Şəkidə “Bölgə” teatr truppasının ilk regional görüşü təşkil olunub

  • 20 Noy - 2019

Şəki şəhər Mirzə Fətəli Axundzadə adına Mədəniyyət Mərkəzində “Bölgə” teatr truppasının gənc mədəniyyət işçiləri ilə ilk regional görüşü təşkil edilib.

Görüşdə Şəki şəhəri və ətraf rayonlarda fəaliyyət göstərən 100-ə yaxın gənc mədəniyyət işçisi iştirak edib.

Tədbirdə mərkəzin əməkdaşları Hüseyn Məmmədov truppanın yaranması, fəaliyyəti, Rəfiqə Nəsirovanın Azərbaycan teatrının tarixi, keçdiyi yol, eləcə də interaktiv səhnəciklər haqqında çıxışları dinlənilib. Qeyd edilib ki, heyəti gənc mədəniyyət işçilərindən ibarət “Bölgə” teatr truppası Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mədəniyyət Üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşəbbüsü ilə yaradılıb. Truppanın təqdimatı bu il mayın 22-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində keçirilmış “Mədəniyyət sahəsində könüllülük fəaliyyəti” mövzusunda seminar çərçivəsində baş tutub. Truppanın bədii rəhbəri də mərkəzin gənc əməkdaşı Hüseyn Məmmədov təyin olunub. Teatr truppasının yaradılmasında başlıca məqsəd mərkəzin fəaliyyət istiqamətlərini genişləndirməklə teatr sahəsi üzrə də uğurlara imza atmaqdır.

Şəki Regional Mədəniyyət İdarəsinin nümayəndəsi Elvin Qarayev, Mədəniyyət Mərkəzinin direktoru Ağəli Cəlilov, bədii rəhbəri Rəşad Rüstəmov çıxışlarında bildiriblər ki, teatr dünyanın ən unikal sənət sahələrindən biridir. Ümumilikdə bütün incəsənət sahələri insanın daxili aləminin əks olunmasına xidmət edir. Ancaq teatrın ehtiva etdiyi məqamlar daha dərin qatlara nüfuz edir. Canlı və dinamik məqamların vəhdətindən yaranan teatr nümunələri qısa zamana böyük bir həyat hekayəsini sığdıra bilir.

Vurğulanıb ki, bu gün teatr sənətinə maraq göstərən insanların sayı minlərlədir. Yerli və dünya dramaturqlarının əsərlərinin səhnələşdirilməsi teatrsevərlərdə böyük rəğbət yaradır. Teatra göstərilən xüsusi diqqət və qayğı sayəsində bu sənətə olan maraq daha da artıb.

Sonda vətənpərvərlik mövzusuna həsr olunmuş tamaşa nümayiş etdirilib. Gələcəkdə “Bölgə” truppası yerli və xarici dramaturqların əsərlərinə müraciət etməyi, müxtəlif regionlarda tamaşaları səhnələşdirməyi, yerli və beynəlxalq xarakterli festivallara qatılmağı planlaşdırır.


Oxunma sayı: 53

Yazar haqqında