Opera və Balet Teatrının 2020 planları

  • 16 Yan - 2020

Artıq 2020-ci ilin ilk həftələrini yaşayırıq. Yeni ilin yeni nəfəs, yeni yaradıcılıq planları olduğunu nəzərə alaraq ölkəmizin ilk və tək Opera və Balet Teatrı olan, yarandığı gündən üzərinə böyük məsuliyyət götürən Akademik statuslu teatr da yeni ilə tam hazırdır. Belə ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının 2020-ci il üçün yaradıcılıq  planlarını xəbər aldıq. Mətbuat xidmətindən verilən məlumata görə də bu il teatrda yaradıcı proses davam edəcək. Belə ki, hazırda Teatrın balet truppası H.Əliyev Fondu və Mədəniyyət Nazirliyinin birgə layihəsi - Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin quruluşu üzərində çalışır. Tamaşanın premyerasının mart ayında H.Əliyev adına Sarayda keçirilməsi nəzərdə tutulub.  İl ərzində Teatrda bir sıra tamaşalar yeni quruluşda səhnəyə qoyulacaq. Onlardan Niyazinin “Rast” baletini, İ.Hacıbəyovun “Firuzə” operasını, A.Borodinin “Qıpçaq rəqsləri” baletini, C.Puççinin “Toska” operasını misal göstərmək olar. Yeni quruluşlarla yanaşı, teatr həm də mütəmadi olaraq repertuarındakı klassik və milli opera və balet tamaşalarını operasevərlərə təqdim edəcək.

Teatrın 2020-ci ildə xarici ölkələrin qastrol səfərlərini xəbər aldıqda isə öyrəndik ki, Opera və Balet Teatrları və tanınmış sənətkarları - vokal ustaları və balet ulduzları, rejissor, dirijor, rəssam, xoreoqraf və s. sıx əməkdaşlığını davam etdirəcək: “Yanvar, fevral, mart aylarında teatrımızda çıxış etmək üçün dirijorlar Mixail Aqrest (Rusiya), Vyaçeslav Voliç (Ukrayna), balet artistləri Kristina Kretova (Rusiya), Timur Əsgərov (Rusiya), vokalçılar Andjey Beletskiy (Rusiya), Teymuraz Ququşvili (Gürcüstan), Eduard Martınyuk (Ukrayna), Nikolay Yeroxin (Rusiya), Tatyana Qanina (Ukrayna), Nikolay Şulyak (Ukrayna) və b. dəvət olunublar. İl ərzində solistlərin, dirijor, rejissor, baletmeysterlərin dəvət olunması sahəsində fəaliyyət davam edəcək. Bundan başqa, qeyd edim ki, teatrın simfonik orkestri avqust ayında Almaniyada keçiriləcək Qut-İmmlinq Opera sənəti festivalında iştirak etmək üçün dəvət alıb”.

Teatrdan verilən məlumata görə teatrın 2020-ci ildə görəcəyi işlər bununla yekunlaşmır. Belə ki, cari ildə  gənc vokalçılar, muğam ifaçıları və balet artistlərinin cəlb olunması sahəsində iş aparılacaq. Hətta ilin ilk günlərində Teatrın Bədii Şurasının üzvləri bir neçə istedadlı gənc ifaçını dinləyib və onlar içərisindən ən yaxşıları seçilərək səslərinə uyğun partiya və rolları hazırlamaq tapşırılıb.


Oxunma sayı: 58

Yazar haqqında