Fəridə Cəlilova: “İntəhası”

  • 12 Noy - 2019

“İntəhası”ını  sənətşünaslıq üzrə fəlsəfə doktoru, teatrşünas Fəridə Cəlilova deyəcək.

1. Mişel Fuko yazır ki, intellektualın cəmiyyətdə öndərlik funksiyası itib, insanlar onsuz da hər şeyi bilir və görür. İntəhası, “bilir” = “anlayır” = “hiss edir” düsturu bu gün işləmir.  

2. Müasir dramaturgiya da 36 ədədinin sehrini poza bilmir. İntəhası, maraqlı ömür yaşamaq üçün 3 fərqli dramatik situasiyanı gerçəkləşdirmək yetər; 6 situasiya artıq macərasevərlikdir. 

3. Haneke, Trier... Onlar qəbul etmək istəmədiyimiz həqiqətləri sevir. İntəhası, “Əndişeyi-zat qılmaq olmaz”, hər həqiqəti sevəni həmişə sevmək olmaz (Trier və media arasında son illər yaşanan “sevgi”ni xatırla). Əslindəsə, deyək ki, dramaturgiya həmişə qəbul etmək istəmədiyimizi bizə sevdirməklə məşğul olub.

4. Aristofan düşünürdü ki, həyat teatr kimidir, ən pis insanlar ən yaxşı yerlərdə otururlar. İntəhası, mən də tamaşaya yaxşı yerdə oturub baxmağı xoşlayıram, digər məsələdir ki, həmişə alınmır (yox, provokasiyaya getməyəcəyəm)...   

5. Prometey qaraciyərini insanlığa qurban verdi. İntəhası, bəşəriyyət indiyəcən gələcəkdən xəbər tuta bilməyərək boş ümidlə yaşamaqdan əziyyət çəkir. 

6. Deyirlər, teatrda söz ölür. İntəhası, söz hər yerdə ölür, söz öldükcə kosmos xaosa dönür – biz dünyanı yenidən nizama salmağı öyrənməli olacağıq...

7. Bekket o qədər utancaq idi ki, auditoriyada tələbələri ilə özü arasında pərdə çəkirdi ki, görünməsin. İntəhası, əsərləri “satqınlıqla” onu yenə ələ verdi. 

8. “Qadınlara elə gəlir ki, qaranlıq onları gizləyir / əksinə, qadın qaranlıqda daha aydın görünür”. İntəhası, qayda № 5 deyir ki, şairlər qadınlardan yazanda onlarla mübahisə etməyin: 

“dənizi gözləriylə sağaldan qadınlar var, öldülər.

[...] dənizi baxışlarıyla sağaldan qadınlar var, gəldilər”.

9. Hərdən ağıllı insanlar axmaq insanlara aşiq ola bilirlər. İntəhası, ağıllı bunun öhdəsindən gələcək; axmaq insansa ağıllıya aşiq olduqda daha bədbəxt olar.  

10. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq. İntəhası, tərəddüd ilahəsigildə həmin an gecə olacaq. 


Oxunma sayı: 79

Yazar haqqında