TEATRO

TEATRO

sənət portalı

post-title

Pisapili Raciv: "Müasir teatr enerjisini ənənəvi teatrdan alır"

Kathakali aktyoru Pisapili Raciv keçdiyi sənət yolundan, Kathakalinin bugünkü vəziyyətindən və müasir tamaşaçının diqqətini çəkmək üçün nə etmək lazım olduğundan danışır. 

Pisapili Racivi adi bir Kathakali aktyoru kimi təqdim etmək bəsit səslənərdi. O, personajları yenidən canlandırmaqda, möhkəm strukturlu Ravanolbhavam, duyğu ilə yüklənmiş Nalacharitham və ya Karnashapadham tamaşalarında, qadın və kişi rollarını eyni səviyyədə yaratmaqda ustadır. Onun təxəyyülü solo aktda şeir canlandırarkən oyanır. 55 yaşlı hazırcavab və məzəli Racivin Kathakali haqqında mühazirələri əyləncəvi xatakteri ilə dinləyicilərdə maraq doğurur. 

Teatro.az sənət portalı Pisipili Racivin "The Hindu” internet dərgisinə verdiyi müsahibəni təqdim edir.

 

- Kathakaliyə sizi nə gətirdi?

- Uşaq olarkən çox sayda Kathakali tamaşasını izləmiş və bundan təsirlənmişəm. Bir gün Perinqodda (bölgə) Qopini (Kalamandalam Qopi – məşhur Kathakali aktyoru) Nala rolunda izləyirdim. Ona dedim ki, Kalamandalama qoşulmaq və Kathakalini öyrənmək istəyirəm. O isə valideynlərimdən icazə almağın vacib olduğunu bildirdi, çünki Kalamandalama qatılmaq rəsmi təhsili yarıda qoymaq demək idi və bunu anam qəbul etməyə bilərdi. Qohumum Çeruvalli Raman Nambutri də Kathakali aktyoru idi. Mən onun evinə köçdüm və orada 7-ci sinifdən başqa məktəbə getdim. İqtisadiyyat sahəsində təhsilimi bitirənə kimi Kathakalini öyrənməyə davam etdim. Mədəniyyət təqaüdünə qoşulmaq üçün instituta köçdüm. PSV Natyasanqama qoşuldum və Kottakkal Krishnankutty Nair asaan-da iki il məşq etdim.

- Nəyə görə Kathakalini öyrəndikdən sonra dram təhsili də almağa qərar verdiniz?

- Müasir teatra maraq mənə atamdan keçmişdi. İstedadımı inkişaf etdirmək üçün Trissurdakı dram məktəbinə qəbul oldum. Amma oranın atmosferi xoşuma gəlmədi. Orada istədiyim layihələri həyata keçirə bilmədim və 3 semestrdən sonra məktəbdən uzaqlaşdım.

- Məhz bundan sonra peşəkar Kathakali aktyoru olmağa qərar verdiniz?  

- Peşəkar? Mən buna bağlılıq deyərdim. Apuettan deyirdi ki, sənət sənət üçün deyil, o heç yaşamını təmin etmək üçün də deyil. Bu estetik zövq məsələsidir. Əgər məqsədiniz pul qazanmaqdırsa, siz məyus olacaqsınız. Amma eyni zamanda yaşamaq üçün pula ehtiyacınız da var. Və bu arada bir boşluq yaranır – sənətin mövzusu da elə budur. Mənim üçünsə ən vacibi canlandırmaq istədiyim rol, dəyər verdiyim tamaşaçı və zəngin mühitdir.

- İlk günlər necə keçirdi? 

- 1990-cı illərdə gənclər üçün bugünkü kimi səhnələr mövcud deyildi. Bizim əsas rollar oynamaq şansımız yox idi. 15-20 illik təcrübəsi olan aktyorlar belə kiçik rollar oynayırdılar. Santanaqopalamda Arcuna ya da Kalyanasuqandikamda Bhema kimi bir ildə yalnız 3-4 baş rol oynaya bilərdik. Başqa işə gəldikdə isə, biz filmə çəkilməyi xəyal belə etmirdik. Gərgin dövrlər idi. 1995-ci ildə müqavilə ilə peşəkar dram qrupuna dəvət aldım. Qrupun bir proqramı olduqda mən getməli idim, belə olan halda isə Kathakalini itirirdim. Amma 2003-cü ildə Kerala hakimiyyətindən ən yaxşı aktyor mükafatını aldıqdan sonra səhnədən ayrılmaq asan olmadı. Dönüş nöqtəsi isə 2006-cı ildə Karalmannada  “10 ən ümidverici gənc”lə təşkil olunan təlim oldu. Məni Kathakali cəbhəsindən ciddi sənətçi və gələcək potensialı olan biri kimi görmələri qürurverici idi. Kathakalinin mənim sahəm olduğuna bu zaman qəti qərar verdim. Həmin vaxt ərzində Kathakali də dəyişmişdi. Əsas mərhələlər isə irəlidə idi. O artıq festival ritualının məbədi deyildi. Gənclər yaxşı rollar almağa başlamışdılar. Sonra isə sənətçilərə birbaşa təsir edən sosial media gəldi. Mən də bu trendi izlədim.

- Müasir dramla işləmək sizin ənənəvi teatr yaradıcılığınıza kömək edir ya mane olur?

- Mən bunu müsbət və faydalı bir şey kimi görürəm. Müasir dram mənə yeni baxış bucağı, Kathakali isə enerji verir. Hətta deyə bilərəm ki, müasir teatr enerjisini ənənəvi teatrdan alır. Nəzəriyyəçilər bu gün Kathakali və Kodiyyattamı araşdırır. Nəticədə hər iksi də teatrdır. 

Pisaoili Raciv.

- Kathakali sənətində yeni interpretasiyalarınızla tanınırsınız. Misal üçün, Bakavadhamda Asaari rolu. Yenidən həyat vermək istədiyiniz başqa bir obraz varmı?

- Mənim Asaari rolumu bir çox insan bəyənmişdi. Bu rolu cəmi iki dəfə oynamışam. Onun niyə komik obraz kimi qavranıldığını anlamıram. Mahabharatada Asaarinin missiyası Pandavanı lak evindən xilas etməkdir. Asaari ciddi bir xarakterin bütün xüsusiyyətlərini daşıyır. Ona görə mən onun heç nəyini dəyişmədim, obraza ciddi yanaşdım, yalnız komik elementləri çıxardım. Yeni yozum vermək istədiyim digər bir personaj isə Brihannaladır. Bunu etmək üçün cəsarətli olmalıyam. Viratanın sarayına gələn bütün Pandavaların yeni adı və yeni geyimi var. Amma Arjuna Brihannala kimi eyni paçha paltarı geyinir. 

 -Kathakali “yaşıl otağ”ın (avropada aktyorların gözləmə otağı) kütləyə açıq olduğu bəlkə də tək teatrdır. Bu barədə nə düşünürsünüz? 

- Aniyara (Kathakalidə aktyorların hazırlanma otağı) səs-küylü olanda sıxıcı olur. Amma heç kim orada danışmaq istəmir. Qrimlənmə çox diqqət istəyir. Həm də bu zaman biz canlandıracağımız personajlar haqqında düşünürük. Düşünürəm ki, Aniyara özəl bir yer olmalıdır. Xarici teatr quruluşlarını sevirəm – maraqlananlar barrikadanın arxasından durub foto, video çəkə bilərlər. Kathakalini əsl sevən tamaşaçıların etməli olduqları şey isə tamaşadan sonra 10 dəqiqə qalmaq və aktyorların oyunu ilə bağlı təəssüratlarını bölüşməkdir ki, bu teatra və tamaşaçıya çox kömək edir. 

- Rola hazırlaşmaq üçün hansı sisteminiz var?

- Personaja köklənəndə tək qalmaq istəyirəm, özümə qapanıram.  Bu şəraitdə hər kəs belə edər. Biz maşın kimi rola girib çıxa bilmərik. İnanıram ki, Kathakali aktyorları Koodiyattamdan bir-neçə şey öyrənə bilər. Nangiarkoothuya baxmaq mənə çox kömək oldu. Nangiarkoothu aktyorlarının rolllarına hakim olmaları və tamaşaçının diqqətini cəlb etmək üçün istifadə etdikləri texnika Kathakali aktyorlarına qadın rollarını və paçha personajlarını canlandırmaq zamanı kömək ola bilər. Kathakali bunu Koodiyattamdan öyrənməlidir. Bu həm də aktyor təcrübəsinə müsbət təsir göstərəcək. 

- Ağıl və müdrikliyinizlə mühazirələri populyarlaşdırdınız...

- Biz aktyorların rollarımıza necə ciddi yanaşdığının tamaşaçılar tərəfindən hiss olunmadığını gördüm. Buna görə də işlədiyim məktəbdəki uşaqlarla çalışmağa başladım. Yetkin adamlardan fərqli olaraq uşaqlar sual verməkdə çətinlik çəkmirlər. Kathakalinin abhinaya texnikası, mudralar və kalasamlar kimi bir çox tərəfini şagirdlərə izah etmək üçün onların anlayacağı dil və ifadələr yaratdım. Amma sonra gördüm ki, bu yetkin insanlar üçün də əyləncəlidir. Məsələn, Trissur Kathakali Klubda 22 gün ərzində 60 nəfərin müntəzəm qatıldığı tanışlıq sinfi qurduq. Bunun Kathakalini dəyərləndirmə və ondan zövq alma istiqamətində müsbət təsiri olacağına inanıram.

- Bu gün Katakalinin vəziyyəti necədir? 

- Kathakali üçün çox yaxşı dövrdür. Gənclər daha bilikli, daha diqqətli və digər sənət formalarından da məlumatlıdırlar. Öz ifalarını qiymətləndirməyi və yaşlıları tənqid etməyi bacarırlar. Sizə “asaan” olduğunuza görə hörmət etmirlər. Yalnız tamaşalarınızla və nümunəviliyinizlə onların hörmətini qazana bilərsiniz. Bu gün belə gənclər var. Onlar personajlar haqqında düşünürlər, dəyişikliklərə açıqdırlar. Bunlar yaxşı göstəricilərdir. Amma biz də Kathakalini daha fundamental və eqalitar etməliyik. Buna baxmayaraq hələ də üst-kasta qoruyucusu olan adamlar var. Təşkilati cəbhədə olan insanların mühafizəkarlığı onlara rahatlıq verir. Bu elitizmi pozmaq üçün şüurlu şəkildə prosesə müdaxilə etməliyik. Məsələn, Kunnamkulam Kathakali Klubu fəaliyyətə başlayanda izləyicilərin çoxunun Kathakali ilə əlaqəsi yox idi. Amma indi onlar bu sənət formasının estetikası barədə düşünürlər. Hətta özlərinin ağlına yeni fikirlər gəlir. Belə məkanlar təkcə Kunnamkulamda yox, hər şəhərdə, qəsəbədə var. Biz məktəbə geri dönməliyik. Təhsil proqramında Kathakaliyə pəncərə açan fənlər var və şagirdlərin diqqətini çəkmək üçün bu pəncərələri açmaq barədə fikirləşməliyik. Kalamandalam tərəfindən yaradılmış Noolangu (100 səhnə) proqramı Kathakaliyə yeni tamaşaçı kütləsinin gətirilməsində çox kömək oldu. Təəssüf ki, davamı gəlmədi. Bu zaman mən insanların Kathakali elementlərini mudra siniflərində və təlimlərdə öyrənmək istədiklərini gördüm. Nəticədə Kathakali üçün yaxşı dövr oldu. Kalamandalam kimi institutlar Noolanguya bənzər çox layihə həyata keçirə bilər. 

 

 

Tərcümə edən: Emin Əliyev 

teatrşünas

Load Time (S) : 0.005132