Kirill Serebrennikov: Bu gün teatr televiziya ilə yox, telefonla rəqabət aparır

  • 06 Fev - 2020

"Teatro.az" sənət portalı Rusiyanın tanınmış teatr, kino və televiziya rejissoru Kirill Serebrennikovun yəhudi jurnalist Maşa Xiniçə verdiyi müsahibəni təqdim edir. 

Kirill Semyonoviç Serebrennikov 2012-ci ildən Moskvanın məşhur teatrlarından olan “Qoqol mərkəzi”nə rəhbərlik edir. 1990-cı ildən teatrla, 1998-ci ildən isə kino ilə professional şəkildə məşğul olur. O altı bədii, bir sənədli filmi və üç serial çəkib. Serebrennikovun siyasi görüşü liberaldır, rus məmurlarına qarşı tənqidi fikirlər səsləndirir. 

2017-ci ildə Serebrennikov külli miqdarda pul mənimsəməkdə günahkar bilinərək ev dustaqlığına salınmış, məhkəmə prosesi Rusiyada və xaricdə böyük səs-küyə səbəb olmuşdu. 8 aprel 2019-cu il tarixində Moskva Şəhər Məhkəməsi onun ev dustaqlığı cəzasını ləğv edərək, ölkədən çıxış qadağası ilə əvəzləyib. “TEFİ”, “Kinotavr”, “Qızıl maska”, “Nika” kimi bir çox mükafatların laureatıdır. Fransız ədəbiyyat və incəsənət komandoru ordeninə layiq görülüb.    

 

 

Kirill, sabahınız xeyir. İcazənizlə əvvəlcə sizi Avinyon festivalında nümayiş olunan “Outside”/”Bayırdan” tamaşanızın uğuruna və Fransa Paris-Narter universitetinin fəxri doktoru adını almağınıza görə təbrik edim. Sizin 2010-cu ildə Riqa Milli Teatrında quruluş verdiyiniz “Ölü canlar” tamaşası da əvvəl N.E.T-də sonra bu festivalda göstərilmişdi. Daha sonra Briçka Çiçikova Moskvaya gəldi, “Qoqol Mərkəzi”ndə peyda oldu, 2014-cü ildə sizin “Ölü canlar” tamaşanız nümayiş olundu, həmin ili “Qoqol mərkəzi” öz yaradıcılığının bir illiyini qeyd etdi. Aydındır ki, dörd il ərzində həmin tamaşa başqalaşıb. “2019-cu il” versiyasında yeni nə var? O yenə də dəyişibmi?

- Bu günümüz 2014-cü ildən nə qədər fərqlənirsə, 2019-cu ilin tamaşası da 2014-cü il tamaşasından o qədər fərqlənir. İnsanlar dəyişib, hər şeydən öncə bu gün o tamaşaya baxan publika dəyişib. Bu əsər böyük klassikadır, burada biz özümüzü güzgüdəki kimi görə bilərik. Tamaşanın partiturasında praktiki olaraq heçnə dəyişməsə də, biz ona fərqli baxırıq. 

 

Qoqol yalnız “Ölü canlar” demək deyil. Qoqol, bütöv Rusiyadır. Sizin tamaşa bir kitabdan daha genişdir. O Rusiya haqqındadır, amma həm də Nikolay Vasilyeviç haqqındadır?  

-Fikrimcə, teatrda qurulan istənilən müasir səhnə əsəri mənim, sənin haqqındadır. Bu həm Rusiya, həm Nikolay Vasilyev, həm də tamaşaya baxmağa gələn insanlar haqqındadır. Mənim üçün vacibdir ki, tamaşa səhnə ilə zalın ünsiyyətindən yaransın.  Tamaşaçısız tamaşa olmur. Ona görə Təl-Əvivdə göstəriləcək tamaşada İsrail auditoriyası heçnəyə bənzəməyən, unikal tamaşa görəcək. Tamaşa “Qoqol Mərkəzi”ndə, Avinyonda, Vyanada, Riqada olduğundan fərqli olacaq.

On aktyor bütün rolları - kişiləri, qadınları, qoca qarıları, uşaqları, atları, itləri oynayır. Onlar oynayır, mahnı oxuyur, rəqs edirlər. Hərəkət edirlər… Harada, hansı qatlarda ədəbiyyat gizlənib? Aktyorların ustalığını və Qoqol mətninin ideyasını necə birləşdirirsiniz? 

Sual artıq tamaşaya ünvanlanıb. Baxsanız, hər şeyi görəcəksiniz. Ancaq əslində isə, qarşımızda duran vəzifə-məqsəd kifayət qədər maraqlı idi. Qoqolun mətnini səhnədə sadəcə səsləndirmək düzgün olmazdı - teatrın öz qanunları var. Fedor Girenokun mimezis haqqında kitabını oxuduqdan sonra bunu necə etməli olduğum barəsində məndə bir sıra mühüm fikirlər, ideyalar yarandı. O, ədəbiyyat nəzəriyyəsi ilə məşğul olan gözəl rus filosofudur. O, Qoqol mətnlərinin necə qurulduğu haqqında böyük bir kitab yazıb. Bu kitab məni bir sıra ideyalarla baş-başa qoydu və mən fiziki, cismani, hətta fizioloji teatrdan keçərək Qoqolun mətn və sözlərini səhnə mətninə çevirməyə çalışdım. Siz də elə bu cəhdi görəcəksiniz. Bu hekayə Qoqol personajlarının transformasiyası, bizim gözlərimiz qarşısında necə mutasiyaya uğraması, necə başqa varlıqlara çevrilməsi haqqındadır. Bütün bunlar Qoqol ədəbiyyatının hər sətirində var, “Niyə bütün rolları kişilər oynayır?” sualına mən belə cavab verərəm: Nikolay Vasilyeviçdə bunların hamısı var. Qoqolda əsərin sonunda balda iştirak edən fraklılar mürəbbəyə qonmuş milçəklərə çevrilirlər. Personajların dəyişimi teatr üçün çox maraqlıdır. Biz belə işləyirdik. Üstəgəl Aleksandr Manoçkov tərəfindən poemaya yazılmış qoqolsayağı lirik ricətlər, bizdə zonq formasında istifadə olunub. Bu, bizim Brext teatrına və tamaşaçı salonu ilə birbaşa dialoqu olan teatrlara göndərdiyimiz salamdır. 

Sizin Çiçikov – bu gün o kimdir? Bu günümüzdə və bugünkü tamaşada?  

-Bizim tamaşada Çiçikov müxtəlif aktyorlar tərəfindən oynanılır: bir variantda bu Semyon Şteynberqdir, digərində isə amerikalı Odin Bayrondur. Hər halda tamaşa tamamilə müxtəlifdir, ona görə mən məsləhət görərdim ki, ona iki dəfə baxasınız. Siz iki müxtəlif tamaşa görəcəksiniz. Semyonun və Odinin kimləri oynadığını demək artıq sizin işinizdir. Mən başa düşürəm ki, aktyorun individuallığı tamaşanın necə olacağına çox güclü təsir göstərir, ona görə də bunu bilərəkdən iki müxtəlif versiya etmişəm. Amma aydındır ki, onların hər ikisi yaddır, Rusiya həqiqətlərinə kənardan baxan adamlardır.   

Bu tamaşaya musiqili əsər kimi quruluş verdiyinizi dəfələrlə qeyd etmisiniz: Qoqol çox mürəkkəb - mövzusu, əks nöqtələri, tərəddüdləri, motiv çoxluğu olan, öz aralarında səsləşən, azalan, çoxalan simfonik quruluşa malikdir. İndiki halda “Ölü canlar”da musiqiyə siz, yoxsa bəstəkar Aleksandr Manoçkov quruluş verdi? Və yaxud da İlya Demuçkiy “Rusiyada yaşamaq kimə xoşdur?” tamaşasının musiqisini balet kimi yazmışdı. Söz, səs və hərəkətin uyğunlaşdırılması universaldır, onlarla hər şeyi təsvir etmək mümkündür, hər halda, ritmi rejissor müəyyən edir. Bu tamaşalarda ritm necədir? 

-Müsahibə çərçivəsində tamaşanın ritmi haqqında danışmaq çətindir. Siz bunu görəcəksiniz. Lakin bir şey dəqiqdir - bütün tamaşa simfonik quruluşda, simfonik çoxsəslilikdə bir musiqi kimi qurulub. Mən heç vaxt fonoqram istifadə etmirəm, yalnız canlı musiqi. Bu çətindir, ancaq bu ondan yüz dəfə maraqlıdır. Teatrda bəstəkar, əsasən, rejissorun sifarişini yerinə yetirir, ona görə ki, tamaşanın sonunun necə olacağını bilən yeganə adam rejissordur, amma həmişə yox, axı həyatın müxtəlif hadisələri tamaşanın premyerasına təsir edə bilər. Saşa Manoçkov materiala çox möhkəm köklənmişdi, demək olar ki, Riqa versiyasının ilk məşqlərindən iştirak edir, aktyorlarla işləyir, latviyalılara rus dilində oxumağı öyrədirdi. İlya Demuçkiy və Denis Xorov isə əksinə, əvvəlcə uzaq məsafədən işləyirdilər, hazır musiqi gətirirdilər, onlardan hansısa keçirdi, hansısa yox. Musiqi parçalarından ən uyğunu seçildi, sonra isə onlar məşqə gələrək aktyorlarla musiqini məşq etdilər. Saşa, Denis və İlyanın məşq prosesində iştirak etməsi çox vacibdir. Yalnız bu halda birgə əmək nəticəsində nəsə ərsəyə gətirmək olar.    

Tamaşada Rusiya qapalı məkandakı həyat kimi göstərilib? Burdan ancaq musiqi çıxa bilər? Bu halda zonqlar dramın janrını dəyişmir ki? Sizin tamaşaların janrı nədir - estetik avanqard plastikası, klassik ədəbiyyatın montajı, yoxsa “Rusiyada yaşamaq kimə xoşdur”dakı kimi rəqs və moda dəfiləsi?

-Əslində, mən özümü qabaqlayıb və öz işim haqqında nəsə demək istəmirəm. Həqiqət baxanların gözlərindədir. Tamaşanı necə görəcəksiniz, necə adlandıracaqsınızsa elə də olacaq. “Rusiyada yaşamaq kimə xoşdur” – bu kollajdır – dəfilə, mahnı, balet, dram – poemanın quruluşundan irəli gəlir. O özündə hətta müəllif tərəfindən tamamlanmayan böyük kollajı göstərir. Nekrasov bu mətni kifayət qədər uzun vaxta yazıb, lakin tamamlamayıb. Poemanın həmin variantı - “Rusiyada yaşamaq kimə xoşdur”, artıq müəllifin ölümündən sonra hazırlanıb. 

Qoqolda isə hər şey aydındır. Ancaq ədəbiyyat başqa, teatr üçün mətn başqadır. Ona görə mən tamaşanı Qoqola əsasən yazdım, onun sözlərinə və cümlələrinə isə istinad etmədim. Ədəbiyyat yaradıcılığa, fantaziya, beyin işinə böyük impuls verir. Mənə görə “Ölü canlar” psixoloji teatr deyil, ardıcıl fiziki hərəkətdən təşkil olunmuş, həqiqətən böyük tamaşa-baletdir. “Rusiyada yaşamaq kimə xoşdur” –  bu isə kollajdır, psixoloji struktur, oyun, balet, zonq, dəfilə nə istəsəniz var və  hətta sonda installasiya da var. Mən çoxüslubçuluğu sevirəm. 

“Rusiyada yaşamaq kimə xoşdur” tamaşası Nekrasovun yaşadığı yerlərin ekspedisiyası ilə başladı, “Yeddinci studiya” tələbələri və Feodor Volkov adına Yaroslav Dram Teatrının artistləri ilə 2014-cü ilin yayında Yaroslav əyalətində ekspedisiyalara başladınız. Tutarlı söz axtarırsınız? Özünüzü? Rusiyanı? Hisslərinizi? İtmiş, yoxsa bugünki Rusiyanın axtarırsınız? Və əsl Rusiya nədir? Məgər reallıqdan uzaqlaşmadan onu təsvir etmək mümkündürmü? 

-Sualda cavabın olmağı artıq gözəldir. Həqiqətən, Moskvada yaşayan və işləyən gənc artistlərə “Rusiya nədir” sualının cavabını başa salmaq çox çətindir. Əsl Rusiya Moskvadan 50-100 km uzaqlıqdan başlayır. Və bu Rusiya bizim hər gün gördüyümüz Moskva həyatından çox fərqlənir. Ona görə onun necə qurulduğunu başa düşmək üçün balaca şəhərlərin necə görsəndiyini, tərk edilmiş kəndlər, qırılmış yollar və pıtraq basmış ərazilər, ordan keçən qaz və neft boruları - buna görə şəhərdən çıxıb Moskvanın qəhrəmanını görmək lazım idi. Prinsipcə və mahiyyətcə Sovet İttifaqı dağılandan sonra Nekrasovun vaxtına qədər çox şey dəyişilməyib. Rusiyada bir şey yaxşıdır ki, bir ilə hər şey dəyişir, yüz ilə heçnə. 

Tənqidçilərin fikrincə siz Rusiya səhnəsinin avanqard üzüsünüz. Bütün dünyada, Moskvada Böyük Teatrda, Permdə və Avinyonda opera və tamaşalara quruluş verirsiniz. “Nuriyev” baletinin səhnəqrafiyasının müəllifisiniz. Dərs deyirsiniz. Düzünü desəm sizin bioqrafiyanı oxuyanda böyük həzz aldım, adam istəyir bir “vau” eləsin. Ancaq İsraildə sizin yaradıcılığınız (vizual və rəsmi) ancaq “Tələbə” və “Yay” filmləri ilə təqdim edilib. Bizim ölkədə sizi təqdim edəndə “rejissor Kiril Serebrennikov” sözünə hansı cümləni əlavə etmək olar?

-Özüm haqqında nəsə demək mənə çətindir. Mən dəqiq “avanqard” səhnənin nümayəndəsi deyiləm. “Avanqard” 1920-ci ildə inqilabdan sonra Rusiya mədəniyyətində baş verənlərdir.  İndi isə hər şey başqa cürdir. Tamaşalar quran və kino çəkən sadə insanam, ən yaxşısı belə deməkdir. Rejissura daha dar ixtisasdır. Mənim maraqlarım isə daha genişdir.  

Bir çoxları sizin tamaşalarınız haqqında yazır ki, göz yaşlarını saxlaya bilmədilər. Göz yaşı sakitləşdirir və unutmağa imkan verir. Bəlkə tamaşaçı sakit durmalı və xatırlamalıdır? Bir rejissor kimi sizin qlobal məqsədiniz nədir? Yaxşı tamaşa/film/opera yaratmaq məqsədini demirəm. Gələcəyə yönəlmiş hansı məqsədlər nəzərdə tutulub - təsir etmək ya yadda qalmaq?  

-Məqsəd – tamaşaçının emosional cavabıdır, axı, bu gün teatr televiziya ilə yox, telefonla rəqabət aparır. Tamaşaçını öz telefonundan çıxmağa və səhnəyə baxmağa, səhnədən yayınmamağa məcbur etməlisən, düzünü desəm bunu etmək çox böyük güc tələb edir. Mən çox istəyirəm ki, tamaşaçı zala bir cürə girib, başqa cürə çıxsın. Mən xatırlayıram ki, gəncliyimdə kino və teatrdan güclü təsirlənmişdim. Bir neçə kinoteatrdan ya teatr zalından tamamilə başqa adam kimi çıxmışam. Ancaq Lyubimovun, Zaxarovun, Martalerin, Kastelluçinin tamaşaları mənə təsir edirdi, bəzi böyük müəlliflərin filmləri isə ciddi emosional sarsıntı yaradırdı. Və mən istəyərdim ki, o tamaşaların mənə təsir etdiyi kimi, mənim tamaşalarımdan da kimsə bu cür dolu hisslərlə çıxsın. 

Sizin tamaşalarda xəyali dünya ilə reallığın əlaqəsi necədir?  

- Mənim üçün bu bütöv haldadır. Təsəvvür edilən və gerçək dünya bir-biri ilə bağlıdır. Canlıların və ölülərin dünyası paraleldir, yanaşı mövcuddur. Dünyanın yaranması haqqında mənim öz təsəvvürlərim var. Əgər siz bunu ətraflı bilmək istəyirsinizsə, onda Kristofer Nolanın “İnterstellar” filminə baxın və ya “Tibetlərin ölü kitabı”nı oxuyun. Yəqin ki, sizə nəsə aydın olacaq.     

Paris – Nanter Universitetinin siyasi sosiologiya professoru Emmanuel Vallon bir neçə həftə əvvəl sizə fəxri ad verərək deyib ki “Rusiya kimi böyük bir ölkə dünyanın bir çox bölgələrinə öz nüfüzunu hərbi güclə deyil –öz incəsənəti ilə, yaradıcı ideyası ilə yaymalıdır”. Bəs sizcə, biz balaca ölkə olaraq nə etməliyik? Özünüzü balaca ölkədə “balaca” insana necə təqdim edərdiniz? Paralellər uyğundurmu? 

-Əgər söhbət sizin ölkədən gedirsə, o ölkənin adı İsraildirsə, çətinliklə dünyaya, onun incəsənətinə, mədəniyyətinə, ədəbiyyatına təsir edən ölkəyə “balaca ölkə” demək olarmı? Yəhudilər Rusiya, Fransa, Almaniya, Amerika və bütün dünya mədəniyyətinə təsir edib. Yəhudi mədəniyyətinin musiqiyə, kinematoqrafa, ədəbiyyata, teatra, memarlığa böyük təsiri olub. Bu təsirin sərhədləri, dilləri və hər şeyi əhatə etməsi mənim xoşuma gəlir. Professor Vallonun müdrikliyi ondadır ki, o dəqiq bir ifadəni xatırladı: “Silahlar danışanda, muzalar susur”. Əgər bir ölkə böyükdürsə ondan qorxmaq lazım deyil, ona qiymət vermək, hörmət etmək lazımdır. Buna görə də nə qədər ki, bizim ölkədə incəsənət, ədəbiyyat, maraqlı kino, qeyri-adi teatr olacaqsa biz özümüzə və bütün dünyaya təsir edəcəyik. Mən istəyirəm ki, mənim ölkəmi hərbiçilərin deyil, yazıçıların, tarixçilərin, tədqiqatçıların, artistlərin, bəstəkarların portretləri bəzəsin. Təəssüflər olsun ki, həmişə belə olmur. İndi dünya belə qurulub, keçmişin alim və mütəfəkkirlərinin adlarını yox, qatilləri və oğruları daha yaxşı tanıyırlar. 

Yarım il təcrid edildiniz, tək yaşayıb, tək işləyirdiniz. Azadlıq haqqında təsəvvürləriniz dəyişdimi?

- Onu daha çox qiymətləndirməyə başladım.     

Bir neçə ay bundan öncə Amsterdamda sizin və Qidon Kremerin  Meçislav Vaynberqin musiqisi əsasında hazırladığınız “Gündəlik hadisələrin xronikası” ortaq multimediya layihəsinin dünya premyerası baş tutdu. Yaxınlarda Meçislav Vaynberqin “Sərnişin qadın”ı İsraildə böyük uğur əldə etmişdi. Bu sizin təcrid olunmuş işlərinizə bir nümunədir. Bu necə baş verdi? 

-Əslində, bu təkcə mənim işim deyil. Biz vəkil vasitəsilə yazılı şəkildə möhtəşəm musiqiçi Qidon Kremerlə ünsiyyət qurduq, o məndən bu işi necə təsəvvür etdiyimi, ona hansı məsləhət verə biləcəyimi soruşdu. Mən tədbirin ideya və konsepsiyasının təxmini konturlarını cızdım və ona bu ideyanın gerçəkləşməsi üçün Qoqol Mərkəzində dramaturq işləyən Valeriya Peçeykanın komandasını təklif etdim. Valeriya öz rejissor qrupunu gətirdi və onunla birgə maraqlı multimediya layihəsi yaratdı. Düzdür, mən necə olduğunu görmədim, lakin ümid edirəm hər şey alındı. 

Gələcək planlarınız –düzdür, bu həmişə alınmır, amma yazılanlara inansaq, siz, aktyorlar Yevgeniya Dobrovolskaya və Aleksandr Filippenkonun iştirakı ilə MakDonaxın “Cəlladlar” pyesinə quruluş verəcək və Aleksey Salnikovun “Qripə yoluxmuş Petrovlar və ətrafındakılar” romanını öz ssenarinizlə ekranlaşdıracaqsınız. 2020-ci ilin mart ayında isə sizin quruluşunuzda Covanni Bokkaçonun novellaları əsasında “Dekameron”un Berlin Deutsches Theatrında premyerası olacaq. Hər şeyi necə çatdırırsınız? Sizi irəliyə aparan nədir – bu, hərislikdir, ya yaradıcı aclıq? Və hər şeyi çatdırmaq vacibdirmi? 

-Hər şey çox sadədir: mən işləyirəmsə, hər şey qaydasındadır. Məndə çox işləmək adətdir, belə rahatam. Mən asudə vaxtımla işimi, istər teatrda olsun, istər kinoda ayırmıram, bu məndə bütöv haldadı. Başa düşə bilmirəm, istirahət etmək nə deməkdir və “iş günü qurtardı” deyə, sabahkı məşqi düşünməmək necə olur. Sevdiyin işlə məşğul olmaqdan necə istirahət etmək olar? “Dumspirospero” (nə qədər ki, yaşayıram-ümidliyiəm), necə deyərlər, nəfəs alıramsa, işləyirəm. Mən belə öyrəşmişəm.
 

 

Tərcümə etdi:

Razimə İsmayılova

Teatrşünas


Oxunma sayı: 244

Yazar haqqında