Şahanə Urfan – Fabulanın strukturyaradıcı funksiyası

Klassik və müasir ədəbiyyat nəzəriyyəsində süjet-fabula əlaqələri daim diqqət mərkəzində olan məsələlərdəndir. Bu iki anlayışın fərqləndirilməsi, fabula və süjet elementlərinin müəyyənləşdirilməsi mətnin struktur təhlilinin əsas məqam­larından­dır. İlkin nəzəri mənbələrdən tutmuş müasir nəzəriyyəçilərə qədər fabulaya müxtəlif təriflər verərək anlayışı şərh etməyə çalışıblar. Fabula (latınca təhkiyə, hadisə, hekayə) termini altında pyesin əsasını təşkil edən hadisələr ardıcıllığı anlaşılır. Aristotel “Poetika” əsərində fabulanı hərəkətin təqlid olunması kimi qəbul edərək bu anlayış adı altında əhvalatların əlaqələnməsini nəzərdə tuturdu [1, 55]. O, ölçü, nizam məsələsinə xüsusi fikir verərək fabulası tam aydınlaşıncaya qədər genişlənən və asan yadda qalan həcmə malik olan mətnləri düzgün quruluş kimi qəbul edir [1, 60]. Aristotelin episodik fabulanı məqbul hesab etmir, əvəzində gözlənilməz hadisə və hərəkətlərin bitkin, möhkəm səbəb-nəticə əlaqəsi sayəsində baş verməsini yaxşı nümunə olaraq göstərir. Bu məqama V.Xalizev də maraqlı yanaşma edir, fabulanı xronikal və konsentrik olaraq iki qrupa ayırır. Alim bu məqamda süjet terminini işlətsə də, Aristoteldən gələn fabula anlayışına paralel olaraq fikrini inkişaf etdirir. Bu səbəbdən onun üzə çıxardığı məqamlar tamamilə fabulaya aid edilə bilir. Aristotelin bəyənmədiyi episodik fabulanı V.Xalizev xronikal adlandırır və bu tip fabulada hadisələr arasında sırf zaman əlaqəsinin dominant olduğunu qeyd edir. Konsentrik və ya vahid hərəkət fabulaları isə möhkəm səbəb-nəticə əlaqəsinin üstünlüyə malik olduğu növ kimi irəli sürür [6,175 ].
Hələ strukturalist alimlərin irəli sürdüyü “süjet necə baş verib, fabula isə nə baş verib sualına cavab verir” tezisi teoremə çevrilərək müasir ədəbiyyat nəzəriyyəsində də əsas müddəa kimi qəbul edilmişdir. İ.Çistyuxin “Dram və dramaturgiya haqqında” kitabında pyesi binaya (konstruksiya) bənzədərək fabulanı karkas, süjeti isə bu karkası dolduran kərpiclər kimi təsvir etmişdir [7, 84]. Formalist, strukturalist məktəbin təsiri altında formalaşan semiotiklər isə fabulaya informasiya daşıyıcı struktur kimi yanaşırlar. Məzmundan asılı olmadan fabula quruluşunun ciddi işarəvi funksiyasını irəli sürən semiotiklər fabulanı mətnin dinamikasını, məntiqini müəyyənləşdirməyə qadir dominant elementlərdən biri kimi qəbul edirlər. Məsələn, Rolan Bart semiotika elminə aid tədqiqatlarında fabulanı “davamedici” hadisə kimi, Eko isə təhkiyənin baza sxemi olaraq qəbul edirdi. Eko əlaqəsiz fabulaya malik mətnlərdə də təhkiyə nöqteyi-nəzərindən baxaraq makrofabula axtarırdı. Yuxarıda qeyd etdiyimiz kimi, semiotiklər, o cümlədən Eko üçün mətnin fabulası süjetdən daha maraqlı idi. Bu səbəbdən də Eko müasir ədəbiyyat nəzəriyyəsində süjet-fabula əlaqələrindən söz açarkən “süjetdən fabulaya” ifadəsini işlədir [8, 27]. Ən möhkəm fabula əlaqəsinin miflərdə (xüsusilə faktların güclü qorunduğu kosmoqonik miflərdə) olduğu fikri üzə çıxmışdır. Zaman-zaman süjet fabulanı ikinci plana atmış, əsas problem kimi hadisələrin necə inkişaf etməsi qabardılmışdır. Lakin müasir ədəbiyyat nəzəriyyəsində fabula yenidən dominanta çevrilmişdir. Nəzəriyyəçilər fabulanın nüfuzunun daha da artdığını qeyd edirlər. Semiotiklər fabula və süjet arasında kəskin sərhədlər cızırlar. Ekonun fikrincə, eyni mətn fabula səviyyəsində başqa cür, süjet səviyyəsində tamam başqa cür interpretasiya edilə bilər. Prof. Aydın Dadaşov da fabula mexanizminin əsərin ideyasına münasibətdə neytral olduğunu, eyni mexanizmi başqa həyat materialına tətbiq etməklə tamam başqa əsər almağın mümkünlüyü qeyd etmişdir: “Bu baxımdan eyni fabula müxtəlif dramaturji strukturda ayrı-ayrı ideyalara xidmət göstərə bilər” [A.D. Dramaturgiya.s.39].
Klassik Azərbaycan dramaturgiyası fabula əsaslı dramaturgiyadır. Demək olar ki, fabula uzun müddət öz hökmranlığını dramaturgiyamızda qoruyub saxlaya bilmişdir. Məntiqli olaraq ardıcıl hadisələrin baş verməsini tələb edən klassik fabula tipi ən çox müraciət edilən quruluş olaraq oxucu gözləntilərinə əsaslanan mətn ortaya qoyur. Stanislavskinin də qeyd etdiyi kimi, “elə pyeslər var ki, fabula orda tamaşanın baş aktividir. Qətl, xəyanət, duel kimi faktlar öz əvəzlərinə danışırlar” [5, 247]. Misal olaraq, Nəcəf bəy Vəzirovun “Müsibəti Fəxrəddin” faciəsini göstərmək olar. Qan davasına uymuş iki nəsil arasında konflikt klassik fabula strukturuna tamamilə cavab verir. Ekspozisiyada Rüstəm bəyin konfliktin kökünü təsvir etməsi, Fəxrəddinin Almaniyadan təhsildən qayıtması, yerli savadsız, cahil, qana susamış kütlə ilə mübarizə aparmaq cəhdləri, nəticədə qan davasının qurbanı olması hadisələrin əsas xəttini təşkil edir. Xronoloji ardıcıllıq və səbəb-nəticə əlaqələrinin mövcudluğu fabulanın möhkəm əsaslarının olduğunu sübut edir.
Prof. Tahirə Məmməd M.F.Axundzadə və ondan sonra gələn bəzi milli dramaturqlarımızın əlamətdar cəhəti kimi “Qərb maarifçi dramaturgiyasına xas olan birqatlı, saf kompozisiya quruluşu”ndan istifadəni önə çəkmişdir [2, 93]. Maarifçilik zəmini üzərində formalaşan milli dramaturgiyamızın aydın məqsədi olduğundan (maarifçiliyin yayılması, cahilliyin, savadsızlığın ləğvi) fabula, təbii ki, səlis konflikt, gözönü hadisələr üzərində qurulmalı idi. Məhz ilkin dramaturgiya nümunələrimizdə də bu səbəbdən konkret hərəkətlər ardıcıllığı, toqquşan qütblərin açıq savaşı əks olunur. M.F.Axundzadənin “Hekayəti-xırs quldurbasan”, “Mürafiə vəkillərinin hekayəti”, “Sərgüzəşti-vəziri xani Lənkəran”, N.Nərimanovun “Nadir şah” dramları məhz belə birbaşa fabulalar üzərində qurulmuşdur.
Romantizm cərəyanınının tələblərindən olan vətən, millət tərənnümü, milli köklərə qayıdış, maksimum fərdi, minimum ictimai problemlərin qabardılması da fabulada özünəməxsus dəyişikliklərə gətirdi. İnsan məninin önə keçdiyi strukturda monoloqlar xüsusi əhəmiyyət kəsb etməyə başlayır. Fabula elementləri monoloqlarda kəsişərək, onu əsas hadisələr zəncirinin bir halqasına çevirə bildi. Prof. T.Məmməd bu monoloqları klassik Şərq maarifçiliyinin ənənəvi didaktikasından irəli gələn bir xüsusiyyət kimi izah edir [2, 131]. Fabulanın monoloqlarda verilməsi Cəfər Cabbarlının “Od gəlini” pyesində daha aydın müşahidə olunur. Məsələn, fabulanın əsas elmentlərindən sayılan peripetiya bu pyesdə monoloq vasitəsilə həyata keçir. Aqşinin səsini eşidən Elxanın uşaqlıq xatirələri monoloq vasitəsilə çatdırılır. Bu pyesdə fabulanın finalı da (Elxanın qardaşı Aqşinin müsəlmanlığı qəbul etmə təklifinə rədd cavabı) məhz Elxanın monoloqu ilə verilir.
Sosialist quruluşun siyasi və eyni zaman da mədəni meydanı ələ keçirtməsi dövrün diqtəsi ilə yaranan mətnlərdə də müəyyən keyfiyyət dəyişikliyinə gətirib çıxartdı. Sırf siyasi rejimin tərənnmümü ilə məşğul olan müəlliflər nə haqda danışmaq azadlığından məhrum olduqları üçün “razılaşdırılmış” hadisələrdən necə danışmağı daha üstün tuturdular. Süjetin ön plana keçərək fabulanı ikinci plana atması bu dövr dramaturgiyasının əsas xarakterik cəhətlərindəndir. Çünki rejimin hakim cərəyanı kimi bərqərar olan sosializm realizminin diqtə etdiyi mövzular mətnin məlum istiqamətini, öncədən təyin oluna bilən gedişatlarını tələb edirdi: sovet insanının həyatından bəhs edən mətnlərdə dövrün tələblərindən geridə qalmış obraz əsl sovet adamı ilə qarşılaşdırılır. “Maariflənmə” prosesinin aparılması nəticəsində kolxoz, yeni həyat, yeni quruluş qalib gəlir. Cəfər Cabbarlının “Sevil”, “Almaz”, “Yaşar” dramları dövrün diqtəsinə uyğun olaraq yazılan mətnlər olduğundan məlum final mütləq olaraq xoşbəxt sonluq tələb edir.
“Qapalı fabula” tipinin (termin U.Ekoya məxsusdur) hökmranlığı siyasi təzyiqlərin azaldığı dövrə qədər davam etdi. Sovet ideologiyasının yumşalmağa başladığı istiləşmə dövrü mətnlərdə də nisbi sərbəstliyə gətirib çıxarırdı. İnsanın daxili yaşantılarını önə çəkən lirik-psixoloji dramlar adından göründüyü kimi lirikanın fabulasını dram əsərlərinə gətirməyə çalışdılar. XX əsrin əvvəllərində siyasi mühitin təsiri ilə kifayət qədər qəhrəmanlıq motivli, inqilab əhval-ruhiyyəli dramların ortaya çıxması fabulada uzun müddətli hadisələrin inikasına, nəticədə isə dramaturgiyanın klassik üç vəhdət qanununun – vahid zaman, məkan, hərəkət birliyinin pozulmasına gətirib çıxartmışdı. Nəcəf bəy Vəzirov “Keçmişdən qaçaqlar”, Cəfər Cabbarlı “Od gəlini”, “Trablis müharibələri”, “Nəsrəddin şah” dramlarında geniş spektrli hadisələri dramaturgiyanın çərçivəsinə salaraq epos, dastan fabulasının dram əsərlərinin fabulasına gətirilməsində müstəsna rol oynamışlar. Lirik fabulanın dramaturgiyaya gətirilməsi nəticəsində isə, əksinə, fabula zamanının qısalması müşahidə edildi. Lirik-psixoloji dramlarda gözönü fabuladan uzaqlaşma fabulanın quruluşuna da təsirsiz ötüşmədi. Fabulanın davametmə müddəti demək olar ki, minimuma enməyə başladı. Lirik haşiyələr, keçmişə xəyali dönüş, qəhrəmanın daxilən ikiləşməsi fabula dinamizmini istər-istəməz azaltmağa başladı. Məsələn, Bəxtiyar Vahabzadənin “İkinci səs” pyesində hiss və ağılın qarşıdurması timsalında Rəşad və Arzunun ikiləşməsi, lirik parçalar, daxili monoloqlar əsas hadisələr zəncirinin xaricində cərəyan edərək süjetin zənginləşməsinə xidmət göstərir, nəticədə fabulanın ləng inkişafı müşahidə edilir.
Müasir dramaturgiyada isə fabulanın mahiyyəti kifayət qədər dəyişikliyə uğramışdır. Təbii ki, ədəbiyyatda baş verən istənilən dəyişiklik cəmiyyətdə gedən proseslərlə sıx bağlıdır. Xaotiklik, dağıdıcılığa meyl, qeyri-sabit vəziyyət özünü ədəbi mətnlərdə də göstərməyə başladı. Müvafiq olaraq dram əsərləri də sistemli hadisəli mətn olmaqdan uzaqlaşaraq, hadisəsizliyə meyl, məqamın yaratdığı fəaliyyət, “biranlıq hadisə”, açıq finallar, qeyri-sabit struktur kimi keyfiyyətlər qazandı. Dialoqlar mükalimədən daha çox monoloqların növbələşməsi təsiri bağışlamağa başladı. Dünya dramaturgiyasında müəyyən bir mərhələdən sonra avanqard-eksperimental cəhdlər nəticəsində nəinki fabulanın, bir çox elmi-nəzəri kateqoriyaların heç də sabit olmadığı məlum oldu. Dünya praktikasının öyrənilməsi prosesi sürətləndikcə Azərbaycan dramaturgiyasında da sözügedən meyllər özünü göstərirdi. Müvafiq olaraq klassik Azərbaycan dramaturgiyasından fərqli olaraq müasir dramatrugiyada da fabulanın funksiyasında bir dəyişiklik müşahidə edilməyə başladı.
Yeni dövr dramaturgiyanın əsas xüsusiyyətlərindən biri də monodramların geniş yayılması oldu. Bir çox tədqiqatçılar məhz monodramı ənənəvi dram strukturuna qarşı qoyaraq, yeniləşməyə gedən yolda əsas istiqamət kimi götürdülər. V.Meyerholdun qeyd dəftərçəsindən tapılmış N.Yevreinovun monodrama dair mühazirəsi keçmiş postsovet məkanında bu barədə ilkin əsaslı müddəalar kimi qəbul edilir. Məhz Yevreinov monodramı “klassik dramın strukturunu aradan çıxarmağa qadir yeni dram arxitektonikası” kimi təqdim etmişdir [4, 6]. Bu yeni arxitektonika fabula quruluşundan da yan keçə bilməzdi. Dünya dramaturgiyasında geniş yayılan monodramlar Azərbaycan dramaturgiyasında da özünə yer etməyə başladı və fabula səviyyəsində köklü dəyişikliklərə gətirib çıxartdı. Monodramda fabula hərəkət ardıcıllığından yox, qəhrəmanın nitqindən asılı olduğundan, avtomatik olaraq təhkiyəçi mərkəzə keçirdi. Yevreinov bunu “fəaliyyətin vahid subyekti” adlandıraraq, “yeni dram” anlayışının yaranmasına böyük təsir göstərmişdi. Məsələn, Elçinin “Su” pyesi mozaik təhkiyəyə malik olduğundan obrazın ardıcıl nitqindən fabulanı müəyyənləşdirmək mümkün deyil. Bu pyesdə fabulanı təhkiyəçinin nitqinə yox, remarkalara əsasən üzə çıxarmaq olur. Qadının nitqi irihəcmli olsa da fabulaya daxil ola bilmir. Bu monodramda nitq uzun küyə bənzəyir.
Absurd pyes müəllifləri S.Bekket, E.İoneskonun yaradıclığında klassik fabula mexanizminin yoxluğu artıq yeni tipli dramaturgiya qaydaları formalaşdırmağa yönəlmişdir. Dünya ədəbi-nəzəri fikri ilə tanış olan dramaturqlarımızın eksperimentləri də fabula tiplərinin zənginləşməsinə, nəticədə fərqli məntiqə əsaslanan mətnlərin yaranmasına gətirib çıxartdı. Demək ki, dramaturgiyanın daxili məntiqi fabulanın təkamülündən də birbaşa asılı olmuşdur. Yeni dövr dramaturgiyasını nisbətən dəqiq xarakterizə edən cəhətlərdən biri kimi “hərəkətsiz hərəkət” prinsipinin önə keçməsi, pyesdə baş verən hadisələrin gözönü fabula yaratmaqdan yayınmağına gətirib çıxartdı. Məsələn, Kamal Abdullanın “Kim deyib ki Simurq quşu var imiş?” pyesində fabula mətn boyu səpilib. Mətnin ortasındakı replikada (Kapitana ünvanlanan: Yenə İnstitutdasan?.. Kiçik elmi işçi? sualı fabulanın başlanğıcığını təşkil edir.), remarkalarda ara sıra fabula gözə dəyir və oxucu bu səpilmiş parçaları özü yığıb məntiqi ardıcıllığı qurmalı olur. Kapitanın (əslində elmi işçinin) kiçik otağında özünə oyun qurması, Səslə görüşü və sonda Səsin ardıyca ulduzlara getməsi əsas fabulanı təşkil edir. Lakin bütün pyes boyu davam edən nağıl-tamaşa fabula strukturuna daxil olmur. İ.Çistyuxinin sözləriylə desək, fabula “hərəkət (fəaliyyət) çərçivəsindən kənar” cərəyan edir [7, 86].
Fabulanın əsaslandığı iki prinsip – xronoloji ardıcıllıq və möhkəm səbəb-nəticə əlaqəsinin pozulması onun strukturuna da ciddi təsirsiz ötüşmədi. İ.Çistyuxinin də qeyd etdiyi kimi, “bir çox müasir əsərlərədə fabula ikinci plana keçir və beləliklə öz təşkilati funksiyasını itirir” [7, 88]. Yazıçı-dramaturq Elçinin yaradıcılığında xüsusi bir mərhələyə çevrilmiş absurd pyeslər “fabuladan qurtuluşa cəhd” kimi də xarakterizə edilə bilər. Məsələn, müəllif “Hövsan soğanı” pyesində ana fabulanı fraqmentar dialoqlar, ümumi hay-küyün içində əridərək, hər söhbətin öz mikrofabulasını qurur. “Mehmanxana nömrəsində görüş”, “Xüsusi sifariş”, “Qisas” pyeslərində fabulanın həcmi maksimum qısaldılaraq iki şəxsin görüşməsi çərçivəsinə salınır, daha çox dialoqların, replikaların sosial-siyasi, fəlsəfi mahiyyəti qabardılır.
Bitkin fabulanın əsas tələblərindən olan məntiqi finalın aradan çıxması da bu yeni dövr dramaturgiyasının tendensiyalarından sayıla bilər. İ.Çistyuxin pyesdə “açıq forma”dan söz açarkən fabulanın öncəki funksiyasını itirdiyini ön plana çəkir, “açıq forma”nı hadisələr zəncirinin monoton cərəyan etməsinə qarşı qoyur [7, 127]. Eko isə “açıq final” əvəzinə “açıq fabula” terminini işlədir və bunu avanqard mətnlər üçün tipik hesab edir [8, 64]. Elçinin “Mehmanxana nömrəsində görüş” pyesində eyni fabula elementilərinin təkrarlanması halqavari kompozisiya yaradır. Hadisəni düyünə salan çətirin unudulması dövri olaraq təkrarlanır. Fabulanı belə təsvir edək: birinci qonağın gəlişi-ikinci qonağın peyda olması-ikinci qonağın çətiri götürüb otağı tərk etməsi-ikinci qonağın yenidən peyda olması…. Bu təkrarlanan ardıcıllıq sonda açıq final yaradaraq çıxılmazlığın bədii obrazını cıza bilir. Labirintə düşmüş təsiri yaşadan fabula elementləri pyesin açıq finalını şərtləndirir. Mətn sonsuza qədər davam edəcəyi təəssüratı yaradır.
Çistyuxin “açıq forma” pyeslərində həqiqətəuyğunluq prinsipinin pozulduğunu, müvafiq olaraq qrotesk, parodiya üsulları, apartedən sürəkli istifadənin önə çıxdığını xüsusi qeyd edir [7, 128] . Afaq Məsudun “Qatarın altına atılan qadın” pyesində qrotesk, “açıq final”, “dialoqlararası anlaşılmazlıq”, apartenin fabula mexanizminə daxil ola bilməsi kimi faktları aydın müşahidə edirik.
Təbii ki, yeni fabula tipi tez-tez müraciət edilən bir struktur olsa da tam hakim mövqeyə malik deyil. Paralel olaraq kifayət qədər klassik fabula quruluşuna riayət olunan pyeslər mövcuddur. Qarabağ müharibəsi və müharibənin yaşatdığı ağrı-acılar, problemlər tarixi dram janrına müraciəti aktuallaşdırdı və bu mövzuda yazılan dram əsərlərində ənənəvi strukturun qorunub saxlanılması mühüm məsələyə çevrildi. Lakin günümüzdə vətəndaş məsuliyyəti kimi yük daşıyan, günün problemini tarixi hadisələrin dili ilə şərh etməyə çalışan dramaturqlar da qalibiyyət finalı və açıq final arasında seçim etməyə üstünlük verirlər.
Amma müasir dramaturgiyada fabula səviyyəsində gedən bu dəyişikliklər heç də məzmunsuzluğa, əsassız dağınıqlığa yol açmır. Fikrimizcə, əksinə, üst qatda olan xaotiklik, zahiri məntqisizlik daha dərin, sabit və məntiqi fabula strukturunun mövcudluğunu tələb edir. Nədən ki, gözönü hadisəlilik, latent hərəkətlə əvəz olunur. Umberto Ekonun “mövcud olmayan struktur” barədə qeyd etdiyi “strukturun mövcud olmadığı haqda təsəvvür yaratmaq üçün mətn güclü daxili struktura malik olmalıdır” ifadəsi, düşünürük, tamamilə fabulanın da strukturuna aid edilə bilər. Həmçinin, teatr nəzəriyyəçisi Yuriy Barboy müasir teatrın fabulanın təzyiqindən qurtulduğunu qeyd etsə də, öz əsas prinsipinə – müxtəlif təbiətə malik elementlərin vahid, bədii cəhətdən bütöv əsərdə birləşməsinə sadiq qaldığını fikrini irəli sürür. [3, 42]. Nəticədə, müasir dramaturgiyada müşahidə etdiyimiz, ilk baxışda dağınıq, fraqmentar, qeyri-sabit təsir bağışlayan fabulanın əsasında daha möhkəm məntiqə və qaydalara əsaslanan fabulanın durduğunun şahidi oluruq.

İstifadə edilmiş ədəbiyyat:
1. Aristotel. Poetika. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1974
2. Məmməd T. XX əsr Azərbaycan dramaturgiyasının poetikası (H.Cavid, C. Məmmədquluzadə, və C.Cabbarlının dramaturgiyası əsasında). Fil.e. d. alimlik dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya. Bakı, 1999
3. Барбой Ю. Структура действия и современный спектакль, Ленинград, ЛГИТМИК, 1988
4. Евреинов Н. Введение в монодраму. Санкт-Петербург, Издание Н.И. Бутковской, 1909
5. Станиславский К. Собрание сочинение, в 8 томах. Москва, 1954-1961, т. 4.
6. Хализев В. Драма как род литературы (поэтика, генезис, функционирование). Изд-во Московского Университета, 1986
7. Чистюхин И. О драме и драматургии. eBook, 2002
8. Эко У. Роль читателя.  Исследования по семиотике текста. Санкт-Петербург, «Симпозиум», 2007

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Opera və Balet Teatrından xəbər var

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı fevral ayının birinci həftəsində tamaşaçılarını maraqlı səhnə əsərləri ilə sevindirəcək. Belə ki, fevralın 2-də Cüzeppe Verdinin “Traviata”...

“Qəribə, çox qəribə əhvalat”

Akademik Milli Dram Teatrının “Abbas Mirzə Şərifzadə səhnəsi”ndə Miro Havranın pyesi əsasında hazırlanan “Qəribə, çox qəribə əhvalat” tamaşasının premyerası olub. Teatrın mətbuat xidmətindən verilən...

Birpərdəli pyeslər müsabiqəsi

“Birpərdəli pyeslər” müsabiqəsinin təşkilində əsas məqsəd xalq teatrlarının repertuarlarını kiçik həcmli tamaşalarla zənginləşdirmək, ədəbi-bədii və mövzu baxımından yüksək dəyərə malik dram əsərlərinin yazılmasına stimul vermək,...

Recent

Musiqili Teatr “Balaca Şahzadə”nin premyerasının vaxtını açıqladı

21, 22 fevral tarixlərində saat 19:00-da Azərbaycan Dövlət Musiqili Teatrında Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında eyniadlı tamaşanın premyerası olacaq. Beynəlxalq layihə...

“Danabaşlar” tamaşası nümayiş olunub

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin iştirakı ilə Cəlil Məmmədquluzadənin  əsəri əsasında "Danabaşlar" tamaşası nümayiş olunub. Cəlil Məmmədquluzadənin 150 illiyinə...

YUĞ-da “Medeya. Sekvensiya 001”

Bu gün saat 19.00-da YUĞ Dövlət Teatrında “Medeya. Sekvensiya 001” tamaşası nümayiş olunacaq. Vladimir Klimin “Medeya Teatrı” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və...