Yuğ Dövlət Teatrında İmadəddin Nəsiminin 650 illiyinə ithaf olunmuş tamaşanın premyerası olacaq

  • 26 Dek - 2019

           26-27 dekabr tarixlərində saat 19.00-da Yuğ Dövlət Teatrında mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illiyinə həsr edilmiş “Mənəm, mən...” tamaşasının premyerası olacaq. Azərbaycan Dövlət Yuğ Teatrı və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə layihəsi əsasında hazırlanan tamaşanın janrı mistik-psixoloji dramı kimi təyin edilib. Yazıçı, dramaturq İlqar Fəhminin pyesi əsasında hazırlanmış tamaşanın quruluşcu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, bəstəkarı Xalq artisti Aygün Səmədzadə, platsik həllin müəllifi Ceyhun Dadaşov, rejissor assistenti Günel Səfərovadır. Səhnə əsərində aktyorlar Xalq artisti Məmmədsəfa Qasımov (Şeyx Əzəm Şəmsəddin Bağdadi), Əməkdar artist Qasım Nağı (Hürufi ilahi şeir), aktyorlar Əbdülqəni Əliyev (Hürufi elmi-ilahi), Ziya Ağa (Seyid Əli Şamlı), Vüqar Hacıyev (Hürufi eşqi-ilahi), Elgün Həmidov (Hürufi ilahi yazı), Amid Qasımov (Hürufi övliya ullah) və Elşən Əsgərov (Fərraş) çıxış edirlər. 

          Məlum olduğu kimi, Prezident İlham Əliyevin 11 yanvar tarixli Sərəncamına əsasən, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu il “Nəsimi ili” elan edilib. Bu əlamətdar hadisəylə bağlı bir çox mədəniyyət müəssisələrində irimiqyaslı tədbirlər həyata keçirilib, dahi şairin yaradıcı irsinə əsaslanan çox sayda bədii əsərlər yaradılıb. 

          Nəsimi irsinin təbliğinə və müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığının vurğulanmasına xidmət edən bu tədbirlər çərçivəsində gözəl sənət əsərləri ərsəyə gəlib. “Mənəm, mən…” tamaşası sözgedən tədbirlərin davamı və Yuğ Dövlət Teatrının “Nəsimi ili”nə töhfəsidir. 

 


Oxunma sayı: 130

Yazar haqqında