Mən dəliyəm, sən dəlisən, kim dəli?... - Həmidə Nizamiqızı

  • 07 Mar - 2020

Kim boynuna alar ki? İndi kimə dəli olduğunu sübut edə bilərsən? Bir də ki bu dəlilik siz deyəndən yox, böyük Mirzəni dərdə salan mərəzdəndir. Səbəbi də odur ki, biz elə haman adamlarıq – ağıllını dəli edib çöllərə salarıq, dəlini də...  Əlqərəz, uzatmadan keçək mətləbə.

Fevralın 15-də Dövlət  Gənc Tamaşaçılar Teatrında Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” əsəri əsasında hazırlanan eyniadlı ikihissəli komediyanın premyerası oldu. Xalq artisti Cənnət Səlimovanın quruluş verdiyi tamaşa ədibin 150 illik yubileyi münasibətilə hazırlanıb.

Əsərin səhnə redaksiyasının müəllifi İlqar Fəhmi, rejissoru Gülnar Hacıyeva, quruluşçu rəssamı Telman Şıxıyev, bəstəkarı Firudin Allahverdidir. Rolları Xalq artisti Yasin Qarayev (Hacı Nayib), əməkdar artistlər Şövqi Hüseynov (Fazil Küleyni), Nofəl Vəliyev (Molla Abbas), aktyorlar Aygün Fətullayeva (Pırpız Sona), Elşən Hacıbabayev (Fərraş Şimrəli), Anar Seyfullayev (Doktor Lalbyuz) və başqaları ifa edirlər. Teatrın truppasına daxil olan yaşlı, orta və cavan nəsil təmsilçilərinin yer aldığı tamaşada seçkin aktyor ansamblı diqqəti çəkirdi.

Gələk məşhur əsərin yeni səhnə redaksiyası və səhnə yozumuna.

İstedadlı dramaturq, maraqlı kinossenari və pyeslər müəllifi İlqar Fəhmi bu dəfə bizə tamam-kamal başqa, daha doğrusu, Mirzə Cəlilin “Dəli yığıncağı”ndan qəlpələrlə bir yığıncağı təqdim edir. Beləcə, əsərin ümumi ideyası, daha doğrusu, onun qaldırdığı əsas problematikadan yox, ayrı bir məqamdan bəhs edir. Tamaşanın hər iki hissəsində qəzəl, şeir məclisi, meyxana, bədiiyə davamlı ön planda oldu. Sufizm, hürufilik, insanın daxili-psixoloji özünüifadə manevrləri bu “Dəli yığıncağı”nı tam başqa məcraya yönəltdi. Biz artıq Mirzə Cəlilin təsvir etdiyi əbləh cəmiyyətin dəli dediyi ağıllıların düşdüyü vəziyyəti yox, onların çərçivəsindəki dəliliklə ağıllılıq arasında məngənədə sıxışdıq. Təbii ki, bunu izləmək üçün mütləq şəkildə məsələnin mahiyyətindəki psixoloji (amma Mirzə Cəlil üçün bu elə də vacib deyildi) təzadı duyacaq gücdə olmalısan. Əks halda nə xurafatın, nə yalançı əxlaqın, nə də çirkaba bulaşmış ideyaların dağıntıları altından çıxa bilməzsən. Bu məsələnin birinci tərəfi.

Bu yanaşmanın səhnə təsviri də sıradan tamaşaçıya hesablanmayıb. Xüsusən oyun içində səpələnmiş ümumi ideyanın son səhnələrdəki sürətli yığışdırılma cəhdləri baxımından. Təbii ki, bir quruluş ansamblı, ideyaya hesablanmış səliqəli həll, ümumi atmosferi qorumağa çalısan biçimli yanaşma var idi.

Xüsusən aktyorla iş baxımından hər zaman seçkin üslub sərgiləyən quruluş müəllifi böyük aktyor heyəti içərisində səhnədə olan bütün ifaçıları – rolunun yükündən asılı olmayaraq – bir-bir tamaşaçıya göstərdi. Aktyora öz məharətini göstərmək, bir növ, çoxluq içindən seçilmək impulslarını verib, tamaşaçının önünə atdı. Onlardan özünü tapanlar da oldu, itib-batanlar da...

Quruluşçu rəssam işi də tamaşanın ilkin təsir gücünü qüvvətləndirməyə, dağılmış, özündən qopmuş cəmiyyət və onun fərdlərinin həyat və ruh halını göstərməyə çalışırdı.  Xüsusən zamanın ağır yükü qarşısında geri qalan cəmiyyəti, qaranlıqda öz dünyalarının işığına qovuşmağa çalışan divanələri, xurafatın buxovunda çürüyən mənəvi məhkumları ifadə edə bilirdi. Sadəcə, ara-sıra arxa fondakı ekranda hərəkət edən təsvirlərlə funksional konstruksiyalar arasında rabitə təmin olunmamışdı. Led ekran səhnənin geyimini – divar üzərində absurd-abstrakt  təsvirlərin əks olunduğu qrafik işi görünməz edirdi. Bununla belə, zaman və məkan arasındakı rabitəyə cəhd olan saat-ev, onun hər saatbaşı “pul” deyə bağıran adambaşlı xəbərçisi (ququ quşu), ağıllıların dünyasından qaçmaq üçün azadələrin toplaşıb getdiyi parovozabənzər miniklər tərtibatçı rəssamın gərgin əməyini nümayiş etdirirdi.

Aktyor oyunu, Hacı Nayibin hər replikasındakı Gubrnatır (qubernator) işarəsi, Doktor Lalbyuzun gözəgörünməz olmaq arzusu, Fərraş Şimrəlinin obrazının qışqırmaq funksiyasına köklənmələrini nəzərə almasaq, baxımlı idi. Xüsusən Molla Abbas yeni redaktənin fəlsəfi yükünü ustalıqla çəkməklə ümumilikdə istər tamaşada dəlilərin, istərsə də səhnədəki tərəf-müqabillərinin ümumi oyun səliqə-sahmanına tam nəzarət edə bildi.

Tamaşanın Fazil Küleynisi Şövqi Hüseynova gəlincə, o, bizə bütün mizanlarda qəhrəmanına hakim bir aktyor oyunu təqdim etdi. Tamaşaçı onun Küleynisinə nə əbləh, nə əxlaqsız, nə də vicdansız təyini edə bilmirdi. Təbii ki, bunun da əsas səbəbi onun bu üç vacib və digər köməkçi elementləri oyununa nüfuz etdirə bilməsində idi.

Aygün Fətullayevanın Pırpız Sonası o qədər məsum və real idi ki, tamaşaçı onun oyun plastikasından səs tembrinədək bütün xırda işləmələrini sezə bilirdi.

Ümumilikdə əsərin dəli damğalı gəncləri – Hilal Dəmirov (Farmasyon Rüstəm), Mirsənan Kazımlı (Sərsəm Əhməd), Elgün Yəhyayev (Həmzad Qurban), Mətləb Abuşov (Cinni Mustafa), Xaliq Bəkirov (Bədbəxt Kəndirbaz) və Natiq Fərzəliyev (Dəli Rəssam) çalarlı, dinamik, baxımlı və təsirli oyun sərgilədilər. Onlar öz qəhrəmanlarının düşdüyü vəziyyətin  fiziki-psixoloji yükünü ustalıqla tamaşaçıya ötürməyi bacardılar.

Yuxarıda da qeyd etdiyimiz kimi, aktyorlarına obrazları çərçivəsində manevr imkanları verən və onlarla davamlı işini təsvir detallarında da göstərən quruluş müəllifi sona qədər dinamikanı saxlamağa nail oldu. Bu oyunun xarakterik keyfiyyətini artıran bir məqam da mükəmməl musiqi həlli idi. Firudin Allahverdinin istər keçid, istərsə də final musiqiləri ümumi vəziyyətin tempinə xidmət etməklə yanaşı, qulağa yatımlı idi. Beləcə, tamaşaçı oyundan, dramaturji materialdan sapmadan, elə həm də vəziyyətin musiqili təsvir mexanizmlərinin işlək olduğu mənzərə ilə üz-üzə qalırdı.


Oxunma sayı: 193

Yazar haqqında