Haluk Bilginer: “Teatr həyat, film sənət, televiziya isə bir mebeldir”

  • 14 Dek - 2019

Nədənsə qardaş ölkə Türkiyədə baş verən yaradıcı proses bizə hər zaman maraqlı görünüb. Onların film, serial sektorunda birdən birə atdığı sürətli addım isə nəinki bizim sevgimizi qazanıb, dünya kinosuna öz damğasını vurmağı bacarıb. Ötən ay məşhur türk aktyoru Haluk Bilginer rol aldığı “Şəxsiyyət” serialındakı obrazına görə dünyaca məşhur olan “Emmy” mükafatına layiq görülüb. O serialdakı obrazına görə “ən yaxşı kişi aktyor” nominasiyasının qalibi olub. 21 ölkədən 11 kateqoriyada 44 namizədin yer aldığı siyahıda H.Bilginer serialdakı Agah bəy rolu ilə namizəd göstərilib. Mükafat alarkən sevincini dilə gətirən aktyor, belə mötəbər bir mükafatın Türkiyəyə gedəcəyi üçün fərəh hissi keçirdiyini deyib: “Sevincliyəm. Özümdən çox bu mükafatın Türkiyəyə getdiyi üçün  xoşbəxtəm. Sevərək və bəyənərək gördüyümüz bir işin beynəlxalq platformada da dəyərləndirilməsi və mükafatla taclandırılması insanı xoşbəxt edir”. Serial yayımlamağa başladığı dönəmlərdə Haluk Bilginer “Hüriyyət” qəzetinə bununla bağlı müsahibə verərək serialın keyfiyyətindən və qurucusu olduğu teatrdan danışıb. Aktyor çalışdığı teatrı dünya teatrları ilə müqayisə edib. Biz də o müsahibəni sizlərə təqdim edirik. 

Qeyd edək ki, Haluk Bilginer 1990-cı ildə Türkiyədə Teatr studiyasının qurucularındandır. 1996-cı ildə Oyun atelyesini yaradıb. Londonda Musiqili Teatr vədram sənətləri Akademiyasında təhsil alan aktyor 1980-1991-ci illərdə İngiltərədə müxtəlif teatrlarda rol aldığı tamaşalarla böyük sevgi qazanıb. Daha sonra Türkiyəyə gələrək Türkiyə teatr tarixinə adını qızıl hərflərlə yazdıran aktyor, bu mükafatla serial sahəsində özünü bir daha təsdiqləmiş oldu.

- “Şəxsiyyət” dəyişik bir hekayədir. 

- Burada baş verən hadisələr məni çox həyəcanlandırırdı. İndiyə qədər biz belə bir senari ilə qarşılaşmamışdıq. Yəni, burda hekayə bildiyiniz adi bir qatilin hekayəsi deyil. Canlandırdığım qəhrəman nə psixi xəstədir, nə də bir qəhrəman. Həyatda zərərli, lazımsız  insanların siyahısını çıxarıb, onlara qarşı mübarizə aparır. Alzheimer xəstəliyinə tutulduqdan sonra necə də olsa, artıq sıra ilə hər kəsi unudacağanı düşünür. Hakan Günday senarini möhtəşəm yazıb, rejissor Onur Saylak da onu peşəkarlıqla ekrana köçürüb. 

- Sizi ilk dəfə bu yaşda bir xarakter rolunda görürük.

- Yaşlanaq, amma ruhumuz gənc qalsın. 

- Bir aktyor üçün bu necə bir hissdir?

- Yəqin ki, ahıllıq dönəmidir. Artıq bəzi şeyləri problemə çevirmirsiniz, həyata tamam başqa gözlə baxırsınız.

- Necə?

- Öləcəyini bilərək… Öləcəyini bilən tək varlıq insandır. Nədənsə bunu 30 deyil, 60 yaşlarına doğru yol alanda daha çox anlamağa başlayırıq. Hiss edirik ki, artıq sona yaxınlaşırıq. Şekspirin dediyi kimi, “Zaman ən böyük düşmənimizdir”. Zaman doğulduğumuz andan etibarən insanı ölümə doğru aparan bir yoldur.

- Bunu anladıqdan sonra nə baş verir? 

- Özünü qarşındakının yerinə qoymağı bacarırsan. O yaşdan sonra insanda insan olma özəllikləri artmağa başlayır. 

- Alimlərin araşdırmalarına görə insanın ən xoşbəxt yaşı 63-dür. Bu sizcə doğrudurmu?

- 64 yaşım var. Məncə alimlərin araşdırıb tapdığı ən doğru qərardır. 

- Türk seriallarının bugünkü vəziyyətini necə qiymətləndirirsiniz?

- Müəyyən bir dönəmdən sonra televiziyada çox iş görüldüyü üçün bu sahədə xeyli təcrübə qazandıq. 

- Sizcə, bir az işlər cızığından çıxmadımı? Belə ki, abartılı yaxın plandan çəkilən simalar, serialların zamanının uzadılması sanki bu sahədə çalışan insanlar üçün bir işgəncədir. 

- Özü də ağır bir işgəncə. Bu işgəncə sadəcə izləyənə deyil, serialı çəkən insanlara da zülm edir. Bütün yaradıcı kollektiv əziyyət çəkir. Hər həftə 150 dəqiqəlik serial çəkmək sizə asan görünməsin. Bunu idarə etmək çox çətindir. İşlər gec bitdiyi üçün hətta gecə saat 4-də avtomobil qəzası keçirən serialın çəkiliş komandası da olub. İndi onlar dünyasını dəyişib.

- Türkiyədə bir zamanlar “Ezel” kimi maraqlı seriallar vardı. İndi ekranlarda elə keyfiyyətdə seriallar görə bilirikmi?

- Serialların zamanı uzandıqca keyfiyyət düşür, senarilər dəyişir. Getdikcə yaxın planlı çəkilişlərin dəqiqələri çoxalır. “Sən mənə baxdın”, “mən sənə baxdım” kadrlar dəqiqələrlə uzanır, evdə gedib çayı dəmləyib qayıdırsan ki, hələ də qəhrəmanlar baxışırlar. Məncə televiziyanın gələcəyi artıq internetə bağlıdır. Ancaq “Şəxsiyyət” serialındakı bölümlər 60 dəqiqədir. Dünya standartında dramda maksimum bir saat, normalda 45, sitkomda isə 25 dəqiqə. Türkiyədə isə 150 dəqiqəlik serial çəkirlər.

- Bəs, teatr sizin əsas işiniz olduğu üçünmü onunla məşğul olursunuz?

- Elə deməyin. Teatrla sevdiyim üçün məşğulam. Teatr həyat, film sənət, televiziya isə bir mebeldir. Televiziya sənəti deyilən bir şey yoxdur. Film rejissorun, teatr aktyorun sənətidir. 

- Müqəddəs deyil yəni?

- Əsla. Əfsanələşdirməyə lüzum yoxdur, nədirsə, odur. 

- Ancaq bir ara bu müzakirəyə səbəb olmuşdu. Deyirdilər ki, teatr müqəddəs sənətdir. Hətta siz də belə mübahisələrə qoşulmuşdunuz.

- Mənim məsələm fərqli idi. Aktyorların “Rolumdan təsirləndim” deməsi ya psixoloji rahatsızlıqdır, ya da aktyorun yalançılığı. Bu ifadəni səsləndirəndən sonra hər kəs mənə hücuma keçdi. Aktyor heç vaxt öz obrazından təsirlənməz, nöqtə. Aktyorluq bir bacarıqdır, dülgərlik kimi ya vardır, ya yoxdur. Yoxsa “bu rolu oynamaq üçün 5 ay kimlərlə birlikdə yaşadım, nə çətinliklər çəkdim, obrazımın nələr yaşadığını oynaya bilmək üçün o mühitin içinə getdim” kimi saxta fikirlər səsləndirmək lazım deyil. Onda əgər tamaşada Allahı oynayırsınızsa, insanlara allahlıqmı etməlisiniz? İndi aktyorlar səhnədə salamı belə pafoslu şəkildə, elə hərəkətlərlə göstərirlər ki... Teatr sənətini bu səriştəsizlərdən təmizləmək lazımdır.

- Dünya teatr günündə Tvitter hesabınızda “Sözün bitdiyi yerdəyik. Amma sənət sözün bitdiyi yerdən başlayar” yazmışdınız.

- Bəzən söz kifayət etmədiyi üçün rəsm, bəstə ilə məşğul oluruq. Min kəlmə töksəm “Guernica”nı sözlərimlə izah edə bilmərəm. Teatr da onun kimi. 

- Kadıköydə polis diktator kimi bəzi tamaşaları qadağa qoyanda “Kaş ki, polislər də tamaşaları izləməyə gedərdilər” deyə yazdınız.

- Heç bir sənət fəaliyyəti qadağan olunmamalıdır. Sənət onları izləyənlər üçündür. İnsan səhnədə özünü göstərir. Tamaşaçı tamaşanı özünü, insanı anlamaq, özü ilə baş-başa qalmaq üçün izləyir. İnsan səhnədə yaşananları izlədikcə rahatlıq tapır. 

- Ölkədə gərginliklər artdıqca, sanki insanların teatra marağı çoxalır.

- Kadıköydə hər kəs bir teatr səhnəsi açaq deyə həvəslidir. Amma orada çox kiçik bir kütləyə xitab olunur. Türkiyənin 100-də 80-nə teatr dediyiniz zaman ağıllarına heç bir şey gəlmir. Düşünürlər ki, görəsən, teatr nədir? Yüzdə 14-ü teatrı film kimi bir şey hesab edir. Hərdən deyirlər ki, deyəsən, orda canlı nəsə göstərirlər. Onlar teatrın nə olduğunu anlamırlar. Sadəcə 6-sı həyatlarında ilk dəfə teatra gediblər. Bunu mən özümdən demirəm, bu rəsmi statistik nəticələrdir. Yəni, biz ölkənin 100-də 5-nə teatrı təqdim edirik. 

- Bəzi sənətçilər Mehmet Aslantuğun “Tamaşalar qadağa olunarkən heç kim deyə bilməz ki, teatra müdaxilə yoxdur” fikirlərinə “bu ölkədə kimsə nəzarət altında deyil” deyərək qarşı çıxdılar. Bu məsələyə necə baxırsınız?

- Sizin baxdığınız kimi.

- Necə yəni?

- Siz jurnalistsiniz. Sizin necə gördüyünüz çox önəmlidir. Mənimki isə etdiklərim və söylədiklərim hamısı ortadadır. 

- Əgər bu sizə çox maraqlıdırsa, “Alice möcüzələr diyarında” ən yaxşı tamaşadır.

- Biz heç bir sənəti olmayan insanlara sənətçi deyirik. Misal üçün, mən aktyoram, biri heykəltəraşdır, biri rəqqasdır. Mən sənətçiyəm deyən insanlara “tam olaraq peşəniz nədir?” deyə sual verirəm. Ümumiyyətlə, bu sözü deyən insanlara daha çox sənətlə maraqlanmağı tövsiyə edirəm. 

- Sənətdə müxalifətçi olanlarla mübarizə aparırlarmı?

- Kim ki, mübarizə aparmaq istəyir, o da mübarizə aparır.

- Mübariz olduqdan sonra həyatınız çətinləşdimi?

- Sizin həyatınız asandır? 

- Deyil.

- Mən sizdən niyə fərqli olmalıyam. Ancaq istədiyim şeyi çətinliklərə baxmayaraq edə bilmək, həqiqətən, çox zövqlüdür. Türkiyədə teatr yaratmağın zövqünü heç bir şeyə dəyişmərəm.

Tərcümə edən: Xəyalə Rəis


Oxunma sayı: 74

Yazar haqqında