Aygün Aslanlı, “Yoxsa”

  • 13 Dek - 2018

"Yoxsa"nı kinoşünas Aygün Aslanlı deyəcək. 
1. Ay, yoxsa gün? – Hər ikisi. Biri digərindən ayrı mövcud deyil.

2. Tənqid, yoxsa təhlil? – Təhlil. Çünki tənqiddən daha əhatəlidi və çoxqatlıdı.  

3.  Söz, yoxsa təsvir? – Çox güman ki, kinodan gedir söhbət. Təsvir. Amma sözləri də sevirəm.  

4. “Albalı bağı”, yoxsa “Nar bağı”? – Konkret cavab verməyə məcburamsa, “Albalı bağı”, əlbəttə. Hərçənd bu iki filmi bir-biriylə müqayisə eləmək doğru deyil. 

5. Fuad Poladov, yoxsa Ceyhun Mirzəyev? – Hər ikisi.

6. “Üç meymun”, yoxsa “Üç ifritə”? – “Üç meymun” olmasaydı, “Üç ifritə” də olmazdı. 

7. Monoloq, yoxsa dialoq? – Dialoq, əlbəttə.  Həqiqət diskussiyada üzə çıxır. Diskussiya isə monoloq formatında qeyri-mümkündür. 

8.  Lars von Trier, yoxsa Pier Paolo Pasolini? – Hər ikisi. Bu, müqayisə və ya seçim mövzusu deyil. Fərqli dövrlərdə yaşamış, yaşayan, fərqli estetikaya və fərqli kino dilinə sahib iki rejissordur.  

9. Art-hause, yoxsa kommersiya? – Art-hause üstəgəl kommersiya. 

10. Batman, yoxsa Supermen? – İkisi də eyni bezin qırağı deyil?

11. Cəfər Pənahi, yoxsa Əsgər Fərhadi? – Əsgər Fərhadi. Fərhadinin filmlərinin yozum spektri daha genişdir. 

12.  Don Kixot, yoxsa Don Juan? – Don Juan. Don Juanlara qarşı zəifliyim var.  

13. Blue, yoxsa Red? – Qırmızı. 

14. Gender, yoxsa feminizm? – Gender. Əslində, biri o birindən doğur və bir-birini izah eləyir. 

15. Edip, yoxsa Elektra?  - Medeya. Məncə, Medeya daha maraqlı obrazdı. 

16. Hans Zimmer, yoxsa Ramin Djawadi? – Hər ikisinin film bəstəkarı olduğunu Vikipediyadan öyrəndim. Filmlərə baxanda bəstəkarların adına xüsusi diqqət yetirmirəm, doğrusu. Dinləyim, sonra cavab verərəm.

17. “Yeddi samuray”, yoxsa “yeddi cücə”? – “Yeddi samuray”. Hərçənd ikisi də eyni mövzunun fərqli variasiyalarıdı. 

18.  Ayaz Salayev, yoxsa Aydın Dadaşov? – Aydın Dadaşov. Hər ikisi çox sevdiyim müəllimim olub. Sadəcə, Aydın Dadaşovla bağlı heç vaxt məyusluq hissi keçirməmişəm. 

19. “Kişi və qadın”, yoxsa “Gün keçdi”? – “Kişi və qadın”.

20.  #imkanverinçəkək, yoxsa #çəkinimkanverək? – “İmkanverinçəkək” ki, çəkmək imkanımızın olub-olmadığını öyrənək. 

21. Əhmədli, yoxsa 28? – Əhmədli. Şəhərə Əhmədlidən gedəndə yolda kitab oxumaq imkanım olur.  


Oxunma sayı: 54

Yazar haqqında