Rəsmiyyə Mustafayeva - MÜASİR RUS TEATRI: Moskva teatrları

  • 23 Yan - 2020

(ikinci məqalə)

 

M.Qorki adına Moskva Bədaye Akademik Teatrı (MXAT-2). MXAT-ın iki yerə bölünməsi onların yollarını ayırdı. Rəhbəri, o vaxtadək heç bir rejissorluq və inzibati təcrübəyə malik olmayan Tatyana Vasilyevna Doroninanın olduğu teatr vaxt keçdikcə, nəhəng teatr dənizində tənha adaya çevrildi və uzun illər belə qalmağa davam etdi. 

Teatrın qarşısında iki vəzifə qoyulmuşdu. Birincisi, kənar teatr aləmindən tamamilə təcrid olunaraq, MXAT rəhbərliyinin ən düzgün və layiqli hesab etdiyi  prinsipləri ilə yaşamaq idi. İkincisi, o ənənələrin toxunulmazlığının qorunub saxlanılması idi ki, Doroninanın özü də MXAT Məktəb-studiyasında həmin ənənələr əsasına tərbiyə almışdı. Teatrın bu mövqeyi nəticəsiz qalmadı və qəribə bir vəziyyət yarandı: o həqiqətən Moskvanın teatr xəritəsindən silinib getdi: tənqid ona diqqət yetirməyi, necəsə münasibət bildirməyi tərgitdi; tamaşaçı baxımından da çətinliklər yarandı; tamaşaçı bu cür yeniliyi çətin qəbul edir və onun xeyrinə olmayan eksperimentlərə inanmağa tələsmirdi.

Heç teatr özü də, teatr ictimaiyyətinin və tamaşaçıların rəğbətini qazanmağa tələsmirdi. Teatr eksperimentlərə getmir, tamaşaçını təəccübləndirmir, əksinə, rəhbərliyin kəskin üslubundan açıq-aydın belə bir fikir oxunurdu ki, zaman keçəcək, teatr öz məkanını qazanacaq və layiqli yerini tutacaq. Teatrın rəhbərliyinin səbrinə qibtə etmək olardı. 

Doronina həm rejissorluq, həm bədii rəhbərlik edir, həm də özü tamaşalarda oynayırdı. Bu, zəiflərin qaldıracağı yük deyildi. Artıq 90-cı illərdə verdiyi nadir müsahibələrdən birində Tatyana Doronina etiraf edirdi ki, həqiqətən, uzun zaman tamaşaların hərtərəfli tənqidi və analitik təhlili onlardan yan keçmişdir. Lakin, tənqid də teatrın tutduğu bu mövqeyi görməyə bilməzdi. Ölkədə və cəmiyyətdə baş  verənlərdən uzaq durmağa çalışmaq, 90-cı illərin əvvəllərində baş verən hadisələrə fikir verməmək, Qorki adına MXAT-a marağın azalmasına təsir edirdi. Teatr bir növ qapalı ərazi idi, yeni ideyalara, yeni rejissor axtarışlarına və həllərinə bağlı olan bir məkan idi. 

Lakin, XX əsrin sonlarına doğru teatrın mövqeyi tədricən dəyişməyə başladı. Onun əvvəllər yalnız klassikadan ibarət olan repertuarında müasir pyeslər göründü. Teatr öz səhnəsini müxtəlif eksperimentlərə açdı. Həm də bu eksperimentləri yalnız rejissor işi kimi ortaya çıxmadı, teatrda müxtəlif aksiyalar keçirildi, musiqiçilər dəvət olundu. Doronina özü də, tez-tez digər auditoriyalara çıxmağa başladı. O, “Mədəniyyət” kanalı ilə çıxışlar edir, müsahibələr verir, teatrı haqqında danışırdı, öz teatrına tənqidçilərin diqqət yetirməməsindən söz açırdı. Çox vaxt da teatrın mövcud durumu və bunların nədən baş verməsi səbəbindən yan keçdiyindən haqlı şıxırdı. 

Qorki adına MXAT-ın hazırkı repertuarı əsasən klassikadan ibarət olsa da, əsərlərin təfsiri ötən əsrin 50-60-cı illərinin üsul və metodları səviyyəsində donub qalmır. Teatr dili ilə yanaşı, intonasiyasının, ritminin, daxili enerjisinin yenilənməsinə də can atır ki, bu da teatr orqanizminin müsbət hərəkatına və yüksəlişinə şərair yaradır. 

Lope de Veqa, Ostrovski, Çexov, Dostoyevski, Hüqo, Qonçarov, Qorki, Bulqakov – teatrın afişası həqiqətən rəngarəngdi. Repertuarın həllində və teatr ideyalarının həyata keçməsində fərqli yanaşmalar görünür. Teatr truppaya gənc aktyorları qəbul edir ki, bu da əvvəllər nadir hallarda baş verirdi. Tamaşaçılar artıq teatra həvəslə gəlirlər. Doronina haqqında televiziya ekranlarından danışırlar, mətbuatda teatrın statusuna uyğun məqalələr çap olunur. Vəziyyət yaxşılığa doğru dəyişir. Kənardan gələn rejissorlar tamaşalara quruluş verir. Doronina özü də tamaşalar hazırlamaqda davam edir. M.Bulqakovun “Ağıldankəm Jurden”, A.Ostrovskinin  “Rus vodevili” , “Beluqinin evlənməsi” – onun işləridir. Onun oynadığı və uğur qazandığı rollar isə daha çoxdur: o, “Albalı bağı”nda Ranevskaya, “Vassa Jeleznova”da baş qəhrəman rollarını yalnız ənənəvi sərtliklə deyil, həm də, qadın hiyləgərliyi, şıltaqlığı, bir çox digər rəng və çalarlar qataraq ifa edir. 

Teatrın afişasında S.Qovoruxinin “Yoxlanış atəşi” əsəri yer alıb. Bu müasir pyes teatr tərəfindən kəskin boyalarla və enerjili şəkildə təqdim olunur. 

Uzun illər bilərəkdən “tənha yuva” olan teatr, bu gün Moskvanın maraqlı teatr məkanlarından birinə çevrilib. 

Rusiya Dövlət Akademik Malı Teatrı. Malı teatr isə, vərdiş etdiyi klassik rejimdə işləyərək tamaşaçıları təəccübləndirməyə, heyrətləndirməyə can atmır. Bu, həm əsərin oxunuşunda, həm də ona olan klassik münasibətdə özünü göstərir. O, üslub və meyar hisslərinə, bədii həqiqət və ləyaqət kimi amillərə heç vaxt xəyanət etmir. Teatr, öz tamaşalarında gənclərlə ünsiyyətə girərək, baş rolları onlara etibar edir. Məsələn, “Müfəttiş”də məşhur aktyorlarla yanaşı, D.Solodovnik, A.Patapov, L.Polyakova kimi gənc aktyorlar da oynayır Tamaşanın rejissoru – Juri Solomin teatra rəhbərliyi və baş rejissorluğu öz üzərinə götürməklə yanaşı, aktyorluq fəaliyyətini də dayandırmır və bütün bunların öhdəsindən bacarıqla gələ bilir. 

Onun Çexovun “Üç bacı” pyesinə verdiyi quruluş öz alicənablığı və bu teatra məxsus konservatizmi ilə fərqlənir. Lakin son zamanlar çatışmayan bu keyfiyyət adamı heç yormur. Malı teatrın söykəndiyi ənənələr, onun dayaqları, mövqeyi, yenilməz və dağılmaz azman abidə ilə müqayisə edilə bilər: o hər cürə, ən ekstremal şəraitlərdə belə, öz ənənələrini silah edərək davam gətirib və bu gün də fəaliyyətinə davam etdirir. 1990-cı illərdə, teatrlar azad nəfəs aldıqdan sonra asanlıqla eksperimentlər etməyə başladıqları zamanlarda da Malı teatr öz üslubuna və dilinə sadiq qalaraq yeni təzahürlərə uymadı. İrina Muravyova kimi aktrisanın teatra gəlişi truppanı zənginləşdirdi, ona canlılıq, çeviklik, tamamilə nikbin başlanğıc verdi. A.Ostrovskinin “Qurdlar və qoyunlar” pyesində İ.Muravyovanın oynadığı Kupavina rolu, klassikanın ənənəvi oxunuşuna və dramaturqun pyeslərinə yeni nəfəs verdi. Aktrisa öz ifası ilə zərif, sadə, eyni zamanda nəfis bir obraz yaratdı.

Teatrın afişasında Ostrovski əsərlərinin xüsusi payı var: onun beş pyesi repertuarda qərar tutur. Eyni zamanda, Suxovo-Kobılinin, Şillerin, Şekspirin, Qoqolun əsərləri repertuarı bəzəyir. A.Tolstoyun on illərdir ki səhnədən düşməyən “Çar İvan Qroznı” əsəri böyük uğurla oynanılır.

Moskvanın tam mərkəzində belə bir teatrın olması -  sadəcə ənənələrə hörmət deyil, həm də bu ənənələrin toplandığı elə bir qaladır ki, onun varlığı Rusiyada teatr sənətinin sarsılmazlığına və əbədiliyinə güvənc və inam verir.

 

Rəsmiyyə Mustafayeva 

ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, 

Sənətşünaslıq üzrə fəlsəfə doktoru


Oxunma sayı: 511

Yazar haqqında