Serenay Sarıkaya: Önəmli qərarlar verərkən birinin sizə dəstək olduğunu görmək çox önəmlidir

Türkiyədə teatrda yaşanan proseslər haradasa bizim teatr sistemi ilə eynidir. Müasir texnologiyaların verdiyi imkanlar Türkiyədə də tamaşaçıları teatrdan uzaq salıb. Belə olan halda, teatr rejissorları məşhurları teatra cəlb etməklə bilet satışını təşkil edə bilirlər. Dekabrın 31-də satışa çıxarılan “Alisa” musiqili tamaşasının ilk tanıtım videosu yayılmışdı. Musiqili tamaşada baş rolu – Alisa obrazını Serenay Sarıkayanın canlandıracağı xəbəri çıxan kimi, iki saat ərzində  tamaşanın may ayına qədər olan bütün biletləri satıldı. Bu da Türkiyə mətbuatında əsas xəbərə çevrildi. 
Lewis Carroll tərəfindən yazılan və bu günə qədər 174 dilə tərcümə olunan “Alisa möcüzələr diyarında” romanı Sərdar Bilişin rejissorluğu, Tuluğ Tırpanın musiqiləri ilə səhnə həlli tapır. Tamaşanın premyerası 7 fevralda gerçəkləşəcək. Üstəlik, tamaşada tək məşhur sima Serenay deyil, orada Ezgi Mola kraliçanı, Enis Arıkan dovşanı, Şükrü Özyıldız papaqçını oynayacaq və bir çox digər tanınmış sənətçilər rol alacaqlar. 33 nəfərdən ibarət xoreoqraf, canlı orkestr tamaşanın tərkibinə daxildir. Türkiyənin “Hürriyet” qəzetinin yazarı Ayşe Arman Serenay Sarıkaya ilə görüşərək, tanınmış aktrisanın teatr səhnəsindəki debütündən bəhs edib. Aktrisa məşhur əsərdə baş rolu oynayacağı üçün həyəcanını gizlətməyib. 
– Həyəcanlısınızmı?
– Həm də necə. Həyəcandan ölürəm.
– Maraqlıdır, sizdən necə bir Alisa alınacaq?
– Buna tamaşaçılar qərar verəcək. Bu tamaşanın mükəmməl alınması üçün çox çalışmalı olduq. Deyəsən ortaya yaxşı bir iş çıxarmışıq. Hazırladığımız tamaşada çox dəyişikliklər etdik. Burada musiqi, rəqs, aktyorluq, hər şey var. “Alisa möcüzələr diyarında” tamaşasında gözəl bir enerji var və o enerji səhnədən izləyiciyə də ötürüləcək.
– Neçə müddətdir tamaşanın üzərində çalışırsınız? 
– Artıq 4 aydır ki, musiqi dərsləri alıram. Tamaşada öyrəşdiyimiz klassik musiqilər səslənməyəcək. Danışdığınız yerdə birdən-birə musiqiyə keçid olunmayacaq. Burada fərqli bir səhnə anlayışı var. Bəzi səhnələrdə tamaşa, bəzi səhnələrdə isə musiqi səslənəcək.
– İzləməyə öyrəşdiyimiz musiqili tamaşalardan fərqi nədir?
– Hesab edirəm ki, Türkiyədə istehsal olunan ən böyük musiqili tamaşadır. 3D formatında animasiyalar, mapping dijital texnikası ilə izlənilən çox fərqli və yeni bir üslub görəcəksiniz. Alisanın şirniyyat yedikdən sonra böyüməsi, bir şey içdikdən sonra təkrar kiçilməsi kimi prosesləri məhz mapping vasitəsi ilə həyata keçiririk. Qısası, texnologiya olaraq da çox fərqli bir tamaşadır. Ən qürurverici hal orasıdır ki, may ayına qədər bütün biletlərimiz satılıb. Bu inanılmazdır.
– Bu sizdə necə hisslər oyadıb?
– Çox xoşbəxtəm, eyni zamanda da qorxuram. İnsan bilmədiyi bir prosesin içərisinə girəndə, qorxu hissi keçirir. Həqiqətən də teatr və səhnə haqqında anlayışım yox idi. Həyəcanlıyam, hətta həyəcandan ölürəm. Amma ilk dəfə olaraq canlı sənət növü olan teatrda özümü göstərəcəm. Onun dadı tamamilə fərqlidir. Bunu heç nə ilə əvəz etmək mümkün deyil. Hətta mənə deyirlər ki, tamaşaçıdan o enerjini, o alqışı aldıqdan sonra teatrı bir də buraxmayacaqsan. İçimdə həqiqətən elə bir hiss var. Sanki həyatım boyu bu işlə məşğul ola bilərəm.
– Kim Serenay Sarıkayadan Alisa yaradıb?
– Teatrda oynama istəyi məndə hər zaman vardı. Uşaqlıqdan bəri bunun xəyalını qururdum. Amma bunu kiminlə, necə edə biləcəyimə dair heç bir fikrim yox idi. “Fi” serialında Beyhan Murhpy ilə işləməyə başladıq və mən onun iş prinsipini çox bəyəndim. Ona “birlikdə bir teatr səhnəsində çalışsaq, necə də yaxşı olar” – dedim. Mənə baxdı və dedi ki, səndən gözəl Alisa olar. Yəni, məni Alisa edən Beyhandır. O gündən etibarən mənim yuxularım gerçək olmağa başladı. Həqiqətən bu bir yuxudur.
– 18 yaşındakı bir qızı canlandırmaq sizin üçün çətin deyil ki?
– Daxilimdə sanki bir uşaq var və mən səhnədə o uşağın dili ilə oynayıram. Hesab edirəm ki, Alisa hamımızın içərisindəki uşaqdır. Texnologiyanın üstünlük təşkil etdiyi, insanların bir-birinə baxıb görməyi, toxunmağı hiss etməyi unutduğu bir dövrdə “bir dəqiqə, bütün bunlar olmasaydı, biz kim idik, biz nələrdən həzz alırdıq, nələrdən xoşbəxt olurduq?” sualını bizə verir. Bu, hamımızın iç səsidir. Ağıllı telefonlar, “instagram”lar, sosial şəbəkələr olmadan necə yaşayırdıq? Tamaşanı izləyərkən bir az da məsələnin bu tərəfini düşündük. Alisanın o dünyaya girməsinin səbəbi də hər gün eyni həyat mübarizəsi içərisində ana və atasının mübahisəsinə şahid olması idi. Onlar öz dərdlərində, iş templərində, gündəlik həyat qayğıları ilə məşğuldurlar. Daim gərgin və streslidirlər. O qədər qayğıları var ki, hətta qızlarının doğum gününü unudurlar. Alisa 18 yaşına girdiyi gün üsyan edir – “Hər gün bunları eşitməkdən və yaşamaqdan bezdim, hələ üstəlik, doğum günümü unutdunuz. Kaş ki, içinə girə biləcəyim, həqiqi olmayan qədər gözəl bir dünya olsaydı” deyir. Tam o sırada kompyuterdən onun səhifəsinə bir link gəlir. Oradan bir dovşan çıxır və deyir ki, bu gün sənin ad günündür. Sənin bu oyuna girmən üçün bir haqqın var, linkə daxil ol və oyunda iştirak et. Alisa əvvəlcə qorxur, sonra bu dünyaya daxil olur. Qarşısına müxtəlif xarakterlər çıxır. Qarşılaşdığı hər xarakter, hər çətinlik bizim günlük həyatda hər gün qarşılaşdığımız hadisələrdir. Hər bir çətinliyi keçdikdən sonra dərk edir ki, əslində bu çətinlikləri yaradan özüdür. Onları bu qədər dərd etməsə, özünü həyatın axarına buraxsa, hər şey gözəl olacaq. Öz ayaqları üzərində duran bir qız olaraq təkrar dünyaya geri dönəcək. Həqiqətən də elə olur.
– Məşhur bir sima olaraq siz də insanlardan qaçırsınız.
– Evdə oturmağı daha çox sevirəm. Evimdə öz dünyamın içində yaşamağa üstünlük verirəm. Evə qonaq dəvət edirəm, kitab oxuyuram, musiqi dinləyirəm. Beynimin içindəkiləri boşaldıram. Çöllərdə gəzməyi çox xoşlamıram. Bunun nə aktrisalıq, nə də məşhurluqla heç bir əlaqəsi yoxdur. Ev mənim üçün məbəd kimidir.
– Məşhurların dünyasında hər kəs bir-birinə hücum etmək üçün məqam gözlədiyi halda, özünüzü onlardan necə qoruyursunuz?
– 15 yaşımdan bəri bu sahədə çalışıram. Bu müddət ərzində mübarizə aparmağı öyrəndim. Baş verən hadisələrə müsbət tərəfdən baxmağa çalışdım. Əslində, bu mənim xarakterimdir. Hadisələrə pozitiv tərəfdən baxanda, qarşındakı sənə qarşı pis fikirdə olsa belə fikirlərini dəyişir.
– Sizdə daha çox cəsarət, yoxsa çalışqanlıq üstünlük təşkil edir?
– Daha çox cəsur qərarlar qəbul edirəm. Heç nəyi şansa buraxmıram və çox çalışıram. Çalışmadan heç bir şeyin əldə olunmayacağına inanıram. İstedad hər kəsdə ola bilər, amma onun qalıcı olması üçün işləmək və çalışmaq ən böyük şərtlərdən biridir.
– İnsanlara ümid verən və neqativ olmayan bir layihədə yer almaq istəmisiniz. Niyə belə bir layihə arzusundasınız?
– Çünki bu ölkənin bir gənci olaraq zaman-zaman özümü çox ümidsiz hiss etdiyim dönəmlər olub. Bizim yaşımızdakı insanlar üçün bu ölkədə o qədər də işlər görülmür. Bu teatr layihəsinə də başlayanda dedim ki, elə bir iş olsun ki, hər kəs o gecə həyatının ən gözəl gecəsini keçirsin, dərdlərini, problemlərini unutsun. Bəzən olur ki, bir film izləyirsiniz və film bitdikdən sonra sizə elə enerji gəlir ki, nələrsə yaratmaq, istehsalçı olmaq istəyirsiniz. Mən də belə bir layihədə yer almaq istədim.
– Bu musiqili tamaşanı izləyəndə ondan nə öyrənəcəyik?
– Qorxma, sadəcə yaşa, hadisələri axarına burax. Bu həyatda hər şey səninlə, yaratdığın qorxularınla bağlıdır. Onları sən yaradırsan. Yox da edə bilərsən.
– Üç ildir ki, Kerem Bursinlə gözəl bir sevgi münasibətiniz var. Siz maqazin verilişlərə çıxmayan, qalmaqallarda adı hallanmayan aktrisasınız. Buna necə nail olursunuz?
– Sənətə yeni gələndə buna nəzarət edə bilmirdim. Zaman keçdikcə, özümü istədiyim xəbərin içərisində tapdım. Bunun belə olmasının mənim əlimdə olduğunun fərqində deyildim. Ancaq sonra hiss etdim.
– Necə?
– Misal üçün, jurnalistlərin ən çox xəbər hazırlayacağı yerlərə getmədim. Bu bir sənətçi olaraq sənin üstünlük verdiyin bir şeydir. Bilirəm ki, ora getsəm, xəbər olacam. Media nümayəndələri də məni çox yaxşı tanıyırlar. Kimin haqqında nə yazacaqlarını yaxşı bilirlər.  Mənimlə bağlı nəsə eşidəndə, zəng edib soruşurlar ki, belə bir şey varmı?  Bunun da zaman içində qarşılıqlı sevgi və hörmətlə yarandığını düşünürəm. Mən heç bir zaman “əlçatmaz sənətçi” imici yaratmamışam. Dövr artıq buna imkan vermir.  Sosial media elə bir haldadır ki, hamımız əlçatanıq. Belə olduğu halda, insanlar sənin həyatına və yaşam tərzinə hörmət etməyə başlayırlar.
– Şəxsi həyatınızla bağlı xəbər hazırlanırmı?
– Hazırlanır. “Evlənəcəklər… Münasibətləri bitirmi? Görəsən nə vaxt uşaqları olacaq?” deyə yazılar yazırlar. Bunlara cavab verəndə isə, başqa bir gündəm yaradırlar. Ona görə şəxsi həyatıma aid olan suallara cavab vermirəm. Hələ ki 27 yaşındayam. Evlənmək kimi bir dərdim də yoxdur. Niyə olsun ki? Mən bir az həyatın axarı ilə getməyi sevən biriyəm.
– Sizin ananızla həyat hekayəniz tək ana-qız hekayəsidirmi?
– Bəli, aramızda 20 yaş fərqi var. Bizi görən “bu onun anasıdır” deməz. Münasibətimiz də elədir, daha çox bir-birimizin dostuyuq. Anamla atam boşanandan sonra çox da asan bir həyatımız olmadı. Anam bir işdə çalışmağa başladı, sonra həmin yer iflasa uğradı. Ondan sonra anamla bir araya gəlib nə etməyimizə qərar vermək vaxtımız idi.
– Antalyaya köçəndə neçə yaşınız var idi?
– O zaman birinci sinfə gedirdim. Antalyaya köçənə qədər hər il bir ev dəyişdirirdik. Ona görə o dəyişikliyə alışdım. Bir müddətdən sonra yeni dəyişikliklər istəməyə başladım. Antalyaya köçmək bu baxımdan mənə çox yaxşı oldu. Anamla yaşam mübarizəsi aparırdıq. Ayaqlarımızın üzərində durmağa çalışırdıq.
– Uşaq yaşlarınızda xəyallarınızı nə bəzəyirdi?
– Vizual bir şeylər etmək istədiyimi bilirdim. İki qadın olduğumuz üçün ilk əvvəl hər hansı bir işin sahibi olmağa çalışırdım. Çünki anama dəstək olmaq məcburiyyətində idim. Və elə bir şey oldu ki, sanki həyat “sən bunu mütləq etməlisən” dedi. O an məni filmin çəkiliş prosesinə çağırdılar. “Şaşkın” adlı bir filmin çəkilişləri gedirdi. Daha sonra “Plajda” adlı bir film çəkildi. Mənə təklif etdilər ki, siz İstanbula gəlsəniz, burda daha böyük layihələrdə yer alarsınız. İlk gündən anam mənimlə birlikdə oldu, onunla oturub düşündük. Maraqlı idi, “görən bu macəralar bizi hara aparacaq” deyə arzularımın arxasınca getdik və bir həftə içində İstanbula köçdük.
– Sanki ananız sizin menecerinizdir?
– Menecerim deyil, amma ən böyük dəstəkçilərimdən biridir. Önəmli qərarlar verərkən arxanızda birinin sizə dəstək olduğunu görmək çox önəmlidir. Anam mənə “məktəbini bitirməyini istəyirəm, amma həyat bu şansı belə tez qarşına çıxarıbsa, bir bildiyi var. Yenə də mən sənə güvənirəm” – dedi. Bütün bu hadisələr baş verərkən heç məktəbdə oxumurdum.
– Gözəlliyiniz istedadınızın qarşısına keçirmi?
– Elə bir problemim olmayıb. Ancaq kənardan baxan insanlar belə düşünə bilirlər. Mən bütün bunlara baxmayaraq, hər zaman çox çalışmışam. Onlara mənim indiyə qədər qazandığım bütün uğurlara çalışaraq nail olduğumu göstərməyə və izah etməyə çalışmışam.
– Adətən məşhurlarda bir az eqo olur. Ancaq sizdə bunu hiss etmədik.
– Çünki hər gün eqomu tərbiyə etməyə çalışıram.
- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

“Paris partladı”

Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət ilk və tək inklüziv ƏSA Teatrı teatr mövsümünün son premyerasını iyulun 7-də təqdim edəcək. ƏSA Teatrının təqdim edəcəyi...

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Azərbaycan teatrşünaslığına ağır itki üz verib. Tanınmış teatrşünas, Azərbaycanın Əməkdar mədəniyyət işçisi Kəmalə Cəfərzadə 31 iyul 2019-cu il tarixində uzun sürən ağır xəstəlikdən sonra...

Xalq artistinin ayağı amputasiya edildi

"Bu gün axşam saatlarında atam əməliyyat olundu. Hazırda vəziyyəti qənaətbəxşdir”. Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Xalq artisti Ramiz Əzizbəylinin qızı Cəlalə Əzizbəyli deyib. Aktyorun qızı qısaca...

Recent

Sahib Ağayevin işdən azad edilməsinin məsuliyyəti tamamilə teatrın özünə aiddir

YUĞ Dövlət Teatrının rejissoru Sahib Ağayevin (Mir Sahib Ağazadənin) işdən azad edilməsi haqqında xəbər vermişdik. Məsələ ilə bağlı Yuğ Dövlət Teatrının direktoru İslam Həsənovla...

Alberdi ilə görüş

16 mayda Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı, “CinemaPlus” kinoteatrları, “Cinema Distribution” yayım şirkətləri və Litvanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə məşhur rejissor Giedre Jiçkite Maite...

Xalq artisti Mehdi Məmmədova həsr edilmiş “Ömrün səhifələri” kitabının təqdimatı olub

Yanvarın 28-də Teatr Xadimlər İttifaqinda Azərbaycan teatr sənətinin istedadlı nümayəndəsi, görkəmli teatr rejissoru, tanınmış aktyor, SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı Mehdi Məmmədova həsr...