Çingiz Aytmatovun “Cəmilə” əsəri Akademik Musiqili Teatrda...

  • 14 Fev - 2020

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun “Cəmilə” povesti əsasında hazırlanan eyniadlı tamaşanın məşqlərinə başlanmışdır.

Rejissor Anar Babalının quruluşunda​ gənc yazar Cavid Zeynallının səhnələşdirdiyi​ ​bu əsərin ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru​ Əliqismət Lalayevdir. Ə.Lalayev bizimlə söhbətində bildirdi ki, o, hələ ötən il​ Qırğızıstanın Oş şəhərində keçirilən VII Beynəlxalq "ART – ORDO-2019” Teatr Festivalı çərçivəsində TURKSOY-a üzv ölkələrin teatr direktorları şurasının toplantısında iştirak edərkən “Cəmilə” tamaşasının bəzi məqamları ilə bağlı qırğızıstanlı həmkarları ilə müzakirələr aparmış və bu əsərin Azərbaycan Dövlət Akademik Musiqili Teatrında uğurlu səhnə həlli tapacağı qənaətinə gəlmişdir.

“Realizm və romantizm elementlərinin birləşdiyi səhnə əsərinin süjet xəttində sadə insanın gözü ilə ümumbəşəri problemlərə zərgər dəqiqliyi ilə​ yanaşılır. Cəmilə adlı bir gənc qadının yaşantıları fonunda əslində Böyük Vətən Müharibəsi illərində qırğız aulunda arxa cəbhədə cərəyan edən hadisələrdən doğan bir çox  həqiqətlər, çətinliklər tam çılpaqlığı​ və mürəkkəbliyi ilə göstərilir”,  – deyə Ə.Lalayev tamaşanın ideya istiqaməti barədə fikirlərini belə bildirmişdir.

Quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysterləri – Əməkdar artistlər​ Zakir ​ və Yelena Ağayevlər, musiqi tərtibatıçısı Atabəy İsmayılov, geyim üzrə rəssamı Yelena Almazova, rejissor assistenti ​ Elməddin Dadaşov olan tamaşada rolları Əməkdar artistlər – Əzizağa Əzizov, İqrar Salamov, Almaz Ələsgərova, aktyorlar – Gülnarə Abdullayeva, Mehriban Zaliyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasiyev, Əmrah Dadaşov, Nicat Əli, Emin Zeynallı, Şaban Cəfərov, Hidayət Əliyev,  Ruslan Mürsəlov, Zaur Əliyev və İbrahim Əlizadə ifa edəcəklər. 

Balet və xor artistlərinin də iştirak edəcəyi səhnə əsərində qırğızların milli musiqi aləti – Qomuz vasitəsilə həmin xalqa məxsus etnik musiqilər  səsləndiriləcək.


Oxunma sayı: 335

Yazar haqqında