Tamaşaçılar koronavirus qorxusuna düşdülər - Dünya teatrından xəbərlər

  • 05 Mar - 2020

Dünya Teatr Günü ilə bağlı müraciət məktubunun müəllifi açıqlanıb

(Pakistan)

Yazıçı və aktivist Şahid Nadim Beynəlxalq Teatr İnstitutu tərəfindən 2020-ci il Dünya Teatr Günü üçün yazılacaq müraciətin müəllifi seçilib. 

Ümumdünya Teatr Günü, hər il martın 27-də dünya səviyyəsində qeyd edilir. Bu əlamətdar gün UNESCO yanında Beynəlxalq Teatr İnstitutunun 1961-ci ildə Vyanada keçirilmiş IX konqresində qəbul edilmiş qərara əsasən təsis olunub. 

Hər il Beynəlxalq Teatr Günü münasibəti ilə nüfuzlu incəsənət xadimləri dünya ictimaiyyətinə müraciət edirlər. Bu ənənənin əsasını qoyan və ilk dəfə dünya ictimaiyyətinə Teatr Günü münasibəti ilə müraciət məktubu göndərən fransalı yazıçı Jan Kokto olub. Sonrakı illərdə Auqusto Boal, Cudi Denç, Piter Bruk, Anatoli Vasilyev kimi teatr xadimləri yazıb. Bu il isə teatrsevərlər Dünya Teatr Günü ilə bağlı Şahid Nadimin müraciət məktubu ilə tanış olacaq. 

Lahorun qabaqcıl Ajoka Teatrının direktoru və Pakistan Televiziya Akademiyasının direktoru Nadim, 1980-ci illərdə Pakistanda hərbi idarəçiliyə qarşı çıxdığı üçün həbs edilib. Londonda siyasi mühacirətdə olduğu zaman özünü dramaturq kimi sınayan Nadim İngiltərədə Amnesty İnternational təşkilatında çalışıb. Brextin adaptasiyaları üzərində işləməklə yanaşı, Pəncab və Urduda 50-dən çox pyes yazıb. 

Avropanın mədəniyyət paytaxtları tədbirlərə başladı

(Xorvatiya/İrlandiya)

Qalvey və Rijekada başlamış “Avropa Mədəniyyət Paytaxtı 2020” proqramı İrlandiya və Xorvatiyada davam etməkdədir. “Qoy sehirli olsun” şüarı ilə Qalvey həm Avropa, həm də beynəlxalq səviyyədə dil, torpaq və miqrasiya mövzularını araşdırır. Bu tədbirlərə mayda keçiriləcək Qalvey Teatr Festivalı və İrlandiyanın ən məşhur birpərdəli pyeslərinin yer aldığı “Drud” Teatrının Qalvey səfəri daxildir. 

Rijeka isə “Müxtəliflik limanı” adlı şüarla su, iş, miqrasiya kimi problemlərə həm şəxsi, həm də qlobal aspektdə toxunub. Burada Belçikanın “Needcompany” teatrının 3 şousunun nümayiş olunacağı mini-festival da nəzərdə tutulub. 

Teatrı dəyişmək üçün hökumətin mədəni komissiyaları

(Səudiyyə Ərəbistanı)

Səudiyyə Ərəbistanının Mədəniyyət Nazirliyi bu günlərdə teatr və performans sənəti, musiqi, film, təsviri sənət və ədəbiyyat da daxil olmaqla 11 sektoru yeniləmək üçün “mədəniyyət komissiyaları” yaradıb. Bu komissiyalar Səudiyyə Ərəbistanının mədəniyyət sektorunu zənginləşdirməyə yönəlmiş “King Abdulaziz Center for World Culture”, “Media City in Riyad” kimi sənət festivallarını əhatə edən “Vision 2030” proqramının tərkib hissəsidir.

Tamaşaçılar koronavirus qorxusuna düşdülər

(Sinqapur)

Sinqapurdakı teatr şirkətləri koronavirus nəticəsində izləyicilərin azalmasına reaksiya olaraq biletlərin qiymətinə endirimlər tətbiq ediblər. Wild Rice, Pangdemonium and Singapore Repertory Teatrı "The Importance of Being Earnest", "The Son or The Lifespan of a Fact" tamaşalarına bilet alan tamaşaçılar üçün digər iki tamaşaya 15 faizlik endirim ediblər. Hökumətin mühüm olmayan hadisələrin təxirə salınması və ya ehtiyat tədbirlərinin görülməsi barədə verdiyi tövsiyələrdən sonra bir sıra teatrlar tamaşaların ləğv edilməsinə üstünlük veriblər.

London Beynəlxalq Teatr Festivalı - 25 

(Böyük Britaniya)

Greenwich və Docklands Beynəlxalq Festivalı 25-ci ildönümünü qeyd edir. Festival, nəhəng asılmış “dreamcatcher”, hava performansı və 360 dərəcəlik pirotexnikadan istifadə edən İngiltərədəki fransız performans şirkəti Gratte Cielin şousunun premyerası ilə açılacaq. Digər tamaşalar arasında Booker mükafatı sahibi, Woolwich laureatı Bernardine Evaristo və “RevolYOUtion London”un yaradıcısı şair Rasheeda Page-Muirin kuratorluğunu etdiyi Wulwich icmasının və mədəniyyət qruplarının performansları da yer alır. İki həftəlik teatr, rəqs və installyasiyalar üzrə beynəlxalq və milli proqram 19 iyun - 4 iyul tarixlərində davam edəcək.

Laqosda yeni teatr məkanları artır

(Nigeriya)

Laqosda bir sıra yeni teatr məkanları inşa edilməkdədir. Şəhərin fərqli yerlərində tikilən dörd teatr hökumətin turizmi mərkəzdən uzaqlaşdırmaq planının bir hissəsidir. Teatrlar Laqosda yerləşən Nigeriya incəsənət mərkəzi olan “Terra” Studiyasının himayəsi altındadır. Bu teatr məkanarı “əyləncə, sənəti təbliğ etmək və dövlətə gəlir gətirmək”, habelə yeni istedadları kəşf etmək adı altında inşa olunur.

Rəqəmsal teatrla bağlı beynəlxalq vörkşop keçiriləcək

(Gürcüstan)

Tbilisidə rəqəmsal teatr mövzusunda vörkşop keçiriləcək. Rəqəmsallıq son dövrlərdə bütün fəaliyyət sahələrində olduğu kimi, incəsənətdə, o cümlədən teatr sənətində də aktuallıq qazanıb. 

Rəqəmsal sənət rəqəmsal dövrün yaratdığı sənətdir.  Buna rəssamlıqda video-installyasiyalar, musiqidə elektronik musiqi, ədəbiyyatda sözün hipertekstə çevrilməsi kimi çox sayda misal çəkmək olar. 

Son illərdə bu terminin aktuallaşmasına əsas səbəb, texnologiyanın indiyə qədər öz mühafizəkarlığını qorumuş iki sənət növü - rəssamlıq və teatra kütləvi şəkildə  daxil olması ilə bağlıdır. Süni intellektin sənətə qoşulması (generative art) müzakirələri və hüdudları genişləndirib. Artıq kompüterlərin süni intellekt vasitəsilə əsərlər yaratması dünyada adi hala çevrilib. 

Rəqəmsal teatr teatr mütəxəssislərinin, kütləvi tamaşaçıların, o cümlədən müxtəlif beynəlxalq mədəniyyət təşkilatlarının diqqət mərkəzindədir. 

1998-ci ildən fəaliyyət göstərən, yaradıcılıq, innovasiya və əməkdaşlıq platforması olan Avropa Teatr Konvensiyası də bu mövzuya biganə qalmayıb. Sözügüdən təşkilat rəqəmsal teatrı əhatə edən bir neçə irimiqyaslı layihə həyata keçirib. 

Avropa Teatr Konvensiyasının bu dəfəki layihəsi rəqəmsal teatrla bağlı beynəlxalq vörkşopdan ibarətdir. Avropa Teatr Konvensiyası (ETC) və Kote Marcanaşvili adına Gürcüstan Dövlət Dram Teatrı 22-23 aprel 2020-ci il tarixlərində Avropa Teatr Konvensiyası Şəbəkəsinin texniki və bədii heyəti ilə birgə bədii və tətbiqi vörkşop keçirəcək. 

Tədbirdə prodüser, yazıçı və yaradıcı koder Nils Korte və Teatr və Rəqəmsallıq Akademiyasının video sənətçisi Mario Simon iştirak edəcək. Avropa Teatr Konvensiyası vörkşopa qatılmaq üçün 9 səyahət qrantı ayırıb. “Uzaq fəza teatrla görüşür” sərlövhəsi ilə keçirilən vörkşop “Teatral kontekstdə dərin məkan tətbiqinin bədii imkanları və texniki çətinlikləri nələrdir?” “Teatr uzaq fəzanı performans daxilində necə immersiv səhnə kimi istifadə edə bilər?” – kimi suallar ətrafında qurulacaq.


Oxunma sayı: 319

Yazar haqqında