Dövlət YUĞ Teatrının sevilən tamaşası “Sonuncu” yaddaşlarda əbədi qalacaq.
Open.az xəbər verir ki, Azərbaycan Dövlət Kukla Teatrının binasında məskunlaşan YUĞ Teatrının uğurlu tamaşalarından olan “Sonuncu” nun kinoversiyası üzərində gərgin iş prosesi gedir.
2015-ci ildən teatrın reperuarında olan tamaşa ötən illər ərzində maraqla izlənib.
Nəhayət ki, sevilən tamaşanın kinoversiyası ekranlaşdırılır.

“Sonuncu” yazıçı-dramaturq Pərvinin pyesi əsasında, görkəmli rejissor, xalq artisti Ramiz Həsənoğlunun quruluş verdiyi ölümsüz əsərlərdən biridir.
Tamaşanın ölümsüzlüyünü davam etdirmək üçün kino lentinə köçürülməsi yaradıcı heyətin növbəti uğurudur.
Tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı, Xalq artisti Ramiz Həsənoğlu Open.az-a açıqlamasında qeyd edib ki, kinoversiya teatr tamaşasından fərqli olacaq: “Çəkilişlər YUĞ Teatrında aparılır. Dövlət Kukla Teatrının direktoru Rəşad Əhmədzadəyə göstərdiyi köməyə, dəstəyə görə xüsusi təşəkkürümü bildirirəm. YUĞ Teatrında film üçün xüsusi pavilion qurub, çəkilişləri davam etdiririk. Çəkilişlər bir həftə içərisində bitəcək. Tamaşadan fərqli olaraq, əsərin kinoversiyasında xüsusi musiqinin olacağı nəzərdə tutulub. Sözsüz ki, kinoversiya teatr tamaşasından fərqlənəcək”.
Xatırladaq ki, “Sonuncu” tamaşasının quruluşçu rejissoru və səhnə tərtibatçısı Xalq artisti, Əməkdar incəsənət xadimi, rejissor Ramiz Həsənoğludur.

Səhnə əsərinin geyim üzrə rəssamı Nana-Burxan, musiqi tərtibatçısı Əlibala Qasımovdur. Qrafika işləri Əhməd Məcidov və Nazim Sadıqova məxsusdur.
Tamaşada Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Mərih çıxış edib.
Gənc yazıçı Pərvin “Sonuncu” pyesini dahi A.P.Çexovun yaradıcılığından bəhrələnərək yazıb və pyesdə baş verən hadisələr müasir dövrə uyğunlaşdırılıb. Müəlliflər sənətkar taleyi məsələsinə müasir baxış bucağından yanaşmağa çalışıblar.Tamaşada qocaman aktyor Əlisöhbət Qələndərlinin timsalında sənət adamlarının taleyi, yaşantıları və düşüncələri ifadə olunub.
“Sonuncu” ömrünü sənətə həsr edən tənha insanın faciəsidir.

Ülviyyə Həsənqızı