TEATRO

TEATRO

sənət portalı

post-title

Aydın Talıbzadə - "İgid Pərviz, sakat Ezgi, cığal Acun Ilıcalı və ya "Survivor" dastan inversiyası kimi"

Mən uzun zamandır ki, “Survivor” izləyicisiyəm: özü də təqribən 6-7 il civarında davamlı olaraq... Axı “Survivor” (tələffüzdə sörvayvır, tərcümədə “sağ qalmaq”) teleyayımda idmanla teatrı brutal şərait kontekstində, improviz qanadlarında kameralara yansıdıb bir araya gətirir və çalışır ki, topluma qutsal mesajlar göndərsin. Mənim üçün də bu fakt bir düşüncə materialıdır. 

Hərçənd intellektuallar məndən soruşa bilərlər: Jan Lyuk Qodarın “Əlvida, nitq” filmini kinoapokalipsis kimi dəyərləndirmiş bir sənət adamının primitiv ehtiraslara köklənən bu realiti-şou ilə maraqlanması nə dərəcədə məntiqi və bəraətlidir? Sualı telelayihənin dəqiq təsnifat səciyyəsilə cavablandırmaq istəyirəm: 

“Survivor” qəhrəmanlıq eposu variantıdır, müasir dönəmin özünəməxsus teleeposudur. 

“Survivor” türk etnosunun arxetiplərini, yəni emosional potensiala malik düşüncə  modellərini, passionar təbiətinin mühüm əlamətlərini tapıb aşkarlamağa yönəlik bir telelaboratoriya qismində də təsnif edilə bilər.Onu türkün mənəvi-əxlaqi dəyərlərinin imtahan edildiyi bir çəkiliş meydançası kimi də çözmək olar.

Heç təsadüfi deyil ki, assosiativ qatda mən “Survivor” iştirakçılarını “Kitabi-Dədə Qorqut” qəhrəmanlarının müasir dünyaya modifikasiyası kimi qavramağa meyllənirəm.

Hər mövsümdə “Survivor” bir qəhrəmanlıq boyu, bir qəhrəmanlıq hekayəsi kimi, yaxud da bir xainlik, bir namərdlik tarixçəsi kimi “oxunur”. 

İgid türk insanının qalibiyyəti məni həmişə fərəhləndirir. Çünki özümlə onun arasında həməncə empati qururam. “Survivor” qalibləri Hilmi-Cem, Turabi, Adem, Atakan, Ogeday, Yusuf haqqı haqqına bu misilsiz şou-oyunu öz canları, qanları, sağlamlıqları bahasına, cəngavərcəsinə qazanmış çağdaş Oğuz igidləridir. 

Mən azərbaycanlı Pərvizi də onların cərgəsində görürdüm: nədən ki, kikboksinq üzrə 6 dəfə dünya birincisi olmuş Pərviz Atakanla, Ademlə, Yusufla, Ogedayla eyni bir şərəf müstəvisini paylaşır. “Survivor” tarixində onun kimi təkrar-təkrar dünya çempionu olmuş digər bir iştirakçı yadıma gəlmir. Mümkün ki mən yanılım; ona görə israr eləmirəm...

Amma hər necə olursa-olsun və bütün hallarda düşünürəm ki, Pərviz çox erkən dışlandı, parkurlarda özünü aslan kimi parçalasa da, taqımı üçün hər çıxışında enerjisini tam sərf etsə də, qalib gəldikdə, ödülləri qazandıqda etkiləndirici sevinc göstəriləri yapsa da, yenə arxa planda qaldı, rejissorun montaj qayçısı davamlı onun əleyhinə işlədi, o, sözə başladığı çağda kamera ondan üz döndərdi, oyunda qələbə çaldıqda, taqımının qalibiyyət xalını aldıqda layiqincə təriflənmədi: böyük mükafatlar ərəfəsində isə qapılar onun üzünə qəfil qapadıldı. 

Nə üçün? Günah kimdədir? Tarixən formalaşmış arxetiplər yenə dindimi?

Axı Pərviz sıradan sayılacaq adi birisi deyildi və realiti-şouda təmiz, pak, saf Oğuz cəngavəri imicini daşıyırdı. Onda niyə xalq, türk xalqı göyçək, incə, di gəl ki, sakat, koloriti yetərincə az, oyunlarda heç nə ilə fərqlənməyən, ada həyatında özünü bir elə də ifadə etməyi bacarmayan Ezgini həmin həftənin performans birincisi igid Pərvizdən üstün tutdu? Yoxsa Azərbaycandan gəlməyən səslər, göndərilməyən SMS-lər Pərvizi pis durumda buraxdı? Ola bilər, inanıram. Lakin məni təəccübləndirən bir başqa şeydir: səsvermə elə bir şahmat oyununa çevrildi ki, ya da elə bir huşyar hesablama ilə yönləndirildi ki, onun nəticəsi Pərvizə heç bir qırıq da şans saxlamadı. Olurmu, yahu? Bir günün içində Ezgi reytinqləri aşdı, Sercan və Ersin kimi Türkiyənin tanınmış şəxslərini, parkurun üstündən sanki qırğı kimi süzüb keçən Elifi, ay üzlü qadın futbolçu Aycanı geridə qoydu: bu qızın oyları (topladığı səslər) sehrli nağıl qazanında olduğu kimi birdən-birə qaynayıb daşdı və onu söz sahibi elədi. Eyni bir olay “Survivor”da Cemal Can əhvalatından sonra təqribən oxşar ssenarilə ikinci kərə yaşanıldı. 

Sonucda ələnməyə aday, yəni namizəd qismində iki qıpçaq Məlik tipajı ortaya çıxarıldı: Mert və Ersin. O zaman mən səsvermənin öncədən planlaşdırıldığını, Pərvizin getməsi üçün ideal variant hazırlandığını, Pərvizin “Məlikməmmədin nağılı”nda olduğu kimi qardaşları tərəfindən “quyuya atıldıdığını” yəqinləşdirdim. Qayət, dörd “ünlü” qızcığazın Pərvizi aday göstərdiyi gündə də onun “Survivor”dan kənar ediləcəyini ötəri təxminləşdirmişdim. Bu, bilirsiniz nəyə bənzədi: futbol üzrə dünya çempionatının finalında Marakana stadionunda braziliyalıların alman yığmasına 7:1 hesabı ilə məğlub olmasına. Həmin gün futbol mənim üçün “öldü”; bildim ki, artıq futbol yoxdur, totalizator var...

Pərvizi aradan götürən, onu 7:1 hesabı ilə bir qıza uduzduran kim oldu: Ezgisevərlər, yoxsa Acun Ilıcalı? 

Bəlkə oğuz bəylərinin “Kitabi-Dədə Qorqut” dastanında qarşılaşdığı xəyanət paradiqması burada da işlədi? 

Bu tövr davranış, yəni igid Pərvizin sakat Ezgiyə dəyişdirilməsi “Kitabi-Dədə Qorqut” dastanından Salur Qazanın, Beyrəyin, Uruzun dustaq getdiyi boyları xatırlatmırmı? 

Əgər biz bununla barışırıqsa, onda topluma hansı qutsal mesajları göndərmiş oluruq, nəyi təbliğ edirik? Doğrudanmı “Survivor” realiti-şousunda hər zaman bütün oyunları Acun Ilıcalı başlayıb Acun Ilıcalı da qalib gəlir? Həqiqətənmi, bizim təxminlərimiz bir əfsanə, aldanışdır və realiti-şou ətrafında yaradılan kontekst vasitəsilə manipulyasiya edilir?

Sualları burada saxlayıram, varıb gedirəm bir qədər uzağa, Pərviz dışında məsələnin  mahiyyətini araşdırmağa...

Məqaləni yazmağımın səbəbi bu ki, mən “Survivor” realiti-şousunu həqiqi insani dəyərlərə, türk qövmünün mental ənənələrinə yaxın bulmuşam, onu müasir folklor nümunəsi kimi qiymətləndirmişəm və yayımı izlərkən həmişə qalibiyyətə layiq bildiyim adamların xalqın tərcihilə çempion olmasını istəmişəm. İstəmişəm ki, ədalət duyğusuna milyonların gözü önündə xələl gəlməsin, insanın insana inamı qırılmasın, mərdlik, xeyirxahlıq, alicənablıq idealları böyük paralar xatirinə ucuzlaşdırılmasın, “doğruya zaval yoxdur” prinsipi hər zaman aktual olsun. 

Bu şouya vaxt sərf edə-edə mən uzaqdan uzağa türk xalqının mənəvi-əxlaqi keyfiyyətlərini sanki bir daha sınağa çəkmişəm, balaca bir sosial tədqiqat aparmışam və hər dəfə də görmüşəm ki, xalqın gözü tərəzidir, obyektivcəsinə hər şeyi ğörür, doğru görür və türkün əxlaqına layiq qərar verib doğru seçimdə bulunur, məhz Turabi, Atakan, Adem, Ogeday, Yusuf kimiləri çempion eləyir. Məgər Pərviz onlar kimi igid Oğuz bəylərindən biri deyildi?

Bir də Acun Ilıcalının özü bir aparıcı kimi hər zaman şouda dönə-dönə təkrarlayıb nəticənin xalqın ixtiyarına buraxıldığını söyləyir: bundan sonra sənin təxmin etdiyinlə xalqın tərcihi dəfələrlə üst-üstə düşəndə sən Acun Ilıcalıya, onun sözünə birmənalı şəkildə inanırsan, realiti-şounu az qala siyasi-ideoloji, kulturoloji, mənəvi-əxlaqi bir aksiya statusunda qavrayırsan. 

Lakin... və bir də lakin... 

Bu, bir realiti-şoudur. 

O nəsnə ki, şoudur, ona inanmaq olmaz. Hər realiti-şou isə SMS dilənçiliyinin bir variantıdır. Realiti-şou ilə darıxan, əsasən də, əyləncələr çeşidi olmayan insanları “soyurlar”, onların cib telefonlarına “girirlər”, elə girirlər ki, heç ruhları da incimir və başlayırlar oradan rahatca SMS “çırpışdırmağa”.

“SMS tələsi” insan psixologiyasını və koqnitiv strukturları nəzərə alaraq qurulur. Darıxan insan əyləncəyə para ödəməyə, xüsusilə də, mobil telefonundan səs “xərcləməyə” həmişə hazır birisidir. Mühüm psixoloji faktor odur ki, cib telefonundan səs “xərcləmək” cibdən nağd pul çıxarıb xərcləməkdən qat-qat asan, qat-qat ağrısızdır. İnsan paranı gördükdə, paranı əlində tutduqda içində xəsislik rüşeymləri tumurcuqlanır, pulu özündə daha çox saxlamağa meyllənir. Çünki real para real güvənc, arxayınlıq duyğusu bəxş edir. Telefondan SMS-lərin göndərilməsi isə faktiki olaraq artıq “öldürülmüş” paraların qısa bir müddətə “dirildilib” aktivləşdirilməsidir. 

Bir sözlə, hər şey qədim Roma imperiyasında mövcud olmuş məntiq və ssenari müstəvisindədir: yəni köhnə hamam, köhnə tas; çörək və əyləncə, qladiator məsələsi də permanent aktual...

“Survivor” da bu mexanizmlə işləyir, amma bir özəlliyi var...

Bütün realiti-şoularda dostlar, tanışlar, varlı qohumlar səs göndərilməsində necəsə rol oynaya bilərlər, Acun Ilıcalının möhtəşəm layihəsində isə, məncə, yox. Nədən ki, masştab çox fərdqlidir: burada xalq realiti-şounun virtual şəkildə birbaşa iştirakçısıdır, akkumulyativ gücüdür; onun gedişatını, qalibini öz münasibəti, sevgisi, qayğısı ilə müəyyənləşdirir. 

Digər tərəfdən isə Türkiyənin TV8 kanalı ilə yayımlanan “Survivor” instinktlər səviyyəsində insan yaşantılarını, onun eqo savaşlarını, sevinclərini, iztirablarını, özü və başqaları ilə mübarizəsini, dözmək, olmaq, qazanmaq taktikasını bütün mümkün spektrlərdə görükdürən bir realiti-şou ki, bu da kifayət qədər calib. 

Hələ mən onu demirəm ki, ada həyatı, okean, Pobinzon Kruzo tipində macəralar, yaşıllıqlar, spartan həyat tərzi, vəziyyətdən qəhrəman qismində çıxmaq bacarığı mənim gənclik xəyallarım... Odur ki, mən bu şouya gəncliyimin arxasınca baxdığım kimi baxıram...

Üstəgəl Acun Ilıcalının, adı hindlilərin “Mahabharata” eposundan götürülmüş bir türkün, televizyonçu istedadına heyranlıq və peşəkar maraq. Acun Ilıcalının aparıcılıq səmimiyyəti, yumoru, xarizması, öz peşəsinə vurğunluğu, insan sevgisi, problemi anındaca çözmək bacarığı şübhəsizdir. “Türkiyənin yetənəklisi” Acun Ilıcalıdır desəm, səhv etmərəm.

Amma məsələ təkcə Acun Ilıcalıda deyil, TV8 komandasının örnək olası professional iş qabiliyyətindədir. Mən bir vaxtlar TV8-in “Survivor” versiyasının dünyəvi uğurunu, bu layihələrdə iştirakçılar arasında münasibətlərin, ünsiyyətin xarakterinin, dinamikasının qurulma və tənzimlənmə peşəkarlığını, komandanın bir orkestr kimi “səslənməsini”, ideal təşkilatçılığı, televizionçu peşəkarlığını, səriştəsini görüb də Acun Ilıcalını “bir televiziya dahisi” adlandırmışam və bu fikrimdən heç daşınmıram da...

Hərçənd 2020-ci ilin “Survivor” hekayəsi Acun Ilıcalının tam fiaskosu: çünki onun Dominikan Respublikasına apardığı “qırmızılar” və “mavilər” arasında Pərvizdən (bəlkə bir də Orta əsrlər Avropa cəngavərlərinə bənzər Berkan xaric) savayı qəhrəman potensialında olacaq kimsə yox: onların heç biri bayaq adlarını çəkdiyim çempionlarla müqayisəyə gəlməz. Elə bu məqamda “Kitabi-Dədə Qorqut”un qəhrəmanlarından biri Qaracuq (Qaraca) çobanın “gəlməz mənə” rədifi ilə söylədiklərini ünvanlayıram “Survivor” iştirakçılarına ki, bunu Pərviz konseydə deyə bilərdi, əfsus ki, demədi...

Bəlkə də bu demədikləri ucbatındandır ki; hamıya aşırı sayğı göstərməsi, inanması ucbatındandır ki; bəzən özünü qonaq bilib ön plana adlamamaq təvazökarlığı ucbatındandır ki, “Survivor”da Pərvizi “əlvida” məşəlinə vaxtından əvvəl layiq bildilər. Obyektivcəsinə qeyd etməliyəm ki, bir vaxtlar Adem Kılıççı kimi Pərviz də potensialını tam gerçəkləşdirə bilmirdi, bəzən ziyadə həyəcanlanırdı, bəzən Türkiyə türkcəsində danışdığından (mən onun yerinə olsaydım, fürsətdən yararlanıb Azərbaycan türkcəsinin, Azərbaycan folklorunun gözəlliyini bütün Türkiyə əhlinə eşitdirərdim) fikirlərini seyrçilərə dolğun bir şəkildə çatdırmağı bacarmırdı, ümumi sözlərlə, yayqın ifadələrlə kifayətlənirdi, kimsənin qəlbini sındırmaq istəmirdi, sanki daim “qonaq – ev yiyəsi” məsafəsini gözləyirdi, dalaşmaq niyyətində bulunanların həməncə belindən yapışıb qırağa çəkirdi, bir “əxlaq polisi” funksiyasını yerinə yetirirdi.

Bütün bunları sadalamaqda məqsədim bu ki, Pərviz erkən vidanı heç haqq etmirdi... 

Biz bunları yazdığımız anda...

... Ezgi hələ də orda, əzgin, sakit, sakat, nə ölüyə hay, nə diriyə pay...

Buna görəmi Pərvizi yola salıb Ezgini “Survivor”da saxladılar? Bu addımla “Survivor” ideyası devalvasiya məqamını yaşamadımı?

Acun Ilıcalı isə əndişəli: “qırmızı”nı “mavi”yə dəyişir, “mavi”ni “qırmızı”ya, onu bura atır, bunu ora. Di gəl ki, düz-əməlli heç nə alınmır, suffada, yəni skamyada, “Survivor” leksikonunda desək, bençdə əyləşənlərin enerjisi günü-gündən azalır, oyunlar “sönür”, iştirakçılardan heç biri seyrçilərin əsl qəhrəmanına çevrilə bilmir. Çünki böyük mənada “Survivor” Mert, Ersin, Cemal Can, Yasin və digərlərinin vecinə deyil: sadəcə, hərə özünə yaraşan, özünə bab bir şou yapır, kurort əhli kimi yarışır, əsl mücadilə, igidlərin ölüm-dirim savaşı isə gözə dəymir. Ona görə də Acun Ilıcalı teleeposu “ormanda eşq macərası” ilə əvəzləməyə çalışır.

O zaman soruşulur: axı qəhrəman potensialında olmayan adamların “Survivor”da nə işləri var? 

Bica yerə Pərviz kimi bir igidin macərası yarımçıq qaldı...

Dünya qopmadı...

Amma bir dadsızlıq oldu, xılt oldu... 

Bizlərə yaraşmadı...

Hərçənd ki “heç maraq etmə, xaqanım”: onsuz da “bir millət, iki dövlətik”; əsası odur ki, ədaləti, mərdliyi və səmimiyyəti itirməyək, yəni “tanrıya tanrı kimi, qeysərə qeysər kimi”... 

Oğuz bəylərindən buyruq belədir...

 

P.S. Mən məqalənin duyğusal atmosferini, onun poetikasını pozmamaqdan ötrü iştirakçıların adını Türkiyə türkcəsində olduğu kimi saxladım, “sakat” sözünü Azərbaycan türkcəsinə çevirib zədəli yazmadım. Lütfən, bunu qüsura yozmayın!

 

Load Time (S) : 0.007392