Ana səhifə » Kinoteatr+ » Sevinc Elsevər – “Azərbaycan animasiya kinosu və bədii ədəbiyyat”

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Sevinc Elsevər – “Azərbaycan animasiya kinosu və bədii ədəbiyyat”

Bilirik ki, dünya kinosu yeni yarananda ekrana çıxan ilk kino-lentlər qısametrajlı, kiçik süjetlər üstündə qurulurdu. Hələ Lümer qardaşlarının nümayiş etdirdiyi ilk lentlərin süjetlərinin əsasında dramaturgiya dayanırdı. Dünya kinosu yaranan gündən ədəbiyyatla yola çıxmışdı.
Kinematoqrafiya hələ səssiz dövründə bir çox keyfiyyətləri ədəbiyyatdan öyrənmişdi, dramaturgiyadan və nəsrdən bəhrələnmişdi. Səsli kino yaranandan sonra kinematoqrafiyanın ədəbiyyatdan bəhrələnmək imkanı daha da artdı, kinematoqrafiya ədəbiyyatın hesabına öz ifadə vasitələrini daha da genişləndirdi.
İlk bədii oyun filmləri kimi, ilk animasiya filmləri də kiçik süjetlər əsasında qurulurdu. Animasiya kinosunun pionerlərindən sayılan fransız Emil Kolun 1908-ci ildə ekranlara çıxan “Fantasmaqoriya” filminin süjetinin əsasında ekran dramaturgiyası dayanırdı. Cəmi dörd dəqiqə sürən bu filmdə qəhrəmanlar süjet xəttinə tabe idilər.
Azərbaycanda animasiya kinosu yaranan dövrdə artıq dünya kinosunda da, milli kinomuzda da rejissorlar nəinki ədəbiyyatın imkanlarından istifadə edirdilər, onlar ədəbi əsərləri ekrana gətirirdilər.
Bədii ədəbiyyat incəsənətin bütün sahələrinin inkişafına böyük təsir göstərib. Demək olar ki, incəsənətin bütün növləri ədəbiyyatla sıx əlaqədədi. O cümlədən kinematoqrafiya. Kinematoqrafiyanın vacibliyini hələ yarandığı ilk günlərdən böyük yazıçılar başa düşür, öz əsərlərinin ekran variantını görməyi, yaxud ekran üçün yazmağı arzulayırdılar. “Azərbaycan kino sənətində ədəbi əsərlərin təcəssümü” kitabının girişində oxuyuruq: “Dahi rus yazıçısı L.N.Tolstoy yazıçı L.Andreyevlə söhbəti zamanı demişdir: “Bütün gecəni fikirləşmişəm ki, kinematoqraf üçün yazmaq lazımdır. Axı bunu saysız-hesabsız kütlələr, bütün xalqlar başa düşür””.
Bu sözlərdən göründüyü kimi Tolstoy kinonun kütlələrə daha tez təsir etdiyini başa düşür, qiymətləndirirdi. Ədəbi əsərlərin ekranlaşdırılması milli ədəbiyyatın təbliği baxımından da çox vacibdir. Bir çox yazıçıların məşhur əsərləri ilə biz kinematoqrafiya vasitəsilə tanış oluruq, çox vaxt da əvvəlcə əsərin ekran variantını seyr edir, sonra əsərin özünü axtarıb tapıb oxuyur, bədii əsəri filmlə müqayisə edir, bundan böyük zövq alırıq.
Azərbaycanda çəkilən ilk animasiya filmi – “Abbasın bədbəxtliyi” öz süjetini ədəbiyyatdan, folklor nümunəsi sayılan nağıldan götürmüşdü. Amma daha sonra çəkilən filmlərdə müəllif ədəbiyyatına da müraciət olundu. Azərbaycan animatorları klassik yazıçılarla bərabər müasirləri olan yazıçıların da əsərlərindən, hətta xarici ölkələrin ədəbiyyatından da bəhrələniblər.
Azərbaycan animasiya kinosunda bu günə kimi N.Gəncəvi, M.Füzuli, S.Ə.Şirvani, M.Ə.Sabir, C.Məmmədquluzadə, S.S.Axundov, A.Şaiq, Ə.Kərim və başqa yazıçıların əsərləri ekranlaşdırılıb. Bu əsərlərin içində mənzum nümunələr də var.
Nizami Gəncəvi (1141-1209)
Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında animatorlarımız üç animasiya filmi çəkiblər. “Fitnə”, “Xeyir və şər”, “Şah və xidmətçi” adlı bu filmlərin süjeti Nizaminin “Xəmsə”sinə daxil olan poemalardan götürülüb.
“Yeddi gözəl” poemasındakı “Bəhramın öz kənizi ilə macərası” və “Bəhramın ovlaqdan Sərhəngə qonaq getməsi” hekayətləri əsasında çəkilmiş “Fitnə” filminin təsviri həlli Şərq miniatür üslubundadır. Filmin yaradıcılarının əsərin təsviri həllində bu üsulu seçməsi təsadüfi deyil. Bu, Nizami Gəncəvinin yaşadığı dövrün, yazdığı əsərlərin ab-havasını yaratmaq üçün seçilmiş ən optimal üsuldur.
“Fitnə” animasiya filmi yeniyetmə və böyük tamaşaçılar üçün nəzərdə tutulub. Filmdə göstərilir ki, şah Bəhram Fitnə adlı kənizini çox sevir. Kəniz tez-tez ud çalır, Bəhram şah da qulaq asırmış (Biz filmdə Fitnənin arfa çaldığını görürük, diktor mətnində isə Fitnənin ud çaldığı deyilir). Bir gün Bəhram şah ovda lovğalanaraq ceyranları necə ovladığını göstərmək istəyir. O, oxu elə atır ki, ceyranın ayağını qulağına tikir. Şahın lovğalığı Fitnənin xoşuna gəlmir. Deyir ki, bu sənin məharətin yox, vərdişindi. Şah da Fitnəyə elə qəzəblənir ki, Sərhəngi çağırıb Fitnənin başını kəsməyi tapşırır.
Sərhəngin Fitnəni öldürməyə əli gəlmir. Şaha isə qızı öldürdüyünü deyir. Günlər keçdikcə şah başa düşür ki, Fitnənin onun yanında ayrı yeri varmış. O, Fitnə üçün çox darıxır, qüssə çəkir. Günlərin bir günü fikrini dağıtmaq üçün Sərhəngin evinə qonaq gəlir. Bu vaxt böyük bir öküzü boynunda uzun pilləkənlərlə yuxarı qaldıran üzübağlı qəribə qız görür. Təəccübünü gizlətməyə çalışaraq, qıza “bu hünər deyil, vərdişdi” deyir. Onda Fitnə şaha “ceyranın ayağını başına tikmək vərdişdən deyil, amma öküzü boynunda qaldırmaq vərdişdəndi?”-deyə sual edir. Bəhram şah Fitnənin öldürülmədiyini görəndə sevinir, eyni zamanda öz səhvini başa düşüb üzr istəyir.
Nizami Gəncəvinin bir çox qadın qəhrəmanı kimi Fitnə də yadda qalan və maraqlıdı. Nizami Gəncəvinin qadın qəhərmanları orta əsrin cəhaləti içində itib-batan, qaranlıqlara qərq olan qadınlardan fərqlidi. Onun qadın qəhrəmanları sözü üzə deyən, qorxmaz və cəsarətli, ağıllı və tədbirlidirlər. Onlar nə fiziki, nə əqli məharətdə kişilərdən geri qalmır, hətta çox vaxt kişiləri üstələyirlər. Böyük intibah şairimizin əsərlərinin qadın qəhrəmanları əslində daxilən, mənən çox azad və humanistdirlər. Fitnə də humanistliyi, ağlı-dərrakəsi, qorxmazlığı, əqidəsi ilə seçilən obrazlardandı.
Amma buna baxmayaraq, Nizami qadını kişilərlə bərabərləşdirə də bilmir. Təəssüf ki, qadında qüsur aradığı məqamlar da olur. Məsələn, əsərdə biz Fitnənin Bəhram şah qarşısında sərgilədiyi cəsarətin Nizami tərəfindən belə bir şərhini görürük:
“Şəkər dodaqlarda çoxdu kibrü-naz
Qadındı, qadınlar olur boşboğaz.”
Hətta Nizami Fitnəni bizə fitnəkar Fitnə kimi təqdim edir.
Amma animasiya filmində biz Fitnəyə ayrı bir münasibət görürük. Filmin ssenari müəllifi Ədhəm Qulubəyov Fitnəni tamaşaçılara daha cəsarətli, sözü üzə deyən, haqsızlığa qarşı susmayan bir obraz kimi göstərir. Fitnə inadkardı, qarşısına qoyduğu məqsəd üçün gecə-gündüz çalışır, buzovu öküz olana qədər boynunda gəzdirməyi göz altına alır, səy göstərir, amma əsla bunu fitnə, ya hiylə yolu ilə həyata keçirmir. Fitnə fitnəkar deyil, əksinə tədbirli və ağıllıdı. Bu mənada biz Ədhəm Qulubəyovun ssenarisindəki Fitnəni daha çox bəyənirik, nəinki əsərdəki Fitnəni.
Bəhram şah isə animasiya filmində çox qaniçən göstərilib. O, Fitnənin öldürülməsi əmrini verəndə bir an belə tərəddüd eləmir. Əsərdə isə o, tərəddüd edir, öz-özünə deyir:
“Bilirəm dişiyə qıymaz ər kişi” və bu sözlərdən sonra Sərhəngə Fitnənin öldürülməsi əmrini gizli verir.
Animasiya filmində Sərhəng obrazı xeyirxah, rəhmdil göstərilib. Əsərdə isə o, Fitnəni həm də ona görə sağ saxlayır ki, Fitnə ona dəyəri çox baha olan yeddi ləl verir. Poemadakı Sərhəng tamahkardı, həmin ləlləri məmnuniyyətlə qəbul edir.
Animasiya filminin qəhrəmanı Fitnə öz dediyindən bir addım da kənara qoymur, o, axıra qədər inadla şaha sübut edir ki, sözündə haqlı idi. Əsərdə isə o, belə deyir:
“Məni ərköyünlük çıxartdı yoldan
Deyim doğrusunu azdırdı şeytan” …
Ədhəm Qulubəyov Fitnə obrazını qüsursuz, cəsur, işgüzar bir qadın kimi təsvir edir. Bu obraz həm də o dövrün ideoloji tələblərinə tam uyğundur. Əsərdən çıxan ideya gəncləri işdən, hünər göstərməkdən çəkinməməyə çağırır. Əslində, bizi heyrətə salan bütün işlər zəhmətlə, vərdişlə başa gəlir.
Nizami Gəncəvinin əsərlərindən alınmış hekayələr əsasında çəkilən digər iki filmin də ssenari müəllifi Ədhəm Qulubəyovdur.

“Şah və xidmətçi” (1976) filminin rejisoru Nazim Məmmədov, quruluşçu rəssamları Elçin Axundov və Məsud Pənahidir.
Bu filmdə də hadisələrin çoxunu bizə diktor danışır. Şahın xidmətçisi düz sözü dediyinə görə şah onun bütün zəhmətlərini itirir. Tənqidi sevməyən, xidmətçinin on illik zəhmətinin, əziyyətinin qədrini bilməyən şahın əksinə olaraq, vəhşi itlər hərdənbir onlara yemək gətirən, şəfqətli davranan adamın yaxşılığını unutmurlar və əvəzsiz qoymurlar.

Nizaminin əsərlərindəki şahlar özündən razıdırlar, tərif eşitməyi daha çox xoşlayırlar. Tənqidə dözümsüzdülər. Amma düz sözü deməkdən çəkinməyən cəsarətli obrazlar şahlara adətən dərs verirlər.

“Yeddi gözəl poemasından götürülmüş ”“Xeyir və şər” hekayəsi əsasında çəkilmiş filmdə də xeyirlə şərin əbədi mübarizəsindən bəhs olunur (1980; rejissor –Nazim Məmmədov, ssenari müəllifi Ədhəm Qulubəyov, quruluşçu rəssam-Rafiz İsmayılov). Bu filmdə də əhvalatlar gah diktor mətni ilə, gah da Nizaminin poemalarından alınmış parçalarla nəql olunur.
Məhəmmədi Fizulu (1494-1556)
Məhəmməd Fizulinin “Söhbətül-əsmar” əsəri əsasında “Meyvələrin söhbəti” (1994) filmi çəkilib. Əsər böyük şairin 500 illik yubileyi münasibətilə lentə alındığından filmdə şairin yaşadığı dövr də öz əksini tapıb. Filmin yaradıcıları animasiyanın başlanğıcındakı təsvirlərdə miniatürçü rəssam Sultan Məhəmməd Təbrizinin əsərlərindən istifadə ediblər. Diktor mətni vasitəsilə Fizulinin yaşadığı dövr, XVI əsr saray çəkişmələri, Şah İsmayılın Azərbaycanı birləşdirməyindən danışılır. Filmin müəllifləri M.Fizulinin alleqorik əsərini müasir dövrdə ölkəmizdə baş verən hadisələrlə bağlamağa, 1990-cı illərin əvvəllərindəki siyasi çəkişmələrə işarə etməyə çalışıblar.
Seyid Əzim Şirvani (1835-1888)
Seyid Əzim Şirvaninin yaradıcılığından iki təmsil ekranlaşdırılıb. Bunlardan biri Nazim Məmmədovun rejissoru və rəssamı olduğu “Ayı və sişan” (1970), digəri isə Ağanağı Axundovun çəkdiyi “Aslan və iki öküz” filmidir (Bu filmin də rəssamı Nazim Məmmədovdur). Ssenarisini Maqsud İbrahimbəyovun yazdığı hər iki filmdə gücsüzün güclü qarşısında müqaviməti, mübarizəsi göstərilir.
Məşhur təmsildə olduğu kimi “Ayı və siçan” filmində də siçan bir gün ayının əlinə keçir. Siçan yalvarır ki, onu buraxsın, bəlkə əvəzində bir gün ayıya köməyi dəyər. Ayı əvvəlcə siçanı ələ salaraq rişxənd etsə də, onu buraxır. Bir gün siçan ayının tələyə düşdüyünü görür, toru dişləriylə çeynəyib ayını xilas edir. Filmin verdiyi mesaj o idi ki, kiçikliyindən, kimliyindən asılı olmayaraq sənə hər kəsin yaxşılığı keçə bilər və yaxşılıq heç vaxt itmir.
“Ayı və Siçan” animasiya filmi dinamik hərəkətləriylə, maraqlı təsvir üsullarıyla bu gün də maraqlıdı. Ayının qarşısında buxarlanan çay, göydəki günəşin şəfəqləri, çəpəki, dayanmadan yağan yağış da dinamikliyi artırır. Yağışın arxasında isə ayı ilə siçan məşhur söhbətlərini edirlər.
Ayı rus folklorunda daha populyardı. Rus uşaq ədəbiyyatında, təmsillərində, nağıllarında ayı obrazı gen-bol işlənib. Nazim Məmmədovun ayının əlinə təsbeh verməsi, qarşısına buxarlanan çay qoyması onu milliliyə yaxınlaşdırır. Hələ ayının belinə bağladığı qurşağı da bura əlavə etsək, qətiyyətlə deyə bilərik ki, Nazim Məmmədov ustalıqla öz “milli ayımızı” yaradıb.
Uşaqların hələ aşağı siniflərdən tanış olduğu bu ədəbiyyat nümunəsi maraqlı ekran həllini tapıb. Təsadüfi deyil ki, Nazim Məmmədov uşaq ədəbiyyat kitablarına illüstrasiyalar da çəkib. O, 400-dən çox kitabın illüstrasiya müəllifidir.
“Ayı və Siçan” filmini Seyid Əzim Şirvaninin eyniadlı təmsilinə çəkilən canlandırılmış illüstrasiya da hesab etmək olar. Filmin lakonik və dinamik dili əsl uşaq təfəkkürünə uyğundur.
Abdulla Şaiq (1881-1959)
1971-ci ildə ekranlara çıxan “Tülkü həccə gedir” rəngli animasiya filmi Abdulla Şaiqin eyniadlı nağılı əsasında çəkilib. Applikasiya üsulu ilə çəkilmiş faciəvi sonluqla bitən bu filmdə qocalıb-əldən düşən, artıq kəndlərə hücum eləyib toyuq-cücə oğurlaya bilməyən tülkünün necə fənd işlətməyindən, cildini dəyişib özünü mömin kimi göstərərək, xoruzu aldatmağından danışılır. Əslində bu film ikimənalıdır. Film üst qatında uşaqlar üçün maraqlı əhvalatdan danışırsa, alt qatında fırıldaqçı mollaları ifşa edir, o vaxtkı Sovet ateist ideologiyasını özündə əks elətdirir. Tülkü namaz qılıb, oruc tutmağı ilə xoruzu yoldan çıxarır. “Daha tövbə edirəm, indi həccə gedirəm!”- deyir.
Başına əmmamə qoyub, əlinə təsbeh alaraq əsl molla görkəmi alan tülkü əlində bir əsası tutsa da, güclə yeriyir.
Əvvəlcə tülküyə inamsızlıq göstərən toyuqlar da onun namaz qıldığını öz gözləriylə görəndən sonra ona inanırlar. Tülkünün arxasına düzülüb oxuya-oxuya Həccə yollanırlar. Elə ki, kənddən uzaqlaşırlar, tülkü xoruza deyir ki, ağaca çıxıb azan versin, namaz vaxtıdı. Məhz namaz vaxtı bütün toyuqlar başlarını əyib səcdəyə gedəndə tülkü öz məkrli planını həyata keçirir. Torbasını çıxarıb toyuqlardan əlinə keçəni torbasına yığır.
Filmin mövzusu əslində bütün zamanlar üçün aktualdı. Bu gün də din pərdəsi altında insanlardan sui-istifadə edən adamlar az deyil. Bu mövzuda müasir uşaqları başa salmaq üçün filmin tez-tez nümayişi vacibdi.
Tülkü obrazı Azərbaycan animasiya filmlərində də folklorumuzda və miflərimizdə olduğu kimi, mənfi obrazdı. O, animasiya filmlərində çoxbilmiş, öz xeyrini güdən, öz mənafeyinə görə hər cür şər əməl törətməyə meylli hiyləgər canlı kimi göstərilir. Tülkü kələkbazlığın və yamanlığın simvolu hesab olunur.
Filmin ssenari müəllifi Eyvaz Borçalı, rejissorları isə Nazim Məmmədov və Bəhmən Əliyevdir. Musiqisi Aqşin Əlizadəyə məxsus filmin rəsmlərini R.Dadaşov, H.C.İsmayılov, Q. Lyubçenko, E.Əliyev, T.Əsgərova işləmişlər. Filmdə rolları Hüseynağa Sadıqov, Ağaxan Salmanov, Firəngiz Şərifova səsləndirmişlər.
Ağanağı Axundov və Məsud Pənahinin birgə işi olan “Pıspısa xanım və Siçan bəy” filmi 1974-cü ildə ekranlara çıxıb. Filmin ssenari müəllifləri Nataliya Şneyer və İntiqam Qasımzadə, quruluşçu rəssamı Məsud Pənahidir. Operatoru Ramiz Babayev, bəstəkarı Ramiz Mirişli olan filmin ssenarisi Abdulla Şaiqin məşhur “Tıq-tıq xanım” nağılının motivləri əsasında yazılıb.
Əsərin süjeti maraqlıdı, amma qəhrəmanı dozanqurdu, qadın cinsində verildiyindən, əsərdə qadınlara qarşı müəllifin mətnaltı istehzasını da görməmək mümkün deyil. Filmdə də həmin ab-hava duyulmaqdadı. Baxmayaraq ki, filmin ssenari müəlliflərindən biri özü də qadındı. Filmin qəhrəmanı Pıspısa xanım geyinib-kecinərək, üz-gözünə bəzək vuraraq (!) özünə dost (yar) axtarmağa çıxır. Ona “qara qız” deyiləndə əsəbiləşir: “Qara özünsən! Mən saçı uzun Suray xanımam!” deyə cavab qaytarır. Burada belə bir sual meydana çıxır: Qara olmaq uşaqlara niyə kəsir cəhət kimi təqdim olunsun ki?!
Əsərdə Pıspısanın özünə dost axtarmasında mətnaltı kinayə sezilir. Özü də saçı uzun Suray xanımın ən böyük arzusu odur ki, dostunu acıqlandıranda onu döyməsin. Adətən nağılaltı qatlar həm də böyükləri düşündürən daha dərin məna daşıyır (Deməli, qadın dostunu acıqlandırsa, döyülür. Heç kimə sirr deyil ki, feodal-patriarxal dəyərlərin mövcud olduğu cəmiyyətlərdə məsələ elə bu şəkildədir).
Pıspısa xanım uzun axtarışlardan sonra Siçan bəyin timsalında arzuladığı dostu tapır. Amma görünür, Siçan bəy də dostluğu axıradək qoruya bilmir. Xan pişiyin evinə gedəndə “sən qadınsan, evdə oturmalısan” məntiqiylə Pıspısa xanıma evdən çıxmağı qadağan edir: “Ora sənin yerin deyil, evdə otur, ev-eşiyə göz-qulaq ol” deyə əmr edir. Pıspısa xanım Siçan bəyin sözünə baxmır, evdən çıxır, bir su dolu çuxurun kənarında əyləşib xiffət eləyir və sonra da həmin çuxura düşür. Bununla da “dostunun” (ərinin) sözünə baxmayan qadın ziyan çəkər” fikri təsdiqlənir.
A.Şaiqin yazdığı sonluqdan fərqli olaraq (əsərdə Siçan bəy çuxura düşən, küsən Pıspısanın başına yekə daş salır, Pıspısanın canı yerindəcə çıxır. Və “ərinin sözünə baxmayan qadının cəzası ölümdür” mesajı açıq-aydın özünü göstərir) bu filmdə Siçan bəy “küstərəcik, küstərəcik, mən də sənə quyruq göstərəcik” deyə üzünü çevirib getməklə kifayətlənir. Pıspısa xanım da Siçan bəyin quyruğundan tutub suyu süzülə-süzülə quruya çıxır. Çox miskin, yazıq və qəmli görkəmdə ekranda görünür.
Siçan bəylə Pıspısa xanımın dostluğunun adi skamya yoldaşlığı olmadığını balaca uşaqlar da başa düşürlər (Pıspısanın xanım, Siçanın da bəy adlandırılması onların adi siçanla adi pıspısa olmadığına işarədi). Çünki Siçan bəylə Pıspısa xanım birgə yaşamağa qərar verəndən sonra toy edirlər. Həmin toyda “musiqiçi siçanlar” mahnı çalır, Sişanla Pıspısa da bəylə gəlin kimi qol götürüb oynayırlar. Sonrakı hadisələrdə Siçan bəy Xan pişiyin toyuna gedir. Xan pişik də məclisin başında öz pişik gəlini ilə oturub. Uşaqlar isə toyun nə demək olduğunu yaxşı bilirlər. Çünki gözləri açılandan ata-anaları onları qohum-qardaşın toyuna aparır.
Ssenaridə bizim dəyərlərə yad olan bir məqam da nəzərə çarpır. Animasiya filmindəki bu hissə Pıspısanı haqlı durumdan haqsız duruma salır. Su çuxurunun kənarında Siçan bəyin yolunu gözləyən Pıspısa xanıma hardansa peyda olan bir kirpi yaxınlaşır. Niyə burda tək oturduğunu xəbər alır. Pıspısa xanım Siçan bəyin xan evinə getdiyindən, onu evdə tək qoyduğundan şikayətlənir. Sonra da kirpiyə onunla dost olmağı təklif edir. Kirpi isə Pıspısa xanımla dost olmaq istəmir, əlini əlinə vurub gülür və deyir ki, onun öz dostları özünə bəsdi. Kirpinin Pıspısaya münasibətində müəlliflərin ironik münasibəti özünü büruzə verir.
Maraqlıdır ki, kirpi obrazı adətən Azərbaycan animasiya filmlərində müsbət obraz kimi göstərilir (“Kirpi balası və alma”, “Dəcəl dovşan”, “Xeyirxah kirpi”, “Mərhəmətin dadı” kimi filmlərdə kirpi xeyirxahdı), təkcə bu filmdə kirpi xeyirxah deyil, onun Pıspısaya nəinki ürəyi yanmır, hətta onun dərdinə əlini əlinə vurub gülür.
Əli Kərim (1931-1969)
Ekranlaşdırılan əsərlərdən “Daş” (1977) adlı animasiya filmi də xüsusilə diqqəti çəkir. Əli Kərimin eyniadlı kiçik bir şeiri əsasında çəkilən filmin ssenarisini Sabir Rüstəmxanlı və Paşa Kərimov yazıblar. Filmin quruluşçu rejissorları Hafiz Əkbərov və Əsgər Məmmədov, quruluşçu rəssamı Elçin Axundov, bəstəkarı Xəyyam Mirzəzadədir.
Müharibə əleyhinə çəkilmiş fəlsəfi filmdə Əli Kərimin şeirinin məna yükü olduğu kimi çatdırılır. Ən qədim insan başqa birinə ilk daşı atır. Həmin daş gah oxa, gah qılınca, gah avtomata, gah bombaya çevrilir. Bu gün də o daş havadadır. Bu günkü müharibələri törədən o daş qədimlərdən üzü bəri yol gəlir. Sülh olsa, sülh quşu göyərçin qanına qəltan olmasa, uşaqlar xoşbəxt olar, dünya gülə-çiçəyə bürünər.
Daş burda dağıdıcı qüvvə rəmzidi. Ekranda daşın qarşısını kəsməyə çalışan əllər müxtəlif xalqların nümayəndələrinin əlləridir. Bu metafora ilə filmin yaradıcıları bütün xalqları müharibələrə “dur” deməyə çağırır, xalqları sülhə, müharibələrin qadağan olunması yolunda həmrəyliyə səsləyir.

İstifadə edilmiş ədəbiyyat:
1. Dadaşov A. (1999). Ekran dramaturgiyası, Bakı, Maarif, 225 səh.
2. Babayev A, Kazımov A (2000), Azərbaycan kino sənətində ədəbi əsərlərin ekran təcəssümü,Bakı, Mütərcim, 376 səh.
3. http://www.azerbaijans.com/content_338_az.html
4. https://www.google.az/?gws_rd=ssl#q=yeddi+gozel+pdf
5. http://ebooks.azlibnet.az/book-qXmYdR0x.html

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir