Roza İbadova Kocamaz: “Özümüz oynayırıq, özümüz də alqışlayırıq”

Roza İbadovanı tələbəlik illərindən tanıyıram. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ən çox tanınan və kurs işlərində, diplom tamaşalarında obrazlar canlandıran tələbələrdəndi. Diplomunu alar-almaz onu Gənc Tamaşaçılar Teatrının səhnəsində gördüm. Tələbə teatrının səhnəsindən peşəkar səhnəyə doğru irəliləyən Rozanın uğuruna sevindim. Ona görə yox ki, tələbə yoldaşım idi, ona görə ki, Roza İbadova özünü inkişaf etdirirdi, peşəkar aktyorlarla bir səhnəni paylaşırdı, tamaşaçılar tərəfindən sevilirdi, uşaqların sevimli qəhrəmanlarından birinə çevrilirdi.

Ailə qurduqdan sonra Türkiyədə yaşayan və orada Han teatrında çalışan aktrisamızla sosial şəbəkələrin bizə yaratdığı imkandan yararlanıb, söhbət etdim.

Bu il Moskvada XII Beynəlxalq Yay Teatr məktəbində Türkiyəni təmsil edən azərbaycanlı Roza İbadova Kocamaz Teatro.az-ın suallarını cavablandırdı.

– İlk olaraq istərdim bizi Han teatrı ilə tanış edəsən.

– Han teatrı Türkiyənin 10 illik tarixi olan böyük bir sənət ocağıdır. Türkiyənin məşhur mərhum aktyorlarından Ünal Gürelin adını daşıyır. İzmirdəki ən böyük özəl teatrlardan biridir. Teatrın rəhbəri və baş rejissoru Rüçhan Güreldir. 20-25 nəfərlik yaradıcı heyətimiz var. İldə 4-5 yeni tamaşa hazırlayırıq. Tamaşaçı zalımız 150 nəfərlikdir. Gündüzlər uşaq, axşamlar isə böyüklər üçün tamaşalar ounayırıq. İzmirə gəldiyim 2016-cı ildən bu teatrda fəaliyyət göstərirəm. Həm aktrisa, həm də 6-9, 10-12 və 13-17 yaşlı uşaqlara aktyor sənətindən dərs deyir və onlarla tamaşalar hazırlayıram. Qeyd edim ki, bu layihəmiz İzmirdə böyük səs-küyə səbəb olub.

– Türkiyədə yaşayan azərbaycanlı müsahiblərim adətən bildirirlər ki, orada teatr sənəti bizə nisbətən zəif inkişaf edib. Sənin fikrin necədir?

– Mən elə deməzdim. Tez-tez dövlət teatrlarının nümayiş etdirdikləri tamaşaları izləmə imkanım olur. Kifayət qədər maraqlı, gözəl tamaşaların şahidi oluram. Yeri gəlmişkən, Han teatrındakı baş rejissorumuz da dövlət teatrının aktyoru olub, hazırda isə təqaüddədir. Dövlət teatrlarında çox istedadlı və peşəkar aktyor dostlarım var. Səhnə təcrübəsi baxımından zaman-zaman onların mənə köməkləri dəyir.

– Müsahiblərim çox vaxt deyirlər ki, bizim aktyorlar tanınmış türk seriallarının aktyorlarına dərs keçər.

– Mərhum sənətkarımız Fuad Poladov, sevilən aktyorlarımız Ramiz Novruzov, İlqar Cahangir, Şövqi Hüseynov və ya gənclərdən Rasim Cəfər, Elnur Kərimov, Manaf Dadaşov, Vüsal Mehrəliyev və bu siyahını uzada da bilərəm, bəlkə də mümkündür. Ancaq reallıq var axı. Əlbəttə ki, bizim aktyorların ən böyük üstünlüyü dəqiq və konkret olmalarıdır. Burda ona nizam-intizam deyirlər. Necə ki, bizim serialların bəzilərində aktyorluqdan xəbəri olmayanları çəkirlər, burada da elədir. Baxmayaraq ki, Türkiyədə şirkət bir aktyoru seriala təqdim etmədən 3-4 ay əvvəl onu oynayacağı rol üçün hazırlayır.

– Türkiyədəki teatr prosesini necə dəyərləndirirsən?

– Buradakı teatrlarda aktyoru ölümə aparan stress, əsəb, intriqa yoxdur. Çünki hər kəs çox gözəl bilir ki, nə etsə də onun rolu budur. Hər kəs öz gücünün, qabında olan potensialın nəyə qadir olduğunu bilir, özünə bələddir. Türkiyədə rejissorlar aralarındakı intriqaları tamaşalarını mükəmməl qurmaqla göstərir. Daha aktyorları belə xırda məsələlərə görə yormurlar. Aktyorlar bir-birlərinə düşmən belə olsalar səhnədə mehriban obraz yaradır və problemi olan rejissorla da rahat şəkildə tamaşa hazırlaya bilirlər. Rejissorlar da istəyir ki, onun tamaşasında daha gözəl səhnə performansı sərgilənsin. Yəni, sağlam rəqabət var. Ara-sıra Han teatrında da başqa ölkələrdən, dövlət və ya bələdiyyə teatrından gəlmiş rejissorlar tamaşalar hazırlayırlar. Bu arada, mənim fəaliyyətim yalnız Han teatrı ilə məhdudlaşmır. Burda vətənimiz adına keçirilən dövlət səviyyəli tədbirlərdə də aparıcı, rejissor və ya aktrisa kimi səhnəyə çıxıram. İnşaallah, Türkiyə vətəndaşlığı aldıqdan sonra dövlət teatrında çalışacam.

– Vətəndaşlıq almamağın hansı işlərinə əngəl törədir?

– Sentyabrdan vətəndaşlıq üçün müraciət edəcəm. Vətəndaşlıq almamağımın ən böyük problemi dövlət teatrında çalışa bilməməyimdir. Ancaq dövlət teatrına qədər qət etdiyim dövr də mənim üçün böyük bir təcrübədir. Türklər demiş “Önəmli olan pes etmemekdir”.

– Vətənin ən çox nəyi üçün darıxırsan?

– Her şeyi üçün. Harada olursaq olaq vətən başqadır. Qürbətdə yaşayanlar bunu çox gözəl bilir, baxmayaraq ki, Türkiyə bizə vətən qədər yaxındır.

– Hazırda Moskvada XII Beynəlxalq Yay Teatr məktəbindəsən. Orda hansı proseslər gedir?

– Əvvəla onu qeyd edim ki, mayın 27-i Sankt-Peterburqa gəldim. Burada istedadlı və işinin peşəkarı olan Eşqinlə görüşdüm. Eşqin (Quliyev-red.) orada teatrda çalışır, birlikdə işbirliyimiz olacaq. Sankt-Peterburqdan sonra Moskvaya gəldim. Türkiyəni Yay məktəbində ilk dəfə mən təmsil edirəm. Layihənin təlim proqramında gündəlik təcrübə ilə bərabər, Rusiya və digər xarici ölkələrin tanınmış teatr xadimlərinin ustad dərsləri, treninqlər, yaradıcılıq görüşləri də yer alıb. Məqsəd müxtəlif ölkə və kontinentlərdən olan ən yaxşı gənc aktyorları bir yerə toplayaraq qarşılıqlı yaradıcılıq mübadilələri həyata keçirmək, yeni aktyor məktəbinin inkişaf etdirilməsinə nail olmaqla, peşəkarlıq səviyyəsinin artırılmasını təmin etməkdir. 2007-ci ildən start götürən və bugünədək dünyanın 40-dan artıq ölkəsindən 900-dək sənətçinin təlim keçdiyi Beynəlxalq Yay Teatr Məktəbi Rusiya Federasiyası Teatr Xadimləri İttifaqı və RF-in Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir.

– Yəqin ki, Yay məktəbinin sənin gələcək yaradıcılığına böyük faydası olacaq?

– Əlbəttə, burada dünyaca məşhur rejissorlarla çalışmaq imkanı əldə etmişəm. Dünyanın müxtəlif ölkələrindən gələn aktyorlarla tanış oluram, onların simasında yaşadıqları ölkələrin teatr prosesindən xəbər tuturam. Hətta mən deyərdim ki, bir ayın içərisində bəlkə də indiyə qədər öyrəndiklərimizdən daha çox nələrisə öyrənmək imkanı əldə etmişəm. Hesab edirəm ki, bu mənim üçün böyük bir fürsətdir. Bu yolda mənə dəstək olan Eşqinə və Olqaya, eləcə də həyat dostum Kartal Cihan Kocamaza təşəkkürümü bildirirəm.

– Türklər azəri gəlinə necə münasibət bəsləyir?

-Türklər azəri gəlini sevirlər (gülürük). Həyat yoldaşım məni Bakıda televizorda görüb, elə oradan aşiq olmuşdu. Araşdırıb, axtarıb nəhayət mənim Gənc Tamaşaçılar Teatrında çalışdığımı öyrənmişdi. Bakıda olduğu müddətdə 3 ay tamaşalarıma bilet alıb məni səhnədən izləyib. Yəni, o məni sevərkən belə mən bu sənətdə çalışırdım. Hazırda hərbi xidmətdədir. Rusiyadan dəvət alanda ən çox getməyimi təkid edən də məhz həyat yoldaşım oldu. O, mənə hər mənada dəstəkdir. Allaha çox şükür ondan çox razıyam. Türkiyədə çoxlu azərbaycanlı gəlin tanıyıram. Ailə münasibətləri yaxşı olanlar da var, pis olanlar da. Bu məsələnin türk və ya azəri olmaqla bir əlaqəsi yoxdur. Hər bir yerin yaxşısı da var, pisi də. Burada da qaynana-gəlin problemi var. Ancaq onu qeyd edim ki, bizim qızlarımız çox çalışqan, istiqanlı və gülərüzlüdürlər. Biz hörmətimizi həmişə qoruyub-saxlayırıq. Amma elə qızlarımız da var ki, bir ildir gəlin gəlib, artıq onları tanımaq olmur.

– Necə yəni?

– Geyimləri, saçları, hərəkətlərini görəndə, birdən-birə dəyişiklikləri adamı şoka salır. Hətta utanırıq deyək ki, o da azərbaycanlıdır.

– Gənc Tamaşaçılar Teatrının kollektivi ilə ünsiyyətin davam edirmi? Və bu teatr sənə nə öyrətdi?

– Əlbəttə davam edir. Gənc Tamaşaçılar Teatrında çox sevdiyim, ailəvi dostlarım var. Çox zaman onlarla danışıram, dərdləşirəm. Bu yaradıcı ocaqda bir çox sənətkarlar var ki, onların yeri mənim qəlbimdədir. Mübariz müəllimin (Həmidov-red.) xətrini çox istəyirəm. Onu harada görsəm qaça-qaça yanına gedirəm. Hələ Cənnət Səlimova, Vaqif müəllim (Əsədov-red), qəlbimin xüsusi dərinliklərindədirlər və hər zaman da orada yaşayacaqlar. Bəhram Osmanova və Nicat Kazımova da mənə səhnədə öyrətdiklərinə görə minnətdaram.  Gənc Tamaşaçılar Teatrı mənə səhnənin, teatrın nə demək olduğunu öyrətdi, mənə səhnə sevgisi yaşatdı. Uğur və uğursuzluğu yaşamağı öyrətdi, ümumilikdə böyük bir həyat məktəbi oldu mənə. Oradan ayrıldıqdan sonra yanlış və doğrularımı harada etdiyimi rahat düşünmə imkanı əldə etdim. İndi də teatrdan kiminlə danışsam “teatrda yerin görünür” deyirlər. İnanın ki, bu söz mənim bəsimdir.

– Canlandırdığın rollarla dolu bir otaqda olsan hansı obrazının yanına gedib söhbət etmək istəyərdin?

– Əlbətdəki Oliver Tvistlə. Onunla saatlarla söhbət edərdim və indi onu daha fərqli canlandırardım. Vaqif (Əsədov-red.) müəllimin quruluşunda Oliver peşəkar səhnədə ilk rolumdur. Oliver mənim özümdür.

– Oradan baxanda Azərbaycan teatrları necə görünür?

– Yaxından necə görünürsə uzaqdan da o cür. Özümüz oynayırıq, özümüz də alqışlayırıq. Hər kəs öz qohumunu, tanışını, dostunu önə çəkir. Ümumiyyətlə, bu dünyada ən qorxulu şey insanların haqqına girməkdir. Birinin layiq olduğu rolu layiq olmayana verirsənsə, bu onun haqqına girməkdir. Aktyor səhnədə məşq edir, rejissor oturub aktyorlarla deyib gülür, öz kefi ilə məşğuldur. Mən bunu haqqa girmək kimi qəbul edirəm.

– Türkiyədə birinin haqqı olduğu rolu başqasına verəndə həmin aktyorun reaksiyası necə olur?

– Gəlir mədəni şəkildə ərizə yazır və o da həmin rolu oynayır. Bizdə də bu var. Amma bizdə ərizə yazıb tamaşaya girən, rol oynayan aktyorla yetim qalmış uşaq kimi davranırlar. Kimliyindən asılı olmayaraq və rolu əvvəlkindən yaxşı oynamasına baxmayaraq…

– Türkiyə teatrlarında da maaş problemi varmı?

– Buna maaş problemi deməyək. Çünki ümumi, dünyadakı iqtisadi problemlər burda da var. Türkiyədə ən aşağı maaş bizim pulla haradasa 650-700 manatdır. Burda ev kirayələri, kommunal xərclər, qida sektoru bahadır. Amma bir evdə iki insan işləyirsə normal yaşaya bilir.

– Güzgüyə baxanda orada necə bir insan görürsən?

– Güzgüyə baxanda balaca bir Roza və güclü bir qadın görürəm. Bəzən düşünən birini, bəzən səbirsiz, bəzən birinin haqqını qoruyarkən digər birinin düşməni olan, amma çox mərhəmətli və vicdanlı birini görürəm. Bir də dəlicəsinə sevən bir qadın dayanır qarşımda.

– Son olaraq ürək sözlərini eşitmək istərdik.

– Gənc aktyorlara hər zaman dəstək olun, çünki onların buna həqiqətən ehtiyacı var. Ancaq dəstək olarkən də bir şeyi unutmayın, yolu istedadlı gənclərə açın. Heç vaxt onları əzməyin. Aktyor sevgidən və diqqətdən qidalanır, yüksəlir. Bunu onlara çox görməyin. “Biz sizin vaxtınızda belə idik, filan çətinliklərlə mübarizə aparırdıq”- kimi qısqanc fikirlərə ehtiyac yoxdur. İstərdim ki, Türkiyədəki kimi aktyor teatrın əsas amili olsun. Burada rejissor heç bir halda aktyoru təhqir edə bilməz. Rejissorların ilk vəzifəsi aktyorlarla münasibəti qorumaq, onlara hörmət etmək və onlara nə qədər dəyərli olduqlarını hiss etdirməkdir.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

İranlı rejissor Lənkəran Dövlət Dram Teatrında “Sinemarın qətli” tamaşasını hazırlayır

Lənkəran Dövlət Dram Teatrında yeni tamaşanın məşqlərinə başlanılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İran İslam Respublikasının Ərdəbil şəhərindən dəvət olunmuş rejissor Qərib Mənuçöhri teatrın...

Ədilə Ağayeva – Alman payızı-Suspiria

“Xilas olmadım ki; Şərəfimin lazım bildiyi kimi, 19 noyabr,1918-ci ildə beynimə bir güllə sıxdım; mən ölüyəm, içimdə yaşayan mən deyiləm.O gündən bu...

Teatrda yeni təyinat

Azərbaycan Respublikası Mədəniyyət naziri Əbülfəs Qarayevin müvafiq əmri ilə Elşən (Sərxanoğlu) Hacıyev Sumqayıt Dövlət Dram Teatrının baş rəssamı vəzifəsinə təyin olunub. Hacıyev Elşən Sərxan oğlu...

Recent

Tbilisi Dövlət Azərbaycan Dram Teatrına bədii rəhbər təyin olundu

Gürcüstanda fəaliyyət göstərən Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının bədii rəhbər vəzifəsinə təyinat olub. Teatrın tarixində ilk dəfə azərbaycanlı bədii rəhbər təyin...

Paytaxt teatrlarının həftəlik repertuarı (10-17 dekabr)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 13 dekabrÇ.Aytmatov “Manqurt” saat 19:0014 dekabrH.Mirələmov “Xəcalət” saat 19:0015 dekabrİ.Əfəndiyev “Boy çiçəyi”...

The Home of Independent Retailers: Oxford’s High Street

Commandeered by Neil Armstrong, the Apollo 11 mission was a spaceflight that landed the first two people on the Moon. Following the "Cold War"...