TEATRO

TEATRO

sənət portalı

post-title

3 qitədən 15 ölkənin iştirak etdiyi onlayn teatr konfransı

2020-ci ilin əvvəlindən başlayan karonavirus dalğası teatr sahəsinə də ciddi təsir göstərdi. Bunun zərərlərini azaltmaq, teatr prosesinin iflic vəziyyətə düşməsinin qarşısını almaq üçün dünya teatrları, media şirkətləri və teatr xadimləri virtual layihələrə başladılar. Bunların arasında məşhur teatrların tamaşalarının canlı olaraq yayımlanması, virtual müzakirələrin, festivalların keçirilməsi kimi layihələr də var idi. Belə layihələrdən birini də Beynəlxalq Teatr Tənqidçiləri Birliyi həyata keçirdi. 11 may 2020-ci ildə təşkil olunan ilk onlayn teatr konfransında dünyanın 15 ölkəsindən (Gürcüstan, Azərbaycan, Qazaxıstan, Rusiya, Meksika, Polşa, Fransa, İran, Ukrayna, Belarus, Pakistan, Türkiyə, Qırğızıstan, Özbəkistan, Bolqarıstan) 60-dan artıq teatr mütəxəssisi - teatr nəzəriyyəçiləri (teatrşünaslar, teatr tənqidçiləri, kulturoloqlar və jurnalistlər), praktiklər (rejissor, dramaturq, aktyor, menecer, rəsssam, teatr rəhbərləri) və teatr məktəblərinin pedaqoqları, həmçinin bir neçə tələbə iştirak edib. Birinci - ingilisdilli seksiyada 44, ikinci – rusdilli seksiyada 55 nəfər iştirakçı olub. 

Konfransı giriş sözü ilə açan Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin vitse-prezidenti, ADMİU-nun Teatrşünaslıq kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Cəfərov tədbir iştirakçılarını salamlayaraq, ötən ilin sonlarında yaranmış Beynəlxalq Teatr Tənqidçiləri Birliyi və təşkilatın həyata keçirdiyi müxtəlif beynəxalq və lokal layihələr haqqında məlumat verdi. Konfransın tərəfdaşları olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, T.K.Jurgenov adına Qazaxıstan Milli İncəsənət Akademiyası, Şota Rustaveli Teatr və Film Universiteti, Müasir Gürcüstan Teatr Araşdırmaları Mərkəzi, M.Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutu, AMEA Memarlıq və İncəsənət İnstitutu, “Teatro.az” sənət portalı, Theatrelife.ge – Gürcüstan teatrının elektron arxivi, Oner.kz – informasiya portalı, o cümlədən bu tədbirə maraq göstərən, məruzə göndərən, dinləyəci kimi qatılan və dəstək göstərən hər kəsə təşəkkürünü bildirən E.Cəfərov qeyd etdi ki, konfrans materialları elektron toplu şəklində dərc olunacaq. 

““Teatr-onlayn” beynəlxalq virtual elmi konfransının ideyası günün tələblərindən və karantin şərtlərindən doğub. Çünki pandemiya bu gün ictimai psixoza çevrilib və və teatr prosesindən ötrü bifurkasiya nöqtəsi olub. Bu nöqtədən sonra prosesin yönünü və xassəsini dəqiq proqnozlaşdırmaq faktiki olaraq, mümkün deyil. Konfransın məqsədi teatr sənətinin internet vasitəsi ilə tamaşaçıya ideya-dünyagörüşü və bədii təsirini qoruyub-saxlamaq imkanlarını araşdırmaqdır.
Təbii ki, teatr “burada və indi” prinsipinə əsaslanan canlı sənətdir və tamaşanın videoyazısı heç vaxt teatrın canlı ünsiyyətini əvəz edə bilməz. Xüsusən, nəzərə alsaq ki, teatrlarımızın bir çox tamaşalarının keyfiyyətli videoyazısı yoxdur, anlamaq olar ki, bu resurslar tezliklə tükənə bilər.  Ümid edirik ki, tezliklə koranovirus təhlükəsi başa çatar və teatrların normal fəaliyyəti bərpa edilər. Çünki böyük mənada, bu, teatr deyil, onun oxşarıdır”. 
E.Cəfərov çıxışının sonunda konfrans iştirakçılarına uğurlar arzulayaraq, birinci seksiyaya moderatorluq etmək üçün sözü gürcü teatrşünas Marina Vasadzeyə verdi. M.Vasadzenin moderatorluğunda konfransın birinci hissəsində Meksikadan mədəniyyət eksperti Monika Baxonero Diaz “Teatr üçün heç bir müəyyənlik yoxdur: məhdudiyyətdən doğan refleksiya”, Pakistandan Karaçi Dram Teatrının bədii rəhbəri Sohail Ahmed Malik “Performans sənətinin “Cəsur Yeni Dünya”sı”, İrandan Lameyi Universitetinin müəllimi Səid Kazimiyan “Sosial şəbəkələr və gələcəyin teatrının tamaşaçıları”, Azərbaycandan “dOM” Teatrının rəhbəri Tərlan Rəsulov “Teatr (ifaçılıq sənəti) sahəsində təsnifat problemləri”, Türkiyədən fəlsəfə doktoru Ziyad Quliyev isə “Teatr transmediası. Onlayn teatr narrativinin analizi” adlı məruzələrlə çıxış etdilər. 
Z.Quliyev teatr sənətinin çağdaş durumunda rəqəmsal texnologiyaların əhəmiyyətini vurğuladı:  
“COVİD-19 sonrası hövlnak  bir “E-Teatr” yaratmağa çalışanlar məsələnin əsl mahiyyətini anlamadan və ifadə vasitəsini tapmadan paylaşdıqları arxiv videoları ilə Henri Jenksin ifadə etdiyi “transmedia or crossmedia storytelling” kimi bilinən və müəyyən bir kontentin fərqli medialarla izləyiciyə (izləyici yoxsa tamaşacı?) çatdırılması fəaliyyətini həyata keçirdilər və həyata keçirməkdədirlər. Əgər teatr sənətimiz özünə kiber məkanda bir yer tapmaq istəyirsə, o zaman məsələyə bu perspektivdən baxmalıdır. Əks təqdirdə şübhəsiz, COVİD-19 sonrası hər şey öz normal axarında davam edərkən, pandemiya dönəmi qazanc olaraq geri dönməkdən çox, məcburiyyətin yaratdığı darıxdırıcı bir fasilə olaraq xatırlanacaqdır”.
Rusiyalı teatrşünas, M.Lomonosov adına Moskva Dövlət Universitetinin  müəllimi Emiliya Dementsovanın “Teatr özünütəcrid dövründə: təhlükə imkan kimi” adlı  çıxışı isə daha yadda qalan oldu. Belə ki, tənqidçinin ailəsində virusa yoluxma halı qeydə alındığından, o canlı olaraq konfransa qatıla bilmədi, buna görə də çıxışı canlı yayım zamanı videoyazı şəklində izlənildi. E.Dementsovanın çıxışından sonra isə M.Vasadze birinci seksiyanın müzakirələrini hər kəsə açıq elan etdi. Dinlənilən mühazirələr və mövcud problemlə bağlı izləyicilərdən və konfrans iştirakçılarından ibarət müzakirə maraqla qarşılandı. Bundan sonra moderator M.Vasadze konfransın birinci seksiyasının bitməsini izləyicilərə və çıxışçılara elan etdi və canlı yayıma fasilə verildi. 

İkinci seksiyanın başlanğıcında çıxış edən Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin Prezidenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Anara Erkebay təşkilatın cari və perspektiv layihələri barədə məlumat verdi. Hazırda “Postsovet məkanının müasir teatrı” adlı kollektiv monoqrafiya üzərində işlərin davam etdiyini bildirən Qazaxıstanlı teatrşünas “Teatr Onlayn” konfransının ideyası haqqında danışdı: 
“Koronavirus hamının həyatını dəyişib. Məhz indi informasiya texnologiyalarının insanlara təsiri parlaq şəkildə görünür. Teatrlar qapalı olmasına baxmayaraq, öz tamaşaçılarını onlayn nümayişlər, görüşlər, ustad dərsləri və müsahibələrlə sevindirirlər. Karantin dövründə bir çox insanlar mədəni cəhətdən zənginləşmək imkanı qazanıblar, çünki bütün dünyanın teatrları epidemiya zamanında onlayn kontentlərə ödənişsiz çıxış imkanları yaradıblar. Teatr həmişə canlı sənət olub. İndi isə onun yeni – virtual mərhələsi başlanıb. Biz teatr sənətinin bu yeni növünü qəbul etməyə hazırıqmı?”
Anara Erkebay ikinci seksiyanı açıq elan etdikdən sonra sözü sənətşünaslıq üzrə elmlər doktoru, professor İsrafil İsrafilova ötürdü. Moderator İ.İsrafilov ADMİU-nun Teatrşünaslıq kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadəni konfrans iştirakçılarına təqdim edərək sözü ona verdi. A.Talıbzadə  rusdilli bölməni “Koronavirus dövrünün bədbin karnavalı və yaxud insan olmaq qadağandır!” adlı mühazirəsi ilə açdı:
“Teatrın onlayn rejimdə şoping predmetləri kimi təqdim edilməsi hissiyyatsız, reaksiyasız, lal bir kukla ilə evlənməyə bənzər. Yaponiyada artıq çoxları öz şəxsi, intim həyatlarında gerçək qadını kuklaya dəyişiblər. Kukla ilə evlənmək ya da koronavirusla yaşamaq nümunəsi ictimai psixoz yaratmaq kanalıdır ki, anormanı norma kimi təqdim və təlqin etsin. Cavanların böyük bir qismi bədənlərinə tatu döydürürlər, dodaqlarına, qulaqlarına, burunlarına həlqə taxırlar, pirsinq elətdirirlər. Bu, ağlın, müasirliyin bildiricisi deyil, psixoz əlamətidir, kərgədanlaşmaq, sürüləşmək variantıdır, şəxsiyyətin devalvasiyasını, idrak böhranını müşaiyət edən faktorlardır. Koronavirusu da mən bu zəncirdə görürəm, postmodern fraktallıq kimi görürəm: koronavirus pandemiya kimi sitatlaşdırılır, psixoz kimi qara komediya janrında və ya bədbin karnaval modusunda ifa edilir.”
Aydın Talıbzadədən sonra Bolqarıstandan dramaturq, “Gülüş və göz yaşı” teatrının rejissoru Xristo Stoyçev “Teatrda yeni reallıqlar haqqında dialoqlar”, Qazaxıstandan sənətşünaslıq namizədi, professor, T.Jugenov adına Qazaxıstan Milli İncəsənət Akademiyasının Teatr sənətinin tarixi və nəzəriyyəsi kafedrasının müdiri Saniya Kabdiyeva “Səhnəyə həsrət qalan teatr” adlı mühazirələri ilə çıxış etdilər. 
AMEA Memarlıq və İncəsənət İnstitutu Teatr, kino və televiziya şöbəsinin müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent,  Vidadi Qafarov da ikinci seksiyada “Virtual teatrda tamaşaçı amili” adlı məruzəylə çıxış etdi. 
“Məşhur alman filosofu Haydeqqer hesab edirdi ki, bizim üçün şeylərin varlığı onların mövcudluğunda deyil, faydalılığındadır. Bu mənada, virtual teatrın faydalılıq əmsalı nə qədərdir? Əgər o canlı olmayacaqsa, onu diğər, texnogen, vizual sənətlərdən nə fərqləndirəcək? Demək olar ki, heç nə! Əvəzində isə teatr öz mahiyyətindən uzaqlaşmaq təhlükəsi qarşısında qalacaq. Çünki bu, teatr sənətinin nə poetikasına, nə də estetikasına uyğun olmayacaq!
Amma mən xaraktercə, nikbin adamam və min illərin sınaqlarından qalib çıxaraq bu günə kimi gəlmiş teatr sənətinin, canlı teatrın bu problemi də adlayacağına və insan durduqca yaşayacağına inanıram.”
Vidadi Qafarovun çıxışından sonra Rusiyadan sənətşünaslıq namizədi, Stanislavski Elektroteatrının kuratoru Kristina Matvienko “Karantin dövründə teatrın onlayn iş formaları”, sənətşünaslıq namizədi, Zaqir İsmaqilov adına Ufa Dövlət İncəsənət İnstitutunun İncəsənətin tarixi və nəzəriyyəsi kafedrasının dosenti Aysılu Saqitova “Canlı teatr yaşayacaq”, Belarusiyadan sənətşünaslıq üzrə magistr, Belarusiya mədəniyyət, dil, ədəbiyyat tədqiqat Mərkəzinin kiçik elmi işçisi Aleksandr Mantuş “Belarusiyada onlayn-teatrın hazırki vəziyyəti və perspektivləri” adlı məruzələrlə çıxış etdilər. 

Konfransın sonunda Beynəlxalq Teatr Tənqidçiləri Birliyinin vitse-prezidenti Laşa Çxartişvili hər kəsə öz təşəkkürünü bildirdi və tədbiri yekun nitqi ilə sonlandırdı:
“Mən çox xoşbəxtəm ki, bizim ilk konfransımız uğurla sona çatdı. Konfrans hər kəsdə böyük maraq doğurdu. 3 qitənin 10-dan çox ölkəsindən 50-dən artıq yaxın tədqiqatçı.
Əsas odur ki, konfransda məruzəçilərdən əlavə 50-ə yaxın izləyici də iştirak etdi. Və bu, onlara maraqlı oldu, hamı çox aktiv iştirak etdi, konfransı yarımçıq tərk etmək istəmədi. Bu, artıq çox şeydən xəbər verir!”. 

Load Time (S) : 0.004944