Şəki teatrı ”Qızılqaya xəyanətinə” işıq salacaq

  • 22 Yan - 2020

Şəki Dövlət Dram Teatrında dramaturq Xaqani Əliyevin  “Çələbi xana Qızılqaya xəyanəti” adlı iki hissəli tarixi dramının məşqlərinə başlanılıb.

Teatrdan verilən məlumata görə, ümummilli lider Heydər Əliyevin “Azərbaycan tarixinin bilicisi” adlandırdığı, görkəmli tarixçi alim, Dövlət mükafatı laureatı, akademik Yaqub Mahmudovun 80 illik yubileyinə həsr olunmuş tamaşanın bədii rəhbəri, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlidir.

Maraqlı hadisələrlə zəngin olan tarixi dram, Şəki xanlığının banisi, tariximizdə hikmətli və cəsur bir xan kimi ad qazanmış Hacı Çələbi xanın həyatından, parçalanmış Azərbaycan xanlıqlarını birləşdirmək istəyindən, Şəki torpaqlarını yadelli düşmənlərdən qorumaq uğrunda apardığı mübarizəsindən bəhs edir. 

Müəllif, Çələbi xanın Azərbaycan xanları ilə, xüsusən Nadir şahın ölüm fərmanı verdiyi Qarabağlı Pənahəli xan və Kartli çarı Teymurazla olan münasibətinə aydınlıq gətirir. Tariximizin qara ləkəsi olan ”Qızılqaya xəyanəti”nin verdiyi ibrət dərsindən bəhs edən dramaturq, bu hadisə zamanı Çələbi xanın tutduğu əsl Azərbaycan kişisinə xas olan mövqeyinə, tarixçilərimizdən fərqli, bədii-baxış bucağından yanaşmaqla, geniş yer ayırır. 

Əsərdə təkcə Şəki xanlığının yox, bütün Azərbaycan torpaqlarını gürcü çarlarından qorumağa çalışan Çələbi xan obrazı ideallaşdırılmır, tariximizə adını özəməlləri ilə yazmış fəlsəfi düşüncəli mübariz bir  feodal xanı kimi təsvir edilir. Çələbi xanın Nadir şahla mübahisəsi, zülm və ədalətin əbədi mübarizəsi fonunda təsvir olunur və əsərin əsas süjet xəttini təşkil edir. Zülmkar Nadir şaha döyüşərək qalib gələn, hələ onun sağlığında Şəki xanlığını yaradan Çələbi xan, şahdan fərqli olaraq xalqını ədalətlə idarə etməyə çalışır. Buna nail ola bilirmi? Taxt-tac, hakimiyyət onun axıra kimi ədalətli olmasına imkan verirmi? Ədalətlə zülmü bir-birindən ayıran sərhədlərin arasında özünü itirmir ki? Ümumiyyətlə, mütləq zülmkar və ya mütləq ədalətli olmaq mümkündürmü?

Bu suallara cavab axtarılacaq tamaşanın quruluşçu rejissoru Orxan Həmidli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Günel Məmmədli,  musiqi tərtibatçısı Zeynəb Orucovadır. 

Tarixi şəxsiyyətlərin obrazlarının yer aldığı tamaşada rolları :  Hacı Çələbi xan – Rəhim Qocayev (Əməkdar artist), Nadir şah – Əbülfət Salahov (Əməkdar artist), Heydərqulu xan – Akif Yusifov (Əməkdar artist), Pənahəli xan - Xəyal Salahov, Kazım xan – Fərahim Fətəliyev, Şahverdi xan – Pərviz İsmayılov, Hacı Şeyxəli – Aydın Əlibalayev, Vəzir Mirzə Mehdi – Rəşad Rüstəmov, Fəzləli xan – Rəsul Məmmədrəhimov, Bəyim xanım – Lalə Məmməd, Məmləkət – Fidan Lətifova, Həsən ağa – İlkin Rüstəmov, Ağakişi bəy – Rəşid Mirizadə, Fərrux kişi – Çingiz  Novruzəliyev, Xatabala – Qurban Rəsulov, Carlı – Hüseynli Hüseyn, Lal Elçi – Türkan Xəlilova ifa edəcəklər.

Qeyd edək ki, tamaşanın premyerasının Milli Teatr Günü ərəfəsində, mart ayında keçirilməsi nəzərdə tutulub. 


Oxunma sayı: 428

Yazar haqqında