TEATR TARİXİNİ DƏYİŞƏN 15 MƏŞHUR TAMAŞA - III hissə

  • 13 Dek - 2019

“1789” (1970)

Bu, 1964-cü ildə on parisli tələbə ilə birgə sənətdə kollektiv yaradıcılığa və gündəlik həyatda bərabərliyə inanan könüllü insanların icmasını - Günəş teatrını  yaratmış Ariana Mnuşkinanın ilk tamaşalarından biri idi. 

Müasir teatrın Janna Darkı kimi tanınan Mnuşkina sərt siyasi prinsiplərinə sadiqdir: məsələn, o Rus-Çeçen müharibəsinə görə Rusiyaya gəlməkdən imtina etmişdi. 1970-ci illərdə dünyanın müxtəlif bölgələrindən olan insanlar onların Paris ətrafında köhnə silah anbarında yerləşən icmalarına təkcə tamaşa üçün deyil, həm də monastrda olduğu kimi, xüsusi rejimdə meditasiya etmək üçün gəlirdilər. 

Bir qayda olaraq, Günəş teatrının tamaşaları miqrantlar və müharibə kimi müasir ictimai-siyasi həyatın ən kəskin problemlərinə həsr olunurdu Rolları professional aktyorlar deyil, tamaşanın mövzusu ilə birbaşa əlaqədar olan insanlar oynayırdu. 

“1789” tamaşası Fransa inqilabına həsr olunmuşdu. Mətni, mizanları və səhnə quruluşunu Günəş teatrının iştirakçıları yaratmışdı (Beləliklə, Mnuşkina rejissorun rolunu sıfıra endirirdi). Tamaşada aktyorlar bir çox improvizələr edirdilər. Tamaşa eyni vaxtda fərqli məkanlarda cərəyan edirdi. Müxtəlif yerlərdə qurulmuş dairəvi platformalarda, inqilabdakı əsas tarixi hadisələrdən fraqmentlər canlandırılırdı. Vahid xətt olmadığından tamaşaçı eyni vaxtda bütün hadisələri izləməli olurdu (bu hərəkət prinsipi simultanlıq adlanır). Bu gün Ariana Mnuşkinanın tamaşaları ən vacib mövzulara toxunur və onun sadə üslubu, hər hansı texniki effektlərdən daha güclüdür.

"Ölü sinif" tamaşası. Tadeuş Kantor

Ölü sinif (1975)

Tadeuş Kantor nəzəriyyəçi, rəssam, ilk Polşa heppininqlərinin müəllifi və “Ölü teatr” nəzəriyyəsini yaradan rejissor idi. Kantorun “Ölü teatr” konsepsiyasının ideyası polşalı yazıçı və rəssam Bruno Şultsun fikirləri və keçmiş xatirələrini danışmaq ehtiyacından yaranmışdı (uşaqlığının keçdiyi ev, müharibədə ölən qohumları, köhnə şəkillər, şəxsi arxiv və s.).

Bundan başqa, Kantora Vsevold Meyerholdun təcrübələri, Qərb performansları, alman rəssam Yozef Boys və Amerika sənətçisi Allan Kapro təsir etmişdi. Kantor qrotesk və cansız elementin istifadəsini (məsələn, insanın əvəzinə maska və ya kukla) Meyerholddan götürmüşdü. Boys və Kapronun ideyaları isə performanslarda özünü göstərirdi.  

1955-ci ildə Kantor Krakovda bir qrup rəssam, tənqidçi və nəzəriyyəçi ilə birgə “Krikot-2” teatrını açır. “Ölü sinif” tamaşasında yaşlı insanlar köhnə paltarlarda bellərinə bağlanmış kukla ilə parta arxasında əyləşib, qışqıra-qışqıra bir birinin sözünü kəsərək, dərsə cavab verirdilər. Bütün hərəkət boyunca eyni cırıldayan vals təkrarlanırdı, hər yaşlı tələbənin kuklası özünə oxşayan 10 yaşlı uşaq boyda idi. “Ölü sinif” insanın boş-boşuna keçmişə qayıtmaq cəhdi haqqında XX əsrin ən əsas tamaşalarından biri oldu. Səhnə əsəri dəfələrlə oynamılmış, bütün dünyanı gəzərək ən böyük teatr mükafatlarını qazanmışdı. 

Rejissorun “Bu gün mənim ad günümdür” adlı sonuncu tamaşası müharibə, ailə və dostlarının xatirələrinə söykənir. Kantor özü, adəti üzrə, tamaşada aktyorların arasında gəzən, onların oyununa istiqamət verən adamın rolunu oynamalıydı. Lakin Kantor öldü və onun əvəzinə səhnədə boş stul qoydular. Beləliklə, “ölü teatr” kədərli bir reallığa çevrildi. 

"Serso" tamaşasından səhnə

Serso  (1985) 

Anatoli Vasilyev zamanında  öz vətənində qəbul edilməyən qəribə və bir o qədər tipik rus rejissorunun taleyini yaşamışdı. Amma professional mühitdə, hətta dünya teatr cameəsində o ən yaxşılardan biri hesab olunur. 

Vasilyevi Yuri Lyubimov tərəfindən Taqankaya dəvət olunur: QİTİS-də Andrey Popov və Mariya Knebelin kursunu bitirən rejissor bu vaxta qədər MXT-da Oleq Yefremovun yanında təcrübədən keçir və Stanislavski adına Dram teatrında rus teatrında dönüş yaradan iki tamaşa (“Vassa Jeleznova – birinci variant” və “Gənc adamın yetkin qızı”) hazırlayır. Lakin Popovun bütün tələbələrini Stanislavski teatrından qovurlar və buna görə Vasilyev Taqankaya gəlir. O, Malı teatrda Viktor Slavkinin pyesi “Serso”nu üç il məşq edir. Pyes Petuşokun (onu Albert Filozov oynayırdı) öz əmisi oğlundan miras qalan şəhərkənarı evində təsadüfən yığışan 6 “müstəmləkəçi”dən bəhs edirdi. Əsas rollardan birini Natalya Andreyçenko, digərini Aleksey Petrenko oynayırdı. Finalda “müstəmləkəçilər” rəssam İqor Popov tərəfindən düzəldilmiş  evi tərk edir, ev qara örtüklə örtülürdü. Bütün bunlar son dərəcə gözəl idi və müharibədən sonrakı sovet teatrını xatırlatmırdı. 

"Mahabharata" tamaşasından səhnə

Mahabharata (1985) 

Yəhudi ailəsindən çıxmış britaniyalı rejissor Piter Bruk 1950-ci illərdə Moskva Satira Teatrına rəhbərlik etmiş Meyerholdçu Valentin Pluçekin əmisi oğludur.  1985-ci ildə Brukun dramaturq Jan Klod Karryer və dünyanın müxtəlif ölkələrindən olan aktyorlarla hazırladığı 9 saatlıq əsər Avinyon festivalında göstərildikdə səhnənin nəhəngliyi, tamaşanın hazırlanma səviyyəsi ilə böyük səs-küyə səbəb olmuşdu. 

Bu vaxta qədər Bruk Parisdə açdığı, 20 il rəhbərlik etdiyi Beynəlxalq Teatr Tədqiqatları Mərkəzinə rəhbərlik edir. Bura onu Jan Lui Barro çağırmışdı. Bruk qədim mədəniyyətləri tədqiq etmək üçün müxtəlif ölkələrdən olan 30 aktyorla birlikdə bütün dünyanı gəzərək təcrübə toplayır.

“Mahabharata” ideyası isə fransız alim, sanskrit üzrə mütəxəsis Filipp Lavastinlə tanışlıqdan sonra yaranır. Onun Hindistan eposuna bildirdiyi rəyi eşidən Bruk və Karryer başa düşürlər ki, bütün mədəniyyətləri və xalqları birləşdirən bəzi şeylər var.  Hindistan mədəniyyətinin xüsusiyyətlərinə baxmayaraq, tamaşada müxtəliflik prinsipini saxlamaq qərarına gəlirlər, Afrikadan, Cənubi Amerikadan, Asiya və Avropadan olan aktyorlara öz milli kimliyinə, identikliyinə və folkloruna sadiq qalmağa icazə verirlər. “Mahabharata”nın qurulması 10 il çəkir. Bu müddət ərzində aktyorlar və rejissor bir müddət Hindistanda meditasiya və yoqa ilə məşğul olurlar. 

“Mahabharata” qardaşların bir-biri ilə durmadan dalaşdığı, nəticədə yaxşının qələbəsi ilə bitən, lakin heç bir varisin sağ qalmadığı bir hekayədir. Hind epos məntiqinə görə, tarix Darvinin dediyi kimi, ardıcıl olaraq inkişaf etmir, mürəkkəb transformasiyalara məruz qalır. Bununla belə, deqradasiyaya baxmayaraq fərdin instinktiv xilas olmaq imkanı var. 

"Klautrafobiya" tamaşasından səhnə

Klaustrofobiya (1994) 

Avropa uğuru qazanmış və sovet tarixinə sürrealizm modeli olaraq düşmüş yenidənqurma dövründən sonrakı ilk tamaşa idi.

Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnsitutunun auditoriyasında Lev Dodinin tələbələri tərəfindən qurulmuş “Klaustrofobiya”nın ədəbi əsası tələbələr tərəfindən seçilmiş Vladimir Sorokin, Venedikt Erofeyav, Ludmila Uliçkoy və Marka Haritonun mətnlərindən ibarət idi. Tamaşa postsovet insanının həyatından epizodları montaj sərtliyi və balet incəliyi ilə göstərirdi. 

Etüdlər tələbələr tərəfindən yazılmışdı: səhnədə Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun auditoriyası canlandırılmışdı. Sinif balet otağına bənzəyirdi – iri, gözəl, lakin köhnə pəncərələri ilə çökməkdə olan sovet dünyasını xatırladırdı. Sorokin “Düşbərə” səhnəsində zabit arvadını təhqir edir, “Növbələr” səhnəsində xalqın kasıblığı alçaldılır, məktəbdə isə müəllimə yeniyetmə şagirdləri lağa qoyur. 

“Klaustrofobiya”, Sergey Kaledinin hərbi povesti “Stroybat”ın əsasında qurulmuş  “Gaudeamus” kimi bütün dünyanı gəzdi, amma vətənində yaxşı qarşılanmadı: tənqidçilər rejissoru qaramatlıqla günahlandırdılar. Bu vaxt ərzində artıq Dodin əfsanəvi tamaşa olan “Qardaşlar və bacılar” tamaşasını qurmuşdu,  Peterburqdakı Malıy Dram teatrına rəhbərlik etmişdi və “Klaustrofobiya”da etüdləri yazan tələbələr Oleq Dmitriyev, Vladimir Seleznev, Leonid Alimov, Mariya Nikiforova ikinci kursu bitirmişdi. Dörd ildən sonra Paris “Odeon”u və Milan “Pikkolo”su ilə bərabər Dodinin teatrına da Avropa Teatrı statusu verildi. 30 ildən sonra aydın olacaqdı ki, Lev Dodinin “Klaustrofobiya”sındakı tələbələri 2000-ci illərdə öz təsdiqini tapan yeni səhnə varolmasına yol açıblar.   

 

Tərcümə edən: Razimə İsmayılova

Teatrşünas


Oxunma sayı: 521

Yazar haqqında