Ana səhifə » Kinoteatr+ » Kino » Səbuhi Məmmədov: “Kinonun həm də biznes kimi inkişafını istəyiriksə…”

Son yazılar

Afişa
Avqust 23, 2019

3-cü M.A.P Beynəlxalq Teatr Festivalı başlayır

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Səbuhi Məmmədov: “Kinonun həm də biznes kimi inkişafını istəyiriksə…”

Bir filmin uğurunun yarısını yaxşı ssenari, rejissura müəyyənləşdirirsə, yarısı da aktyorların doğru seçilməsindən asılıdı. Onları tapıb müəllifə təqdim eləyənsə kastinq direktorudu. Azərbaycan kinosunda bu vacib vəzifə yeni-yeni tətbiq olunmağa, formalaşmağa başlayır.
Müsahibimiz, Azərbaycanın ilk kastinq direktorlarından biri olan Səbuhi Məmmədov da bu sahədəki mövcud problemlərdən, uğurlardan və dünya kinosu ilə ayaqlaşmaq üçün gərəkli olan digər məsələlərdən danışır…

Səbuhi bəy, bir az özünüz haqqında məlumat verərdiniz…
– İncəsənət Universitetinin Mədəni-Maarif fakultəsini bitirmişəm, mədəni maarif işinin təşkilatçı metodisti ixtisası üzrə. Universitetə daxil olandan sonra Akademik Dram Teatrında səhnə fəhləsi kimi işləməyə başlamışam, eyni zamanda səslə maraqlanmışam, səs operatoru kimi də bir neçə tamaşada çalışmışam. 1992-ci ildə cəbhəyə getmişəm, qayıdandan sonra dram teatrında səs rejissoru və sonra menecer kimi işləmişəm. Paralel olaraq, YUG teatrında, “SPACE” telekanalında, “ÜNS” yaradıcılıq səhnəsində səs rejissoru, İbrus teatrında direktor müavini çalışmışam. 2011-ci ildən Şərqi Avropa İfaçılıq Sənəti şəbəkəsinin üzvu olaraq müstəqil teatr prodüseri kimi fəaliyyət göstərirəm.

Kastinqlə necə məşğul olmağa başladınız?
– “SPACE” kanalının “Gənclik” departamentinin “Çardaq” adlı bir layihəsi vardı. Bəzən kiçik səhnəciklər çəkirdilər, hansısa aktyoru dəvət eləmək lazım gəlirdi, teatrda işlədiyimi bildiklərinə gorə mənə müraciət edirdilər. Düzdü, buna kastinq demək olmaz, amma ilk dəfə orda başlamışam. Sonra yadınızdadısa, o vaxt çoxlu reklam çarxları, kliplər çəkilirdi və aktyorlardan istifadə olunurdu. Mən həmin kliplərin bəzilərində həm prodüser kimi işləyirdim, həm də aktyor seçimi ilə məşğul olurdum.

Professional şəkildə bu işlə nə vaxtdan məşğul olmağa başladınız?
– 2005-ci ildə “Əkinçi Media Qrup”un istehsalı olan “Bizim sinif” kinojurnalında. Dram teatrının aktrisası Məsmə Ağaverdiyevanın layihəsi idi, ilk dəfə İctimai televiziyada efirə çıxmışdı. Həmin layihə üçün böyük bir kastinq keçirdik, 300 nəfər uşaq iştirak elədi. İki ay davam eləyən kastinqlərdən sonra 10-13 yaşlı uşaqların arasından 17 nəfər seçdik. Amma böyük kinoda ilk işim 2007-ci ildə Rusiya kinematoqrafçıları ilə olub: “Feniksfilm” kinokampaniyasının “Vəsiyyət əsasında nigah” çoxseriyalı bədii filmində. Onun 7-8-ci seriyaları Bakıda çəkilirdi. Həmin seriyalarda ikinci plan və epizodik rollarda 15 aktyorumuz çəkildi. Kütləvi səhnələrdə isə 200-ə qədər həvəskar və tələbələr iştirak etdi. Elə o vaxtdan da kastinq direktoru kimi fəaliyyətə başladım.

İndi sizin öz şirkətiniz, ya da komandanız varmı?
– Kastinq direktoru kimi freelancer (hər hansı bir sahə üzrə heç kimə bağlı olmadan, sərbəst işləmək-red.) çalışıram. Amma bu yaxınlarda artıq beş ili tamam olan “Actor’s Agency” adlı şirkət yaratmışıq. Bu, sadəcə, kastinq şirkəti deyil. “Actor’s Agency” – aktyorları təqdim və təmsil edən, eləcə də onların professional hüquqlarının qorunmasını təmin edən kommersiya təşkilatıdır. Kastinq (casting) sözü Orta əsrlərdə İngiltərədə balıq ovu zamanı torun, yaxud da tilovun xususi üsul ilə atılması metoduna deyirdilər. Sonradan kinematoqrafiyada “seçim” anlamında istifadə olunmağa başlanılıb. Kastinq – bədii fikrə uyğun olaraq rola düzgün namizədlərin seçilməsi deməkdir. Dünya kinematoqrafiyasında kastinq direktoru funksiyasını ilk dəfə Amerikada – Nyu-Yorkda Marion Duorti (Marion Dougherty), Hollivudda Linn Stalmaster (Lynn Stalmaster) tətbiq eləyiblər. Onlara qədər rejissorlar film çəkməyə başlayanda assistentlərin gətirdiyi siyahılara baxırdılar və aktyorlara hər hansı bir filmdə, ya da şouda oynadıqları tipaja uyğun rol verirdilər. Yəni 1960-cı illərə qədər kastinq direktoru adlı vəzifə yox idi. Marion Duorti ilə Linn Stalmaster bu işi elə bir səviyyəyə qaldırdılar ki, kastinq direktoru funksiyası kinoistehsalat prosesinin son dərəcə vacib bir parçasına çevrildi və artıq kastinq direktorları söz sahibi oldular. Çünki yaradıcı prosesdə bu qaçılmazdır. Kastinq direktoru birləşməsindəki “direktor” sözü ingiliscə “director” sözündən götürülüb və kastinq üzrə rejissor deməkdi. O, həqiqətən rejissordur, sadəcə meydançaya aktyor gətirmir, həm də doğru xarakterləri tapır. Məsələn, əgər bizdə də kastinq direktoru prosesdə ssenarinin yazılmağa başladığı andan etibarən – yəni obrazların tapılmasında, xarakterlərin açılmasında iştirak eləsəydi, çox produktiv olardı. Martin Skorseze deyir ki, filmin uğurunun 90%-i aktyor seçimindən asılıdır. Aktyor yoxdusa, nə tamaşamız var, nə də filmimiz. Təəssüf ki, Azərbaycanda çox vaxt yalnız texnikaya üstünlük verilir, insan faktoru yaddan çıxır. Əlbəttə, hamıya aid deyil, amma unudanlar çoxluq təşkil eləyir. Elə burdaca bir məsələyə aydınlıq gətirim: Bizdə hərdən kastinq keçirən şirkəti ya qrupu aktyor agentliyi ilə qarışdırırlar. Aktyor agentliyi sırf professional aktyorlarla əməkdaşlıq edir. Keçirdiyi kastinqlərə də professional aktyorları dəvət edir. Azərbaycanda rəsmi və qeyri-rəsmi kastinq şirkətləri, qrupları fəaliyyət göstərir. Bu çox yaxşıdır, amma aktyor agentliyi struktur etibarı ilə fərqlidir. Az öncə qeyd etdiyim kimi bizim agentlik kommersiya təşkilatıdır və ilk növbədə aktyorların tanıdılması, təqdimatı, professional hüquqlarının müdafiəsi ilə məşğul olur. Həm də Azərbaycanda bu sahədə fəaliyyət göstərən hələlik ilk şirkətdir, amma çox istərdim ki, başqaları da olsun. Rusiyalı həmkarlarımız belə bir agentlik yaratdığımızı eşidəndə birinci təbrik eləyirdilər, ardınca da “bu vaxta qədər yox idi ki?” deyə soruşurdular. Bu, adamı bir az incidir. Geri qalırıq bu işdə.

Təmsilçisi olduğunuz aktyorları özünüzmü seçirsiniz, yoxsa aktyorlar sizi tapırlar? Və agentliklə əməkdaşlıq üçün onlardan nə tələb olunur?
– 2013-cü ildə agentlik yarananda mən bütün teatrlarda oldum, həm gənc, həm də yaşlı nəslə müraciət elədim, hətta neçə ildir, sənətdə olan aktyorlarımız üçün özəl şərtlər təklif elədik. Onlara aktyor agentliyinin funksiyası barədə məlumat verdik, dedik ki, agentliyin məqsədi aktyorların təqdimatı, tanıdılması, menecer-agent xidməti ilə təmin olunması və ən əsası, professional hüquqlarının müdafiəsini təmin eləməkdir. Digər tərəfdən, aktyor agentliyi ilə əməkdaşlıq bir imicdir. Baxın, mənim ən çox Rusiya ilə əlaqələrim var. Orda aktyorlar, rejissorlar, prodüserlər, kastinq direktorları da bunu normal qəbul eləyir. Və elə burdaca aktyor agentlərinin komisyonları barədə də məlumat verim: lahiyədən asılı olaraq bu, aktyorun aldığı qonorarın 15-20 faizindən çox deyil. Avropada necədisə, bizdə də o standartlardır. Agentliklə əməkdaşlıq eləmək istəyən aktyor öz iş alətlərini – portfoliosunu hazırlamalıdır. Bura bir neçə şey daxildir:
rezüme – bizim aktyorların, demək olar ki, 90%-də yoxdu. Rezümedə aktyorun fiziki parametrləri, onun yaşı, tipajı, filmoqrafiyası, tamaşaları, bacarıqları (xarici dil, idman, səs və s.) qeyd olunur;
aktyorların fotolarından ibarət albom – mütləq ağ-qara fonda çəkilən, bədii portret formatlı, eləcə də naturada çəkilən şəkillər;
video-vizit kartı – aktyor 2-3 dəqiqəlik videoda özünü təqdim etməlidi: Kimdir, nəçidir, nə fikirləşir. Söhbət quru təqdimatdan getmir – adım filankəs, filan institutu bitirmişəm. O videoya baxanda onu tanımayan rejissorun, aktyor haqqında fikri formalaşmalıdır, aktyorun ampluası, xarakteri, dünyagöruşü barədə məlumat almalıdır. Video-vizit kartı aktyorun özünü təqdimatı üçün vacib olan alətlərdəndir;
Showreel – aktyorun çəkildiyi filmlərdən, iştirak etdiyi digər layihələrdən, tamaşalardan yığılan 4 dəqiqəlik qısa filmdir. Hərdən bizdə kəsikləri bir-birinin ardınca düzürlər. Showreel – aktyorun muxtəlif planlı və ya konkret ampluada professional oyununu nümayiş etdirən əyani vəsait olan kiçik bir filmdir. Kino industriyası inkişaf etmiş bütün ölkələrdə showreel-in hazırlanması ilə məşğul olan kiçik şirkətlər var.

Bütün bunlar aktyorları uzun-uzadı sınaq çəkilişlərindən xilas eləyirmi?
– Bu alətlər kastinq prosesi zamanı vacibdir. Həm istehsalçı şirkətin və aktyorun vaxtının boş yerə sərfinin qarşısını alır, həm də professional münasibəti nümayiş etdirir. Ümumiyyətlə, mənə elə gəlir ki, uzun illər sənətdə olan, özünü təsdiqləmiş aktyorları kastinqə çağırıb “mənə bir performans göstər” demək doğru deyil. Sınaq çəkilişlərinin uzun-uzadı olmasına gəlincə, bu seçim zamanı baş verən normal iş prosesidir. Bu bizim işimizdir. Əsas düzgün seçim və nəticədir.

Aktyorlara özəl təkliflərlə müraciət elədiyinizi dediniz…
– Uzun zaman sənətdə çalışan və sözünü deyən veteran aktyorlarımıza bir il ərzində pulsuz xidmət təklif eləmişdik.

Agentliklə əməkdaşlıq eləmək istəyənlər oldumu?
– Sözün açığı, bu özəl təklifə çox az aktyor reaksiya verdi. Məsələn, Nurəddin Mehdixanlı, Fəxrəddin Manafov, Hicran Nəsirova, Mehriban Zəki, Rafiq Əliyev, Sənubər İsgəndərli, Sabir Məmmədov, Elxan Quliyev, Sona Mikayılova, Yaqut Paşazadə, Mələk Abbaszadə bizi dəstəklədi.

Bəs gənc nəsil?
– Orta və gənc nəsildən Pərviz Məmmədrzayev, İlyas Əhməd, Rasim Cəfər, Xumar Səlimova, Zarina Qurbanova, Gunay Əhməd, Xəyalə Cavadova, Abasağa Əlizadə.. Agentliyimizin, necə deyərlər, ilk məhsulu olan gənc aktrisa Dəniz Tacəddin…
Yəni siz hazırda adlarını sadaladığınız aktyorların agenti hesab olunursuz?
– Adlarını çəkdiyim aktyorların bəziləri ilə işbirliyimiz var. Məsələ ondadır ki, bizim cəmiyyətdə sizə inanmaları üçün ortaya iş qoymaq lazımdır. Beş illik fəaliyyətimiz ərzində, səkkiz bədii filmdə çalışmışıq – ikisi “Azərbaycanfilm”in Debüt studiyasının, biri isə özəl qrupun istehsalı olan qısametrajlı, xarici şirkətlərlə müştərək çəkilən “Əli və Nino” bədii filmi, Gürcustan istehsalı olan bir film, Rusiya istehsalı olan üç tammetrajlı bədii film, yerli istehsal olan üç serial və eləcə də Xorvatiya, Türkiyə və Gürcüstanda çəkilən üç reklam çarxı – “Nar”, “Bakcell”, “XirdalanBeer” və “Asan İmza”, “Azersun”, “Access Bank”, “Debet Uniform” kimi brend şirkətlərlə, eləcə də digərləri ilə iyirmi reklam çarxında bizim agentlik tərəfindən təqdim və təmsil olunan aktyorlar rol alıblar. Bu il isə iki yerli kino şirkəti ilə əməkdaşlığımız razılaşdırılıb. Agentlik yarandığı il polyak rejissoru Tomas Leşçinskinin (Tomasz Leszczyński) quruluş verdiyi “Sərhəddə” tamaşasının kastinqi agentlik tərəfindən keçirilib. Keçən ilin yanvarında agentliyimiz ilk dəfə olaraq istehsalçı qismində İsveçrənin Cənubi Qafqazda Əməkdaşlıq Təşkilatı, Gürcüstanın C/M Lab. şirkəti və DOM teatrı ilə müştərək beynəlxalq teatr layihəsini təqdim edib. Bu ildən isə agentlik daha bir müştərək Polygon Creative Platform lahiyəsində, DOM teatrı, ASMART Creative Hub və Azərbaycan Teatr Xadimləri İttifaqi ilə birgə tərəfdaş olaraq fəaliyyətə başlayıb. Sualınıza qayıdaraq, Azərbaycan kinematoqrafiyasında hal-hazırda aktyor-agent və prodüser münasibətləri arzu olunan səviyyədə deyil. Aktyor layihələrə dəvət olunur, söhbət maliyyə münasibətlərinin tənzimlənməsinə gəlib çıxanda, deyəndə ki, mən agentliklə əməkdaşlıq eləyirəm, ya onu müəyyən səbəblər, bəhanələrlə layihədən uzaqlaşdırırlar, ya da deyirlər ki, bilirsiniz, bizdə maliyyə azdı, olar ki, elə sizinlə danışaq, üçüncü tərəf qarışmasın? Əksəriyyət elə dünüşünür ki, agenti olan aktyor böyük qonorar tələb eləyəcək. Əgər biz kino industriyanın inkişafından danışırıqsa, kinonun həm də biznes kimi inkişaf etməsini istəyiriksə, onda gəlin, bu biznesin qaydaları ilə sözdə deyil, işdə oynayaq.

Buna görə də xaricdə aktyor agentlikləri ilə yanaşı gildiyalar, həmkarlar ittifaqları, assosiasiyalar var və agentdən əvvəl onlar aktyorların hüquqlarını müdafiə eləyirlər.
– Xaricdə kastinq direktorlarının da gildiyası var. Düzdü, Azərbaycanda “MediaMaster”, “Oskar”, “NərimanFilm”, “Sinemazadeh” kimi şirkətlər bizimlə əməkdaşlıq ediblər. Yəni demirəm ki, agentliklə əməkdaşlıq ümumiyyətlə yoxdur. Amma söhbət son vaxtlar çəkilən filmlər və seriallardan gedəndə, bu çox azdır. Yeri gəlmişkən, həmin kinoşirkətlərə – başda qocaman kino şirkətimiz “Azərbaycanfilm” olmaqla – demək istəyirəm ki, aktyorun agentinin olması, onu təmsil etməsi o demək deyil ki, maliyyə baxımından reallıqdan uzaq danışıqlar aparılacaq, ağlasığmaz qiymətlər deyiləcək. Xeyr! Şirkətlərin agentliklə işləməsi, ilk növbədə, istehsalçı şirkət üçün əlverişlidir. İnsanıq, sabah aktyor əsəbiləşə, nədənsə narazı qala bilər və yaxud əksinə, istehsalçı şirkət müəyyən səbəbə görə etirazını bildirə bilər. Agent, istehsalçı şirkətlə aktyor arasında bir vasitəçidir, ancaq bu, təkcə maliyyə cəhətdən vasitəçiliklə bitmir. Onların əməkdaşlığı layihə başlayandan bitənə kimi davam edir. Aktyor agentliyi istehsalçı şirkətin aktyorla bağladığı müqavilədə qeyd olunan, yaxud şifahi danışılan şərtlərin hər iki tərəfdən yerinə yetirilməsinin zəmanəti rolunu oynayır. Yəni hər şey beynəlxalq standartlara uyğun formadadır. Mən Amerika kəşf etməmişəm ki… Bu, bütün dünyada tətbiq olunan, bayaq adlarını çəkdiyim insanların işlədiyi, yaratdığı bir sistemdir.


Beynəlxalq standartlar belədir ki, aktyorluq karyerasına təzə başlayanlar üçün ilkin qiymətlər- qonorarlar müəyyənləşdirilib. Hər hansı layihədə, serialda, filmdə cəmi bir söz deməyin də öz qiyməti var, iki söz deməyin də, bir dəqiqə görünməyin də, 10 dəqiqə görünməyin də. Azərbaycanda bu standartları kim və necə müəyyənləşdirməlidir?

– Bayaq dedik, gildiyalar, assosiasiyalar olmalıdır. Məsələn, Rusiyada aktyor agentlikləri assosiasiyası var. Bu təşkilat agentlərin, agentliklərin işlərinə nəzarət eləyir, hətta “stop list” adlı qara siyahıları da var. Yəni peşə qaydalarını pozan aktyorlar, agentliklər həmin siyahıya salınır. Amerikada aktyorların professional həmkarlar təşkilatı var. Aktyorların qonorarlarını tənzimləyən mexanizm mövcuddur. Bütün kino şirkətləri bunu bilirlər və heç bir aktyoru artıq təsdiq olunmuş minimal məbləğdən aşağı qonorara çəkə bilməzlər. Sovet vaxtı bu mexanizm bizdə də mövcud idi. Bu gün aktyor agentliyi bu mexanizmin bizim kinoda yenidən işləməsi üçün çalışır. Təbii ki, hər şeyin həddi var. Mən həyatında ilk dəfə kamera qarşısında dayanan aktyor, aktrisa üçün öz başımdan bir qiymət deyə bilmərəm, axı?! Fəqət söhbət ondan gedir ki, bizdə bu institutlar yoxdu. Həmidə xanım Ömərova neçə il əvvəl çox xeyirxah bir iş gördü, Aktyorlar Gildiyası yaratdı. Amma çox təəssüf ki, bu gün bu qurum fəaliyyətsizdir. Həmidə xanım öz üzərinə düşən işi gördü, ancaq köməksiz qaldı. Bilirsiniz, bizdə nə çatışmır? Bizdə menecment problemi var. İstər teatrda, istər kinoda. Komanda yoxdu. Azərbaycanda yaxşı prodüser ola bilər və var, yaxşı rejissor ola bilər və var, ancaq onun komandası yoxdu. O komandanı ya qurmaq istəmirlər, ya da lazım olan insanları tapa bilmirlər. Amma “o insanlar yoxdu” demək düzgün deyil. Heç kimin haqqını yemək olmaz. Kino kollektiv sənətdir. Buna görə də biz onu kollektiv şəkildə inkişaf etdirməliyik.

Hal-hazırda agentliklə əməkdaşlıq eləyən aktyorlar varmı?
– Agentliyimiz bu ildən aktyorlarla əməkdaşlıq sistemini bir az dəyişib. 2013-2017-cı illər ərzində kino ictimaiyyətini agentliyin tanıdılması, funksiyası, məqsədləri və fəaliyyəti ilə maraqlandırmağa çalışdıq. Bu ildən agentliklə əməkdaşlıq eləmək istəyən aktyorlarla, əsasən, eksklüziv müqavilələr bağlanacaq. Məsələn, biz Dəniz Tacəddinlə ilk gündən eksklüziv çalışırıq. Hal-hazırda onunla yanaşı Zarina Qurbanova ilə müqavilə bağlanıb. Əməkdar artist Şəlalə Şahvələdqızı ilə çalışırıq. Bu il aktrisa “NərimanFilm” və “Sinemazadeh” kino şirkətlərinin lahiyələrində təsdiq olub. Əməkdar artistlər Rasim Cəfər, Pərviz Məmmədrzayev ilə də bu ildən eksklüziv olaraq əməkdaşlıq edəcəyik. Digər aktyorların agentliklə əmədaşlığı daha çox xarici lahiyələr zamanı baş verir.

Mümkünsə, “eksklüziv” sözünü bir az aydınlaşdırardınız. Yəni aktyorun agentliyin xəbəri olmadan iş qəbul eləməyə ixtiyarı olmayacaq?
– Eksklüziv – o demək deyil ki, bu sahədə hansısa monopoliya yaranır. Seçim sənət adamında, aktyordadır. Bu müqavilənin anlamı odu ki, aktyor öz professional hüquqlarının təmsili və qorunmasını agentliyə etibar eləyir. Biz eksklüziv müqavilə bağladığımız aktyorlarla komanda şəklində çalışırıq. Məsələn, aktyor hansısa təklif ala bilər. Agentlik və aktyor təklifi qəbul edib-etməyəcəklərinə birlikdə qərar verirlər. Aktyor desə ki, bəli, mənə maraqlıdı və işləmək istəyirəm, qalan proseduru agentlik idarə eləyir. Bura aktyorun iş qrafikinin dəqiqləşdirilməsi də aiddi, çəkiliş meydançasına vaxtlı-vaxtında gəlib-getməsinə nəzarət də… Və nəhayət, maliyyə… Film istehsalçılarının çoxu deyir ki, aktyor agentliklə işləyirsə, söhbətə birinci maliyyədən başlayacaq. Amma belə deyil. Aktyor birinci olaraq dramaturji materialdan başlayacaq – ssenari və təklif edilən roldan. Qonorar məsələsinə gəldikdə isə, qızıl orta həmişə var. Çünki aktyor öz peşəsi ilə məşğul olmağa, çəkilməyə maraqlıdır. Digər tərəfdən, eksklüziv, yaxud qeyri-eksklüziv – əsas keyfiyyətdir. Həm bizim işimizdə, həm aktyorlar üçün, həm film istehsalçıları üçün. Bundan əlavə, agent xidmətləri də təklif eləyirik. Məsələn, eksklüziv müqaviləmiz olmayan aktyorlarla konkret bir lahiyə üçün müəyyən vaxt müddətində bağlanan müqavilə.

Səbuhi bəy, söhbətimizdən belə başa düşdüm ki, hələlik aktyor agentliyi ilə işləməyə daha çox əcnəbilər üstünlük verirlər. Yerli aktyorlarla hansı əcnəbi və ya müştərək lahiyələrdə işləmisiniz və hazırda kimlərlə əməkdaşlıq edirsiniz?
– Agentlik açıldığı müddətdə, əsasən, Rusiyadan agentliyimizə qoşulanlar daha çox olub. Xüsusilə də, cavanlar. Yaşlı nəsildən Rusiyada yaşayıb-işləyən aktyor və rejissor Ramiz İbrahimov, aktyor Fərhad Hüseynov. Hamısını sadalasam, uzun bir siyahı alınar… Onları daha çox xarici kastinqlərə təklif eləyirəm. Azərbaycanda əcnəbi aktyorların dəvət olunmasına bir az qısqanclıqla yanaşırlar. Hərçənd elə mən də burda daha çox öz aktyorlarımızın çəkilməyinin tərəfdarıyam. Amma filmdə italyan aktyoruna ehtiyac olduğu əsaslandırılsa, onda niyə də dəvət olunmasın? Yaxud rus aktyorları. Rus Dram Teatrının çox yaxşı aktyorları var, amma ola bilsin ki, rejissora lazım olan tipaj Rusiyadadı. Məsələn, Rövşən İshaqın “Aktrisa” filmi üçün Alesiya Kaçer dəvət olunmuşdu. Amma yenə də deyirəm, daha çox öz aktyorlarımızın işləməsi və püxtələşməsinin tərəfdarıyam. O ki, qaldı sualınızın ikinci hissəsinə. Bizim aktyorlarla xarici lahiyələrdə əməkdaşlıq 2007-ci ildə Rusiya istehsalı olan çoxseriyalı film ilə başlayıb, ikinci plan və epizodik rollarda on beşə yaxın aktyorumuz çəkilib. 2008 ildə “NərimanFilm” kinoşirkətinin Gürcüstan kinomatoqrafçıları ilə müştərək istehsalı olan “Sahə” filmində beş aktyorumuz çəkilib. Bu filmdə aktyor agenti və location menecer (çəkiliş meydançası üzrə menecer) kimi çalışmışam. “Azərbaycanfilm” və Rusiya kinematoqrafçılarının birgə istehsalı olan “Qorxma, mən səninləyəm – 1919” filmində 3 ay kastinq direktoru işləmişəm. Mənim kastinq elədiyim aktyorlardan altısı filmə təsdiq olunmuşdu. 2013-cü ildə SSRİ xalq artisti Eldar Şengelayanın “Qafqaz triosu” adlı filminin Bakıda çəkilən səhnələrində üç aktyorumuz epizodik rollara dəvət alıb. Agentliyin təzə fəaliyyətə başladığı dövrlərdə təmsil etdiyimiz aktyorlar bir çox xarici şirkətlərin reklamlarında çəkiliblər. 2015-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə, İlgiltərənin “Pie-Pia Films” şirkəti tərəfindən çəkilən “Əli və Nino” filmində 17 Azərbaycan aktyoru iştirak edib. Onlardan doqquzu ikinci plan rollarda idi, səkkiz aktyor da epizodik. Ümumiyyətlə, “Əli və Nino” agentliyin böyük işlərindəndir. Həm miqyasına görə, həm də maliyyə baxımından heç kim narazı qalmadı. Daha sonra 2016-cı ilin yayında Rusiyanın “Sreda” kompaniyasının istehsal etdiyi “Toyla sovrulanlar” filmində üç aktyorumuz iştirak edib – Şəlalə Şahvələdqızı, Zarina Qurbanova və Cavanşir Məhərrəmov. 2016-cı ilin payızında yenə Rusiyanın “Partnerşip” şirkətinin istehsalı olan məşhur “Mətbəx” teleserialının filmi çəkildi – “Mətbəx-son döyüş” adı ilə. Orda da Dəniz Tacəddin Dmitri Naqiyevin tərəf müqabili oldu. 2017-ci ildə xalq artisti Fəxrəddin Manafov Rusiyanın “Sreda” kompaniyasının istehsalı olan “Aktyor” çoxseriyalı filmində əsas rollardan birini ifa edib. Agentlik yaranandan bu yana xarici layihələrdə işlərimiz hələ ki bu qədərdir. Ümid eləyirik, yenə olacaq.

Əcnəbi istehsalçılar çoxdan agentliklərlə işləyirlər, harda kimi necə tapmaq lazımdı, bilirlər. Bəs, siz özünüz əlaqələr qurmağa çalışırsınızmı, yoxsa onlar sizi tapırlar?
– Özümüz də əlaqələr yaratmağa çalışırıq. Məsələn, İstanbulda, Moskvada, Kiyevdə tərəfdaşlarımız, razılaşmalarımız var. Sadəcə bir nüansı unutmaq olmaz: hərdən konkret nəticələr əldə etməkdən ötrü bir neçə il lazım gəlir. O qədər layihələr olub ki, gecə-gündüz işləmişik, göndərmişik, hətta sınaq materialları da çəkilib, ancaq ya bizim aktyorlar uyğun gəlməyib, ya da layihələr bağlanıb, təxirə salınıb. Məsələn, 2015-ci ildə məşhur “Dumandan və qumdan qurulmuş ev” filminin rejissoru Vadim Perelmanın yeni filmi üçün Bakıda böyük bir kastinq keçirmişdik. Təəssüf ki, sonra layihə müəyyən müddətə dayandırıldı. Amma çox yaxşı bir hadisə baş verdi. Həmin əməkdaşlığımızın üstündən iki il keçəndən sonra Perelmanla əlaqələrimiz bərpa olundu. O, məni yeni filminin kastinq direktoru ilə tanış elədi. Ona deyibmiş ki, Bakıda çox maraqlı sınaq çəkilişləri olub. O gündən həmin kastinq direktoru ilə əməkdaşlıq eləyirik. Məsələn, Dəniz Tacəddinin Rusiyaya dəvət olunması həmin əməkdaşlığın nəticəsi idi. Hazırda da müxtəlif şirkətlərlə danışıqlar aparırıq.

– Rejissor Emil Quliyev “İkinci pərdə” filminin kastinqləri zamanı baş verən xeyli tragikomik əhvalatlar yazmışdı. Sizin də təcrübənizdə belə hallar olubmu? Kastinqin Sovet dövründə sınaq çəkilişləri adlandırdığımız sistemdən fərqi nədi?
– Format başqadı. Sovet vaxtında bu işi ikinci rejissorlar və rejissor assistentlərindən biri idarə eləyirdi. İndi bu işlə xüsusi məşğul olan şəxslər – kastinq direktorlar olmalıdır. Təəssüf ki, Azərbaycanda bu funksiya faktiki olaraq yox dərəcəsindədir. Bir nəfərə tapşırırlar ki, kastinq işi ilə məşğul ol. O da şəkilləri gətirir, aktyorlara zəng vurub sınağa çağırır. Amma kastinq bu deyil, axı?! Kinoindustriyası inkişaf eləmiş ölkələrdə rejissor heç vaxt kastinq prosesinə qarışmır, bu işi kastinq üzrə rejissor yerinə yetirir. Yalnız sınaq çəkilişlərində istədiyi zaman iştirak edir və prosesin son mərhələsində aktyoru təsdiqləyir. Baxın, xaricdən mənə birinci ssenarini göndərirlər. Onu oxuyuram və öz fikirlərimi rejissora bildirirəm. Sonra onunla bir yerdə personajların xarakterlərini cızırıq və onlara uyğun aktyor axtarırıq. Yəni kastinq üzrə rejissor, kastinq direktoru siyahı tutub aktyorları kastinqə çağıran adam deyil. Bədii fikirə uyğun gələn namizədi tapıb təqdim eləyən şəxsdir. Ən əsası, istehsalat prosesində öz fikri olan bir şəxsdir. Hətta rejissorun hansısa aktyora tərəddüdlə yanaşdığı məqamlarda onu inandıra biləcək bir şəxsdi. Kastinq direktoru aktyorları tanımalıdı, sevməlidi. Ola bilsin, mənim hər hansı aktyora simpatiyam yoxdu, ya da hansınısa zəif aktyor hesab eləyirəm. Dəxli yoxdu, əgər rola uyğun gəlirsə, onu kastinqə çağırmağa borcluyam. Emil Quliyevin kastinqdə üzləşdiklərindən danışdınız. Yenə deyirəm – əgər kastinqi rejissor özü və ya ikinci rejissor yox, bu sahənin peşəkarı keçirsəydi – söhbət məndən getmir – bütün problemlərdən qaça bilərdi. Təəssüflər olsun ki, bu gün kinomuzun beşiyi, ata kinoşirkət saydığımız “Azərbaycanfilm”də belə kastinq üzrə rejissor funksiyası aktual deyil. Orda çox istedadlı adamlar var. Şəxsən tələbəsi olmasam da, Akif Rüstəmovu özümə müəllim sayıram. Bu gün də orda çalışan ikinci rejissorlara – Əliqulu müəllimə, Çingiz müəllimə, Elman müəllimə, vaxtı ilə kinostudiyada aktyor şöbəsinin müdiri işləmiş Azər Əkbərova çox hörmətim var. Amma ikinci rejissor qərargah rəisidir və kastinq onun nəzarət etdiyi çoxsaylı funksiyalarından biridir. O, yalnız aktyorları dəvət eləyib rejissorla görüşdürür və imkanı olanda prosesdə iştirak eləyir, çünki başqa vacib vəzifələri də var, lokasiyalara baxmalıdır, sənədləşdirmə aparmalıdır, təşkilati işlər və s. Müəyyən filmlərdə kastinqləri keçirən adamlar var, heç birinin əziyyətini yerə vurmaq istəmirəm. Amma onlar funksionallıq etibarilə kastinq rejissoru kimi yox, daha çox aktyor üzrə assistent kimi fəaliyyət göstərirlər. Həmin adamlara dəstək verilməlidi, qiymətləndirilməlidi. Əgər nəyisə bilmirsə, öyrənmək heç vaxt gec deyil. Məsələn, mən bu yaşımda belə öyrənməyə davam eləyirəm. Kinonun inkişafı üçün on illik proqram cərçivəsində, heç olmasa, bu işlə məşğul olan adamları ustad dərslərinə göndərmək olardı. Rusiyada, Gürcüstanda, Avropada belə ustad dərsləri, treninqlər keçirilir. Bunların bizdə olmamağı çox təəssüfedici haldı. Ona görə də bizim rejissorların bəziləri sonradan “aktyor oynaya bilmədi” deyirlər. Aktyor oynaya bilmədisə, günah onda deyil, seçimdədir. Deməli, kastinq prosesində səhvə yol verilib. Bir rola, ən azı, 3 namizəd olmalıdır, onlara mətn verilməlidir, rol izah olunmalıdır və s. Bəlkə aktyor fleqmatikdi, amma personaj sanqvinik? Hər şey nəzərə alınmalıdır. Əgər aktyor özü öz menecmentini qura bilirsə və özünü təqdim eləyə bilirsə, nə yaxşı, eləsin. Amma bunun üçün insturumentlər lazımdır. Söhbətin əvvəlində danışdıq onlardan – portfolio, showreel və s. Məsələn, tanınmış aktyorlarımızdan birini Moskvaya kastinqə dəvət eləmək istəyirdilər. Portfoliosunu göndərdim, baxdılar və dedilər ki, biz onun hansı səviyyədə olduğunu başa düşdük. Bu, artıq münasibətdir. Həm bədii cəhətdən, həm də menecment- maliyyə cəhətdən. Artıq onun qiymətini bilirlər. Ən əsası isə, ona hansı rolu təklif etməli olduqlarını. Aktyorlardan çox xahiş eləyərdim ki, özləri üçün portfolio hazırlasınlar. Sutkanın 24 saatı ərzində müraciət eləyib soruşa da bilərlər. Aktyorun fəaliyyət meydanı məhduddur – səhnə, çəkiliş meydançası. Burda da ya birinci olmalısan, ya da yox. Nə qədər çətin olsa da, öz üzərlərində çox işləməlidilər. Dünya bu dəqiqə intellektual aktyorları daha maraqlı hesab eləyir. Aktyorlara şərait yaradılmalıdır, stimul verilməlidir ki, evinə bir tikə çörək apara bilsin və sosial problemləri fikirləşməsin, özünü tamamilə sənətinə həsr eləsin.

Yeri gəlmişkən, kommersiya kinosu istehsalçıları sizə müraciət eləyirlərmi?
– Təkrar eləyirəm: Məncə, ata şirkət saydığımız “Azərbaycanfilm” başlasa, onlar da başlayarlar. İndi “binayi qədimdən belə olub” deyirlər. Ancaq nəyisə dəyişmək, inkişaf etmək istəyiriksə, sistem, struktur dəyişikliyi olmalıdır. Konkret sualınıza cavab olaraq deyim ki, agentlik yarananda serial biznesi ilə məşğul olan bir-iki prodakşn müraciət eləmişdi. Amma hazırda çəkilən filmlərin istehsalçıları müraciət etmirlər. Ya tanımırlar, ya da “agent gəlib baha qiymət deyəcək” qorxusu onlarda da var. Yenə də deyirəm: Cavanlara hər zaman dəstək vermişəm, bundan sonra da kömək etməyə hazıram. Təbii ki, təzə-təzə ayaq üstə duran gənc rejissorlarla, həm kastinq direktoru kimi, həm də agentlik kimi ingilislərlə, ruslarla işlədiyim qiymətə işləməyəcəm. Bu gün gənclərə veriləcək dəstək sabah kinomuzun inkişafı üçün zəmin yaradır.

Söhbətləşdi Aygün Aslanlı

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir