundan sonra rahat demək olar ki, teatrla məşğul olan adam gərək sehrbaz, ovsunçu olsun.

Pakistanda Sekulyar və Dini sənət arasında bariz görünən ayrılıq mövcuddur. Sekulyarlar üçün dini məsəslələrlə bağlı heç bir sualı yoxdur, Müqəddəslər üçün isə açıq müzakirə və ya yeni fikirlər mümkün deyil. Əslində, mühafizəkar hakimiyyət quruluşu mədəniyyət və incəsənəti öz “müqəddəs oyunlar”ından kənarda saxlayır. Ona görə də sənətçilər üçün səhnəyə çıxmaq maneəli qaçış yarışına dönür. Əvvəlcə, yaxşı müsəlman və vətəndaş kimi etimad qazanmalı və rəqs, musiqi və teatra İslamda “icazə verildiyini” sübut etməyə çalışmalıdırlar. Rəqs, teatr və musiqi ünsürlərinin gündəlik həyatlarında kifayət qədər yer almasına baxmayaraq, çox sayda müsəlman teatr sənətini qəbul etməkdən çəkinir. Biz də Sekulyar və Din tərəfdarlarını eyni səhnədə birləşdirmək potensialına malik submədəniyyət mərhələsində büdrədik.

Ayoka Teatrı 1980-ci illərdə Pakistanda hərbi rejim zamanı sosial və siyasi teatr vasitəsilə diktaturaya qarşı mübarizə aparan bir qrup gənc sənətçilər tərəfindən quruldu. Duyğularının, qəzəblərinin, əzablarının 300 il əvvəl yaşamış bir sufi ozanı tərəfindən heyrətamiz şəkildə ifadə olunduğunu aşkar etdilər. Bu böyük sufi şairi Bulleh Şah idi. Ayoka, onun poeziyası vasitəsilə siyasi mesajlar verməyə qadir olduğunu, korrupsiyalaşmış siyasi rejimə və dini quruluşa meydan oxuya biləcəyini kəşf etdi. 

Hakimiyyət bizə qadağa qoya və ya bizim fəaliyyətimizi dayandıra bilərdi, amma Bulleh Şah kimi tanınmış şairə qarşı bunu edə bilməzdi. Biz onun həyatında poeziyasındakı kimi dramatik və radikal məqamlar aşkarladıq, çünki həyatı boyu fətva və sürgünlərə tuş gəlmişdi. Sonra mən Bulleh Şahın həyatı və mübarizəsindən bəhs edən “Bulha” pyesini yazdım. Bulha, Cənubi Asiya xalqları tərəfindən məhəbbətlə xatırlanan, poeziya və praktikası ilə padşahların avtoritarlığına və ruhani demaqoqlara cəsarətlə etiraz edən Pəncab sufi şairlərinin ənənələrindən təsirlənmişdi. Onlar sadə dil ilə xalqın istəklərindən yazırdılar. Musiqi və rəqsdə dinin istismarçı elementlərini gözardı edərək İnsan və Tanrı arasında birbaşa əlaqə qurmağın yollarını kəşf etmişdilər. Cinsi və sinfi bölgüyə qarşı çıxaraq, planetimizə Allahın təzahürü kimi baxırdılar. Lahor İncəsənət Şurası əsərimin pyesə yox, tərcümeyi-hala bənzədiyi üçün onu rədd etdi. Lakin tamaşanı başqa bir məkanda – Göte İnstitutunda nümayiş etdirdikdə tamaşaçılar şairin həyat və poeziyasındakı simvolikliyi gördülər, başa düşdülər və bəyəndilər. Tamaşaçılar hadisələri öz zamanı və həyatı ilə eyniləşdirdi, paralellər apardı. 

2001-ci ilin həmin günü teatrın yeni bir növü doğuldu. Qəvvali musiqisi, Sufi Dhamal rəqsi, ruhlandırıcı şeir qiraəti və meditativ Zikr tamaşanın bir parçası oldu. Pəncab konfransında iştirak etmək üçün şəhərə gələn və pyesi görmək üçün içəri girən bir qrup Sikh (dini toplum) icması tamaşanın sonunda səhnəyə çıxaraq aktyorları qucaqlayıb öpdü və ağladı. 1947-ci ildə Hindistandan ayrılmadan sonra onlar ilk dəfə idi ki, müsəlman pəncablılarla eyni səhnəni bölüşürdülər. Bulleh Şah onlar üçün müsəlman pəncablılar qədər dəyərli idi. 

Bu unudulmaz premyera Bulleh Şahı hind Odisseyinə çevirdi. Pəncabın Hindistana aid hissəsindən bir tur kimi başlayan, “Bulha” Hindistanı uzununa, eninə gəzdi, iki ölkə arasındakı ən ağır, gərgin məqamlarda, tamaşaçıların bir kəlmə bilmədikləri yerlərdə belə səsləndirildi. Siyasi dialoq və diplomatiya qapıları bir-bir bağlandığı zaman teatr binalarının qapıları və hind xalqının qəlbləri geniş açılmışdı. 2004-cü ildə Pəncabın Hindistan hissəsində qastrol səfərində olan Ayokanın minlərlə seyrçinin izlədiyi tamaşadan sonra yaşlı bir adam sufi rolunu oynayan aktyorun yanına yaxınlaşdı. Yaşlı kişinin yanında gənc oğlan da var idi. Yaşlı qoca “Mənim nəvəm xəstədir, xahiş edirəm ona yardım edin” - dedi. Aktyor bundan təəccüblənərək cavabında “Mən Bulleh Şah deyiləm, sadəcə, onu canlandıran aktyoram” dedi. Kişi isə bunu eşidərək ağladı və “Xahiş edirəm, nəvəmə kömək edin, bilirəm ki, sağaldacaqsınız” dedi. Aktyora məsləhət gördük ki, qocanın arzusunu yerinə yetirsin və o, da qocaya xeyir-dua verdi. Qoca bundan təsirləndi və aktyora “Oğul, sən aktyor deyilsən, sən onun reinkarnasiyasısan, onun avatarısan” dedi. Elə bu an bizdə aktyorun obrazın reinkarnasiyası olmasına söykənən yeni bir teatr, aktyor oyunu ideyası yarandı. 

“Bulha” ilə 18 illik səfərimizdə seyrçilərin reaksiyasından tamaşanın sadəcə əyləncəli və intellektual yox, həmçinin ruhu canlandıran bir təcrübə olduğunu anladıq. Əslində, Bulleh Şah rolunu canlandıran aktyor bu təcrübədən o qədər təsirlənmişdi ki, özü də sufi şairi oldu və o vaxtdan bəri iki şeir toplusu nəşr etdirdi. Tamaşada iştirak edən aktyorlar tamaşa zamanı şairin ruhunun onların arasında olduğunu hiss etdilər və səhnənin daha ilahi mərhələyə qalxdığını gördülər. Hindistanlı bir alim tamaşa haqqında yazısına belə bir başlıq qoymuşdu: “Teatr məbədə çevrilərkən”.

Mən dünyəvi insanam və təsəvvüfə olan marağım sadəcə Pəncab Sufi şairlərinin sənət və ifaçılıq aspektindəndir, lakin tamaşaçılarımın arasında ekstremist olmayan, səmimi dini inancı olanlar da var. Bütün dünya mədəniyyətində Bulleh Şahın hekayələri kimi mədəni irsi öyrənərkən biz, teatr sənətçiləri və bu irsdən bixəbər, amma həvəsi olan tamaşaçılar arasında körpü yarada bilərik. Bir yerdə biz teatrın mənəvi sərhədlərini kəşf edə, keçmişlə indiki zaman arasında, bütün ictimai təbəqələrin – inanclı və inancsızlar, aktyorlar, yaşlı adamlar və onların nəvələri arasında körpülər qura bilərik. 

Bulleh Şahın hekayəsini bölüşməyimin və bir növ, sufi teatrını araşdırmağımın səbəbi odur ki, biz çox vaxt nümayiş zamanı öz teatr fəlsəfəmizə, ideyamıza qapılır və kütlənin böyük bir hissəsini nəzərə almırıq.  Bu günün problemləri ilə məşğul olduğumuz zaman, teatrın bizə verəcəyi mənəvi təcrübənin faydalarından məhrum oluruq.Nifrətin, zorakılığın getdikcə artdığı günümüzdə millətlər millətlərə qarşı döyüşür, möminlər digər möminlərlə mübarizə aparır və icmalar bir-birinə nifrət bəsləyirlər... və bu zaman uşaqlar ya yetərli qidalanmama səbəbilə, ya da anaların doğuş zamanı vaxtında tibbi yardım almaması səbəbindən ölürlər. Planetimiz daha dərin bir iqlim fəlakətinə sürüklənir və artıq qiyamət atlarının dırnaq səslərini eşitmək olur. Laqeydlik, apatiya, bədbinlik, acgözlük və ən əsası yaşadığımız dünyaya, yaşadığımız planetə edilən hörmətsizliklə mübarizə aparmalıyıq.Teatrın uçurumda olan insanı ayağa qaldırmaq üçün onu səfərbər etmək və hərəkətə keçirmək kimi şərəfli bir missiyası var. O, səhnəni, teatr məkanını müqəddəs bir mərhələyə qaldıra bilər. 

Cənubi Asiyada aktyorlar səhnəyə çıxmazdan öncə hörmət əlaməti olaraq, yerə toxunurlar, bu, mənəviyyat və mədəniyyətin bir-birinə qarışdığı qədim ənənədir. Sənətçi və tamaşaçı, keçmiş və gələcək arasındakı simbiotik əlaqəni yenidən qazanmağın zamanı gəlib. Teatrla məşğul olmaq yenidən müqəddəs əmələ çevrilə bilər və aktyorlar, həqiqətən də, canlandırdığı obrazın avatarına çevrilmək imkanı əldə edə bilərlər. Teatr məbədə, məbəd isə teatr məkanına çevrilə bilmə potensialına malikdir.

 

Tərcümə: Emin Əliyev


Oxunma sayı: 364

Yazar haqqında