Nigar Pirimova - “Buratino” ilə görüş

  • 13 Fev - 2019

Uşaqkən nağılları dinləməkdən, onların əsasında çəkilən cizgi filmlərini, bədii filmləri izləməkdən doymazdıq. Günü bu gün də o vaxtın filmləri nümayiş olunandan acgözlüklə baxıram, çünki uşaqlığa səyahət həmişə arzuolunandır, çünki nə var idisə, onda vardı… Nə yaxşı ki, bədii filmlərlə, cizgi filmləri ilə yanaşı, bu gün teatrlarımızda da vaxtaşırı həmin sevimli personajları canlı görmək imkanımız olur. Bu dəfəki personajımız bizim uşaqlığımızın sevimli qəhrəmanı taxta oğlan Buratinodur. Azərbaycanda ilk dəfə “Buratino”nu Musiqili teatrın (o vaxt Musiqili Komediya Teatrı adlanırdı) nəzdindəki “Uşaq Yaradıcılıq Studiyası”nda gənc rejissor, mərhum Vaqif İbrahimoğlunun yetirməsi Elməddin Dadaşzadə hazırlayıb. Ondan sonra Gənc Tamaşaçılar Teatrı, keçən il isə Milli Dram Teatrı “Buratino”ya müraciət edib. Bu dəfə Elməddin Musiqili Teatrda yenidən bu əsərə quruluş verib. Karlo ata taxtadan Buratinosunu yonub yaradan kimi, Elməddin də eləcə öz “Buratino”sunu yaradıb. Premyeradan öncə fürsətdən istifadə edib teatra baş çəkdik ki, tamaşanın məşqindən, rejissor işindən, aktyor oyunundan hali olaq. Tamaşanın daxili baxışını izləmək nəsibimiz oldu. Zənnimcə, süjeti bilməyən olmaz. O səbəbdən süjeti nəql edib vaxt aparmaqdansa, tamaşa haqqında danışmaq daha yaxşı olar. Rejissor zəngin dekorasiyalı tamaşa hazırlamışdı. Səhnənin ortasında fırlanan məkan bir neçə hissəyə bölünmüşdü, gah Karlo atanın evinin sobası, gah bataqlıq, bah da barbi gəlinciklərinin evini xatırladan çəhrayı rəngli bər-bəzəkli stol-stullar yığılmışdı. Arxa fon şəhər binalarının şəkli ilə təsvir olunmuş böyük tablo idisə, səhnənin yuxarısında küçələrdə göstərilən tamaşaların pərdələri, sirk səhnələrinin dekorları illüziyası yaradılmışdı. Ara-sıra pambıq kimi dolu topa-topa buludlar qalxıb-enirdi. Rejissorun yaratdığı bu mənzərə insanı zəngin nağıl dünyasına səyahətə aparırdı. Gənc rejissor obrazlardan dekorlara, musiqilərdən işıqlara qədər hər bir elementə həssaslıqla yanaşmışdı. Ələlxüsus da baş rol ifaçısının seçimi uğurlu idi. Buratino rolunun ifaçısı Zaur Əliyev pantomim hərəkətləri, yüngül plastikası sayəsində taxtadan hazırlanmış balaca bir oyuncaq oğlanın canlandığına, az qala, böyükləri də inandıracaqdı. Tamaşa o qədər əlvan idi ki, bəzi anlarda film təəssüratı yaradırdı. Nahidə Orucovanın qoca tülküsü hiyləgərliyi ilə bir yandan məzəli anlar yaşadırdısa, digər yandan ikrah hissi oyadırdı. Pyesdən, filmdən fərqli olaraq, rejissor tamaşaya yeni obrazlar əlavə etmiş, bəzilərini isə ixtisara salmışdı. Gölməçə səhnəsində Buratinonun suya düşməsi, qurbağaların rəqsi, geyimi, suyun səsi istənilən effekti yarada bilmişdi. 

Lakin bütün bunlarla yanaşı, bəzi iradlarımı da qeyd etməliyəm. Belə ki, ümumən tamaşa baxımlı, rəngarəng, zəngin dekorasiyalı, musiqili olsa da, bəzi səhnələrdə ağırlıq hiss olunurdu. Bu, daha çox uşaq obrazında oynayan bir qədər yaşlı aktyorların oyununda sezilirdi. Belə ki, bizim yadımızda qalan filmdəki mavi saçlı nazlı-qəmzəli amma çox şirin, uşaq kimi tələbkar Malvina burada bir qədər qayğılı idi. O məsləhət verəndə də, tərbiyə edəndə də obraza böyüklər kimi yanaşırdı. Artemon obrazı da (Pyero) yaddaşımızda hər zaman həyatdan küskün, uğursuz, gözüyaşlı balaca oğlan obrazı olmasına baxmayaraq, tamaşada daha çox yaşlı bir insanı, enerjisi tükənən qocanı xatırladırdı. Karabas obrazı isə, əksinə, filmdə qəddar, bol enerjili, qaşqabaqlı, fırıldaqçı, eyni zamanda yeri gəldikdə qarnını qabağa verib gülən obraz tamaşada daha mülayim görünürdü, özü də bol enerjisi yox idi, yorğunluq hiss olunurdu. 

Maraqla izlədiyim, uşaqlıq illərinə səyahətə aparan “Buratino” tamaşasından sonra fürsətdən istifadə edib, səhnə əsərinin quruşçu rejissoru və musiqi tərtibatçısı Elməddin Dadaşzadədən tamaşa haqqında fikirlərini, məqsədini öyrənmək istədik.

“Gənc vaxtlarımdan, uşaqlıqdan üəyimdə bu əsərə müraciət etmək arzum var idi. Çünki postsovet məkanında çox sevilən bir film olmuşdur. Bu əsərin də özəlliyi, sehri ondan irəli gəlir ki, burada toxunulan bir çox mövzular, təkcə yazıldığı ildə deyil, bütün zamanlarda öz aktuallığını qoruyub saxlayır. Tamaşada, teatrın orta və gənc nəsil aktyorları bir araya gəlir. Rollarda Əməkdar artistlər Səmayə Musayeva, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Hüseyn Əlili, Səmədzadə Xasıyev, Zaur Əliyev, Mehriban Rəcəbova, Elnarə Nağdəliyeva, Gülçöhrə Abdullayeva, Nərmin Əliyeva, Eleanora Mehdiyeva və Rauf Babayev çıxış edir. Tamaşada həm cavan, həm də yaşlı aktyorlarımız rol alıblar, lakin bəzi yaşlı aktyorlar uzun müddət idi uşaq tamaşalarında oynamırdılar. Müdriyyətə təklifimi verdikdə hətta suallar doğmuşdu ki, niyə məhz bu aktyorlar. Cavabında isə bildirdim ki, həmin aktyorları yeni ampluada görmək istəyirəm. Buna müvəffəq oldum. Əsər povest şəklində yazılıb. Səhnələşdirmədə bir çox epizodları və personajları (Papa Karlonun dostu Cuzeppo, itlər, aşbazlar, polislər, Duremar) ixtisar etmişəm. Hətta Arlekin rolunun bütün ağırlığını Artemona vermişəm. Eyni zamanda, yeni obraz əlavə etmişəm - qurbağa Bubi, Tartilanın köməkçisidir. Tamaşadan razı qaldım. Onu da qeyd edim ki, musiqi tərtibatı da özümə məxsusdur. Bu tamaşanın musiqi tərtibatına iki il əmək sərf etmişəm. Aleksey Rıbnikovun bütün külliyyatını, filmlərə, cizgi filmlərinə, hətta, sənədli filmlərə yazdığı musiqilərdə olan incə ştrixləri belə tapıb, partituranı yığdım ki, balaca dostlarımıza hədiyyə kimi ərmağan edim”. 


Oxunma sayı: 41

Yazar haqqında