Ana səhifə » Persona » Rəcəb Məmmədov – MANSUR ŞİRVANİ – 100

Son yazılar

Müsahibə
Fevral 21, 2019

“Bermud üçbucağı”nda – Şövqi Hüseynov

Xəbər
Aprel 21, 2019

“Narkomaniyanın faciələri” adlı tədbir keçiriləcək

Xəbər
Aprel 20, 2019

Lerikdə Xalq artisti Qabil Quliyevin 70 illik yubileyi qeyd olunub

Persona
Aprel 20, 2019

Əlisəfdər Hüseynov – Eldəniz Zeynalov paradoksu

Xəbər
Aprel 19, 2019

“Tuğanlıq – 2019” Festivalına həsr olunmuş mətbuat-konfransı keçirilib

Müsahibə
Aprel 19, 2019

Rövşən Almuradlının Ədil İsgəndərova olan əhd borcu – “Sənət əbədidir, ömür amanat…”

Xəbər
Aprel 19, 2019

Bakı Uşaq Teatrı qastrol səfərindədir

Xəbər
Aprel 19, 2019

Qabil Quliyev: “Özümü həmişə olduğu kimi hiss edirəm”

Xəbər
Aprel 19, 2019

Teatrda yeni təyinat

Xəbər
Aprel 19, 2019

Gənc Tamaşaçılar Teatrında “Möcüzəli pillələr” hazırlanır

Xəbər
Aprel 19, 2019

Qax Dövlət Kukla Teatrının direktoru: Prezidentimizin son Sərəncamı teatrların inkişafına güclü təkan verəcək.

Xəbər
Aprel 18, 2019

“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın hazırlanması ilə bağlı müzakirələr davam etdirilir

Xəbər
Aprel 18, 2019

Adanada Gəncə Teatrının tamaşasını çox bəyəniblər

Mozaika
Aprel 18, 2019

Cövhər Xeyrullayeva – Sanduq əl-əcaibin Qax nağılları

Müsahibə
Aprel 18, 2019

Bəxtiyar Xanızadə – Peşəni öyrədərəm, amma heç kimə insanlığı öyrədə bilmərəm”

Mövqe
Aprel 18, 2019

Azərbaycan məktəbliləri Beynəlxalq Məktəblərarası Teatr festivalında iştirak edir

Afişa
Aprel 18, 2019

Paytaxt teatrlarının həftəlik repertuarı (18 aprel – 24 aprel)

Resenziya
Aprel 18, 2019

Fəridə Cəlilova – TEATR ƏHLİNİN XUDPƏSƏND CAZİBƏSİ

Xəbər
Aprel 18, 2019

Tovuzda üçüncü respublika xalq teatrları festivalının növbəti seçim mərhələsi keçirilib

Xəbər
Aprel 18, 2019

İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub

Xəbər
Aprel 17, 2019

YUĞ Teatrının kollektivi Prezidentin Sərəncamını sevinclə qarşılayıb

Sərəncam
Aprel 17, 2019

Prezident teatrlara bir milyon iki yüz min manat pul ayırdı

Xəbər
Aprel 17, 2019

Dağıstanda Beynəlxalq Milli Teatrlar Festivalı keçiriləcək

Müsahibə
Aprel 17, 2019

Gələcəyi əmin əllərdə olan ADMİU-nun SABAH-ı

Müsahibə
Aprel 17, 2019

Meral Konrat: “Azərbaycanda məni çox sevirlər”

Müsahibə
Aprel 16, 2019

Ziya Ağa: “Kino saçımı tumarlayır, teatr ruhuma sığal çəkir”

Xəbər
Aprel 16, 2019

Sənətçilərimiz Vyanada “Bulmuşam həqqi” deyiblər

Təhsil
Aprel 16, 2019

Məryəm Əlizadə – “Teatr dünyasına açılan pəncərə…”

Xəbər
Aprel 15, 2019

Akademik Milli Dram Teatrında “Dəli yığıncağı” qurulur

Mövqe
Aprel 15, 2019

Jan-Lui Barro – “Teatr haqqında düşüncələr”

Xəbər
Aprel 14, 2019

Sumqayıt teatrının aktyorunun vəziyyəti pisləşib

Rəcəb Məmmədov – MANSUR ŞİRVANİ – 100

Azərbaycan milli sirk sənətinin tarixi parlaq şəxsiyyətlər, istedadlı sənətkarlarla zəngindir. Bu sənət yalnız qalibləri sevir, kimisə təqlid etməyə çalışanlar, ikinci olanlar sirkdə uğur qazana bilmirlər. Azərbaycanın belə təkrarolunmaz sirk ustalarından biri, məşhur illüziya, manipulyasiya ustası, heyvan təlimçisi Mansur Şirvanidir O, 1919-cu il martın 5-də Şamaxıda anadan olub. Hələ uşaqlıq çağlarından sirk sənətinə böyük həvəs göstərən Mansur, müxtəlif fokuslar nümayiş etdirərək, dostlarını əyləndirirdi. Onun əlində yox olaraq, yenidən peyda olan, tamaşaçıların gözü önündə rəngini dəyişən əşyalar, müxtəlif çevrilmələr hamını heyran edirdi. Ali məktəbdə təhsil almaqla bərabər, o, həm də qəzetdə foto müxbir kimi çalışırdı. İllüziya sənətinə olan həvəsi isə azalmır, əksinə onu yeni orjinal fokuslar göstərməyə sövq edirdi. 1943-cü ildə Azərbaycan Dövlət Universitetinin hüquqşünaslıq fakultəsini bitirən Mansur Şirvani bütün boş vaxtını bu sənətə həsr edərək, böyük həvəslə sirk tamaşalarını seyr edir, peşəkar artistlərlə görüşüb, sənətin sirlərini öyrənirdi.
Mansur Şirvani 1949-cu ildən həyatını sirk sənəti ilə bağlamaq qərarına gəlir. Artıq geniş repertuara malik olan artist səhnəyə milli geyimdə, milli köynək, tikməli arxalıq, papaqla çıxırdı. Sənətçinin tərəfmüqabili və həyat yoldaşı olan Leyli Şirvani (1919) də milli geyimdə çıxış edirdi. Mansur Şirvani ifa etdiyi hərəkətləri tamaşaçılara yüngül və təbii tərzdə çatdıra bilirdi. Tamaşaçıların gözü qarşısında əzdiyi kağız vərəq yumurtaya, dəmir əsa bükülmüş kağıza, limonad şüşəsi kağız torbaya çevrilirdi. Dolçadan qəzetin arasına tökdüyü su yoxa çıxır, amma yenə də boş qəzetin arasından dolçaya su tökülürdü. Əlindəki saatın yoxa çıxıb, yenidən peyda olması da olduqca maraqlı təqdim olunurdu.

Estrada səhnəsində qazandığı uğurlar Mansur Şirvanini qısa müddətdə məşhurlaşdırdı. Lakin sənətkar daha geniş auditoriya qarşısında çıxış etmək arzusundaydı, ona görə də Azərbaycan milli sirk kollektivinə dəvət təklifini böyük sevinclə qəbul etdi. 1950-ci ildən milli sirk kollektivində çalışan Mansur Şirvani öz repertuarını da təkmilləşdirməli oldu. Belə ki, səhnədə və sirk manejində ifa olunan tryuklar həm texnika etibarı ilə, həm də təqdimat baxımından bir-birindən fərqlənirdi. Səhnədə ifaçını üç tərəfdən əhatə edən pərdə və kulislər, çox vaxt isə “qara kabinet” adlanan səhnə geyimi mürəkkəb fokusların icrası üçün əlavə imkanlar yaradırdı. Sirk manejində isə, tamaşaçıların əhatəsin işləyən illüziyaçıdan çox böyük istedad və ustalıq tələb olunur. Mansur Şirvani özünün təmiz ifası ilə bu gün də fokusçuların diqqətini cəlb edir.
M.Şirvanı tezliklə öz orijinal tryukları ilə də tanınmağa başladı. O, güllərin üzərinə konfetti tökdükcə güllər solub büzüşürdü. Sonra isə, onun bircə işarəsi ilə yenidən açılan gülləri sənətçi tamaşaçılara bağışlayırdı. Boş stolun üzərində birdən birə canlı çəpişin peyda olması da tamaşaçıları heyrətə gətirirdi. Daha bir məşhur tryukunda o, ipək yaylığın arxasından beş tutuquşu çıxarırdı.
Azərbaycan milli sirk kollektivinin heyətində keçmiş Sovetlər birliyinin müxtəlif şəhərlərində çıxış edən Mansur Şirvani daim tamaşaçıların və tənqidçilərin yüksək qiymətini qazanırdı. 1954-cü ildə görkəmli rejissor Georgi Venetsianov tərəfindən Leninqrad sirkində azərbaycanlı artistlərin iştirakı ilə hazırladığı, su üzərində ifa olunan, “Mağarada atəş səsi” adlı süjetli pantomimada Mansur Şirvani də əsas rollardan birini ifa edirdi. Proqrama kollektivin bütün heyətinin cəlb edilməsi, doqquz əsas roldan altısının azərbaycanlı artistlərin ifa etməsi, artistlərimizin teatr sənəti baxımından da yetkinliyinə dəlalət edirdi. “Şərq bazarı” səhnəsində İsmayıl Mirzəyevin təlim verdiyi camışların, ulaqların, ceyranların görünməsi, eləcə də artistlərimizin ifa etdiyi bir sıra komik səhnələr  tamaşaya böyük uğur qazandırmışdı. Tənqidçilər artistlərimizin bazar səhnəsində ifa etdikləri bədii tapıntıları xüsusi vurğulayır, Əsəd Rzayevin, İsmayıl Mirzəyevin, Mansur Şirvaninin, Şəfiqə Baxşəliyevanın, Qasım Məlikovun adlarını ayrıca qeyd edirdilər.


1959-cu ildə Azərbaycan mili sirk kollektivinin Moskvada keçirilən Azərbaycan mədəniyyəti və ədəbiyyatı dekadasında çıxışı Mansur Şirvaninin yaradıcılığında yeni bir mərhələ oldu. Onun ifa eydiyi tryuklar həm ifaçılıq texnikası, həm də bədii cəhətdən digər həmkarlarının işindən seçilirdi. M.Şirvaninin fokuslarının böyük əksəriyyətində müxtəlif heyvan və quşlardan – çəpiş, dovşan, xoruz, göyərçin, tutuquşu və sairədən istifadə edilirdi. Tərəfmüqabili Leyli xanımla bərabər, ona qızı Cəmilə Şirvani də assistentlik etməyə başlamışdı.
Mansur Şirvaninin uğurları mətbuatın nəzərindən yayınmırdı:
“Leyla və Mansur Şirvani ifa etdikləri orijinal manipulyasiya nömrəsi ilə yüksək ustalıq nümayiş etdirirlər.” (Тихоокеанская звезда-хабаровск #219(7669) 15.09.50)
“Çelyabinsk sirkində növbəti sirk proqramı Sovet xalqlarının sarsılmaz qardaşlığını tərənnüm etdirən “Xalqlar dostluğu” parad proloqu ilə başlanır. Tamaşanın ən maraqlı anları Mansur Şirvaninin şərq illüziya sənətinin nümayişi vaxtı yaşanıb.” (Bakinski raboci #228 28.09.57)
“Stalinabad dövlət sirkinin yeni proqramında Azərbaycan sirk ustaları çıxış edir. Manipulyasiya ilə çıxış edən Mansur və Leyli Şirvani ilk dəqiqələrdən tamaşaçıların diqqətini cəlb edir. Müxtəlif əşyalar onların əlində qəfidən yoxa çıxır, məzəli şəkildə peyda olurdu.” (Коммунист Таджикистана 26.09.1958)


“Azərbaycanlı artistlər ilk dəfə 1954-cü ildə qonağımız olmuşdu. Bu gün proqramın daha da maraqlı olduğunun şahidiyik. Həmyerlilərimiz manipulyator Mansur Şirvaninin çıxışını xüsusi maraqla seyr edir. Bu nömrə yüksək ifaçılıq texnikası və böyük ustalığı ilə seçilir” (Советская Киргизия 28.08.1958)
“Azərbaycan sirk kollektivi ölkəmizin paytaxtı Moskvada keçiriləcək ongünlükdə “Biz Azərbaycandanıq” adlı iki hissəli proqramla çıxış edəcək. Moskvada sirk məltəbini bitirmiş Siyavuş Şəfiyev, məşhur gözbağlayıcı Mansur Şirvani, məftil üzərində rəqs edən “Gülşad bacıları” öz orijinal nömrələrini təkmilləşdirmək üzərində çalışırlar.” (Ədəbiyyat və incəsənət #11(1006) 14.03.59)
Mansur Şirvaninin yaradıcılıq yolları çox geniş coğrafi əraziləri, müxtəlif böyük şəhərləri əhatə edirdi. O, xarici səfərlərdə də öz məharətini nümayiş etdirir, Monqolustan Xalq Respublikasına, Çexoslovakiyaya, Finlyandiyaya qastrol səfərinə dəvət olunurdu.
Canlı təbiətə, heyvan təliminə böyük maraq göstərən Mansur Şirvani altmışıncı illərin əvvəlində sovet dressura məktəbinin ən məşhur nümayəndəsi olan Vladimir Durovla (16.04.1909 – 14.03.1972) tanış olub, dostlaşır. Proqramda öz nömrəsini ifa etməklə bərabər, o, Vladimir Qriqoryeviçə də assistentlik etməyə başlayır. Mansur Şirvaninin V.Q.Durovun attraksionuna gəlməsi təsadüfi deyildi, belə ki, o, özünün ən parlaq manipulyasiyalarında, fokuslarda heyvanlardan, quşlardan istifadə edərkən, onları yaxından müşahidə edir, xüsusiyyətlərini öyrənirdi. Vladimir Qriqoryeviç, Durovların məşhur sənətçi sülaləsinin nümayəndəsi, SSRİ xalq artisti Anatoli Leonidoviç Durovun (08.12.1864 – 07.01.1916) nəvəsi idi. Durov dressura məktəbinin ənənələrini yaşadan sənətçi yuksək aktyorluq istedadına malik idi. O, manejə çıxardığı çoxsaylı heyvan və quşların icra etdiyi hərəkətlərə məzəli şərhlər verərək, hər çıxışını məzmunlu səhnəciyə çevirirdi. Bu attraksionda əhliləşdirilmiş fil də, balaca ağ siçan da təlimçinin xoş münasibətini hiss edirdi.


1964-cü ildə xarici qastrol zamanı, Vladimir Durov qəflətən insult keçirir. Çıxılmaz vəziyyətə düşən rəhbərlik Mansur Şirvanidən xahiş edir ki, təlimçini əvəz edərək, proqramı xilas etsin. M.Şirvani razılıq versə də, öhdəsinə çox çətin bir iş götürdüyünün fərqində idi. Attraksionda yüzə yaxın müxtəlif heyvan və quş var idi, onların hər biri köhnə sahibinin səsinə alışmışdı, onun xüsusi işarələrinə tabe olaraq, hərəkət edirdi. Vladimir Durovun məsləhətləri, onun assistentlərinin köməyi ilə Mansur Şirvani bu işin öhdəsindən layiqincə gəldi və 1965-ci ildən etibarən, sirk proqramlarında həm manipulyasiya-illüziya ustası, həm də heyvan təlimçisi kimi çıxış etməyə başladı. Onun attraksionunda fildən başqa, begemot, kenquru, dəniz şiri, zebra, meymunlar, poni, ayılar, canavarlar, eləcə də itlər, keçilər, pişiklər, tülkülər, ağ siçanlar, iki xoruz, dörd qutan, çox sayda göyərçin və başqa canlılar var idi.
Rezi ləqəbli əhliləşdirilmiş filin çıxışı tamaşaçların böyük marağına səbəb olurdu. Mansur Şirvani Rezinin iştirakı ilə məzəli səhnəciklər də ifa edirdi. Belə səhnəciklərdən biri “Bərbər” adlanırdı. Fil müştəri rolunda çıxış edən assistentin boynuna dəsmal asır, üzünə köpüklü sabun çəkir, böyük “ülgüc” ilə üzünü qırxmağa çalışırdı. Digər bir reprizdə arenaya on ədəd taxta çöp qoyulur. Tamaşaçılar Reziyə sadə riyazı misallar verir, fil isə cavabında lazımi sayda çöpü qaldırıb təlimçiyə uzadırdı. Tamaşaçı rolunda çıxış edən assistent guya fili çaşdırmaq üçün beş üstəgəl altı sualını verirdi. Bu zaman fil çöplərin birini ikiyə bölüb, təlimçiyə on bir çöp qaytarırdı. Rezinin yerdən iynə, dəftərxana düyməsi qaldırması tamaşaçıların alqışına səbəb olurdu.
Heyvanlara qayğı ilə yanaşması, səbrli, qətiyyətli olması, heyvan psixologiyasını dərindən bilməsi M.Şirvaniyə sirk arenasında möcüzələr yaratmaq imkanı verirdi. Mansur Şirvani gözəl təlim görmüş Volqa ləqəbli begemotun etibarını qazanıb, onunla çox yaxın kontaktda işləyirdi. Təbiətən aqressiv, kinli olan bu heyvan da təlimçinin işarəsi ilə müxtəlif məzəli hərəkətlər icra edirdi. Attraksiondakı dəniz şiri rus dilində “aqa” (“aha”) sözünü xatırladan səs çıxarırdı. Təlimçi bundan istifadə edərək, onunla məzəli dialoq qurur, heyvanın cavabları tamaşaçıları əyləndirirdi. Bundan başqa attraksion boyu canavarla keçinin, itlə pişiyin, tülkü ilə xoruzun birlikdə çıxış etmələri də maraqla qarşılanırdı. Daha bir səhnəcik “İtlərin məktəbi” adlanırdı. Burada müxtəlif cinsli itlər məktəb partası arxasında oturur, məktəblilərin bütün hərəkətlərini yamsılayırdılar. Kenqurunun iştirakı ilə nümayiş etdirilən “Boks” səhnəciyi də çox maraqlı idi.


1967-ci ildə, Bakı Dövlət Sirkinin yeni binasının açılışına Azərbaycan milli sirk kollektivi dəvət olunmuşdu. Proqramın əsas iştirakçısı kimi Mansur Şirvaninin attraksionu təqdim edilirdi.
Bu proqramdan sonra sirk sənəti sahəsindəki xidmətlərinə görə Mansur Qulam oğlu Şirvani 1967-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görüldü.
Milli kollektivə bütün qəlbi ilə bağlı olan M.Şirvani 1969-cu ildən 1974-cü ilədək Azərbaycan kollektivinin bədii rəhbəri kimi fəaliyyət göstərdi. Mansur Şirvani təkcə sirk arenasında çıxış etmirdi, onu öz ağıllı heyvanları ilə bərabər tez-tez zavodların sexlərində, klublarda, məktəblərdə, pioner düşərgələrində, şəhərin küçələrində, bayram yürüşlərində görmək olardı.
1969-cu ildə o, rejissor Yakov Segelin “Mosfilm” kinostudiyasında çəkdiyi, sirk mövzusuna həsr olunmuş “İki təbəssüm” (1970) filminə dəvət alır. Film “Oyunbazlıq” (1969) və “Nənə və sirk” (1970) adlı iki novelladan ibarət idi. M.Şirvani “Oyunbazlıq” filmində macar illüzionisti rolunda çəkilir. Bu filmdə yaratdığı təsirli obraz onun aktyorluq istedadını da üzə çaxarır. Filmdə uşaq rolunda onun nəvəsi İrina Volkova-Şirvaninin çəkildiyi kadrlarda, Mansur Şirvaninin təlim verdiyi heyvanları da görmək olar.
“Barrandov” (ÇSSR) və “Mosfilm” (SSRİ) kinostudiyalarının çəkdiyi “Filin orkestlə solo ifası” (1975) adlı digər bir filmdə Mansur Şirvaninin təlim verdiyi heyvanlar iştirak edir. Rejissor Oldrjix Lipskinin quruluş verdiyi bu filmdə bütün hadisələrin mərkəzində M.Şirvaninin təlim verdiyi fil – Rezi dururdu. Filmdə təlimçiyə rol verilməsə də, biz son kadrlarda onu görə bilirik.


1979-cu ildə Krasnoyarsk sirkində çıxışı zamanı Mansur Şirvani infarkt keçirir. Xoşbəxtlikdən, son dörd ildə atasına assistentlik edən qızı Cəmilə Şirvani attraksionu qəbul edərək idarə etməyi bacarır. Doğrudur, tezliklə, 80-ci illərin əvvəllərində Cəmilə Şirvani attraksiondakı bütün heyvanları təhvil verib, təkcə begemot Volqanı saxlayır. Əsas səbəb heyvanların qoca olması göstərilsə də, bu fakt bir təlimçiyə öyrəşmiş heyvanlarla digər təlimçinin işləməsinin çox çətin olduğunu göstərir. Çox keçmədən, Cəmilə Şirvani yeni heyvanlar (fil, ayı, kenquru, poni, zebra, lama, meymun, qutan və sair) alaraq, nömrənin “Ekzotik heyvanlar” adlanan yeni variantını hazırlayır və uzun müddət bu heyvanlarla çalışır. Sənətçi attraksionunun əvvəlində lamalar qoşulmuş gözəl bir kabrioletdə manejə çıxırdı. Lamalar manejdə dövrə vurub, mərkəzdə dayanır, dizlərini bükərək, tamaşaçılara təzim edirdilər.
1988-ci ildə Azərbaycanın əməkdar artisti fəxri adına layiq görülən Cəmilə Şirvaninin attraksionu ilə Ötən əsrin 90-cı illərində onun qızı İrina Volkova-Şirvani (1968) işləməyə başladı. Lakin o da bir müddət sonra bu sənətdən ayrılaraq, başqa işə keçdi. Hazırda Mansur Şirvaninin qızları Cəmilə (1941), Dilarə (1947) və nəvəsi İrina Moskva şəhərində yaşayırlar.
Mansur Şirvani 15 iyun 1980-ci il tarixində vəfat etmiş, Moskvadakı Mitin qəbristanlığında dəfn olunmuşdur.

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir