Bakıda "Cəfər Cabbarlı Həftəsi" çərçivəsində Teatr bayramı

  • 18 Noy - 2019

Bakıda noyabrın 22-dən 30-dək "Cəfər Cabbarlı Həftəsi" start götürür.

Open.az xəbər verir ki, "Cəfər Cabbarlı Həftəsi" çərçivəsində paytaxt Bakı və Azərbaycanın bölgələrində fəaliyyət göstərən teatr truppaları çıxış edəcək. Yaddaqalan tədbirə Cəfər Cabbarlı əsərlərinin teatr həftəsi də demək olar.

Cəfər Cabbarlı tamaşaları həftəsinə Şuşa Dövlət Musiqili Teatrı start verəcək. Şuşa Teatrı noyabrın 22-də görkəmli dramaturqun "Solğun çiçəklər" tamaşasını nümayiş etdirəcək.

Əsərə Lalə Şirinova quruluş verib.

Noyabrın 23-24-də isə Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında "Aydın" tamaşasının premyerası olacaq.

Xalq artisti İranə Tağızadənin quruluş verdiyi tamaşa “Sevgiyə görə bağışla” (“Prosti za lyubov”) adı ilə təqdim ediləcək.
C.Cabbarlının ən az müraciət olunan əsərlərindən biri - "Dönüş" pyesini Gəncə Dövlət Dram Teatrı nümayiş etdirəcək.

Noyabrın 25-də Gənc Tamaşaçılar Teatrında təqdim olunacaq tamaşanın quruluşçu rejissoru, Gəncə Teatrının Baş rejissoru İradə Gözəlovaya aiddir.

Noyabrın 26-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrın səhnəsində Sumqayıt Dövlət Dram Teatrı "Solğun çiçəklər" pyesini nümayiş etdirəcək.

Tamaşanın quruluşçu rejissoru Elşən Zeynallıdır.

Noyabrın 27-də Akademik Rus Dram Teatrının səhnəsində N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı "“Vəfalı Səriyyə, yaxud göz yaşı içində gülüş” tamaşasını təqdim edəcək.

Əsərə quruluşu Xalq artisti, Sumqayıt Teatrının Baş rejissoru Firudin Məhərrəmov verib.
Ertəsi gün yenidən həmin səhnədə S.Rəhman adına Şəki Dövlət Dram Teatrı "Sevil" pyesini nümayiş etdirəcək.

Tamaşanın rejissoru Orxan Həmidlidir.

Noyabrın 29-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı böyük premyera ilə Cabbarlı sevərləri sevindirəcək. Belə ki, uzun müddətdir məşqləri davam edən "Oqtay Eloğlu" pyesinin premyerası tamaşaçılara təqdim ediləcək.

Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Vaqif Əsədovdur.

"Cəfər Cabbarlı Həftəsi" son tamaşasını Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının premyerası ilə başa vuracaq. Belə ki, noyabrın 30-da Milli Dram Teatrında uzun zamandır Azərbaycan səhnəsində tamaşaya qoyulmayan "Yaşar" pyesinin premyerası nümayiş etdiriləcək.

Tamaşaya, Teatrın bədii rəhbəri və direktoru, Xalq artisti Azərpaşa Nemətov quruluş verib.

Beləliklə, Bakı şəhərinin sakinləri eləcə də şəhərimizin qonaqlarını noyabrın 22-dən 30-dək davam edəcək "Cəfər Cabbarlı Teatr Həftəsi"nə tamaşa etməyə dəvət edirik.

Xatırladaq ki, "Cəfər Cabbarlı Teatr Həftəsi" ölkə başçısının sərəncamı ilə bu il 120 illik yubileyi qeyd olunan Dahi ədib, dramaturq Cəfər Cabbarlıya həsr olunub.

Ülviyyə Həsənqızı
 


Oxunma sayı: 235

Yazar haqqında