Rasim Ocaqovun 85 illik yubileyi

Noyabrın 22-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, SSRİ və Respublika dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun anadan olmasının 85 illiyi tamam oldu. Paytaxt Bakı ilə yanaşı mərhumun doğma yurdu Şəki şəhərində də təntənəli yubiley gecəsi təşkil edilmişdi. Görkəmli kinorejissorun xatirəsi anadan olduğu Şəki şəhərində daim əziz tutulur. Şəkidə onun yaşadığı evin önünə xatirə lövhəsi vurulub, “Güyümlər” meydanında barelyefi qoyulub. Şəhərin küçələrindən biri bu böyük sənətkarın adını daşıyır. Yubiley tədbirləri çərçivəsində açılışı olan Şəki Uşaq Gənclər İnkişaf Mərkəzinə Rasim Ocaqovun adı verilib. Mərkəzin nəzdində fəaliyyət göstərəcək uşaq kino-foto studiyası uşaqların bu yaradıcı sahəyə marağının artmasına öz töhfəsini verəcək.
Noyabrın 24-də Şəki “Marxal Hotel”də onun 85 illik yubileyinə həsr olunmuş “ŞƏKİ, MƏN SƏNİ SEVİRƏM” qısametrajlı bədii və sənədli filmlər, eləcə də foto müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Açılışda qonaqlara Rasim Ocaqovun filmlərindən fotoekspozisiya təqdim olunub. Onun filmlərində təkcə məşhur azərbaycanlı aktyorlar yox, həm də Aleksandr Kalyagin, Yuri Yakovlev, Donatas Banionis, Mixay Volontir, Elina Bıstritskaya, Stanislav Sadalski, İrina Kupçenko,  Qalina Polskix, Qalina Belyayeva, Tatyana Lyutayeva və digər məşhur əcnəbi aktyorlar da çəkilib. Səhnədə Rasim Ocaqovun kinokamerası, səsgücləndiricisi və rejissor kreslosu qoyulmuşdu, qonaqlara “Rasim Ocaqov. Müsahibələr, xatirələr, resenziyalar, məqalələr” kitabı və “Kinorejissor Rasim Ocaqovun qızıl kolleksiyası” kinofilm albomu təqdim olundub. Tədbir boyunca süjet və materiallar, film və çəkiliş meydançalarından foto və video kadrlar, Rasim Ocaqovla müsahibə təqdim olunub.
Tədbirin aparıcısı, əməkdar artist Nərgiz Cəlilova Rasim Ocaqov haqqında bunları qeyd etdi: “Onun filmləri milyonların ürəyini fəth edib, filmlərinin qəhrəmanları tamaşaçıların sevimlisinə çevrilib, rejissorun adı isə sonsuz istedadın, ustalığın, peşəkarlığın və kino sənətinə sədaqətin sinoniminə çevrilib. Rejissorun yaradıcılığı ilk növbədə onunla maraqlıdır ki, o, Azərbaycan kinematoqrafina düşüncə azadlığı, yüksək bədii mədəniyyət, həyatın fəlsəfi qavrayışı və maraqlı dramaturgiya həlləri gətirib”.
Ən əsası odur ki, o, doğma Şəkini sevirdi və həmişə deyirdi: “Əgər insan Şəkidə doğulubsa, onun bəxti gətirib. Xüsusilə də, əgər o, rejissordursa”. Doğma diyara sevgi onun yaradıcılığında da özünü göstərib. Onun “Ad günü” və “Həm ziyarət, həm ticarət” filmlərinin qəhrəmanları məhz Şəkidən idi. Şəkililərin Rasim Ocaqova sevgisi də çox böyükdür, onlar bugünədək öz həmyerlilərini minnətdarlıqla xatırlayır, onu Şəkinin fəxri və rəmzi adlandırırlar.
Altay Həsənov ailəsi adından qonaqları salamladı və tədbirin təşkilinə görə minnətdarlığını bildirərək Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədovanın, əməkdar incəsənət xadimi Cəmil Quliyevin, “Rasim Ocaqov. Müsahibələr, xatirələr, resenziyalar, məqalələr” kitabına görə əməkdar artist Bəhram Bağırzadənin, “Şəki, mən səni sevirəm” mükafatının müəllifi Emin Məmmədovun, Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun, tədbirin və Rasim Ocaqov haqqında “Sonrakı ömür” filminin rejissoru Cavid İmamverdiyevin adını xüsusilə qeyd etdi və təşəkkürünü bildirdi.

Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxışında Rasim Ocaqovun 85 illiyinin onun doğma torpağında qeyd olunmasının region ictimaiyyəti üçün mühüm hadisə olduğunu vurğuladı və yubilyarın ailəsinə təşəkkürünü bildirdi:
“Rasim Ocaqovun filmləri fəal vətəndaşlıq mövqeyini əks etdirir və müasirliyi ilə seçilir. Onun ölümü bizim hamımızı kədərləndirdi. O, bütün qəlbi ilə Şəkiyə bağlı idi. Onun xatirəsi şəkililər üçün əzizdir. Onun evi üzərində xatirə lövhəsi asılıb, mərkəzi meydanların birndə barelyefi ucaldılıb və küçələrdən biri onun şərəfinə adlandırılıb. Sevindirici haldır ki, bu gün Rasim Ocaqov adına Uşaq-gənclər İnkişaf Mərkəzinin təntənəli açılışı baş tutdu. Bu, gənclərin inkişafına öz töhfəsini verəcək. Rasim Ocaqovun işıqlı xatirəsi ürəklərimizdə yaşayacaq”.
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova tədbirdə Rasim Ocaqovun filmlərində çəkildiyi və yüksək mükafatlara layiq görüldüyü üçün özünü xoşbəxt hiss etdiyini vurğuladı. O, “Ad günü” və “İstintaq” filmlərinə görə, Azərbaycan və SSRİ Dövlət mükafatlarına layiq görülüb:” Biz bu film və qəhrəmanlarla birgə yaşamışıq və bu mənim həyat və yaradıcılığımın ən xoşbəxt günləri olub. Rasim Ocaqov layiqli və ədalətli həyat yaşayıb, dünya sərvəti onun üçün yad idi və yalnız kino onun əsas sərvəti idi. O, kinomuzun nəbzi, irəli aparan qüvvəsi, öz dövrünün siması olub. Rasim Ocaqov heç vaxt sönməyəcək yanan ocaqdır, çünki onun filmləri sevilir və seviləcək. Rasim Ocaqov hər zaman bizimlə olacaq!”
2017-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən kinematoqrafiya sahəsində təhsil alanlara təqdim edilən Rasim Ocaqov adına təqaüd təsis edilib. 2017-ci ildə təqaüdə Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi, birinci qrup əlil Masər Həsənov (Eldar Quliyevin emalatxanası), 2018-ci ildə həmin universitetin tələbəsi Rəhman Allahverdiyev (Vaqif Mustafayevin emalatxanası) layiq görülüb.
Daha sonra səhnəyə Xalq artisti Hacı İsmayılov dəvət olundu. O, Rasim Ocaqovun ilk dəfə “Ad günü” filmi ilə filmə çəkilmişdi. Sonra rejissorun daha dörd filmində – “Bağlı qapı”, “Özgə həyat”, “Ölsəm… bağışla”, “Həm ziyarət, həm ticarət” filmlərində çəkilib. O, “Ad günü” və “Həm ziyarət, həm ticarət” filmlərində şəkili obrazını yaradıb. Aktyor səhnədə bu filmlərdən Şəki ləhcəsi ilə improvizə səhnəciklər nümayiş etdirdi və qonaqların alqışına səbəb oldu:”Rasim Ocaqovun peşəkarlığı və dünyagörüşü, intellekti və həyat təcrübəsi sözlə təsvir olunan deyil. Bütün rollarını o, özü yaradır və onlarla nəfəs alırdı. Şəkiyə sevgisini isə o, əbədi olaraq qəlbimə həkk etdi. O, mənim müəllimim idi və mənim üçün o, hələ də yaşayır. Ona görə də deyirəm, Rasim müəllim, 85 yaşınız mübarək!”
Tədbirdə iştirak edən, Rasim Ocaqovun “Qətldən yeddi gün sonra”, “Park”, “Təhminə”, “Otel otağı”, “Ölsəm… bağışla” fimlərində çəkilmiş xalq artisti Fəxrəddin Manafov onu kinematoqrafiyada öz atası hesab etdiyini bildirdi:” O, milli mədəniyyətin elə bir klassiklərindəndir ki, onun sayəsində milli və müasir kino mövcuddur. Və əgər mən bu prosesə kiçik töhfəmi verə bilmişəmsə, özümü xoşbəxt hiss edə bilərəm”.
SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, fotoqraf və kinooperator Rafiq Qəmbərov Rasim Ocaqovun bir çox filmini çəkib. O bildirdi ki,: “Mənim ürəyim emosiya və xatirələrlə doludur. Mən Rasim Ocaqovun ailəsinə və Şəki şəhər İcra Hakimiyyətinə bu tədbirin keçirilməsinə görə minnətdarlığımı bildirmək istəyirəm. Rasim Ocaqov fotoqrafiyanı çox sevirdi. O, fotoçəkilişləri o qədər istedadla edirdi ki, Rusiya Dövlət Kinematoqrafiya İnstitutuna daxil olarkən onun işləri qəbul komissiyasını heyrətləndirmişdi. Mənim üçün uzun illər Rasim Ocaqovla işləmək, onun filmlərini çəkmək böyük şərəf idi”.
Əməkdar incəsənət xadimi, kinoşünas Ayaz Salayev qeyd etdi ki, “Rasim Ocaqov gənclər arasında böyük nüfuza malik idi, həmişə kömək göstərirdi. Rasim Ocaqov kinematoqrafiyamıza insanların taleyi üçün ürək ağrısını gətirib. Onun ürəyinin ağrısı filmlərdə, gələcək həyat barədə düşünməyə vadar edən əsərlərdə əks olunub”.
Tədbirdə Mədəniyyət Nazirliyi və Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilati dəstəyi ilə həyata keçirilmiş “Şəki, mən səni sevirəm” qısametrajlı bədii və sənədli filmlər, foto müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Azərbaycan Kinematoqrafçılar İttifaqının birinci katibi, əməkdar incəsənət xadimi Cəmil Quliyev qeyd etdi ki, layihənin məqsədi Rasim Ocaqov irsinin təbliği, istedadlı kinematoqrafçı və fotorəssamların üzə çıxarılması, eləcə də Şəki şəhərinin mədəniyyət və tarixinin təbliğ olunmasıdır. Müsabiqə “Ən yaxşı qısametrajlı bədii film”, “Ən yaxşı qısametrajlı sənədli film”, “Ən yaxşı foto işi” nominasiyalarında keçirilib:
“Müsabiqəyə 40-dan çox bədii və sənədli film və 20-yə yaxın fotoqrafların  işi təqdim olunmuşdu. Münsiflər heyətinə xalq artistləri Eldar Quliyev, Şəfiqə Məmmədova, Oqtay Mirqasımov, Rafiq Qəmbərov və mən daxil idik. Bu mükafatlar rəmzidir və bütün gənc istedadlara təqdim olunacaq. Çünki Rasim Ocaqov hər zaman gəncləri dəstəkləyirdi, onların arasında mən də var idim. O, mənim iki filmimin bədii rəhbəri olub və təvazökarlıqdan öz adının titrlərdə getməsini istəməyib. Rasim Ocaqovun xatirəsi qarşısında baş əyirəm”.
“Ən yaxşı bədii film” nominasiyasında rejissor Tahir Əliyevin “Xalisin arzuları”, “Ən yaxşı sənədli film” nominasiyasında isə Zamin Məmmədovun “Şəbəkə” filmi qalib olub. Foto nominasiyasında isə qalib Nigar Pirimovanın “Qədim Şəki” fotosu mükafat qazanıb.
Müsabiqə çərçivəsində münsiflər heyətinin xüsusi mükafatına “Sənədli film” nominasiyasında Tacəddin Quliyevin “Şəki, mən səni sevirəm”, Rəşad Qasımovun “Rasim Ocaqov zirvəsi” filmləri, foto üzrə isə Azər Cəfərovun “Şəkinin uşaqları” fotosu layiq görülüb.
Tədbirdən sonra təntənəli ziyafət verilib, rejissorun filmlərindən musiqi əsərləri səsləndirilib, gənclər müxtəlif mahnılar oxudu və dostlar, həmkarlar xatirələrini bölüşdülər.

- Advertisement -

BIR CAVAB BURAXIN

şərhinizi daxil edin!
Buraya adınızı daxil edin

Read More

Açıq səmada fransız filmləri

Fransanın Azərbaycandakı səfirliyi, Bakıdakı Fransız İnstitutu və “Landmark Hotel Baku”nun birgə təşkilatçılığı ilə avqust və sentyabr aylarında hər cümə günü, azərbaycanlı məşhurların təqdimatında, onların...

Teatrlar 2018-ci ili yola saldılar

İlin son günlərində teatrlarımızın mətbuat xidmətləri ilə əlaqə saxlayaraq, onlardan 2018-ci ili necə yola saldıqlarını və bu ildə hansı layihələrə imza atdıqlarını xəbər aldıq....

“Mən və O”

Teatro.az saytının “Mən və O” layihəsinin ilk qonağı Respublikanın Əməkdar artisti Şövqi Hüseynov və həyat yoldaşı Gənc Tamaşaçılar Teatrının aktrisası Şəbnəm Hüseynovadır. 1.  Sevdiyiniz teatr? Şövqi...

Recent

Ləman Mərih: “İntəhası”

"İntəhası"nı aktrisa Ləman Novruzova deyəcək... 1. Dostoyevski deyir ki, insan onsuz da sonda peşman olur, etdiklərinə və etmədiklərinə görə....

Ədilə Ağayeva – Alman payızı-Suspiria

“Xilas olmadım ki; Şərəfimin lazım bildiyi kimi, 19 noyabr,1918-ci ildə beynimə bir güllə sıxdım; mən ölüyəm, içimdə yaşayan mən deyiləm.O gündən bu...

71-ci Kann film festivalı davam edir

Mayın 8-də Fransanın Kann şəhərində növbəti film festivalının açılışı keçirilib. Kino dünyasının ən nüfuzlu müsabiqəsi sayılan Kann film festivalı 71-ci dəfə keçirilir. Mayın 19-dək...