TEATRO

TEATRO

sənət portalı

post-title

Təşəkkür etməyin özü də bir mədəniyyətdir. Kurs rəhbərim Məryəm Əlizadə hər dərsdə deyirdi ki, "mədəniyyət insanın bütün həyatını tənzimləyən bir mexanizmdir. Çalışın, bu mexanizmin əsas göstəricisi olan təşəkkür etməyi unutmayın”. Bu mədəniyyətə hər kəsin sahib olması o qədər də çətin deyil. Bir az vicdan, dünyagörüşü və bir az da təhsil məsələsidir. Hər insanda olması vacib sayılır. Səhnə mədəniyyəti, danışıq mədəniyyəti də onun kimi. 

Bir də tənqid mədəniyyəti var. Yetər ki, tənqidlə təhqiri səhv salmayasınız. Bəzən kimisə tənqid etmək məqsədilə klaviaturanın arxasına keçib, birbaşa olaraq təhqirə keçən yazarlarla da az rastlaşmırıq. Tutarlı səbəblərin varsa, nəyi, niyə bəyənmədiyini əsaslı səbəblərlə qeyd edirsənsə, niyə də tənqid olmasın? Xüsusən də teatrı tənqiddən söhbət gedirsə. Teatr canlı sənətdir. Burada hər şey aşkardır, göz önündədir, etdiyin də, edə bilmədiyin də. Əgər saatyarım vaxtda tamaşaçını öz obrazına, göstərdiyin nağıla inandırmağı bacarmadınsa, diqqəti özünə çəkə bilmədinsə, demək ki, bu sizdə alınmayıb. Başqa sözlə, tamaşaçı zalda əlində telefon oturubsa, demək ki, bu tamaşa rəflikdir... 

9 ildir ki, "Kaspi”nin "Teatr” əlavəsində teatrlarımıza güzgü tuturuq. Paytaxt və bölgə teatrlarımızda yaşanan yaradıcı prosesdən xəbər verir, müsahibələr, reportajlar, portretlər, resenziyalar, araşdırmalar dərc edirik. Bu 9 ildə haqqında yazdığım tamaşalardan yaxşısı da olub, pisi də, yazmaq xətrinə yazdıqlarım da, izlədiyim tamaşadan təsirlənib, içimdən gəldiyi kimi yazdıqlarım da. Giley edənlər, müəllifin fikirləri ilə razılaşmayanlar, tənqid edənlər, ürəyincə olanlar - bir çox reaksiyalarla rastlaşmışıq. Ancaq son bir neçə ildə sənət adamlarının, xüsusən də teatr aktyorlarının və rejissorlarının tənqidlə bağlı ciddi problemləri ilə üzləşirik. Nə rejissorlarımız, nə də aktyorlarımız sağlam tənqidi qəbul edə bilir. Ümumiyyətlə, tənqidə davamlı deyillər. Dərhal bunun arxasında bir məna axtarmağa başlayırlar. Elə "məni təriflə” deyərək, qabında bir şeyin də olmadığını bilə-bilə, özünü aldadaraq "sənətkar” dedirtmək istəyi hökm sürür. Xırda bir tənqid olan kimi, aktyor "qılıncını sıyırır” və müəllifin üzərinə hücuma keçir. Təzə söz də öyrəniblər: "Sifarişlə yazmısınız”. "Sifariş”in də əsası budu ki, eyni tamaşada rolunun öhdəsindən peşəkarlıqla gələn aktyorun uğurunu qısqanır, ya da onun adının, şəklinin niyə ondan daha çox yayımlanmasına etiraz edirlər. Yəni ki, "sifarişçimiz” obrazının öhdəsindən gələn aktyorlardır. Eyni kollektivin içərisində bir-birlərinə "can” deyən aktyorlar, bir bilsəniz, iş yoldaşının adı ondan daha çox hallananda necə reaksiya göstərirlər... Sifariş verdiyini güman etdiyi aktrisa ilə bir neçə dəqiqə bundan öncə rəsmini paylaşıb, "Həyatdakı tək dostum” deyərək necə içdən şərh yazırlarsa, həyatda da səhnədəki kimi oynayıb-oynamadığını düşünməyə bilmirsən... 

Əslində, bu narazıları da günahlandırmıram. Çünki özümüzü tanıyalı, qələmimiz ancaq onların "uğurlarından” yazıb, bir dəfə birimiz çıxıb deməmişik ki, əslində sən səhnədə cılızlığınla, etdiyin yanlışlarınla insanlarda ikrah hissi oyadırsan. İndi deyəcəksiniz ki, "jurnalist deyilsiniz, hər şeyi olduğu kimi - yanlışları, əyriləri ilə yazardınız. Niyə zamanında yazmadınız ki, indi də  yalançı təriflərlə göyə qaldırdığınız o şəxslər sizi sifarişli yazı yazmaqla günahlandırır?” Əslində, haqlısınız. Ancaq bunu bilməyinizi istəyirəm ki, bir tamaşanın ərsəyə gəlməsi üçün yaradıcı heyət nə qədər əziyyət çəkir. Bizim 1 saat, saatyarım izlədiyiniz tamaşa ən tez halda bir komandanın 3 aylıq sərasər məşqləri nəticəsində meydana gəlir. "Tamaşa zaydır” deməyə nə var ki? Ona görə də bəzən çəkilən əməyə hörmət əlaməti olaraq yanlışların üzərindən səthi keçməyə çalışırsan. Bir aktyorun teatr yazarını həddindən ziyadə günahlandırması ilk növbədə onun qeyri-peşəkarlığından və həmkarına qarşı hansısa qısqanclığından qaynaqlanır. Yuxarıda da qeyd etdiyim kimi, bizim sənət cameəsinin nümayəndələri tənqidə dözümlü deyil. Əgər mətbuatda kiminsə haqqında xırda bir tənqid yer alıbsa, həmin şəxs dərhal səbəbi özündə deyil, kənarda axtarmağa başlayır. İlk növbədə düşmənləri yadlarına düşür, "sizi filankəs yönləndirib” deyə sosial şəbəkələrdə atmacalara başlayırlar. 

Yazımın əvvəlində təşəkkür mədəniyyətindən əbəs yerə söz açmadım. Yaradıcılıqlarını, fəaliyyətlərini işıqlandıranda, adətən media nümayəndələrinə təşəkkür etməyi unudan aktyorlar, tənqid olunanda, teatr yazarlarının üzərinə hücum çəkirlər. Halbuki, özləri də bilirlər ki, zəifdirlər. İndi yalançı təriflərlə gözdən pərdə asılan bir zəmanə də deyil. Belələri özlərini peşəkar saymaqda çox yanılırlar. Unutmasınlar ki, yanlış tərifləri və ya susqunluqları ilə onların zirvəyə qalxmasına şərait yaradan media, bir gün haqlı tənqidlərlə bu sabun köpüklərini dağıda da bilər.

Load Time (S) : 0.004254