Vidadi Qafarov - URBANİZASİYA VƏ TEATR

  • 18 Noy - 2019

(problemə sosioloji  baxış)

       Bu gün tarix qloballaşma dövrünü yaşayır. Qloballaşma dunyanı birləşdirən, sərhədləri aradan qaldiran, bəşəriyyəti ümumi, universal dəyərlər ətrafında toplayan bir prosesdir. Bu prosesin ən vacib göstəricilərindən biri isə müasir informasiya cəmiyyətidir.

       Ölkə prezidentinin 2 aprel 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milii strategiya” bu mənada zamanında qəbul edilmiş hüquqi-normativ sənəddir. “Milli strategiyada”da qeyd olunduğu kimi, bu gün “inkişafın əsas daşıyıcılarından biri informasiya-kommunikasiya texnalogiyalarıdır. İKT yüksək artım tempinə malik yeni iqtisadi sektor kimi müasir və çoxtəyinatlı infrastruktur, habelə hərtərəfli social-iqtisadi tərəqqinin aparıcı qüvvəsi rolunu oynayır” [1].

       Azərbaycan Respublikası Rabitəvə Yüksək Texnologiyalar Nazirliyinin hesabatına nəzər salsaq, bugün ölkə əhalisinin hər 100 nəfərindən 75-i internet istifadəçisidir, hər 100 nəfərə düşən mobil telefon nömrəsinin sayı isə 110 ədəddir [2]. Hələ 2014-cü ilin birinci yarısının sonunda “Azərbaycanın milli domen zonasında qeydiyyatdan keçmiş domenlərin sayı 22550-yə bərabər olub”[3]. 

       Milli Teleradio Şurasının qeydiyyatına görə, ölkəmizdə 10 ümumrespublika, 13 regional televiziya, 13 respublika, 3 regional radio, 11 kabel şəbəkəsi yayıçısı, 1 peyk yayımçısı və 1 xarici ölkəyə məxsus teleradio fəaliyyət göstərir [4]. Göründüyü kimi, Azərbaycan artıq informasiya cəmiyyətinin atributları olan geniş informasiya-kommunikasiya texnologiyaları infrastrukturuna malikdir.

       Lakin, bu gün, teatrlarımızın, kinoteatrlarımızın yaşadığı tamaşaçı problemini, muzeylərə, sərgi salonlarına ziyarətin, mütaliəyə marağın azalmasını da bəzən informasiya-kommunikasiya texnologiyalarının, internet şəbəkəsinin yuksək inkişafı ilə əlaqələndirirlər. Sözsüz ki, İKT-nin, internetin incəsənətin audiovizual növlərinə marağın azalmasında müəyyən təsiri var. Amma o da məlumdur ki, bu problemin səbəblərini yalnız burada axtarmaq düzgün deyil və calışmaq lazımdır ki, həmin mənfi təsirin özünü müsbət istiqamətə yönəldək. Qeyd etmək lazımdır ki, bu yöndə müəyyən işlər görülməyə başlanıb. Bir sıra teatrlarımızda hazırlanan tamaşalarda computer texnologiyaları uğurla tətbiq edilib ki, bu da həmin tamaşaların daha müasir və maraqlı alınmasına səbəb olub.

       Bu gün inkişafına doğru getdiyimiz informasiya cəmiyyəti milli teatrımızın dunya teatr prosesinə inteqrasiyası üçün də geniş imkanlar açır. Belə ki, hər hansı teatrın saytının yaradılması həmin teatrın dünya informasiya məkanına daxil olmasına, onun bu məkanın subyektinə çevrilməsinə, eləcə də dünya teatrları ilə intensiv əlaqə qurmağa, əməkdaşlıq etməyə imkan yaradır.

       Lakin təəssüf ki, teatrlarımız hələ də bundan kifayət qədər yararlanmırlar. Düzdür, son illərdə “Azərbaycan teatrı dünən, bugün, sabah” portalının [5], Azərbaycan Dövlət Teatr Muzeyinin [6], Teatr Xadimləri İttifaqının [7], bəzi teatrların saytlarının yaradılması bu yolda görülən uğurlu işlərdir. Amma ölkəmizdə fəaliyyət göstərən, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin [8], tabeçiliyində olan 28 dövlət teatrından cəmi 10-nun saytının olması hələ bu sahədə görüləcək işlərin mövcudluğundan xəbər verir ki, bunu həm də ciddi sosioloji problem kimi qavramaq lazımdır. Belə ki, bu gün saytsız teatr eyni zamanda, gününün çox hissəsini internet qarşısında keçirən tamaşaçı ilə virtual ünsiyyət qurmaq, teatrı təbliğ etmək, tamaşaları reklam etmək imkanından məhrum olur. 

       Cəmiyyətdə sosial olmayan, sosioloji olmayan heç nə yoxdur. Çünki, cəmiyyətin özü elə onu yaradan insanlardan, sosiumlardan ibarətdir və burada sosial olmayan heç nə ola bilməz. O da ola müasir insanın yaşadığı informasiya cəmiyyətində. Bəs müasir informasiya cəmiyyəti klassik cəmiyyətdən nə ilə fərqlənir? Qısa desək, fərq ondadır ki, qloballaşmanın təzahürü olan informasiya cəmiyyətində yüksək kommunikasiya texnologiyaları sayəsində eyni informasiyanın eyni vaxtda hamınınkılaşması baş verir. Nəticədə milyonlarla insan eyni informasiyadan eyni vaxtda istifadə etmək imkanı əldə edir. Bunu biz texnoloji sinkretzim də adlandıra bilərik. Yəni informasiya cəmiyyətinin mahiyyətində də bir sinkretizm var ki, bu da bizə bəzi mətləbləri aça bilər. Həmin mətləblərdən biri odur ki, informasiya cəmiyyətində sinkretizmdə olduğu kimi, passiv tamaşaçı olmaq mümkün deyil, bu cəmiyyət İKT sayəsində istəyindən asılı olmayaraq hər kəsi iştirakçıya çevirir. 

       Burada bir maraqlı məqamı vurğulayaq ki, əslində informasiya cəmiyyəti biz şərqlilər üçün doğma cəmiyyətdi. Çünki bu, bizim həyat tərzimiz olub. Karvansaraylar, meyxanalar, çayxanalar, toyxanalar, yasxanalar, xalq-meydan teatrları hər kəsi informasiya daşıyıcısına, iştirakçıya çevirən məkanlar olublar. Burada sadəcə, yüksək texnologiyalar deyil, insan amili əsas rol oynayıb.

       İnsan amili isə çox mühüm bir məsələni aktuallaşdırır. Bu, urbanizasiya problemidir. Fikir verin, bu gün böyük şəhərlərin, meqapolislərin həddən artıq yüklənməsi müasir dünyanın ən böyük problemlərindən birinə çevrilib. Bu gün dünya əhalisinin sayı 7 milyardı keçib. Dövlət Statistika Komitəsinin 2016-cı ilin əvvəlinə olan məlumatına görə, Azərbaycanda 9,7056 milyon əhali yaşayır ki, onun da 3 milyona yaxını Bakının payına düşür. Bu gün ölkəmizdə fəliyyət göstərən 28 dövlət teatrından iki qaçqın teatrı (İrəvan və Şuşa) da nəzərə alsaq yalnız 10 teatr Bakıda, 18-i isə əyalətdə yerləşir. Hazırda ölkəmizdə şəhər əhalisinin sayı 53%-i keçib. Bəs 2.14 min kv.km ərazisi olan paytaxtımızın vəziyyəti necədir? Çox acınacaqlı! Belə ki, ölkə üzrə hər 1 kv. km-ə düşən əhalinin sıxlığı orta hesabla 112 nəfər olduğu halda, Bakıda hər kv. km.-də 1020 nəfər yaşayır. Daha acınacaqlı odur ki, bu rəqəmlər paytaxtın Yasamal rayonu üzrə 12 min 125 nəfər, Nəsimi rayonu üzrə 21 min 710 nəfərdir: Təsəvvür edirsinizmi, 1kv. km-də 21.710 nəfərin [9] yaşaması nə deməkdir? Bu, bütün mənalarda və ilkin olaraq ekoloji mənada fəlakətdir. 

       Amma çox da bədbin olmağa dəyməz. İş bu ki, qəribə də səslənsə, urbanizasiya prosesi yaşadığımız informasiya cəmiyyəti ilə tərs mütənasibdir. Çünki müasir informasiya cəmiyyəti və İKT şəhərin mütləq üstünlüyünü tanımır. Bu gün artıq hər hansı ucqar kənddə də qarşına kompüteri qoyub, internetə qoşulub ən mürəkkəb texnoloji problemlemləri həll etmək, dünyanın hər hansı nöqtəsi ilə əlaqə qurmaq mümkündür. Həmin mənada düşünürük ki, getdikcə şəhərin kənd üzərində üstünlüyü aradan qalxacaq, urbanizasiya prosesi onun əksi olan ruralizasiya prosesinə çevriləcək. Deməli, əsasən şəhərlərdə yerləşən, fəaliyyət göstərən teatr da tamaşaçısının bir qismini itirmək təhlükəsi ilə üzləşəcək. Bəlkə gələcək fəaliyyətimizin proqnozlaşdırılması və istiqamətlərinin müəyyənləşdirilməsi üçün çıxış nöqtəsi buradadır?! 

 


Oxunma sayı: 64

Yazar haqqında