Ana səhifə » Kinoteatr+ » Sirk » Rəcəb Məmmədov – “Azərbaycan sirk sənətində teatrallıq”

Son yazılar

Müsahibə
İyun 18, 2019

“Bermud üçbucağı”nda – Qabil Quliyev

Xəbər
Avqust 21, 2019

Akademik Musiqili Teatrın aktyoru Məhərrəm Qurbanov vəfat edib

Xəbər
Avqust 20, 2019

Şövqi Hüseynov: “Belə mötəbər festivalda tamaşaçıların rəğbətini qazanmaq ən böyük mükafatdır”

Xəbər
Avqust 20, 2019

Lənkəran teatrı xarici səfərdən qayıdıb

Müsahibə
Avqust 12, 2019

Şarud Mehdiyeva: “O obraz həyatım boyu məni həyəcanlandırıb”

Müsahibə
Avqust 10, 2019

Taleyini dəyişmək şansından yararlanmayan Məcnun

Xəbər
Avqust 9, 2019

“İftixar Piriyevin vəzifəsindən uzaqlaşdırılıb, cəzalandırılmasını istəyirəm”

Mövqe
Avqust 9, 2019

Samirə Behbudqızı – I Lənkəran Beynəlxalq Teatr Festivalı

Sirk
Avqust 6, 2019

Rəcəb Məmmədov – Sirk sənətimizin yubilyar veteranı

Xəbər
Avqust 1, 2019

Teatrşünas Kəmalə Cəfərzadə vəfat edib

Xəbər
İyul 31, 2019

Prezident kino xadimlərini təltif etdi

Mövqe
İyul 25, 2019

Samirə Behbudqızı – “Boş məkanın dolğunluğu”na varaq

Xəbər
İyul 24, 2019

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam

Xəbər
İyul 23, 2019

Boris Şukin adına Teatr İnstitutunun Azərbaycan studiyasının tələbələri ilə görüş

Xəbər
İyul 20, 2019

Şair, dramaturq Kəmalə Ağayeva vəfat edib

Xəbər
İyul 18, 2019

Dramaturq Tüncer Cücenoğlu vəfat etdi

Xəbər
İyul 17, 2019

“Stanislavskinin Elektroteatrı” ilk dəfə Bakıda

Mövqe
İyul 17, 2019

Könül Əliyeva-Cəfərova – KƏDƏRLİ KLOUN haqqında şən elegiya

Xəbər
İyul 16, 2019

Xəyalə Rəis – Teatrlarımızın ən çalışqan mətbuat katibi kimdir?

Müsahibə
İyul 16, 2019

Mikayıl Mikayılov: “Azərbaycan Teatrının tarixində müəyyən işlər etməyin vaxtı çatıb”

Xəbər
İyul 15, 2019

Bakı Uşaq Teatrı iki tamaşa ilə çıxış edəcək

Xəbər
İyul 15, 2019

Lənkəran Dövlət Dram Teatrı İranda keçirilən Milli Teatr Festivalının diplomuna layiq görülüb

Müsahibə
İyul 11, 2019

Şekspirin mənfi obrazlarından niyə bezmirik?

Xəbər
İyul 11, 2019

Akademik Musiqili Teatr mövsümə “O olmasın, bu olsun”la yekun vuracaq

Xəbər
İyul 11, 2019

Gənc Tamaşaçılar Teatrı mövsümü “Müharibə” tamaşası ilə bağladı

Xəbər
İyul 11, 2019

Kukla Teatrı mövsümü başa vurur

Xəbər
İyul 9, 2019

ƏSA Teatrı mövsümü anşlaqla başa vurdu

Müsahibə
İyul 7, 2019

Bolqar rejissor Qarabağ barədə pyes yazır

Mövqe
İyul 6, 2019

İSRAFİL İSRAFİLOV – SƏN KİMSƏN, HAMLET?

Xəbər
İyul 6, 2019

Bakı Uşaq Teatrı Türkiyədə təcrübəsini öyrədir

Xəbər
İyul 5, 2019

Prezident daha bir xalq artistinə ev bağışladı

Rəcəb Məmmədov – “Azərbaycan sirk sənətində teatrallıq”

Sirk sənətinin müasir şəkildə formalaşması XVIII əsrin sonlarına təsadüf etsə də, bu sənətin köklərini mədəniyyətimizin minillikləri geridə qoymuş tarixində axtarmaq lazımdır. Sirk sənəti də teatr sənəti kimi geniş xalq kütləsini əyləndirmək üçün meydanlarda yaranmışdır. Qədim çağlarda xalq oyunlarında teatr və sirk sənətinə aid olan elementlər o qədər bir-biri ilə sıx vəhdət təşkil edirdi ki, ilk baxışdan onları ayırmaq qeyri-mümkündür. Məsələn “Antik teatrda, Aristofanın komediyaları canlı yumor, şən zarafatlar, komik səhnələrlə yanaşı rəqs, akrobatik hərəkətlər, jonqlyorluq hərəkətləri ilə də zəngin idi” (5, s. 140). Və yaxud, “Türkiyədə göstərilən “Ortaoyunu” da buna parlaq misaldır. Bu oyun üçün meydanda tamaşaçılara məxsus çadırlar qurulur. Camaat ortaya toplaşır; oyun çadırın ortasında boş qalan yerdə göstərilirdi. Müxtəlif musiqi, rəqs nömrələri ilə bərabər üzü boyalı, belində şal qurşaq, əlində çubuq bir nəfər meydana girib, müxtəlif oyunlar çıxarıb tamaşaçıları güldürürdü” (2, s. 11). Azərbaycanın incəsənət tarixindən də yüzlərlə bu cür misal gətirmək mümkündür. Sirk sənəti özünün əsas ifadə vasitəsi olan tryuklar, qeyri-adi hərəkətlər vasitəsi ilə, insanın fiziki kamilliyini, insan iradəsini tərənnüm edir. Lakin bu, sadəcə, hərəkət xatirinə edilmir, sirk artisti ilk baxışdan ağlasığmaz, icrası qeyri-mümkün olan hərəkətləri bədiiləşdirib, gözəl bir tərzdə həyata keçirərək, ümumiləşdirilmiş qəhrəman obrazı yaradır. Belə obrazın yaranmasında, ilk növbədə, ifaçının fiziki və mənəvi hazırlığı böyük rol oynasa da, teatral ifadə vasitələrinin, xüsusilə də, kostyum, qrim, musiqi və sairənin təsiri olduqca böyük olur. Sirkdə nümayiş etdirilən hər bir tryuk zamanı, insanlar gözüyumulu kəndir üzərində yeriyərkən, gimnast trapesiyadan trapesiyaya atılaraq havada süzərkən, jonqlyor sürətlə qaçan atın üstündə böyük sayda əşyaları atıb-tutarkən, təlimçi qorxunc yırtıcı heyvanları yanan çənbərin içərisindən atılmağa məcbur edərkən, məzhəkəçi böyük səylə işıq şüasını tutub çantasına qoymaq istəyərkən, ayı arxayın bir vəziyyətdə velosiped sürərkən sənətçi özünün yaratdığı bir obrazı canlandırmasa, sirk tamaşası çox sönük, maraqsız hərəkətlər yığınından ibarət olar. Sirk sənəti teatr sənəti kimi insanın dünyagörüşünün, mənəvi simasının formalaşmasına xidmət edir, öz zəmanəsinin mənəvi idealları uğrunda mübarizə aparır. Sirk tamaşası bütövlükdə qəhrəmanlıqla komikliyin vəhdətində verilir. Bunsuz tamaşa özünün əsil dəyərini, cəlbediciliyini itirər.


Milli klounada sənətinin beşiyində duran “Sayaçı”, “Məsxərə”, “Hoqqa” oyunları, “Məzhəkələr” və “Qaravəllilər” kimi komediya tamaşalarında da teatr və sirk elementləri paralel olaraq öz ifadəsini tapırdı. Burada ciddi gülüş doğuran oynaq və qrotesk xarakterli səhnələr, kələklər üzərində qurulmuş hadisələr əsas yer tuturdu. Müxtəlif ölkələrin klounada sənətində olduğu kimi, Azərbaycanda da xalq komik personajları eyni sxem üzrə inkişaf edirdi. Meydana çıxarılan, ilk baxışdan küt, yelbeyin, gülünc xarici görünüşü olan komik personaj hadisələr inkişaf etdikcə varlılara, hakimiyyət başında olanlarla münasibətdə öz iti zehninin, möhkəm iradəsinin, hazırcavablığının sayəsində onları axmaq vəziyyətində qoyaraq gülüş obyektinə çevirirdi, ilk baxışda, ən çıxılmaz vəziyyətlərdə olsa belə, gözlənilməz, gülməli çıxış yolu tapa bilirdi. “Məzhəkəçi aktyorlar rəqs edir, akrobatik hərəkətlər göstərir, pantomima, illüziya, parodiya xüsusiyyətlərindən istifadə edirdilər. Məzhəkənin yaratdığı gülüş, lətifə gülüşü kimi keçici, müvəqqəti, aztəsirli, sırf əyləndirici deyildi” (3, s. 85). Məzhəkə tamaşalarında sirk elementlərinin zənginliyi səbəbindən, müasir azərbaycan kloun sənəti məzhəkəçilik, bu sənətin ifaçısı isə məzhəkəçi adlanır.
Azərbaycan ənənəvi sirk sənətinin digər janrları da teatr elementəri ilə olduqca zəngindir. Orta əsrlərin idman tarixində xüsusi bir səhifə sayılan “Zorxana” oyunları da sirk elementləri ilə olduğu kimi, teatral ifadə vasitələri ilə də zəngin idi. İlk çağlarda sırf idman yarışı kimi meydana çıxan zorxanalar, getdikcə müxtəlif rituallarla zənginləşmiş, burada musiqi, rəqs daha çox yer almağa başlamışdır. Sonrakı dövrlərdə, Azərbaycan sirkində Fransız güləşi məşhurlaşdığı zaman, biz bir daha zorxanalarda rast gəldiyimiz bu xüsusiyyətlərlə qarşılaşırıq. Sirkdə keçirilən bu yarışların xüsusi özəlliyi vardı. Manejdə mürəkkəb taktiki mübarizə aparmaq mümkün deyildi: bu, zahiri sönüklüyə səbəb olurdu. Ona görə də effektli fəndlərə, daha sərbəst üsluba yer verilirdi. Bu səbəbdən, sirk pəhləvanları müəyyən ampluada çıxış edirdilər. Kimisi “qəhrəman”, “dəlisov”, “aristokrat”, kimisi isə “qəddar”, “zalım”, “kobud” rolunda çıxış edərək, yarışın dramatikliyini artırırdılar. Burada öz xarici görünüşü, vəhşi hərəkətləri, nərəsi ilə camaatı lərzəyə salan, əsasən, fars və türk əsilli, qüdrətli bədən quruluşu olan pəhləvanlar, gülməli vəziyyətlər yaradaraq camaatı əyləndirən komik güləşçilər, öz mədəni, zadəgan davranışı, zahiri gözəlliyi, fiziki kamilliyi ilə rəğbət qazanan aristokrat güləşçilər bu yarışların bədii cəhətdən dolğun olmasını, maraqlı keçməsini təmin edirdi. Tamaşaçılarda heyrət doğurmaq üçün, bəzi sirk sahibləri manejə həddən ziyadə böyük, kök güləşçilər dəvət edir, reklam məqsədi ilə onların adını “Dağ Kazbek”, “Siklop” və sair ləqəblərlə yazdırırdı (6, s. 222) .


Azərbaycanda milli kəndirbazlıq sənətində də ən qədim zamanlardan, ifa olunan mürəkkəb tryuklarla teatral ifadə vasitələri vəhdət təşkil edib. Belə ki, kəndirin üzərində çıxış edən kəndirbaz-pəhləvanın tərəf-müqabili olan yalançı pəhləvan, yerdə həyəcanlı səslərlə oyunun dramatikliyini artırır və yaxud onun hərəkətlərini məzəli şəkildə yamsılayaraq komik vəziyyətlər yaradırdı. Kəndirbazın çıxışı ümumilikdə dramatik və komik elementlərin vəhdətində təqdim olunurdu. Ənənəvi sirk sənətinin digər janrlarında da teatr ifadə vasitələri xüsusi yer tutur. “Vaxtilə şəhər-şəhər, kəndbəkənd gəzərək, təlim görmüş ayı və ya meymuna bir dəyənək verib, onları guya odun şələsini dalına alıb fırlamağa, mayallaq aşmağa, papiros çəkməyə, cüt əkməyə, habelə bir sıra adamları satirik tərzdə təqlid etməyə vadar edirdilər. Bu zaman heyvanı oynadan, ayıdan, meymundan “soruşurdu” ki, filankəs necə yeriyir, necə qəlyan çəkir? Heyvan isə öyrəndiyi hərəkətləri təqlid edir, tamaşaçıları güldürürdü. Cəbrayıl rayonu ərazisində Məşədi Cəlil belə tamaşalarda iştirak edən meydan aktyorlarından olub. O, həmişə əhilləşdirilmiş meymun və ayı saxlayırmış” (1, s. 147).
Ötən əsrin əvvəllərində, Bakıda danışıq janrında çıxış edən estrada artistləri Azərbaycan sirkinin qədim ənənələrinin parlaq davamçıları oldular. Bakı Teatr texnikumunun məzunları “Dayıoğlu və Bibioğlu” obrazı ilə çıxış edən İbrahim Hüseynov və Qəzənfər Məlikov, estrada meydançalarında, sirkin manejində uğurla çıxış edən satirik duet – Yusif və Yunus Ağayev qardaşları, özünün yazdığı repertuarla estradanın danışıq janrında çıxış edən Əhməd Anatollu (Əhməd Səfərov), satirik kupletlərlə çıxış edən Dadaş Şaraplı (Dadaş Məmmədov), çox gözəl aktyor plastikasına malik olan Əsəd Rzayev geniş şöhrət qazanmışdılar. Bu sənətçilər milli teatr ənənələri ilə klounada, buffonada elementlərini üzvi şəkildə birləşdirə bilmişdilər. Bu səbəbdən, Azərbaycanın ilk milli sirk kollektivi yaradılarkən, onların əksəriyyəti bu proqramın heyətinə qəbul edildi. Azərbaycan estradasında, sirk manejində danışıq janrında çıxış edən artistlərin əksəriyyəti eyni müvəffəqiyyətlə teatr kollektivlərində də çıxış edirdilər. Bu onların yaradıcılığının cilalanmasına, onların daha geniş ifaçılıq priyomlarına yiyələnməsinə xidmət edirdi. Onların sirkdəki çıxışları istər ifaçılıq baxımından, istərsə də ədəbi materialın səviyyəsi baxımından mükəmməllikdən uzaq olsa da, onlar Azərbaycan peşəkar sirkində milli klounada sənətinin əsasını qoymuş oldular (4).1945-ci ildə dahi bəstəkarımız Üzeyir Hacıbəyli, Bakı sirkində ilk milli sirk kollektivinin yaradılması təşəbbüsünü irəli sürdü. Proqramın yaradılması işinə azərbaycanın ən istedadlı artistləri ilə bərabər rejissor Soltan Dadaşov, baletmeyster Əminə Dilbazi, dünya şöhrətli pəhləvan Sali Süleyman cəlb olunmuşdu, mətnin müəllifi isə Süleyman Rüstəm idi. “Azərbaycan toyu” adlanan bu proqram Azərbaycanın milli sirk sənətinin bütün rəngarəngliyini və gözəlliyini əks etdirdi. Proqramda məşhur kəndirbaz Rza Əlixan, sim üzərində rəqs edən “Ulduz” bacıları – Sona, Şəfiqə və Gülnaz, təlim görmüş itlərlə Maral xanım Şirinova, jonqlyor Xosrov Abdullayev, akrobat İsmayıl Mirzəyev, “Üç qardaş” akrobat nömrəsi ilə Nikolay Qorkovenko, Xosrov Abdullayev və Viktor Xelaya, kauçuk nömrəsi ilə Şuriyə Səmədova, ilanoynadan Sofu Cəfərov çıxış edirdilər. Dadaş Şaraplı, Yunus Ağayev, Əsəd Rzayevin iştrakı ilə “Kosa-kosa”, Yunus və Yusuf Ağayev qardaşlarının “Nəsrəddin və Bəhlul Dənəndə” səhnələri, tamaşanın finalında məşhur atlet Sali Süleymanın rəhbərliyi ilə pəhləvanlar qrupunun ifa etdiyi “Zorxana” səhnəsi tamaşaya xüsüsi incəlik, bənzərsizlik gətirdi. Bütün tamaşa həm orkestr, həm milli musiqi və rəqslərlə müşaiyət olunurdu. Teatr elementləri ilə zəngin olan proqram məzmunlu və sirk sənəti baxımından elə gözəl və bənzərsiz idi ki, çox keçmədən Böyük Moskva sirkinə dəvət aldı, daha sonra isə uzun illər ərzində müxtəlif şəhərlərdə çıxış edərək, milli mədəniyyətimizi uğurla təbliğ etdi.
Azərbaycan kollektivində çalışan sənətçilərin peşəkar ustalığı ildən-ilə artırdı. 1954-cü ildə, rejissor Georgi Venetsianov tərəfindən Leninqrad sirkində azərbaycanlı artistlərin iştirakı ilə hazırladığı, su üzərində ifa olunan, “Mağarada atəş səsi” adlı süjetli pantomima, kollektivin yaradıcılığında böyük hadisə oldu. Bu tamaşaya kollektivin bütün heyətinin cəlb edilməsi, doqquz əsas roldan altısını azərbaycanlı artistlərin ifa etməsi, kollektivin teatr sənəti baxımından da yetkinliyinə dəlalət edirdi. Sərhədçilərin qarşılaşdığı mürəkkəb vəziyyətdən bəhs edən tamaşanın süjeti döyüş səhnələri, atlıların bir-birini təqib etməsi və başqa bu kimi hadisələrlə zəngin idi. Tamaşa sirk detektivi janrında qurulmuşdu. Körpünün partladılması, leysan yağış, manejin su ilə dolaraq gölə çevrilməsi, kəndirin üzərində sərhədçinin diversiyaçı ilə əlbəyaxa olması, “Şərq bazarı” səhnəsində İsmayıl Mirzəyevin təlim verdiyi camışların, ulaqların, ceyranların görünməsi, eləcə də artistlərimizin ifa etdiyi bir sıra komik səhnələr tamaşanın bədiiliyini artırırdı.


1959-cu ildə bütün respublika Moskvada keçiriləcək II Azərbaycan Ədəbiyyatı və İncəsənəti dekadasına hazırlaşarkən, Bakı sirki də “Biz Bakıdanıq” adlı yeni sirk proqramı hazırladı. Proqramda akrobatlar Rəsulov qardaşları, sim üzərində rəqs edən Gülşad bacıları, orijinal janrla Leyla və Mansur Şirvani, təlimçi Maral xanım, Fuad Nəzirovun akrobatlar qrupu, parter uçuşu Arnautovlar, Səyavuş Şəfiyevin kaskadyorlar qrupu, akrobatik nömrə ilə, eləcə də təlim görmüş camış və keçilər nömrələri çıxış edən İsmayıl Mirzəyev, kəndirbazlar Əlixan qardaşları çıxış edirdilər. Kollektivin rəhbəri Fuad Nəzirov idi. Tamaşa divertisment üslubunda qurulsa da, hər bir nömrə ayrılıqda, bitkin obraza malik idi.
1966-cı ildə Azərbaycan sirk kollektivinin heyəti əhəmiyyətli dərəcədə dəyişilmişdi. Həmin ilin 15 aprel tarixində kollektivin ifasında Azərbaycan xalqının inqilabi mübarizəsinə həsr olunmuş “Qaya üzərində nişanə” adlı süjetli tamaşa göstərildi. Ssenari müəllifləri Soltan Dadaşov, Mikayıl Cəbrayılov, Leonid Kukso, rejissor Yevgeni Ryabçukov, rəssamlar Ənvər Almaszadə və Aleksandr Falkovski, bəstəkar Rauf Hacıyev, baletmeyster V.Leonov idi. Tamaşada kəndirbaz Cəmaləddin Zalov, Yuri Merdenovun rəhbərliyi ilə atlı-akrobat qrupu, Viktor Xelayanın rəhbərliyi ilə akrobatlar qrupu, Xoca Nəsrəddin obrazında çıxış edən M.Pozdnyakov, Şulı və Qulı obrazında çıxış edən musiqili ekssentriklər Qasım Abdullayev və Qəzənfər Məlikov, satirik duetlə Mixail Şarov və Qavriil Nadjarov iştirak edir, əsas rolları artistlərdən Ağasala Rəsulov (Aslan), Şəfiqə Baxşəliyeva (Güli), Əli Əsgərov (Səfər bəy) ifa edirdilər. Azərbaycanda Sovet hakimiyyətinin qurulması uğrunda mübarizəyə həsr olunmuş tamaşa, bitkin dramaturji konstruksiyaya, maraqlı süjetə malik idi.
Azərbaycan sirkində teatrallıq ənənələri müasir dövrdə də özünü büruzə verməkdədir. Hazırda dünyanın müxtəlif ölkələrində uğurla çıxış edən azərbaycanlı artistlər öz qeyri-adi bacarıqlarını nümyiş etdirməklə yanaşı, manejdə dolğun obrazlarla da çıxış edirlər.

Ədəbiyyat:

1. Allahverdiyev M. Azərbaycan xalq teatrı tarixi. “Maarif” Bakı1978. 235s.
2. Kərimov İ. Azərbaycan-Türkiyə teatr əlaqələri. Bakı 2000. 200s
3. Sultanlı Ə. Azərbaycan dramaturgiyasının inkişafı tarixindən. ”Azərbaycan Dövlət nəşriyyatı” Bakı 1964. 314s.
4. S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi, fond 582 siyahı 1 saxl.vah. 2
5. Славский Р. Братья Никитины. «Искусство» Мос. 1987. 270с.
6. Дмитриев Ю.А. Прекрасное искусство цирка.«Иск.»Мос. 1996. 528с.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir