Vidadi Qafarov – Azərbaycan teatrının öz tamaşaçılarına məktubu

Salam! Ay mənim sevimli tamaşaçılarım! “Sizi deyib gəlmişəm”! Gəlmişəm ki, 146-cı mövsümə başlamağımız münasibəti ilə sizi təbrik edəm, işlərinizdə uğurlar diləyəm, tamaşalarıma dəvət edəm. Gəlmişəm ki, bu ağır zəmanədə sizləri birliyə, mübarizliyə səsləyəm. Dediyim odur ki, ay mənim əzizlərim, artıq “fəryad” eləməkdən, “vaveyla” deməkdən keçib, əsas bu ki, “köhnə dudman”ı dağıtmışıq, indi də gəlin verəyin əl-ələ dağıdağın öz içimizdə olan “iblis” yuvalarını, çıxardağın Vətənimizin köksündən “torpağa sancılmış qılınc”ları, son qoyağın “dəli yığıncaqlarına”, qoruyağın “yaxşı adam”larımızı, “aydın”larımızı, “oqtay eloğlu”larımızı, “almaz”larımızı, qayğı göstərəyin yurdumuzun “həyatın dibində” yaşayan, “unudulan adam”larına, “həyat” verəyin “solğun çiçəklər”ə, “toy” çaldırağın illərlə vüsalını gözləyən “cehizsiz qız”lara, uzadağın əllərimizi “uzaq sahillərdə” yaşayan həmvətənlərimizə, doğma torpaqlarımızda “dağılan tifaq”larına həsrət qalan “qaçaq qocalar”ımıza, köçkün bacı-qardaşlarımıza və nəhayət, qurtulağın illərdən bəri qəlbimizi dağlayan “xəcalət”dən!

Bilirəm, ay mənim əzizlərim, cibləri də ürəyi kimi təmizlərim, bilirəm ki, “müharibə” hələ bitməyib, hələ də atəşkəs şəraitində yaşayırıq, torpaqlarımızın iyirmi faizi düşmən tapdağı altındadı, qələbə sorağını gözləməkdən gözləriniz saralıb… Bir tərəfdən “qonşular”ımızın xəyanəti, bir tərəfdən “millət dostları”mızın əməlləri, o biri tərəfdən də öz içimizdə olan “meşşanlar”, “itilgetlər”, “ac həriflər”, “pəri cadu”lar, “qurbanəli bəy”lər, “şamdan bəy”lər daraşıblar xalqın canına “taxtabiti” kimi, sovururlar qanını. Hamı da özünü “pəhlivani-zəmanə” hesab edir… “Pul düşkünü Hacı Fərəc” kimilər isə yığıblar başına “qaçaqlar”ı, ölkəni çeviriblər “laçın yuvası”na…

Kimə deyəsən, necə deyəsən, hansını deyəsən, ay mənim əzizlərim… “mürafiə vəkilləri” gücsüz, “ədalət qapıları”nın “qızıl açar”ını tapmaq mümkünsüz, “müfəttiş”lər “tamahkar”, qapısı açıq kabinetlərdə isə “şirə bənzər” “kişilər” adama “kərgədan buynuzu” göstərirlər. Xəstəxanalar “altı nömrəli palata”ya bənzəyir, həkimlər adama “ayı təbəssümü” göstərib, “quş dili”ndə danışırlar. Camaat da ki, maşallah… bulvarda uşaq əvəzinə “it gəzdirən xanım”ların sayı günü gündən artır. Çoxu da “amerikalı kürəkən” axtarır ki, “dovşanın ad günü”ndə “yatmış gözəl”lərinin barmağına bir “bəxt üzüyü” taxıb, “qızıl toy” eləsinlər. Sonra da “toya bir gün qalmış” xəbər çıxır ki, “dəlixanadan dəli qaçıb”. Bir sözlə, “günah” bir tərəfdən, “nadanlıq” o biri tərəfdən bürüyüb aləmi, bilmirsən “kim dəli, kim ağıllı”… Bundan istifadə edən “işgüzar adamlar” xalqın çətin günündə onun yanında olmaqdansa qaçıblar hərəsi bir tərəfə. Tacir Əsgər Soltan bəyin qızı Gülçöhrədən boşanandan sonra köçüb yaşayır “Türkiyədə”, vəziyyəti də “fəna” deyil: həm arşın malçılıq edir, həm də “dodaqdan qəlbə” yollar axtarır. Burada deyiblər ki, “nə yardan doyur, nə əldən qoyur”. Şahbaz bəy isə Müsyö Jordanın ardıyca “ah, Paris, Paris!” deyib gedəndi, hələ də qayıtmayıb. Orada dönüb olub “Kazanova: sevgi dərsləri” keçir gənc fransızlara. “Nişanlı qız” Şərəfnisə xanım da qalıb gözü yaşlı. Ən yaxşı yolu isə “xəsis” “Hacı Qara” tapıb, atıb qaçaqmalçılığın daşını, qoşalaşıb “Məşədi İbad”la, düzəltdiriblər özlərinə xarici pasport – həftə səkkiz-mən doqquz “hasarın o üzü”ndə,  Arazın o tayındadılar. Hərəsi də gündə bir “beşmanatlıq gəlin” siğə elətdirib kef çəkirlər özləri üçün. Deyirlər, “o olmasın, bu olsun”. Onların nə vecinə, millət qalıb Arazın bu tayında ac, ya susuz… Necə deyərlər, qınından çıxıb, qınını bəyənmirlər. Bu qədər iş adamının arasında teatr heç kəsin yadına düşmür, bir nəfər “Don Kixot” tapılmır ki, teatra “mesenat”lıq edə…

Kimə deyəsən, necə deyəsən, hansını deyəsən… Amma darıxmayın, ay mənim əzizlərim, “dağlar arzasız olmur”, “qisas qiyamətə qalmaz”, bir gün gələr, “sonuncu” damla düşər kasaya, çatar “sonluğun sonu”, başlayar “məhşər günü”, çalınar “vida marşı” və xalqın canı, qanı, pulu hesabına varlanan, “büllur saray”larda yaşayan, gözü doymayan “xoşbəxtlər” qoyarlar qabaqlarına bir “qızıl teşt”, qusarlar xalqın onlara verdiyi çörəyi və bir anın içində çevrilərlər “cəhənnəm sakinləri”nə. Gəlin, ümidimizi itirməyək, bir-birimizə “mahnı dağlarda qaldı”, “çəkmə çəkə bilməzsən, bərkdir fələyin yayı” deyib qələbəyə inamımızı qırmayaq. Unutmayaq ki, biz hələ “təzə əsrin ibtidası”ndayıq. Gəlin, toplayağın iradəmizi, and içəyin “şəhidlər”imizin tökülən qanına, əməl edəyin şəhid “ana”larımızın “vəsiyyət”inə, qoruyağın babalarımızın “əmanət”ini, təmizləyəyin yağı düşməndən doğma Qarabağımızı, yox edəyin başımızın üstündən asılmış “demokl qılıncı”nı, unudağın “acı xatirələr”i, məhv edəyin diri ikən “ölülər”i, “canlı meyit”ləri, son qoyağın “bəxtsiz cavanlar”ın “intihar”ına. Elə edəyin ki, bir daha, cəbhə xəttindən gələn “qara qutu”ları görməyək, “ana fəryadı”nı eşitməyək, “anaların divanı”nın, “ailədə məhkəmə”lərin şahidi olmayaq. Gəlin, birləşib minlərlə həmvətənimizin qanı hesabına qazandığımız azadlığı qoruyaq. Qoruyaq ki, övladlarımız azad, xoşbəxt, firavan yaşasınlar. Qoruyaq ki, onlar başqa ölkələrdə “şadlıq sorağında” qərib həyat sürməsinlər. Qoruyaq ki, tamaşa salonlarımı isti nəfəsinizlə qızdırasınız, alqışlarınızla titrədəsiniz, çiçəklərinizlə bəzəyəsiniz… axı məni yaşadan sizsiniz, axı sizsiz mənim həyatım yoxdur, ay mənim sevimli tamaşaçılarım..!

Sizi bir daha yeni teatr mövsümünün başlanması münasibəti ilə təbrik edir, can sağlığı, ruzi-bərəkət və gözəl tamaşalar arzulayıram! Qoy sizin hər gününüz “Şərqin səhəri” ilə açılsın, axşamınız “min illərin işığı” ilə nurlansın, səsiniz teatrlardan gəlsin. Beləliklə, yolunuzu gözləyirəm, ay mənim əzizlərim. Sağ olun, tamaşa salonlarımda görüşənədək!

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

“Don Kixot” yola çıxdı…

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Migel De Servantesin “Don Kixot” əsəri əsasında eyniadlı tamaşanın məşqlərinə başlanılıb. İyulun 3-də məşqlərinə start verilən əsərin səhnə həlli...

Erməni artistlər fəxri adlarından imtina edir

Ermənistanda artistlər onlara dövlət tərəfindən verilən fəxri adlardan imtina edirlər. Artıq 30-a yaxın artistin fəxri adlardan imtina etdiyi bildirilir. Aktyor Mkrtiç Arzumanyan "Ermənistanın xalq artisti"...

Ümumdünya sirk günü

Ümumdünya sirk günü bu il doqquzuncu dəfə qeyd olunacaq Hər il aprel ayının üçüncü şənbə günü qeyd edilən bu bayramın təşəbbüsü Monako şahzadəsi Stefaniyanın prezidenti...

Recent

Namiq Ağayev – “Ol” deyilib və olub

Kino ayrı bir dünyadır. Hər bir filmin öz tamaşaçısı və ona ötürdüyü mesaj var. Bir neçə həftə öncə kinoteatrımıza “Ol” adlı yeni bir film...

Murat Kolqanat – “Poni”

Dram İŞTİRAKÇILAR: Poni Qadın Birinci kişi İkinci kişi Müdrik kişi Onlar – kirayə mənzil axtaran bir dəstə insan “Kimsə” - qara paltarda I HISSƏ Qadın ağacın başında oturub. Həmən ağacı “Kimsə” kökündən baltalayır....

Teatra O gəlir

Azərbaycan media məkanında TEATRO.AZ adlı yeni müstəqil sayt fəaliyyətə başlayır. Aprel ayının 6-dan etibarən istifadəçilərin ixtiyarına verilən TEATRO.AZ sənət portalının təsisçiləri sənətşünaslıq üzrə fəlsəfə...